Moskvada "Azərbaycan gecəsi"

 

Moskvada Kreml sarayında Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş mərasimin xoş təəssüratı hələ də davam edir. "Azərbaycan gecəsi" adlanan bu təntənəli mərasimdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın və Rusiyanın birinci xanımı Svetlana Medvedevanın iştirakı bu tədbirin əhəmiyyətini daha da artırdı. Mərasimdən öncə hər iki ölkənin birinci xanımları Uspensk kilsəsinin sərgi salonunda "Karl Faberje və daşoyma ustaları. Rusiyanın əlvan dəfinəsi" adlı ekspozisiyaya baxırdılar. Bu sərgidə adıçəkilən məşhur zərgərin bir sıra nadir əsərləri nümayiş olunurdu. Sərgidə həmçinin zərgər Faberje ilə eyni dövrdə yaşamış, başqa sənətkarların da əl işləri nümayiş olunurdu. Ekspozisiyada diqqət çəkən məqamlardan biri də budur ki, vaxtilə imperator sarayı üçün zinət əşyaları hazırlayan zərgərlərin nümayiş etdirilən əl işləri qeyri-adi və orijinallığı ilə seçilirdi.

Moskvada "Azərbaycan gecəsi" ilə əlaqədar Heydər Əliyev Fondunun hazırladığı ən uğurlu və yaddaqalan layihələrdən olan "Azərbaycan" nəşrinin təqdimatı da maraqla qarşılandı. Rus dilində hazırlanmış yeni topluda oxuculara ölkəmiz haqqında ətraflı məlumat vermək üçün 1000-dən çox şəkildən istifadə edilmişdir. Bu şəkillərdə xalqımızın tarixi, mədəniyyəti, etnoqrafik xüsusiyyətləri, bugünü əks olunub. Yeni nəşr ölkəmiz haqqında hər kəsdə əyani təsəvvür yaratmaq baxımından çox böyük əhəmiyyətə malikdir. Burada həm paytaxtımızın, həm də bölgələrimizin qədim tarixi, memarlığı ilə bağlı çox dolğun məlumatlar öz əksini tapıb. "Azərbaycan" nəşri respublikamız haqqında dolğun təəssürat yaradır. Onu nəzərdən keçirən zaman sivilizasiyaların qovuşuğunda yerləşən ölkəmiz barəsində mükəmməl informasiya ala bilirsən.

"Azərbaycan gecəsi"nin bədii hissəsindən öncə təşkil olunmuş sərgi də maraqla qarşılandı. Azərbaycan xalçalarının Dövlət Kreml Sarayında nümayişi moskvalı seyrçiləri xalqımızın xalçaçılıq məktəbi və bədii düşüncəsi ilə yaxından tanış etdi. Burada 80-dən çox xalça nümunələri yer almışdı. YUNESKO-nun Dünya İrs Siyahısına düşmüş Azərbaycan xalçalarının kompozisiyası, texniki xüsusiyyətləri, mövzusu, eləcə də xalçaçıların duyğu və düşüncələrini rəng və naxışlarla əks etdirmək qüdrəti hamını heyrətə gətirmişdi. Xüsusilə də sərgidə yer alan Qarabağ xalçaları bu bölgənin əzəli Azərbaycan torpağı olduğunu bir daha diqqətə çatdırdı.

Mərasimdə çıxış edən Mehriban xanım Əliyeva tədbir iştirakçılarını salamladı, Rusiya Prezidentinin xanımı Svetlana Medvedevanın gecədə iştirakına görə minnətdarlığını bildirdi. Bu təntənəli gecənin ilk sevinci Azərbaycan təmsilçiləri Eldar Qasımovla Nigar Camalın "Eurovision-2011" yarışmasında qazandıqları qələbə oldu. Ölkəmizin birinci xanımı bu duetə ilk 12 bal verən Rusiyaya - onun sənət bilicilərinə təşəkkürünü bildirdi. Bu, həm də iki ölkə arasında əməkdaşlığın nümayişi kimi dəyərləndirildi. Mehriban xanım Əliyeva Azərbaycan dövlətçiliyinin qədim tarixindən danışaraq ölkəmizin həmişə bütün xalqlarla sülh şəraitində yaşamaq arzusunda olduğunu bildirdi. "Mədəni müxtəliflik qədim mədəniyyət və tarixə malik Azərbaycan xalqı üçün ənənəvidir" fikrini səsləndirən Mehriban xanım Əliyeva müstəqil dövlət kimi ölkəmizin 20 ildə qazandığı uğurlardan söz açdı. "Bu gün bizim vizit kartımız - zəngin mədəni irsimizdir" söyləyən Mehriban xanım Əliyeva bütün iştirakçıları Azərbaycan mədəniyyəti ilə ünsiyyətə dəvət etdi.

O gün Moskvada təşkil edilmiş "Azərbaycan gecəsi"nin şəfəqləri bütün Rusiyanı bürüdü. Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında "Koroğlu" operasının uvertürası salonu bürüdü. Dahi Üzeyir Hacıbəylinin ölməz musiqisi bu möhtəşəm salona Azərbaycan ovqatı gətirdi. Üzeyir Hacıbəylinin, Qara Qarayevin əsərləri bir-birini əvəz etdikcə salondakılar heyrətləndilər. Şirzad Fətəliyevin balabanda ifa etdiyi "Sən gəlməz oldun" mahnısı, əməkdar artist Təyyar Bayramovun çıxışı, İsfar Sarabskinin ifa etdiyi caz kompozisiyası, eləcə də xanəndə Mirpaşa Şükürovun oxuduğu "Qarabağ şikəstəsi", Natiq Şirinovun rəhbərliyi ilə nağaraçalanlar ansamblının səsləndirdiyi "Abşeron ritmləri" tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İTAR-TASS İnformasiya Agentliyinin müxbirinə verdiyi müsahibədə deyir: "Azərbaycan xüsusən son illər Rusiya ilə mədəni əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bu əlaqələr ikitərəfli münasibətləri genişləndirməyin bazasını yaradır. Azərbaycanda Rusiya ilinin və Rusiyada Azərbaycan ilinin böyük uğurla keçməsi buna əsl təkan verib".

Həqiqətən də Moskvada Çexov festivalında göstərilmiş tamaşaların ilk dəfə Bakıda nümayiş etdirilməsi, dahi Azərbaycan bəstəkarı Qara Qarayevin Nizami Gəncəvinin poemasının motivləri əsasında yazdığı "Yeddi gözəl" baletinin Moskvada, Böyük Teatrın səhnəsində debütü, Mariya Teatrının truppasının bəstəkar Arif Məlikovun yubileyinə qatılmaq üçün Bakıya gəlişi yaddaqalan hadisələrdən olub. Dəfələrlə respublikanın teatr kollektivləri Moskvada, Sankt-Peterburqda, Novosibirskdə, bir sözlə, Rusiyanın müxtəlif şəhərlərində keçirilən festivallarda iştirakı, musiqi kollektivlərinin, eləcə də kino xadimlərinin birlikdə çalışması mədəni əməkdaşlığın sıxlığından xəbər verir.

Azərbaycan mədəniyyətinin məşhur simalarının çıxış etdiyi bu mərasimdə diqqət çəkən məqamlardan biri də janr müxtəlifliyinin, sintez harmoniyasının, zəngin improvizasiyaların mövcudluğu idi. Bütün tamaşaçıları heyrətləndirən qısa müddət ərzində - cəmi 20 ildə müstəqilliyini yaşayan ölkəmizin istər mədəniyyət, istərsə də iqtisadiyyat sahəsindəki danılmaz uğurları oldu.

Konsertdən sonra Rusiyanın birinci xanımı Svetlana Medvedeva belə bir möhtəşəm gecəyə görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirərək demişdi: "Bu gecə ölkələrimiz arasında dostluğun və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcəkdir". Mehriban xanım Əliyeva xoş münasibətə və qonaqpərvərliyə görə rus xalqına öz minnətdarlığını bildirərək dedi: "Rusiya paytaxtında belə bir tədbirin təşkil edilməsi barədə qərarın qəbul edildiyi ilk gündən bizE dəstək və anlayış gördük, özümüzü evimizdəki kimi hiss etdik".

Moskvada "Azərbaycan gecəsi" təkcə zövqləri oxşayaraq ürəklərdə xoş hisslər yaymadı. Mərasimdən sonra qonaqlara Azərbaycan milli mətbəxinin təamları da təqdim olundu. "Azərbaycan gecə"sinin şəfəqləri hələ uzun müddət yaddaşlardan silinməyəcək. Bu təntənə Moskvada əsl mədəniyyət hadisəsinə çevrildi və bir daha diqqəti Azərbaycana yönəltdi. Bu cür mədəni və mənəvi sərvətin, zənginliyin yiyəsi olan böyük bir xalqla - Azərbaycanla dostluğa, münasibət qurmağa, əməkdaşlıq etməyə dəyər.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-22 may.- S. 2.