Dövlət orqanlarının
elektron xidmətlər göstərməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycanın davamlı
və dayanıqlı sosial-iqtisadi inkişafının təmin
edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər
əsasında həyata keçirilməsi məqsədilə
informasiya və kommunikasiya texnologiyalarından istifadə
olunması dövlət siyasətinin prioritetlərindən
birinə çevrilmiş və bu sahədə mühüm tədbirlər
görülmüşdür. "Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər
üçün Dövlət Proqramı (Elektron Azərbaycan)",
eləcə də informasiya və kommunikasiya
texnologiyalarının inkişafı ilə bağlı qəbul
edilən digər normativ hüquqi aktlar əsasında dövlət
orqanlarının əhaliyə beynəlxalq standartlara
uyğun elektron xidmətlər göstərməsi sahəsində
hüquqi baza formalaşmışdır.
Modern və çevik idarəetmənin
təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində
şəffaflığın artırılması və
korrupsiyaya şərait yaradan halların aradan qaldırılması
üçün əhaliyə elektron xidmətlərin
göstərilməsi zəruridir.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq elektron xidmətlərin təşkili və elektron
imzanın tətbiqi prosesinin sürətləndirilməsi məqsədilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti iki ay müddətində
mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi
qaydalarını və xidmət növlərini müəyyən
etsin.
2. Mərkəzi icra hakimiyyəti
orqanları üç ay müddətində elektron xidmətin
təşkili üçün aşağıdakı tədbirləri
həyata keçirsinlər:
2.1. səlahiyyətlərinə
uyğun olaraq elektron xidmətlər göstərilməsi
üçün rəsmi internet informasiya ehtiyatlarında
xüsusi elektron xidmət bölməsinin yaradılması;
2.2. elektron xidmət bölməsində
aidiyyəti üzrə göstərilən xidmətin
adının, bu xidmətin göstərilməsi
üçün tələb olunan sənədlərin dəqiq
siyahısının, müvafiq sənədlərin (ərizə,
blank və digər) elektron formasının yerləşdirilməsi,
şəxslərin bu bölmədən maneəsiz, sərbəst
istifadəsinin təmin edilməsi;
2.3. elektron xidmət bölməsinə
müraciət edən şəxslər tərəfindən
müəyyən edilmiş qaydada doldurulmuş ərizə və
tələb olunan sənədlərin skan edilmiş surətlərinin
elektron formada qəbul edilməsinin, bu barədə göndərən
şəxsə təsdiqetmə bildirişinin göndərilməsinin
və həmin sənədlərə qanunvericiliklə müəyyən
edilmiş qaydada və müddətdə
baxılmasının təmin edilməsi;
2.4. müvafiq sənədlər
barədə informasiya əldə edilməsi üçün
dövlət orqanları tərəfindən aparılan
elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış
sistemləri, reyestrlər və digər informasiya
resursları) istifadə edilməsi, bu mümkün
olmadığı hallarda şəxslərdən həmin sənədlərin
əslinin tələb edilməsi;
2.5. göstərilən xidmətlərə
görə nəzərdə tutulan rüsumların və digər
ödənişlərin real vaxt rejimində elektron formada
ödənilməsinin təmin edilməsi və elektron xidmət
bölməsi vasitəsilə aparılan əməliyyatların
və fərdi məlumatların təhlükəsizliyini təmin
etmək məqsədilə zəruri texniki təhlükəsizlik
tədbirlərinin görülməsi.
3. Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinə tapşırılsın ki,
üç ay müddətində:
3.1. elektron xidmətin təkmilləşdirilməsi
məqsədilə dövlət orqanlarının, eləcə
də elektron imza xidmətindən istifadə məqsədilə
müraciət edən hüquqi və fiziki şəxslərin
elektron imza ilə təmin edilməsi işini təşkil
etsin;
3.2. dövlət
orqanlarının informasiya sistemləri arasında informasiya
mübadiləsinin aparılmasının təmin edilməsi məqsədilə
zəruri tədbirləri həyata keçirsin;
3.3. dövlət
orqanlarının elektron xidmətlərindən "bir pəncərə"
prinsipi əsasında istifadənin təşkili məqsədilə
"elektron hökumət" portalının
yaradılmasını təmin etsin;
3.4. mərkəzi icra hakimiyyəti
orqanlarına elektron xidmətin təşkili üçün
metodiki dəstəyi təmin etsin;
3.5. dövlət
qulluqçularının informasiya texnologiyalarından istifadə
sahəsində hazırlıq səviyyələrinin
artırılması məqsədilə tədris
kurslarının təşkili istiqamətində zəruri tədbirləri
həyata keçirsin;
3.6. bu fərmanın 3-cü
bəndində nəzərdə tutulan tədbirlərin yerinə
yetirilməsi barədə ayda bir dəfə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim
etsin.
4. Mərkəzi icra hakimiyyəti
orqanları bu fərmanın 2-ci bəndində nəzərdə
tutulan tədbirlərin yerinə yetirilməsi barədə ayda
bir dəfə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat təqdim etsinlər.
5. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki:
5.1. Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi ilə birlikdə bu fərmanda nəzərdə
tutulmuş işlərin həyata keçirilməsi ilə
bağlı tələb olunan vəsaitin cari ildə və
növbəti illərin dövlət büdcəsində nəzərə
alınması üçün müvafiq tədbirlər
görsün;
5.2. bu fərmanın 2-ci və
3-cü bəndlərində nəzərdə tutulan tədbirlərin
yerinə yetirilməsi ilə əlaqədar görülən
işlərin vəziyyətini təhlil etsin və bu barədə
üç ayda bir dəfə Azərbaycan
Respublikasının Prezidentinə məlumat təqdim etsin;
5.3. bu fərmandan irəli gələn
digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 may 2011-ci il
Azərbaycan.- 2011.- 24 may.- S. 1.