Yeni dövrün salnaməsi
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən iyirmi il tarixin milyon illərlə ölçülən yaşı müqabilində çox qısa zaman kəsiyi olsa da, bu dövr xalqımız, Vətənimiz üçün mühüm hadisələrlə səciyyələnir. İstər müstəqillik ərəfəsində baş verən mürəkkəb proseslər, istərsə də istiqlalın qazanılmasından sonra keçilən yol xalqımızın mübarizələrlə dolu tarixində xüsusi yer tutur.
Ötən əsrin səksəninci illərinin sonlarına doğru sovetlər birliyində başlayan ictimai-siyasi hadisələr Azərbaycanda da analoji proseslərə rəvac verdi. Xalq imperiya əsarətindən qurtulmaq, milli istiqlala qovuşmaq uğrunda mübarizəyə başladı. SSRİ-nin süqutu, yeni müstəqil dövlətlərin yaranması ilə nəticələnən bu mərhələnin sonrakı davamı istiqlalın qorunması və möhkəmləndirilməsi dövrü kimi səciyyələnir. Azərbaycanda bu illərdə baş verən hadisələrin, istiqlalın əzablı yolunun mahiyyəti, mündəricəsi Naxçıvan Muxtar Respublikasında gedən ictimai-siyasi proseslərin timsalında da özünün hərtərəfli ifadəsini tapmışdır. Ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyev bununla əlaqədar demişdir: "Naxçıvan Azərbaycanın ayrılmaz bir tərkib hissəsi kimi milli azadlıq uğrunda, dövlət müstəqilliyimiz uğrunda gedən mübarizələrdə həmişə ön sırada olmuşdur... Naxçıvanın müstəqillik, milli azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir edirdi. Məhz bunların nəticəsində Naxçıvan bir çox ciddi addımlar atdı və nəhayət, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əldə olunmasında öz xidmətlərini göstərdi". Bu mövzuda indiyədək bir sıra araşdırmalar aparılmış, diqqətəlayiq əsərlər yazılmışdır. Azərbaycan Respublikasının əməkdar jurnalisti, Naxçıvan MR Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru Məmməd Məmmədovun yenicə çapdan çıxmış "Naxçıvan: dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı" adlı kitabı (Elmi məsləhətçi akademik, Milli Məclisin deputatı İsa Həbibbəyli, redaktor əməkdar jurnalist Xalid Niyazov) da bu cəhətdən əlamətdar olub elmi, siyasi-analitik səciyyəsi, publisistik düşüncənin geniş imkanlarının təzahürü baxımından diqqəti çəkir.
Altı bölmədən ibarət bu kitabda müəllifin son illərdə yazdığı, müxtəlif mətbuat orqanlarında dərc olunan analitik, elmi-siyasi və publisist yazıları toplanıb. Onların hamısını birləşdirən ortaq cəhət isə ulu öndər Heydər Əliyevin möhtəşəm fəaliyyətinin Naxçıvanla bağlı səhifələri, Azərbaycanın bu qədim diyarındakı sosial-iqtisadi və mədəni tərəqqi mövzusunda olmasıdır.
Müəllif kitabın ilk bölməsində görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrünün tarixi-siyasi xronikasını vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun müəllifi olduğu "Qayıdış (1990-1993)" adlı monumental nəşrdəki materiallar əsasında təqdim olunan bu xronika ümummilli liderimiz Heydər Əliyevin 1989-cu ilin sonlarından müstəqil Azərbaycanın Prezidenti seçilib and içdiyi 1993-cü ilin oktyabrına qədərki dövrdə fəaliyyətinin əsas yönlərini müfəssəl əks etdirir.
"Dövlət müstəqilliyinin bərpası istiqamətində Naxçıvanda qəbul olunan tarixi qərarlar" adlanan ikinci bölmənin ilk məqaləsi 1989-cu ilin sonu, 1990-cı ilin əvvəllərində Naxçıvanın ictimai-siyasi vəziyyəti, ermənilər tərəfindən blokadaya salınması, xalqın milli azadlıq uğrunda mücadiləsi konkret faktlar və əhatəli təhlillər əsasında özünün ifadəsini tapmışdır. Sonrakı doqquz məqalə isə ulu öndər Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərə həsr olunmuşdur.
1995-ci ildən Naxçıvan MR Ali Məclisinə rəhbərlik edən Vasif Talıbov tərəfindən ulu öndərin siyasi kursunun hərtərəfli şəkildə və yüksək səviyyədə davam etdirilməsi qədim Naxçıvana yeni həyat vermiş, Azərbaycanın bu ayrılmaz tərkib hissəsini əsl intibaha qovuşdurmuşdur. Kitabın "Yeni və müasir Naxçıvan" adlanan üçüncü bölməsi məhz həmin möhtəşəm inkişafın ayrı-ayrı mərhələ və istiqamətlərini əks etdirir.
Yeni və müasir Naxçıvanın son on beş illik inkişaf yolu barədə kitabda verilən materiallarla tanışlıq bir daha təsdiqləyir ki, Heydər Əliyev yolunun alternativi yoxdur, ölkəmizin və xalqımızın əsl yüksəlişi ulu öndərin əbədiyaşar təliminin, möhtəşəm siyasi kursunun təntənəsidir. Bunun ən bariz nümunələrindən biri Naxçıvanın timsalında öz parlaq təcəssümünü tapmaqdadır. "Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm", - deyərək siyasət meydanına qədəm qoyan Ali Məclisin Sədri böyük öndərin siyasi kursuna münasibətdə sözlə əməlin, dərin sədaqətlə konkret işin vəhdəti nəticəsində istəyinə nail olub".
Ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikadakı hərtərəfli inkişafa verdiyi yüksək qiymət də ümummilli liderimizin yolu ilə irəliləyən ulu diyarın bugünkü tərəqqisinə əsaslanır: "Mən hər il Naxçıvanda oluram və hər dəfə Naxçıvanda gördüyüm dəyişikliklər məni ürəkdən sevindirir... Naxçıvan Muxtar Respublikasında ən müasir infrastruktur yaradılır, sosial obyektlərin tikintisi geniş vüsət alıbdır. Bütün bunlar muxtar respublikanın iqtisadi və sənaye potensialını gücləndirir".
Kitabda diqqət
mərkəzinə çəkilən çoxsaylı
faktlardan bir neçəsini xatırlatmaq təsəvvürü
dəqiqləşdirməyə kömək edər. Son on
beş ildə Naxçıvan MR-də 364 yeni sənaye müəssisəsi
işə düşüb. 393 inzibati bina, mənzil-kommunal təsərrüfatı
sahəsində 593 obyekt, 406 su nasos stansiyası və
subartezian quyusu, 119 körpü, 45 məişət evi və
ticarət mərkəzi, 231 elm və təhsil müəssisəsi,
173 səhiyyə müəssisəsi, 33 idman obyekti və s.
tikilərək istifadəyə verilib. 2010-cu ildə ümumi daxili məhsulun
həcmi 1 milyard 171 milyon manata çatıb. Təkcə
ötən il muxtar respublikada 669 müxtəlif təyinatlı
obyekt istifadəyə verilib... Əlbəttə, belə
faktlar çoxdur. Lakin bunlar adicə fakt deyil, Azərbaycanın
ayrılmaz regionunda möhtəşəm sosial-iqtisadi və mədəni
inkişafın, fədakar əməyin parlaq nəticələridir.
Bu bölmədə Naxçıvanda mətbuatın
inkişaf yolu və çağdaş yüksəlişi barədəki
məqalələr də analoji təəssürat yaradır.
Naxçıvan həm də
qədim abidələr diyarıdır. Son illərdə muxtar
respublikadakı həm tarixi memarlıq abidələri, həm
də təbiət abidələri
pasportlaşdırılmış, çox qiymətli
ensiklopediyada öz elmi təqdimini tapmışdır.
Bütün bunlara diqqət yetirən Məmməd Məmmədov
ayrı-ayrı məqalələrdə nəzərə
çatdırır ki, Naxçıvanda Nuh Peyğəmbərin
məzarüstü türbəsi, Xan Sarayı bərpa
olunmuş, "Azərbaycanın incisi" sayılan qoruq
şəhəri Ordubad tarixiliklə müasirliyin sintezində
yeni simasına qovuşmuş, əsrlərin yadigarı
Qarabağlar türbəsi, açıq səma altında
muzey, Naxçıvan buzxanası və s. ulu keçmişin
yaşayan yadigarları kimi əbədiləşmişdir.
Bütövlükdə Azərbaycan
Respublikasının əməkdar jurnalisti, Naxçıvan MR
Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə
doktoru Məmməd Məmmədovun "Naxçıvan:
dövlət müstəqilliyi uğrunda mübarizənin
dayağı" adlı kitabı muxtar respublikanın dünəni
və bugünü, daha çox isə son iyirmi ildəki
sosial-iqtisadi və mədəni inkişafı barədə
ilhamla, ürəklə yazılmış məqalələr
toplusu kimi elmiliklə publisistikanın, siyasi-analitik təhlillərlə
jurnalist operativliyinin vəhdətindən yaranmış
oxunaqlı və dəyərli əsərdir.
Onu da qeyd edək ki,
Naxçıvanın ən yeni tarixi tarixçi alim və
istedadlı publisist Məmməd Məmmədovun gözləri
önündə yaranıb və onun qələmə
aldığı mətləblərə etibarlı, zəngin
və mötəbər mənbə kimi yanaşmamağa sadəcə
haqqımız yoxdur. Tale elə gətirib ki, ulu öndərin
sədrliyi ilə keçirilən Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sessiyalarında, müşavirələrində,
yığıncaqlarında iştirak edən dörd-beş nəfər
mətbuat işçisindən biri də bu kitabın müəllifi
olub.
Hüseyn HƏŞİMLİ,
Naxçıvan MR
Ali Məclisinin deputatı,
əməkdar elm xadimi
Azərbaycan.- 2011.-21 may.- S. 7.