Xaçmazda əlillər və
şəhid ailələri üçün yaşayış
binası istifadəyə verilmişdir
Xaçmazda əlillər və şəhid ailələri üçün tikilmiş dördmərtəbəli 16 mənzilli yaşayış binası 28 May - Respublika Günü ərəfəsində istifadəyə verilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda gedən döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Aztəminatlı əhali qruplarına dövlət qayğısının layiqli səviyyədə çatdırılması qurumun əsas məqsədlərindən biridir. Bu məqsədlə müntəzəm olaraq tədbirlər həyata keçirilir, əlillərin və şəhid ailələrinin mənzillə təminatı istiqamətində işlər davam etdirilir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin açarlarını və sənədlərini təqdim etmişdir. O, məlumat vermişdir ki, sosial müdafiə sahəsinə xüsusi qayğı göstərən ölkə başçısı əlil və şəhid ailələrinin mənzillə təminatını daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, 2010-cu ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 715 mənzil, o cümlədən 200 fərdi ev inşa olunmuşdur. Prezidentin tapşırığına uyğun olaraq, nazirlik tərəfindən Bakı şəhərində və respublikanın digər bölgələrində bu günədək ümumilikdə 4 mindən artıq mənzil tikilib Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilmişdir.
Yeni mənzil alanlar diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Növbəti
belə tədbirlərin Respublika Günü münasibətilə
mayın 26-da Astara, Biləsuvar və Salyan rayonlarında, Milli
Qurtuluş Günü münasibətilə isə iyunda Mingəçevir
şəhəri və Qobustan rayonunda keçirilməsi nəzərdə
tutulur.
Azərbaycan.- 2011.- 22 may.- S.1.