Lənkəran yolunuzu gözləyir

 

Lənkəranın zəngin tarixi, min illər yol keçib gələn adət-ənənələri, sirli-soraqlı neçə-neçə qədim abidəsi var. Təbiət özü sığal çəkib onun hüsnünə. Bir tərəfində mavi gözlü Xəzər göz işlədikcə uzanır, digər tərəfində zümrüd donlu, şah vüqarlı Talış dağları ucalır. Ətirli çayına neçə-neçə şeirlər yazılıb, mahnılar bəstələnib. Limon, naringi, portağal, feyxoa və digər meyvələrinin tamına, dadına da ki söz ola bilməz. Bu torpağın ən başlıca sərvəti isə qədirbilən insanlarıdır. Qonaqpərvərliyi, dost üzünə açıq süfrəsi ilə seçilib-sayılır bu qədim məkan.

Lənkəran son illər daha da abadlaşıb, füsunkar olub. Tikilən binalar, salınan parklar, xiyabanlar, səliqəli küçələr, həyata keçirilən infrastruktur layihələri şəhərə yeniliklər gətirmişdir. İndi Lənkərana təkcə avtomobillə, qatarla deyil, təyyarə, hətta dəniz vasitəsilə - gəmi ilə də gəlmək olur. Hər həftə buradan Moskvaya, Sankt-Peterburqa, digər istiqamətlərə təyyarələr uçur. Bunlar da cənub şəhərində turizmin inkişafı üçün geniş imkanlar açır.

2011-ci ilin "Turizm ili" elan olunması ilə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyəti, şəhər mədəniyyət və turizm şöbəsi ardıcıl tədbirlər həyata keçirməkdədir. Yaradılmış turizm informasiya mərkəzi artıq fəaliyyətə başlayıb. Sahənin inkişafına nail olmaq üçün investorlar, donor təşkilatlar bu işə cəlb olunur. Yerli və beynəlxalq turizm təşkilatları ilə əlaqələr yaradılır.

Rayonda dulusçuluq, həsir toxuma, palaz və xalçaçılıqla məşğul olanların siyahısı hazırlanıb. Rayona gələn qonaqlar üçün suvenirlərin hazırlanması ilə bağlı lazımi tövsiyələr verilib.

Hazırda Lənkəranda 11 turizm obyekti var. Turistlərə müasir tələblərə cavab verə biləcək xidmətin göstərilməsi ilə bağlı mehmanxana və bu tipli obyektlərin rəhbərləri ilə iş aparılıb. Onların demək olar ki, hamısı lisenziya almışdır. Keçən il respublika Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyədən dəvət edilən mütəxəssislərin iştirakı ilə mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün xüsusi hazırlıq kursları keçirilmiş və onlara sertifikatlar verilmişdir.

Mədəni irsin mühafizəsi dövlətin daimi nəzarətindədir. Bildiyimiz kimi, turizm sektorunun inkişafında tarixi abidələrin lazımi səviyyədə təbliği və təqdimi böyük önəm kəsb edir. Şəhər icra orqanları tərəfindən bu məsələyə daim diqqət və qayğı göstərilir, bununla bağlı tədbirlər keçirilir.

Respublika Nazirlər Kabinetinin müvafiq qərarı ilə Lənkəranda 87 tarix və mədəniyyət abidəsi qeydə alınaraq dövlət mühafizəsinə götürülüb. Həmin abidələrin turizm üçün istifadəsi məqsədilə marşrut xəritəsi və ingilis, rus və Azərbaycan dilində məlumatlar hazırlanıb.

Bunlardan əlavə, tarix və mədəniyyət abidələrinin yenidən siyahıya alınması ilə bağlı Lənkəran rayon ərazisindəki abidələrin adları, tarixləri, ünvanları və koordinatları dəqiqləşdirilmiş, onlar haqqında məlumatlar toplanılaraq respublika Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmuşdur.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulduğu kimi, "Dairəvi Qala" abidəsinin bərpası keçən il başa çatdırılıb və ondan turizm nümayiş obyekti kimi istifadə etmək nəzərdə tutulub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, Lənkəran torpağının yetirməsi Həzi Aslanovun ev muzeyində bərpa və rekonstruksiya işləri aparılmışdır.

Rayonda ekoturizmin inkişafı istiqamətində də xeyli iş görülmüşdür. Belə ki, kəndlərdə müvafiq şəraitə malik evlərin aşkarlanması və sahiblərinin razılığı əsasında tələb olunan şəraiti, habelə xidməti reallaşdırdıqdan sonra turistlərin qəbulu gerçəkləşəcəkdir. Lənkəranda Hirkan Milli Parkının, Qızılağac qoruğunun gözəl təbii şəraiti və mənzərəsi də burada turizmin inkişafı üçün münbit şəraitin olduğunu bir daha aydın göstərir. Balıq və quş ovu ilə məşğul olmaq istəyən turistlər üçün razılaşdırılmış ərazilərdə ov mövsümünün təşkil edilməsi nəzərdə tutulur. Hirkan Milli Parkında xüsusi ekoturizm marşrutları əsasında gəzintilər təşkil olunur.

Turizmin inkişafına göstərilən diqqət və qayğı nəticəsində Lənkərana gələn turistlərin sayı ildən-ilə artır. 2010-cu ildə rayona gələn turistlərin sayı 8 min nəfərə çatmışdır ki, bu da 2006-cı ildəkindən 50 faiz çoxdur. Gələn turistlərin 35 faizini əcnəbilər təşkil edib.

Görülmüş işlər sayəsində bu rəqəm 2011-ci ildə daha da artacaqdır. Bunu rayonda yeni tikilən turist obyektləri də təsdiqləyir. Cari ilin birinci rübündə 2 turizm obyekti inşa edilərək istifadəyə verilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2011-ci il üçün Lənkəran "Azərbaycanın folklor paytaxtı" elan edilmişdir. Heç şübhəsiz ki, bu da rayona gələn turistlərin sayının çoxalmasına səbəb olacaqdır.

Yaxın günlərdə Lənkəranın turizm imkanlarını əks etdirən bələdçi kitabının, turizm marşrutu xəritəsinin və video çarxının hazırlanması gerçəkləşəcəkdir. Rayonun turizm potensialının təbliği ilə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyətində Azərbaycan, ingilis və rus dillərində internet saytı fəaliyyət göstərir. Burada yeniliklər barədə mütəmadi məlumatlar verilir.

Bütün bunlar deməyə əsas verir ki, yaxın gələcəkdə Lənkəran ölkəmizin turizm mərkəzlərindən biri olacaqdır.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2011.- 22 may.- S.8.