Vaşinqtonda Azərbaycanın
İKT sektorunda biznes imkanları müzakirə olunmuşdur
Mayın 20-də Vaşinqtonda keçirilən II ABŞ-Azərbaycan informasiya və kommunikasiya texnologiyaları üzrə forumda Azərbaycanın informasiya texnologiyaları və kommunikasiya sektorunda biznes imkanları müzakirə edilmişdir.
ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilən forumda ABŞ-ın bu sahə üzrə aparıcı şirkətlərinin başçıları, Birləşmiş Ştatların iqtisadi nazirliklərinin nümayəndələri, Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları və Dövlət Departamentinin rəsmiləri, eləcə də yerli media təmsilçiləri iştirak etmişlər.
Azərbaycanın İKT sahəsində son nailiyyətlər və ABŞ-ın şirkətləri üçün respublikamızda geniş biznes və tərəfdaşlıq imkanları barədə ölkəmizin rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ABŞ Dövlət Departamentinin beynəlxalq kommunikasiya və informasiya siyasəti üzrə əlaqələndiricisi Filip Vervir, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin sektor müdiri Aleksey Tixomirov və "Orbital Sciences" şirkətinin vitse-prezidenti Con Skot çıxış etmişlər.
Forumu giriş sözü ilə açan Azərbaycan-ABŞ Ticarət Palatası idarə heyətinin həmsədri Ceyms Beyker bildirmişdir ki, Azərbaycanın İKT sahəsi son illər ərzində sürətlə inkişaf etmişdir. Təkcə 2010-cu ildə bu sahədə Azərbaycanda 32,1 faiz artım müşahidə olunmuşdur. İKT sahəsi Azərbaycan iqtisadiyyatının digər sahələrini geridə qoymuşdur. Azərbaycanda 9 milyonluq əhalinin 7 milyonu mobil telefon istifadəçisidir. İnternetdən istifadə də ölkədə geniş yayılmışdır. C.Beyker vurğulamışdır ki, bunlardan əlavə Azərbaycan hökumətinin 2012-ci ilədək öz peykini istifadəyə verməsi İKT sahəsində imkanların sərhədsiz olduğunu sübut edir. İKT yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının ən böyük sahəsi kimi neft-qaz sənayesini də geridə qoymaq iddiasındadır.
Azərbaycan hökumətinin informasiya və kommunikasiya texnologiyalarına böyük əhəmiyyət verdiyini qeyd edən Əli Abbasov demişdir ki, ölkəmizdə İKT sahəsinin sürətlə inkişafı burada aparılan davamlı islahatlar və özəlləşdirmə, normativ qanunların təkmilləşdirilməsi, bazarın liberallaşması ilə bağlıdır. Hökumət tərəfindən xüsusi investisiya fondu qurularaq yerli şirkətlərə xarici tərəfdaşlarla iş birliyinə daxil olmaq imkanları yaradılır.
Ə.Abbasov bildirmişdir ki, hazırda ABŞ-ın bir sıra nüfuzlu şirkətləri, o cümlədən CİSCO, İNTEL, HP Azərbaycanda fəaliyyət göstərir. Lakin Azərbaycan tərəfi İKT sahəsində iş birliyində ABŞ-ın iş adamlarının daha çox iştirakını görmək istərdi. Ölkəmizin "Transavrasiya Super İnformasiya Magistralı" tipli layihələrdə aparıcı rolu xarici sərmayəçilərə regional bazarda geniş imkanlar açır.
F.Vervir isə azərbaycanlı nazirin ABŞ-ın iş adamlarına təqdim etdiyi imkanlardan məmnunluğunu və bunlardan istifadə olunacağına əminliyini bildirmişdir. Diplomat Dövlət Departamentinin qloballaşan dünyada ölkələr arasında daha sıx iqtisadi əlaqələri dəstəklədiyini, azad beynəlxalq ticarət və birbaşa sərmayələrin tərəfdarı olduğunu vurğulamışdır.
F.Vervir demişdir ki, internet idarəetməsi işi üzrə növbəti Beynəlxalq Forumunun 2012-ci ildə Bakıda keçirilməsi Azərbaycanı İKT sahəsini geniş tanıtmaq üçün daha yaxşı imkanlar yaradacaqdır.
Səfir Y.Əliyev forum iştirakçılarına ABŞ-Azərbaycan iqtisadi münasibətlərinin cəmləşdiyi əsas sahələr - nəqliyyat, kənd təsərrüfatı, İKT-də birgə layihələr haqqında ətraflı məlumat vermişdir. Diplomat diqqətə çatdırmışdır ki, Azərbaycanın ABŞ-dakı layihələrdə iştirakı maliyyə böhranı təsiri altında olan Birləşmiş Ştatların iqtisadiyyatında yeni iş yerləri yaradır. Belə ki, Azərbaycan peykinin qurulması haqqında ABŞ-ın "Orbital Sciences" şirkəti ilə razılıq Virciniya ştatında 1200 iş yerinin yaradılmasına səbəb olmuşdur. ABŞ-ın "Boinq" şirkətinin "Azərbaycan Hava Yolları" QSC-yə göstərdiyi təyyarə xidmətləri isə 11 mindən çox iş yeri yaratmışdır. Y.Əliyev Azərbaycan Dövlət Neft Fondunun ABŞ-da 3 milyon dollar məbləğində yatırım etməsini də diqqətə çatdırmışdır.
ABŞ-ın iş adamlarına Azərbaycandakı biznes imkanlarından bəhrələnməyi tövsiyə edən A.Tixomirov bildirmişdir ki, BMT-nin sorğularına əsasən, Azərbaycan iqtisadiyyatı postsovet məkanında ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Buna səbəb Azərbaycan rəhbərliyinin irəli sürdüyü iddialı və aydın iqtisadi strategiya, daxili sektorlararası səmərəli əməkdaşlıq, xüsusilə də İKT sahəsində proqramların həyata keçirilməsi, qonşu dövlətlərlə faydalı tərəfdaşlığın yaradılmasıdır. Azərbaycan Dövlət Neft Fondunun şəffaf idarəetməyə görə BMT tərəfindən mükafatlandırıldığını xatırladan A.Tixomirov ölkəmizdə hökumətin şəffaflığın artırılmasına yönəlmiş səylərini yüksək qiymətləndirmişdir.
C.Skot Azərbaycan peykini quracaq heyətin adından azərbaycanlı həmkarlarına minnətdarlığını bildirmişdir. Vitse-prezident vurğulamışdır ki, bu məsələ ilə bağlı danışıqlar və birgə əməkdaşlıq zamanı Azərbaycan tərəfi yüksək peşəkarlıq nümayiş etdirmişdir. C.Skot onun şirkətinə verilən imkana görə minnətdarlığını bildirmiş, amerikalı həmkarlarını Azərbaycana yatırımlar etmək barədə düşünməyi tövsiyə etmişdir.
Sonra forum iştirakçılarının sualları cavablandırılmışdır.
ABŞ-da işgüzar səfərdə olan Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Vaşinqtondakı iqtisadi forumda iştirak etməklə yanaşı, bir sıra görüşlər də keçirmişdir. Nazir ABŞ-ın Dövlət Departamenti, EXİM Bank, Beynəlxalq Telekommunikasiya Peykləri Təşkilatı və bir sıra agentliklərin yüksək səviyyəli rəsmiləri ilə müzakirələr aparmış, Azərbaycan peykini quraşdıracaq "Orbital Sciences" Korporasiyasının işi ilə tanış olmuşdur.
Nazirin işgüzar səfər proqramı Kaliforniyada davam etdiriləcəkdir.
Şəfəq AKİFQIZI,
AzərTAc-ın xüsusi
müxbiri
Vaşinqton
Azərbaycan.- 2011.-22 may.- S. 1, 5.