Milli Məclis dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsini müzakirə edəcək

 

Mayın 23-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirildi. İclasda "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olundu. Komitənin sədri Ziya Səmədzadə bildirdi ki, 2010-cu il də ölkəmizdə iqtisadi sahədə uğurlu dövr kimi yadda qalıb. Ötən il dövlət büdcəsi ölkəmizin milli maraqlarına uyğun uğurla icra olunub, əsas göstəricilər reallaşıb. Xüsusilə qeyd olunmalıdır ki, Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş bütün strateji proqramlar tam həyata keçirilib.

Sonra Azərbaycanın maliyyə naziri Samir Şərifov 2010-cu il dövlət büdcəsinin icrasına dair hesabat verdi. Bildirdi ki, respublikamızın 2010-cu il icmal büdcəsinin gəlirləri 19 milyard 444 milyon manat və ya 125,8 faiz icra edilib ki, bu da 2009-cu ilə nisbətən 4 milyard 978 milyon manat çoxdur. İcmal büdcənin xərcləri 14 milyard 285 milyon manat və ya 95,5 faiz icra olmaqla 2009-cu ilə nisbətən 1 milyard 362 milyon manat çox olub.

Ötən il dövlət büdcəsinin mədaxili 11 milyard 403 milyon manat və ya 99,1 faiz olub. Bu, 2009-cu illə müqayisədə 1 milyard 77 milyon manat və ya 10,4 faiz çoxdur. 2010-cu ildə dövlət büdcəsinin xərcləri isə 11 milyard 766 milyon manat və ya 95,9 faiz səviyyəsində icra edilib və bu, 2009-cu illə müqayisədə 1 milyard 262 milyon manat çoxdur. 2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsindən elm, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat, məhkəmə hakimiyyəti, hüquqi-mühafizə və prokurorluq, mənzil-kommunal təsərrüfatı, sənaye, tikinti xərclərinə 11,6 faizədək çox vəsait yönəldilib.

2010-cu ildə də ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi üçün əhəmiyyətli addımlar atılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə pensiyaçıların baza pensiyalarının 13 faizlik artımı həyata keçirilmiş, dövlət büdcəsindən maliyyələşən təhsil, elm, səhiyyə, mədəniyyət ocaqlarında, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi müəssisələrində çalısanların, hərbi qulluqçuların və xüsusi rütbəli əməkdasların, dövlət qulluqçusu olmayan mülki şəxslərin aylıq vəzifə maasları orta hesabla 10 faiz artırılıb. Bununla yanaşı, aztəminatlı şəxsə dövlət tərəfindən ödənilən sosial müavinətlərin məbləği orta hesabla 20 faiz, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin məbləği 11 faiz artırılıb, şəhid ailəsi üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinə 50 faiz, doktorantlara, ali, orta ixtisas və peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin məbləğinə orta hesabla 15 faizlik artım tətbiq edilib.

Azərbaycanın dinamik iqtisadi inkişafı ölkənin hərbi qüdrətinin daha da artmasına imkan yaratmışdır. Bütövlükdə 2010-cu ildə dövlət büdcəsinin cari və əsaslı xərclərindən müdafiə xərclərinə üst-üstə 2 milyard 148 milyon manat vəsait yönəldilib ki, bu da 2009-cu illə müqayisədə 562 milyon manat və ya 35,5 faiz çoxdur.

Samir Şərifovun bildirdiyinə görə, bütövlükdə 2010-cu il dövlət büdcəsinə faktiki daxil olan vəsaitlərdən səmərəli və məqsədyönlü istifadə edilməklə dövlətə məxsus əsas sosial vəzifələrin sabit maliyyələşdirilməsi təmin edilmiş, əməkhaqqı, pensiya, müavinət, daxili və xarici borc kimi zəruri xərclər üzrə borc öhdəliyi yaranmayıb.

Hesablama Palatasının sədri Heydər Əsədov rəhbərlik etdiyi orqanın "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ilə bağlı rəyini diqqətə çatdırdı. Hesablama Palatası analitik təhlillərin nəticələrini ümumiləşdirərək belə qənaətə gəlib ki, Milli Məclisə təqdim edilmiş "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrası barədə illik hesabat qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlanıb.

Müzakirələr zamanı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputat Vahid Əhmədov 2010-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı fikirlərini bildirdilər. Yekunda layihənin Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılması məqsədəuyğun sayıldı.

Sonra "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirə edildi. Layihə ilə bağlı maliyyə naziri Samir Şərifov ətraflı məlumat verdi. Qeyd olundu ki, 2011-ci ilin dövlət büdcəsinə yenidən baxılmaqla aparılacaq dəyişikliklərin əsas mahiyyəti Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi, ilk növbədə pensiya təminatı sistemində islahatların davam etdirilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının artırılması, sosial müavinətlərin, təqaüdlərin və sair sosial ödənişlərin, habelə bir sıra sosial və infrastruktur təyinatlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasıdır.

Samir Şərifovun sözlərinə görə, hazırda dünya neft bazarlarında Azərbaycan neftinin bir barelinin qiyməti 2011-ci il dövlət büdcəsinin hesablamalarında istifadə olunmuş qiyməti xeyli müddətdir ki, 80 faizdən artıq üstələyir. Dünya neft bazarlarındakı müsbət konyukturanı nəzərə alaraq, Azərbaycan neftinin qiymət fərqinə görə təsdiq edilmiş 2011-ci il dövlət büdcəsinə və Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinə əlavə gəlirlərin daxil olacağı gözlənilir.

Bu müsbət amillər nəzərə alınmaqla qanun layihəsində 2011-ci il dövlət büdcəsinin gəlirlərinin 3 milyard 493 milyon manat artırılaraq 15 milyard 554 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 29 faiz çoxdur.

Qanun layihəsində 2011-ci il dövlət büdcəsi xərclərinin 3 milyard 193 milyon manat artırılaraq 15 milyard 941 milyon manata çatdırılması öz əksini tapıb. Bu, 2011-ci il təsdiq olunmuş dövlət büdcəsinin xərclərinə nisbətən 25 faiz, 2010-cu ilin faktiki icrasına nisbətən 4 milyard 175 milyon manat və ya 35,5 faiz çoxdur. Artımlardan sonra strukturuna görə 2011-ci il dövlət büdcəsinin xərclərinin 48,4 faizini və ya 7 milyard 717 milyon manatını cari xərclər, 49,4 faizini və ya 7 milyard 878 milyon manatını əsaslı xərclər, 2,2 faizini və ya 347 milyon manatını dövlət börclarına xidmətlə bağlı xərclər təşkil edəcəkdir. Cari xərclərin artımı üçün nəzərdə tutulan 698 milyon manat vəsaitin 463 milyon manatı və ya 66,3 faizi əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsi xərclərinə yönəldiləcəkdir.

2011-ci il dövlət büdcəsinin təklif olunan əlavə gəlirləri hesabına kəsiri 387 milyon manatadək və ya nəzərdə tutulmuş 687 milyon manatdan 300 milyon manat azaldılacaqdır.

Qanun layihəsində 2011-ci il icmal büdcənin gəlirlərinin 4 milyard 454 milyon manat və ya təsdiq olunmuş büdcəyə nisbətən 28,6 faiz artırılması nəzərdə tutulur. Artımın 3 milyard 684 milyon manatını və ya 82,7 faizini Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri, 770 milyon manatını və ya 17,3 faizini dövlət büdcəsinin gəlirləri təşkil edəcəkdir.

Qeyd edək ki, Hesablama Palatası ölkəmizdə iqtisadi sabitliyin qorunub saxlanılması, mövcud maliyyə resurslarının səmərəli istifadə edilməsi, pensiya islahatlarının daha intensiv aparılması və bütövlükdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, strateji investisiya layihələrinin həyata keçirilməsi, respublikanın müdafiə qabiliyyətinin artırılması məqsədi ilə "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə" qanun layihəsinin müzakirəyə təqdim olunmasını məqsədəmüvafiq hesab edir.

Müzakirələr zamanı deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayev, Dövlət Gömrük Komitəsinin baş idarə rəisi Mirqasım Vahabov məsələ ilə bağlı fikirlərini bildirdilər. Maliyyə naziri Samir Şərifov qaldırılan məsələlərə münasibət bildirdikdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

İqtisadi siyasəi komitəsinin iclasında "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə" məsələyə də baxıldı. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirdi ki, "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliklərdən sonra iyulun 1-dən 195 milyon manat əlavə vəsaitə ehtiyac var.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

İqtisadi siyasət komitəsinin üzvləri "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə" qanun layihəsinin də Milli Məclisin müzakirəsinə çıxarılmasına müsbət münasibət bildirdilər.

 

 

Azərbaycan.- 2011.-24 may.- S.2.