Azərbaycanın gənclər və idman naziri Rusiya televiziya kanallarına müsahibə vermişdir

 

Gənclər və idman naziri Azad Rəhimov Rusiyanın 24-cü və Yekaterinburq vilayətində yayımlanan kanalları üçün "Azərbaycana yol" verilişini hazırlayan çəkiliş qrupuna müsahibə vermişdir.

AzərTAc xəbər verir ki, A.Rəhimov əvvəlcə Gənclər və İdman Nazirliyinin tarixi, gənclər və idman sahəsində bugünədək görülən işlər, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, "Gənclər haqqında" qanun və digər mövzulardan danışmışdır.

Nazir gənclərin məşğulluğu ilə bağlı keçirilən sərgilər, "Karyera mərkəzləri", gənclər üçün gerçəkləşdirilən layihələr, ölkədə fəaliyyət göstərən 200-dən artıq gənclər təşkilatlarının müxtəlif istiqamətləri əhatə edən layihələri barədə söz açmışdır. Vurğulamışdır ki, bu gün Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün var. Bu kateqoriyadan olan gəncləri cəmiyyətdən ayırmaq olmaz. Onlar üçün müxtəlif səpkili layihələr həyata keçirilir, istedadlı gənclərin üzə çıxmaları üçün müxtəlif müsabiqələr gerçəkləşdirilir.

A.Rəhimov nazirliyin gənclər sahəsində həyata keçirdiyi beynəlxalq layihələr barəsində də məlumat vermiş, Rusiyada fəaliyyət göstərən "AMOR" təşkilatı, bu təşkilatın ətrafında birləşən azərbaycanlı tələbələr, onların Rusiyada gerçəkləşdirdikləri layihələr barədə ətraflı danışmışdır. Təhsil sahəsinə toxunan nazir demişdir: "Bu gün təhsil, savad, kompüter, dil bilikləri hər bir gəncin inkişafı üçün ən mühüm amillərdən biridir. Biz, gənclərin məsafədən təhsil almaları üçün yeni layihələr işləyib hazırlayırıq".

Rusiya və Azərbaycan arasında gənclər sahəsində gerçəkləşdirilən layihələrdən də bəhs edən nazir ölkəmizə Rusiyanın gənclər və idman sahəsinə məsul şəxslərinin səfəri, ötən il Dağıstan Respublikasında keçirilmiş Azərbaycan Gəncləri Günləri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının II Konfransı, "Seliger 2010" Ümumrusiya gənclər təhsil forumu çərçivəsində keçirilən "Biz MDB-nin gələcəyiyik!" tədbirində Azərbaycan nümayəndə heyətinin iştirakı haqqında məlumat vermişdir. Nazir demişdir: "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsi hazırlanıb və müvafiq qaydada dövlət daxilində razılaşdırıldıqdan sonra qarşı tərəfə göndərilmişdir. Bununla yanaşı, "Rusiya Federasiyasının İdman, Turizm və Gənclər Siyasəti Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" layihəsi isə müvafiq dövlət orqanları tərəfindən rəy verilməsi üçün Nazirlər Kabinetinə təqdim edilmişdir.

Nazir idmandan da danışmış, son iki ildə hər iki ölkədə təşkil olunan 20-yə yaxın müxtəlif idman tədbirini xatırlatmışdır. "Hazırda biz London olimpiadasına hazırlaşırıq. Əgər Atlantada medallarımızın sayı 1, Sidneydə 3, Afinada 5, Pekində 7 idisə, təbii ki, London Olimpiya oyunlarında minimum 9 olmalıdır. Bu gün biz iftixar hissi ilə ölkəmizdə ilbəil sayı artan Olimpiya İdman Kompleksləri (OİK), beynəlxalq səviyyəli yarışlar, qazanılan medallar haqda da danışa bilərik", - deyə Azad Rəhimov vurğulamışdır.

Regionlarda tikilən OİK ilə bağlı suala nazir belə cavab vermişdir ki, bu, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən ən gözəl siyasətdir. Regionlarda da idman infrastrukturunu genişləndirməklə idmanla məşğul olan gənclərin sayını artırmışıq və daha böyük uğurlar əldə edə bilirik. Bu gün Azərbaycanda güləş, cüdo, boks evləri tikilir, gimnastika mərkəzinin, hovuz kompleksinin əsası qoyulur. Azərbaycanda çox güclü güləş, cüdo məktəbi var. Amma əfsuslar olsun ki, güləş, cüdo evi yoxdur. Biz bu istiqamətdə də işlərimizi davam etdiririk.

 

 

Azərbaycan.- 2011.-21 may.- S. 6.