"Traviata"
opera səhnəmizdə
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
oynanılan hər bir əsər sənətsevərlər üçün
bayram ovqatı yaradır. Bu yaxınlarda böyük
italyan bəstəkarı
Cüzeppe Verdinin
"Traviata" operasının
tamaşasına gələnlər
dahi bəstəkarın
əfsanəvi musiqisinin
sehrinə düşdülər.
Üçpərdəli bu
melodram ilk dəfə 1853-cü ildə
Venesiyanın "
"Traviata" öz xarakterinə görə lirik-psixoloji intim operanın parlaq nümunəsidir. Onun süjetinin əsası sosial məna kəsb edən şəxsi dramdır.
Verdi özünün bütün operalarında xalq mahnı və rəqs janrlarından istifadə etmişdir.
Lakin "Traviata"da bu prinsip xüsusi əhəmiyyət kəsb edir və tam və ardıcıl surətdə həyata keçirilir. Operada ayrı-ayrı obrazları səciyyələndirən, onların hiss və həyəcanlarını, dramatik situasiyaları xarakterizə edən mahnı-rəqs janrları bütün dramatik gediş xəttini açıqlandırmaq vasitəsidir. Oynaq musiqi materialı dinləyicilərin zövqünü dərindən oxşamaqla onları heyran qoyur. Operanın musiqisində vals intonasiyaları və ritmləri mühüm rol oynayır. Vals musiqisi əsərin bütün partiturasına nüfuz edərək Azərbaycan melomanlarının ruhunu oxşayan gözəl bir musiqi aləmi yaradır.
Cüzeppe Verdi bütün əsərlərində kişi və qadın partiyalarını geniş diapazonlu, çevik, imkanlı səslər üçün yazmışdır. Onun elə bir operası yoxdur ki, əsərin baş qəhrəmanı öz partiyasını ifa edərkən heç olmasa 3-4 dəfə vokal baxımından çətin sayılan yüksək notları səsləndirmək məcburiyyətində qalmasın. "Traviata" operasının qəhrəmanları Violetta (soprano), Alfredo (tenor) tamaşaçıları razı salmaqdan ötrü çox yuxarı notların öhdəsindən gəlməlidir.
"Traviata" operasında Valeri Violetto və Alfredo Cermon (tenor) öz qəhrəmanlarının hiss və həyəcanlarını istənilən səviyyədə ifadə edə bilməkdən ötrü bütün vokal imkanlarından bacarıqla istifadə etməlidirlər. Haqqında bəhs etdiyimiz tamaşada həmin partiyaları istedadlı opera müğənniləri - xalq artisti Azər Zeynalov (Alfredo), gözəl tembrli və geniş diapazonlu səsə malik olan İlahə Əfəndiyeva reallaşdırmışlar. Növbəti tamaşada gənc Afaq Abbasova Violetta və vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsinin laureatı Fərid Əliyev (Alfredo) rollarına dəvət edilmişdilər. Elə bu başdan deyək ki, hər iki vokalçı tamaşaçılar tərəfindən hərarətlə qarşılandı.
Violetta partiyası vokal ifaçılığı baxımından çətindir. İfaçıdan geniş diapazon, çevik və oynaq səs tələb olunur. Birinci pərdədə Violettanın xəstəlikdən şəfa tapması münasibətilə verdiyi qonaqlıqda Alfredo Cermonla tanış olub ona vurulduqdan və qonaqlar dağılışdıqdan sonra tək qalan zaman öz emosiyalarını gizlətməyərək "Eh Alfredo, mənim Alfredom, mən səni necə də sevirəm" sözləri ilə başlanan məşhur ariyasını oxuyur. Həmin ariyada texniki passajlar yetərincədir. Bu passajların öhdəsindən gələ bilməyən vokalçılar tamaşaçılarda heyranlıq yarada bilmir. Gənc ifaçı Afaq Abbasova həmin ariyanı çətinlik çəkmədən oxuya bilmədi. O, texniki passajların da öhdəsindən layiqincə gəlməyə müvəffəq olmadı. Ariyanın "mi-bemol" sonluğunda Afaq xanımın səsi öz tarazlığını saxlaya bilmədiyindən parlaqlığını itirdi. Bu olay gənc vokalçı xanım üçün bağışlana bilən qüsur sayıla bilər. Ona görə ki, müğənnidən partiyanın ilk ifası zamanı belə qüsurları gözləmək olar. Afaq partiyanın ifasını təkmilləşdirməyə qadir olduğunu sübuta yetirməkdən ötrü çox çalışmalıdır.
Bu ariyanın ifası zamanı Violettanın həyəcanlı intonasiya çağırışlarına Alfredonun pəncərə qabağında cavabı yuxarı "do" notu ilə sonuclanır. Bu ifa incəliyinin öhdəsindən az sayda tenor səsli ifaçı gəlir. Və sevgililərin coşqunluq anlarını tamaşaçılara da yaşadır. Alfredo partiyasının ifaçısı Fərid Əliyev Violettanın məhəbbət ariyasını müşayiət edərkən yuxarı "do" notunu təmiz götürməklə tamaşaçıların rəğbətini qazana bildi. Birinci pərdədə Violetta və Alfredonun "qonaqlıq dueti" intonasiya bağlılığı ilə xoşagələn alındı.
Afaq Abbasovanın Traviatanın ölüm yatağındakı ifaçılıq qabiliyyəti opera səhnəmizə istedadlı dram aktyoru imkanları geniş olan gənc ifaçının gəlməsindən xəbər verir.
Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsinin laureatı, əməkdar artist Əvəz Abdullayev Alfredonun atası Corc Cermon partiyasında əvəzsiz olduğunu sübuta yetirdi. Onun geniş diapazonlu parlaq səsi və dramatik xarakterli oyun tərzi bu istedadlı ifaçını tamaşaçılara sevdirdi. Əvəzin ifasında Cermonun ariyası, Violetta ilə duetləri çox xoşagələn alındı.
Arif HÜSEYNOV
Azərbaycan.- 2011.-22 may.- S. 8.