Sabirabadda akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabına həsr olunmuş elmi-nəzəri konfrans keçirilmişdir

 

Mayın 21-də Sabirabad Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabına həsr olunmuş elmi-nəzəri konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, akademik Ramiz Mehdiyevin erməni liderlərinin beynəlxalq ictimaiyyəti uydurma və yalanlarla çaşdırmaq, tarixi saxtalaşdırmaq cəhdlərini yeni elmi dəlillərlə ifşa edən "Gorus-2010: absurd teatrı mövsümu" kitabı erməni separatçılarının iç üzünü açır. Zaman-zaman ermənilərin xalqımıza qarşı törətdiyi qırğınların, soyqırımlarının tarixi çox qədimdir. Təkcə son iki əsrdə 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmiş, 1 milyondan çox soydaşımız öz ata-baba torpaqlarından didərgin salınmış, var-dövlətləri talan edilmişdir. Tarixi ədalətsizlik üzündən ötən əsrin sonlarınadək xalqımızın üzləşdiyi ağır faciələri dünya miqyasına çıxarmaq, ermənilərin məkrli iddialarına layiqli cavab vermək mümkün olmamışdır. Xalqımız uzun illər gerçək tarixindən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və yalanlar nəticəsində milli yaddaşımız yad istiqamətdə köklənmişdir. Bədnam erməni millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş kampaniyasına qarşı mütəşəkkil müqavimət isə yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ümummilli liderin 1998-ci il 26 mart tarixli "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanı tarixi həqiqətlərin üzə çıxmasına təkan vermiş, bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların, soyqırımlarının adı çəkilmiş, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıqlanmışdır. Qeyd olunmuşdur ki, 2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən Prezident İlham Əliyev uydurma erməni təbliğatının beynəlxalq səviyyədə ifşasını, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını ilk gündən mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Ölkəyə rəhbərlik etdiyi son 8 ilə yaxın bir dövrdə milli maraqlara söykənən fəal xarici siyasət yeridərək "Biz müdafiədə deyil, hücumda olmalıyıq!", - deyən Prezidentin tövsiyələrinə uyğun olaraq bədnam erməni lobbisinə qarşı səmərəli əks-hücum təşkil edilmişdir. Bu gün erməni diplomatiyasının, təbliğatının uğursuzluğu ortadadır. Bütün səviyyələrdə ifşa olunan, beynəlxalq ictimaiyyətin sərt qınaqları, təzyiqləri ilə üzləşən rəsmi Yerevan xaricdəki erməni diasporu və lobbisinə çirkin təbliğat kampaniyasını genişləndirməyi tövsiyə edir.

Məruzəçi qeyd etmişdir ki, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabında Ermənistan prezidenti Serj Sarkisyanın cəfəng siyasi mülahizələri alt-üst edilmişdir. Əsərdə ciddi elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda və tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri barədə geniş məlumat verilir, erməni-daşnak ideoloqlarının rəhbərliyi altında xalqımıza qarşı amansızlıqla həyata keçirilən soyqırımı, terror və deportasiyadan ətraflı söz açılır. Bu fundamental əsərdə sübut edilir ki, hazırda Ermənistan Respublikasının ərazisi tarixin bütün mərhələlərində Azərbaycana məxsus olmuşdur.

Kitabın ən mühüm məziyyətlərindən biri də budur ki, müəllif Ermənistan prezidenti Serj Sarkisyanın uydurmalarını onun öz soydaşlarının dəlilləri və mənbələri ilə təkzib edir. Erməni müəllifi B.İşxanyanın belə bir fikri yada salınır: "Dağlıq Qarabağda yaşayan ermənilərin bir hissəsi qədim albanların nəslindən olan yerli əhali, bir hissəsi isə Türkiyə və İrandan olan qaçqınlardır. Onlar üçün Azərbaycan torpağı təqiblərdən sığınacaq yerinə çevrildi". Ermənilərin nəinki Cənubi Qafqaza, hətta Ön Asiyaya gəlmə olduqları, azərbaycanlılara məxsus yer adlarının ermənilər tərəfindən dəyişdirilməsi mühüm elmi əsaslarla və tarixi faktlarla işıqlandırılmışdır. Kitabda "Erməni xalqının tarixi" kitabının redaktoru M.Nersisyanın belə bir fikri qeyd olunur ki, "dəniz xalqları"nın məşhur böyük köçürülmə dövründə (eramızdan əvvəl XIII-XII əsrlər) ermənilər Balkanlardan onlara qohum olan frakiya-frigiya tayfaları ilə birlikdə Kiçik Asiyaya gəlmişlər". Əsərdə Ermənistan prezidenti Serj Sarkisyanın Cənubi Qafqazda baş vermiş tarixi demoqrafik proseslərdə ermənilərin iştirakı barədə uydurmaları müxtəlif statistik hesabatlar əsasında alt-üst edilmiş, İrəvan xanlığında Azərbaycan toponimlərinin məqsədyönlü şəkildə dəyişdirilərək erməni adları ilə əvəz olunması tarixi faktlar əsasında sübut edilmişdir.

Akademik Ramiz Mehdiyev kitabda Rusiya istilasınadək Dağlıq Qarabağ, İrəvan və Naxçıvanda ermənilərin heç bir vaxt üstünlük təşkil etmədiklərini sarkisyanların öz həmkarlarının və soydaşlarının gətirdiyi tarixi faktlar və statistik məlumatlarla əsaslandırır. Məsələn, kitabda erməni tarixçisi Corc Burrutyanın belə bir fikri yer alır: "Bir sıra erməni mənbələri 1830-cu illərdən sonrakı statistikadan danışarkən İran hakimiyyəti dövründə Şərqi Ermənistanda ermənilərin sayını düzgün göstərmir və onların əhalinin ümumi sayının 30-50 faizini təşkil etdiklərini bildirirlər. Həqiqətdə isə rəsmi statistika məlumatlarına görə rus işğalından sonra ermənilər Şərqi Ermənistanda ümumi əhalinin güclə 20 faizini, müsəlmanlar isə 80 faizdən çoxunu təşkil edirdi".

Akademikin kitabında rus müəllifi N.Şavrovun belə bir statistik məlumatı da yer alır: "Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyondan çoxu yerli əhali deyildir, bizim tərəfimizdən köçürülənlərdir. Onlar əsasən ermənilərin sayının çox cüzi olduğu Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının münbit torpaqlarında yerləşdirilirdi. Bu ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsində (Dağlıq Qarabağ) və Göycə gölünün sahillərində məskunlaşdırılmışlar".

Akademikin adıçəkilən kitabında ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında həyata keçirdikləri mədəni terrordan da söhbət açılır. Kitabda qeyd olunur: "Separatçılar tarixi memarlıq qoruğu, orta əsrlərə aid Azərbaycan şəhəri Şuşanı dağıtmışlar... çoxsaylı məscidlər, o cümlədən görkəmli azərbaycan memarı Kərbəlayi Səfixan Qarabağinin tikdiyi məscidlər, körpülər, hamamlar, xatirə tikliləri, XII-XIII əsrlərə aid Məlik Acar, XIV əsrə aid Mir Əli, XIV əsrə aid Xaçın Dorbatlı, XII əsrə aid Şeyx Baba, XVII əsrə aid Pənah xan məqbərələri və başqaları, həmçinin azərbaycanlıların qəbiristanlıqları dağıdılmışdır".

Kitabın müzakirəsində çıxış edən rayon prokuroru Seyfulla Aslanov "Gorus-2010: absurd teatrı mövsümü" əsərində ermənilərin məkrli niyyətlərini əks etdirən tarixi faktlardan, H.Z.Tağıyev adına şəhər tam orta məktəbinin müəllimi Afiq Ağayev isə S.Şaumyan başda olmaqla 1918-ci ilin martında Bakıda törədilən qırğınlardan söhbət açaraq qeyd etmişlər ki, tarixçilər, politoloqlar, beynəlxalq məsələlər üzrə mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu qiymətli kitab riyakar erməni təbliğatına qarşı mübarizə aparmaqda hər birimizin daim bəhrələnəcəyi qiymətli mənbədir.

Tədbirdə akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının tarixi saxtalaşdırmaq istəyənlərə tutarlı elmi cavab olduğu dönə-dönə vurğulanmış, buradakı hər bir müddəanın, real faktlara söykənən elmi-nəzəri təhlillərin ziyalılar, xüsusilə, gənclər tərəfindən dərindən öyrənilməsi və geniş ictimaiyyətə çatdırılması tövsiyə edilmişdir.

 

 

Azərbaycan.- 2011.-24 may.- S. 2.