Azərbaycanın və Rusiyanın regionları arasında iqtisadi əlaqələr genişlənir

 

Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, keçmiş Sovetlər birliyi dövründən mövcud olan çoxşaxəli əlaqələri hazırkı geosiyasi gerçəkliklərə uyğun inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində mühüm yer tutur. Son 10 ildə bu əlaqələr bütün sahələrdə bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında qurulmuş, qarşılıqlı maraqlar çərçivəsində yüksələn xətlə inkişaf etmişdir. Strateji tərəfdaşlıq münasibətlərinin pozitiv tərəfləri özünü həm də Rusiya və Azərbaycan regionları arasında iqtisadi-ticari əlaqələrin genişlənməsində göstərir.

Bu günlərdə Həştərxanda təşkil olunmuş "Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda ikinci Rusiya-Azərbaycan regionlararası forumu bunu bir daha təsdiqləyir. Rusiya və Azərbaycan prezidentləri administrasiyalarının dəstəyi ilə Avrasiya Tədqiqatları İnstitutunun təşkil etdiyi forumun işində hər iki ölkənin mərkəzi və regional hakimiyyət orqanlarının, habelə iri, orta və kiçik biznesin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Forumda iki ölkə arasında münasibətlərin bütün sahələrdə dinamik inkişafı, habelə Azərbaycanın Rusiyanın ayrı-ayrı vilayətləri ilə iqtisadi, mədəni, humanitar əlaqələrinin genişləndiyi razılıqla vurğulanmışdır. Eyni zamanda bildirilmişdir ki, Rusiya və Azərbaycan arasında hərtərəfli əməkdaşlığı zəruri edən mühüm amillərdən biri də məhz ölkələrimiz arasında tarixən formalaşmış iqtisadi əlaqələrdir.

Sovetlər birliyinin süqutundan sonra bu əlaqələr qırılmış, nəticədə hər iki ölkənin iqtisadiyyatına ciddi ziyan dəymişdi. Keçmiş münasibətləri bərpa etmək, qarşılıqlı təcrübə mübadiləsini genişləndirmək yeni dövrün zəruri tələbi kimi meydana çıxsa da, siyasi münasibətlərdəki soyuqluq buna müəyyən problemlər yaradırdı. 2001-ci ildən isə Rusiya-Azərbaycan münasibətləri tamamilə yeni müstəviyə qədəm qoymuş, iqtisadi-siyasi, humanitar və enerji təhlükəsizliyi sahələrində əməkdaşlıq üçün real imkanlar açılmışdır. Azərbaycanla Rusiya arasında 100-dən çox müqavilə imzalanmışdır. Bunların 70-i dövlətlərarası və hökumətlərarası müqavilələrdir.

Hər iki dövlət rəhbərlərinin rəsmi və işgüzar səfərləri zamanı ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsini, qarşılıqlı informasiya mübadiləsini, hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan mühüm sazişlər imzalanmışdır. Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının intensiv fəaliyyətinin nəticəsi olaraq ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək dinamizmlə inkişaf edir. İdxal-ixrac əməliyyatlarının səviyyəsinə görə Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biri olaraq qalır. Qlobal böhranla müşayiət olunan 2010-cu ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcminin 1,9 milyard dollar təşkil etməsi də qarşılıqlı faydalı əməkdaşlıq üçün mövcud olan zəngin potensialdan xəbər verir. Azərbaycan Rusiyadan əsasən buğda, qənd, şəkər çuğunduru, siqaret, sement qlingeri, meşə materialları, metal boru, ehtiyat hissələri, avtomobil idxal edir. Respublikamızdan Rusiyaya kartof, tomat, qoz, meyvə, çay, yağ, bitki yağı, piy, şirə, pambıq lifi, elektrik enerjisi, neft, qaz və neft-kimya məhsulları ixrac olunur.

Hazırda Azərbaycanda 500-dən artıq Rusiya şirkəti fəaliyyət göstərir və onların böyük qismi Rusiya kapitalına məxsusdur. Rusiya şirkətləri Azərbaycanın neft-qaz layihələrində iştirak etməklə bir neçə beynəlxalq konsorsiumda paya malikdirlər. Rusiya Federasiyasının ayrı-ayrı vilayətləri, quberniyaları, muxtar respublikaları da respublikamızla iqtisadi əlaqələri gücləndirməkdə maraqlıdırlar. Son bir neçə ildə Rusiya regionları ilə Azərbaycan arasında 40-a yaxın bu cür əməkdaşlıq sazişi imzalanmışdır. Bu baxımdan Moskva, Həştərxan, Dağıstan, Kurqan, Sankt-Peterburq, Stavropol, Sverdlovsk, Yekaterinburq, Kalmıkiya və Tatarıstan respublikaları, Saratov vilayət və şəhərləri ilə qurulan iqtisadi əlaqələri xüsusilə qeyd etmək olar. Azərbaycanda Dağıstan və Tatarıstanın, habelə Ural iqtisadi regionunun nümayəndəlikləri fəaliyyət göstərir.

Bu günlərdə Həştərxanda keçirilən ikinci Rusiya-Azərbaycan regionlararası forumunda respublikamızı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir. Nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidenti Administrasiyasının məsul əməkdaşları, hökumət üzvləri, Milli Məclisin deputatları, respublikanın bir sıra rayonlarının icra hakimiyyəti başçıları, sahibkarlar da olmuşlar.

Forumda xüsusi vurğulanmışdır ki, Rusiyanın ayrı-ayrı vilayətləri ilə Azərbaycanın ayrı-ayrı regionları arasında iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi üçün yaxşı potensial mövcuddur və bundan səmərəli istifadə olunmalıdır. Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir ki, Rusiya ilə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamət olmuşdur və indi də belədir. "Azərbaycan ilə Rusiya arasında münasibətlər açıq və səmimi xarakter daşıyır. Hazırda ölkələrimiz arasında əməkdaşlığın bir çox məsələlərinə dair konsensus əldə edilmişdir. Bu göstərir ki, tərəfdaşlıq münasibətləri inkişaf etməkdədir. Belə ki, təkcə bu ilin yanvar-mart aylarında ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi 616 milyon dollar olmuşdur. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çoxdur. Elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində əlaqələr də uğurla inkişaf edir" deyən şöbə müdiri qarşılıqlı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi rolunu xüsusi vurğulamışdır. Əli Həsənov əmin olduğunu bildirmişdir ki, regionlararası əməkdaşlığa dair ikinci Rusiya-Azərbaycan forumu ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəkdir.

Rusiya Federasiyası Prezidenti Administrasiyasının Xarici ölkələrlə mədəni və regionlararası əlaqələr üzrə idarəsinin rəisi Sergey Vinokurov isə demişdir ki, təşkil olunan forum Rusiya ilə Azərbaycan arasında iqtisadi və humanitar əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcəkdir. O, iki ölkə arasında humanitar, siyasi və iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini də xüsusi vurğulayaraq demişdir ki, Azərbaycan-Rusiya münasibətləri bütün səviyyələrdə əməkdaşlığı inkişaf etdirmək üçün güclü potensiala malikdir.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycanın Xəzər regionunda ən əhəmiyyətli tərəfdaş olduğunu xüsusi qeyd etmişdir. Belə ki, bu vilayət ilə Azərbaycan arasında qarşılıqlı ticarətin həcmi ilbəil artır. Cari ilin birinci rübündə Həştərxan biznesmenlərinin Azərbaycanla işgüzar fəallığı müşahidə olunur. Tərəflər arasında əmtəə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə beş dəfə artmış, dəmir yolu, hava və dəniz nəqliyyatı sahəsində əlaqələr inkişaf etmişdir. Azərbaycan sahibkarları Həştərxanda mədəni-işgüzar mərkəzin yaradılması layihəsinin həyata keçirilməsində yerli biznesmenlərlə sıx qarşılıqlı fəaliyyət göstərirlər. Bu mərkəz Azərbaycan istehsalçılarına məhsullarını Həştərxan vilayətində satmağa imkan verəcəkdir.

Həştərxan vilayətinin və Azərbaycan Respublikasının ticarət-sənaye palataları arasında əməkdaşlıq haqqında sənədlərin imzalanması da səfərin ən yaddaqalan məqamlarındandır. Eyni zamanda, forum çərçivəsində təşkil olunmuş sərgidə nümayiş olunan müxtəlif məhsullar hər iki ölkənin iqtisadi əlaqələri ilə bağlı dolğun təsəvvür formalaşdırmışdır. Sərgidə Azərbaycanın və Rusiya regionlarının sənaye, energetika, maşınqayırma, turizm, innovasiya texnologiyaları sahələrində fəaliyyət göstərən şirkət və müəssisələrinin 200-dək stendi və pavilyonu təqdim olunmuşdur.

Forumun yekun bəyanatında tərəflər regionlararası səviyyədə qarşılıqlı fəaliyyətin səmərəsini yüksəltmək, energetika, nəqliyyat, kənd təsərrüfatı, innovasiyalar kimi ənənəvi sahələrdə əməkdaşlığı dərinləndirmək, kiçik və orta biznes qurumlarının inkişafına yardım etmək barədə razılığa gəldiklərini bəyan etmişlər. Ümumilikdə, bu forum hər iki ölkə regionları arasında intestisiyaların qarşılıqlı təşviqi və stimullaşdırılması baxımından da vacib əhəmiyyətə malikdir.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2011.-22 may.- S. 3.