Çexiya-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni perspektivlər açılır

 

Çexiya Prezidenti Vatslav Klausun Azərbaycana rəsmi səfərinin yekunları ölkələrimiz arasında genişmiqyaslı əməkdaşlıq üçün ciddi potensialın mövcudluğunu təsdiqləməklə yanaşı, mövcud əlaqələrin dərinləşdirilməsi məqsədinə xidmət edən bir sıra praktik addımlarla yadda qalmışdır. Səfərin yekunları fonunda əminliklə demək olar ki, rəsmi Bakı bu Mərkəzi-Şərqi Avropa ölkəsi ilə qarşılıqlı faydalı əlaqələrin yüksələn xətlə inkişafında maraqlıdır. Bu maraq eyni zamanda, hər iki ölkənin iqtisadi sahədə keçid dövrünü sürətlə başa vuraraq demokratikləşmə, sosial-iqtisadi inkişaf, habelə Avratlantik strukturlara inteqrasiya sahəsində mühüm uğurlar qazanması ilə şərtlənir.

Çexiyanın Mərkəzi və Şərqi Avropanın kecmiş sosialist ölkələri arasında ən sürətlə inkişaf edənlərdən biri olması bu əməkdaşlığın daha da genişlənməsinə müsbət impulslar vermişdir. Ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə təkan verən digər mühüm amil isə Çexiyanın Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyanlardan olmasıdır. 1992-ci ilin 8 yanvarında belə bir mühüm qərar qəbul edən rəsmi Praqa respublikamızın müstəqilliyinin möhkəmlənməsinə mühüm töhfə verməklə yanaşı, Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla əməkdaşlığa yüksək marağını nümayiş etdirmişdir. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 29 yanvar 1993-cü il tarixdə qurulmuş, sonrakı illərdə bir sıra sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yaradılmışdır.

Açıq demək lazımdır ki, iki postsosialist ölkəsi arasında əlaqələr son illərə qədər intensiv xarakter daşımamış, əməkdaşlığın müqavilə-hüquq bazası cəmi 10 sənədlə məhdudlaşmış, onlardan biri də sonradan qüvvədən düşmüşdür. İmzalanmış sənədlər sırasında "Azərbaycan Respublikası hökuməti və Cexiya Respublikası hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş"i, "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Cexiya Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol"unu, "Azərbaycan Respublikası hökuməti və Cexiya Respublikası hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya"nı, "Azərbaycan Respublikası Vergilər Nazirliyi və Cexiya Respublikası Maliyyə Nazirliyi arasında Vergi Administrasiyasının fəaliyyəti sahəsində əməkdaşlığa dair Saziş"i, "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Cexiya Respublikası Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələrə dair Anlaşma Memorandumu"nu, "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Cexiya Respublikasının Ətraf Muhit Nazirliyi arasında Ətraf muhitin mühafizəsi sahəsində Əməkdaşlığa dair Memorandumu", "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Cexiya Respublikası Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"i, "Azərbaycan Respublikası hökuməti və Cexiya Respublikası hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş"i xüsusi qeyd etmək olar.

2002-ci ildə ulu öndər Heydər Əliyevin NATO sammitində iştirak məqsədilə Çexiyaya işgüzar səfəri və dost ölkə rəsmiləri ilə keçirdiyi görüşlər münasibətlərdə dinamizmin artmasına səbəb olmuşdur. Nəhayət, 2007-ci ildə qarşılıqlı olaraq səfirliklərin fəaliyyətə başlaması iki ölkə arasında əlaqələrin intensivləşməsinə, əməkdaşlıq üçün yeni prioritetlərin müəyyənləşdirilməsinə yaxşı imkanlar açmışdır.

Azərbaycan və Çexiya arasında ikitərəfli əlaqələrin sürətli inkişafına əsaslı təkan verən mühüm təsir amillərindən biri də hər iki dövlətin mövqelərinin beynəlxalq və regional məsələlərdə üst-üstə düşməsidir. Çexiya Azərbaycanın transqafqaz nəqliyyat-kommunikasiya sistemi vasitəsilə Qərbi Avropaya çıxışının təmini baxımından əlverişli geosiyasi məkandır. Azərbaycanın malik olduğu zəngin neft-qaz ehtiyatları isə dost ölkənin enerji təhlükəsizliyində, habelə tranzit-kommunikasiya əhəmiyyətinin artmasında mühüm rol oynayır. Enerji təhlükəsizliyi məsələlərinin ciddiliklə gündəmə gəldiyi bir zamanda rəsmi Çexiya Azərbaycanın bilavasitə iştirakı ilə gerçəkləşəcək Nabukko və digər strateji əhəmiyyətli enerji layihələrində iştiraka xüsusi maraq göstərir. Rəsmi Praqa respublikamızın zəngin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına ixracı prosesində fəal iştirakçı olmaq arzusunu gizlətmir və konkret təkliflərlə çıxış edir.

Azərbaycanın Çexiya ilə əməkdaşlığa maraq göstərməsinin mühüm səbəblərindən biri də bu postsosialist dövlətin qısa müddətdə Avratlantik məkana inteqrasiya sahəsində böyük uğurlar qazanması, habelə hərbi-texniki sahədə yüksək nəticələr əldə etməsidir. NATO-nun və Avropa İttifaqının tamhüquqlu üzvü statusuna yiyələnən Çexiya qısa müddətdə avrostrukturlara inteqrasiya baxımından sürətli yol keçmişdir. 1999-cu il 12 may tarixdə NATO-ya daxil olmuş Cexiya hərbi-siyasi alyans daxilində əsas vəzifənin transatlantik münasibətlərin gücləndirilməsi, Atlantik və Avropa hərbi-siyasi fəaliyyətin uyğunluğunun təmin edilməsi olduğu qənaətindədir. Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına, "Fərdi əməkdaşlıq üzrə əməliyyat planı"na qoşulması isə ona Polşa ilə hərbi sahədə daha geniş əməkdaşlıq imkanları yaradır. Dost ölkənin modern ordu quruculuğu sahəsində qazandığı müsbət nəticələrin mənimsənilməsi və praktik surətdə gerçəkləşdirilməsi Azərbaycan üçün də olduqca mühüm əhəmiyyətlidir.

Ulu öndərin xarici siyasət kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Çexiya ilə münasibətlərə mühüm önəm verir. Dost ölkənin Prezidenti Vatslav Klausun Azərbaycana zəngin səfər proqramının uğurlu nəticəsi kimi əldə olunmuş bir sıra razılaşmalar bunun əyani təzahürüdür. Səfər çərçivəsində aparılan faydalı müzakirələr müxtəlif beynəlxalq və regional məsələlərdə eyni mövqedən çıxış edən Çexiya və Azərbaycan arasında münasibətlərin dərinləşdirilməsi üçün ciddi potensialın mövcudluğunu aşkarlamışdır. Hər iki ölkə prezidentlərinin səfər əsnasında xüsusi önə çəkdiyi məsələlərdən biri də məhz bu potensialdan maksimum səmərəli yararlanmaqla mövcud əlaqələri genişləndirməyin vacibliyi ilə bağlıdır.

Prezident İlham Əliyev Bakıda çexiyalı həmkarı ilə keçirdiyi görüşlərdə iki ölkənin hərtərəfli əməkdaşlığı üçün yaxşı perspektivlərin olduğunu bir daha bəyan etmişdir. Dövlət başçısı əmin olduğunu bildirmişdir ki, Çexiya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri bu baxımdan uğurlu nəticələrə səbəb olacaqdır: "Əminəm ki, səfər və onun nəticələri əlaqələrimizi daha da gücləndirəcəkdir. Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərə olduqca böyük əhəmiyyət veririk. Əlaqələrimiz çox uğurla inkişaf edir. Yüksək səviyyəli nümayəndə heyətlərinin bir çox səfərləri həyata keçirilmişdir. Əlbəttə ki, cənab Prezidentin rəsmi səfəri münasibətlərimizin ən vacib məqamıdır. Əminəm ki, səfər əməkdaşlığımızın siyasi, iqtisadi, mədəni və enerji sahələrində olduqca fəal şəkildə inkişafı ilə nəticələnəcəkdir. Bir sözlə, ikitərəfli gündəliyimiz kifayət qədər genişdir. Ümid edirik ki, səfər nəticəsində ölkələrimizin işgüzar dairələri bir yerə toplaşacaqlar və birgə biznes aparmaq imkanlarını araşdıracaqlar".

Səfərin yekunları göstərir ki, Azərbaycanı Cənubi Qafqaz regionunun mühüm ölkəsi sayan rəsmi Praqa onunla hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan Çexiya üçün hazırda iqtisadi baxımdan inkişaf edən, böyük həcmdə ümumi daxili məhsula malik, karbohidrogenlə zəngin ölkədir. Dost ölkə respublikamızla, ilk növbədə isə energetika sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Azərbaycan yalnız neft istehsalçısı deyil, həm də tranzit ölkə kimi Çexiya üçün əhəmiyyətlidir.

Çexiya Prezidenti Vatslav Klaus Bakıdakı bəyanatlarında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə toxunaraq demişdir: "Mən, sadəcə, onu təkrar etmək istəyirəm ki, ölkənizə səfərimlə Azərbaycan və Çexiya xalqlarına aydın işarə verirəm ki, biz Azərbaycan-Çexiya, Çexiya-Azərbaycan əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni sahələrdə genişləndirilməsində olduqca maraqlıyıq. Bu, mənim üçgünlük səfərimin əsas məqsədi və marağını təşkil edir".

Səfər çərçivəsində biznes forumun keçirilməsi qarşılıqlı olaraq sərmayələrin təşviqi və sahibkarlıq mühitinin öyrənilməsi baxımından da vacib əhəmiyyətə malikdir. Eyni zamanda, imzalanmış bir sıra rəsmi sənədlər mövcud əlaqələrin ardıcıl şəkildə genişləndirilməsinə yaxşı imkanlar açır. Bu baxımdan "Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş"in əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.

Ümumilikdə, səfərin yekunları deməyə əsas verir ki, Çexiya Mərkəzi-Şərqi Avropada Azərbaycanın yaxın tərəfdaşlarından birinə çevrilir. Eyni zamanda, hər iki ölkənin rəhbərliyi siyasi iradə nümayiş etdirərək əməkdaşlıq üçün mövcud potensialın açılmasına xidmət edən kompleks tədbirlər həyata keçirməyə çalışır. Əldə olunmuş razılaşmalar isə münasibətlərin bundan sonrakı mərhələdə daha sürətli templə inkişafına yaxşı imkanlar yaradır.

 

 

Azərbaycan.- 2011.-22 may.- S. 1.