Lənkəran "Azərbaycanın folklor paytaxtı"dır

 

Xalqımızın qədim və rəngarəng qeyri-maddi mədəni irsi əsrlərin sınağından keçərək bu gün də yaşayır. Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlara start verilmişdir.

Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" Proqramı təsdiq olunmuşdur. Proqramla əlaqədar olaraq 2011-ci il üçün Lənkəran şəhəri "Azərbaycanın folklor paytaxtı" elan edilmişdir.

Bu il ərzində Lənkəranda nominasiyalara uyğun surətdə təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktik konfrans, "dəyirmi masa", konsert, müsabiqə, festival, sərgi və digər tədbirlərin təşkili nəzərdə tutulmuşdur. Tədbirlərdən "Tarixin canlı şahidləri" (qocaman el sənətkarları ilə görüşlərin təşkili), "Bayatı axşamları folklor gecəsinin təşkili", "Nənələr və nəvələr" folklor gecəsi, Lənkəran mətbəxi festivalı və başqalarını göstərmək olar.

Lənkəran şəhərinin "Azərbaycanın folklor paytaxtı" elan olunması xalqımızın şifahi xalq ədəbiyyatını, adət və ənənələrini bir daha dünyaya tanıdacaq, mədəniyyət tariximizdə yeni bir səhifə olacaqdır.

Bu əlamətdar hadisə ilə bağlı təşkilat komitəsi yaradılmış, tədbirlər planı təsdiq olunmuş və "Folklor şəhəri"nin rəsmi loqosu şəhərin 3 yerində vurulmuşdur.

Artıq "Lənkəran - Azərbaycanın folklor paytaxtı-2011" elan edilməsi ilə əlaqədar şəhərdəki Heydər Əliyev xatirə parkında bayram tədbiri keçirilmişdir. Burada el sənətkarlarının əl işlərindən, suvenirlərdən ibarət müxtəlif sərgilər, habelə milli mətbəximizin nümunələri nümayiş etdirilmiş, rayon idmançılarının çıxışları təşkil olunmuşdur. Tədbir çərçivəsində qədim oyun növləri olan kəndirdartma, milli güləş yarışları təşkil edilmişdir.

Tədbirin bədii hissəsində "Nağıllar dünyasına səyahət" başlığı altında el sənətkarlarının, rəqs ansambllarının, C.Cabbarlı və H.Rzayeva adına uşaq musuqu məktəblərinin folklor, mədəniyyət evlərinin özfəaliyyət kollektivlərinin və yerli müğənnilərin ifasında maraqlı konsert proqramı təşkil olunmuşdur. Separadi mədəniyyət evinin "Nənələr" folklor mahnı və rəqs ansamblının, Uşaq Evi Klubunun "Şənlik", Girdəni Kənd Mədəniyyət Evinin "Vənəvşə", Boladi və Vilvan kənd klublarının qızlardan ibarət rəqs ansambllarının çıxışları, Azərbaycan xalqının qədim folklor bayramı Novruzun atributları - Kosanın və Keçəlin zarafatları, Bahar qızının faytonla gəlməsi tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Tədbir respublika və yerli televiziya kanalları tərəfindən işıqlandırılmış, "Cənub" TV telekanalı isə bayram şənliyini bütövlüklə çəkərək efirə vermişdir.

Bu tədbirdən əlavə, Liman şəhər klubunda, Girdəni, Türkəkəran, Şağlaser, Separadi, Şıxəkəran, Göyşaban, Mamusta, Hirkan, Gərmətük kənd mədəniyyət evlərində, Haftonu, Vilvan, Kərgəlan, Veravul, Boladi, Xanbulan, İstisu, Sütəmurdov kənd klublarında özfəaliyyət kollektivləri tərəfindən konsertlər təşkil olunmuşdur. Heydər Əliyev muzeyi, tarix-diyarşünaslıq və H.Aslanovun ev-muzeylərində bayram münasibətilə açıq qapı günləri keçirilmiş, muzeylərə gələn qonaqlara folklorumuz, milli adət-ənənələrimiz haqqında geniş məlumat verilmişdir.

Bunlardan savayı, Mərkəzi Kitabxananın zalında qədim folklor adət-ənənələrimizi tanımaq məqsədilə folklorşünas-alim Y.Ağazadə ilə görüş təşkil olunmuş, alim "Folklorumuz və müasir mədəniyyət" mövzusunda mühazirə oxumuşdur.

15 aprel 2011-ci il tarixində Lənkəran Mədəniyyət və Turizm Şöbəsinin tədbirlər planına əsasən, tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi təşkil olunmuş, el sənətkarlarının əl işləri - dulusçuluq nümunələri, həsirlər və s. sərgilənmişdir. Tədbirin bədii hissəsində Separadi Kənd Mədəniyyət Evinin "Nənələr" folklor mahnı və rəqs kollektivinın, Girdəni Kənd Mədəniyyət Evinin "Vənəvşə" folklor rəqs kollektivinin, C.Cabbarlı və H.Rzayeva adına uşaq musiqi məktəblərinin muğam ifaçılarının konserti təşkil olunmuşdur.

Həmçinin Lənkəran Uşaq Rəssamlıq Məktəbində "Folklorumuz və adətlərimiz uşaqların gözü ilə" başlığı altında uşaqların rəsm əsərlərinin sərgisi keçirilmişdir. Sərgidə Uşaq Rəssamlıq Məktəbinin və eləcə də Lənkəran Uşaq Yaradıcılıq Mərkəzi şagirdlərinin xalq folkloruna, adət-ənənələrimizə həsr olunmuş rəsm işləri nümayiş olunmuşdur.

"Lənkəran - Azərbaycanın folklor paytaxtı-2011" çərçivəsində tədbirlər davam edir.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2011.-21 may.- S. 7.