Azərbaycan Prezidenti İlham Əliyev
İranın xarici işlər nazirinin müavini Mohammad Reza
Rauf Şeybanini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də İran İslam Respublikası xarici işlər nazirinin müavini Mohammad Reza Rauf Şeybanini qəbul etmişdir.
Mohammad Reza Rauf Şeybani İran İslam Respublikasının Ali Dini Rəhbəri Ayətullah Xameneinin və İran Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Prezident Mahmud Əhmədinejadın və İranın digər yüksək rütbəli rəsmilərinin Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyətinə xüsusi hörmət və ehtiram bəslədiklərini, Azərbaycan Respublikasına və xalqına daim inkişaf arzuladıqlarını dedi.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini və bu əlaqələrin hazırda yüksək səviyyədə olduğunu məmnunluqla qeyd etdi. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının siyasi əlaqələrinin güclü olduğunu, iqtisadi sahədə yeni təşəbbüslərin irəli sürüldüyünü vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında çoxlu sayda ikitərəfli sənədlərin imzalanmasının əhəmiyyətini qeyd etdi və razılaşdırılmış bütün məsələlərin həyata keçirildiyini bildirdi. Dövlətimizin başçısı ikitərəfli güclü əlaqələrin regional əməkdaşlıq baxımından önəmini qeyd etdi. İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadla mütəmadi olaraq görüşlərini xatırlayan Prezident İlham Əliyev İran Prezidenti ilə onu dostluq əlaqələrinin bağladığını vurğuladı və İran Prezidenti ilə şəxsi əlaqələrinin iki ölkə arasındakı münasibətlərə və xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinə çox müsbət təsir göstərdiyini dedi.
Dövlətimizin başçısı İran İslam Respublikasının Ali Dini Rəhbəri Ayətullah Xameneinin və İran Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran İslam Respublikasının Ali Dini Rəhbərinə və Prezidentinə çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2011.-24 may.- S. 1.