Uzunömürlü sərgi

 

1994-cü il mayın 24-də Bakıda ilk dəfə neft-qaz sərgisi keçirildi. Həmin tədbir bizim üçün bir neçə səbəbdən mühüm əhəmiyyət kəsb edir. Onlardan ən başlıcası isə budur ki, sərgidə ümummilli lider Heydər Əliyev iştirak və çıxış etmişdi.

Ötən illər ərzində sərgi məkan və mahiyyətini dəyişməyib. Onun əhatə dairəsi genişlənib, əhəmiyyəti artıb və buna uyğun olaraq adı da təkmilləşib. İlk dəfə keçiriləndə o, "Xəzər dənizində neft-qaz hasilatına dair sərgi" adlanırdı. İndi isə "Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi" kimi tanınır. Üstəlik, hər il sərgi ilə yanaşı, eyni adlı konfrans da keçirilir.

Xəzər neft-qaz sərgisinin də müəllifi ümummilli lider Heydər Əliyevdir. Çünki 1994-cü ildə mövcud olan şəraitdə belə bir tədbirin baş tutması yalnız ulu öndərin dünyadakı nüfuzu, fövqəladə təşkilatçılığı və sonsuz qətiyyətinin nəticəsi idi. O zaman qonşu respublikanın Azərbaycana qarşı apardığı müharibədə təzəcə atəşkəs elan olunmuşdu. Ölkədə iqtisadi böhran hökm sürürdü. Bir sözlə, Azərbaycan çox ağır günlərini yaşayırdı.

Ölkə Prezidenti İlham Əliyev həmin günlərlə bağlı deyib: "Ümumiyyətlə, o vaxt Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı. Ancaq sərginin təşkilatçılarının səyləri nəticəsində və Prezident Heydər Əliyevin dəstəyi ilə həmin sərgi baş tutdu və xatırlayıram ki, çox uğurla keçdi. Azərbaycana gəlmiş xarici şirkətlər ölkəmizə olan maraqlarını burada ifadə etdilər. Azərbaycana öz inamlarını bildirdilər və beləliklə, Azərbaycanda böyük neft şirkətlərinin iştirakı ilə beynəlxalq bir tədbir keçirildi".

Sərginin qədəmləri uğurlu oldu. İndi həmin tədbiri "Əsrin müqaviləsi"nin müjdəçisi adlandıranlar heç də yanılmırlar. Çünki onda Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsi üçün sazişin imzalanmasına cəmi bir neçə ay qalırdı. Amma bu barədə hələ qəti bir söz demək mümkün deyildi. Hələ danışıqlar gedirdi. Sərginin keçirilməsi həmin qlobal müqavilənin imzalanmasına dəstək verdi, yol açdı. Növbəti illərdə keçirilən sərgilər də əməkdaşlıq və tərəfdaşlıq üçün yeni-yeni körpülər saldı. Həmin tədbirlərdə neçə-neçə layihələr üçün ideyalar yarandı.

İlk sərgiyə 20 ölkəni təmsil edən 180 şirkət gəlmişdi. Sərgidə Azərbaycanın da neft sənayesi öz əksini tapmışdı. Ümummilli lider Heydər Əliyevin xarici qonaqlarla səmimi görüşləri oldu. Ulu öndər tədbirdəki çıxışında ölkəmizin neft sənayesinin keçdiyi şərəfli yoldan bəhs etdi, onun yeni mərhələ qarşısında olduğunu vurğuladı. Çıxışda deyilirdi ki, həmin vaxtadək Azərbaycanda 1 milyard 300 milyon tondan çox neft və külli miqdarda qaz çıxarılıb. Bununla belə, ölkənin yenə də böyük neft və qaz yataqları var. Dünya təcrübəsində dənizdə neft çıxarılmasına ilk dəfə Azərbaycanda başlanıb. Xüsusilə son onilliklərdə neft və qaz yataqlarında yeni texnika və texnologiyadan istifadə istiqamətində böyük işlər görülüb. Ümumiyyətlə, ötən dövr ərzində əldə edilən böyük nailiyyətlər, zəngin təcrübə gələcək işlər üçün çox yaxşı bünövrədir.

Ulu öndər çıxışında onu da bildirmişdi ki, "neftçi olmaq Azərbaycanda ən şərəfli peşə sayılır". Neftçilərimizin təcrübəsindən istifadə etmək üçün səylər birləşdirilməlidir. Azərbaycan xalqı yeraltı sərvətlərindən müstəqil şəkildə, ölkənin mənafeyinə uyğun istifadə olunmasına imkan verəcək. Bununla yanaşı, dünyanın, xüsusilə Qərb ölkələrinin iri neft şirkətlərinin Azərbaycan neftinə böyük marağı əməkdaşlığın zəruriliyini şərtləndirir. Siyasi və iqtisadi əməkdaşlıq bu prinsip üzərində inkişaf edəcək.

Ulu öndər özünəməxsus qətiyyət və nikbinliklə nəzərdə tutulan böyük işlərin uğurlar gətirəcəyini bildirirdi: "Bu tarixdən böyük fəxrlə danışmaqla, Azərbaycan neftçilərinin bir çox nəsillərinin əməyini yüksək qiymətləndirməklə yanaşı, bu gün eyni zamanda qeyd edirəm ki, indi ölkəmizin neft sənayesinin inkişafında yeni mərhələ açılır. Bu mərhələ Xəzər dənizində neft və qaz yataqlarının işlənməsində Qərbin iri neft şirkətlərinin fəal iştirakı ilə bağlıdır. Əmin edirəm ki, Azərbaycan neftçiləri sizin layiqli tərəfdaşınız olacaq. Ümidvaram ki, Azərbaycana gələn Qərbin neft şirkətləri ölkəmizin neft və qaz sənayesinin bütün tarixi ərzində əldə olunmuş nailiyyətləri həmişə yüksək qiymətləndirəcəklər".

İlk sərgidən keçən dövr ərzində neçə-neçə qlobal layihələr reallaşıb. Lakin dünyada Azərbaycana maraq azalmayıb. Bu isə onu göstərir ki, ölkəmiz neft aləmində öz mövqelərini əldən vermir.

İndi Azərbaycan XVIII beynəlxalq neft-qaz sərgisinə ev sahibliyi etməyə hazırlaşır. Bu da sərginin gərəkli tədbir olduğunu, ümumiyyətlə isə, Azərbaycanın neft strategiyasının düzgün seçildiyini təsdiqləyən faktdır. Zəngin enerji ehtiyatlarına və əlverişli tranzit imkanlarına malik olan ölkəmiz regional əməkdaşlıq məsələlərində həmişə konstruktiv rol oynayaraq Avropa və Asiya məkanında etibarlı tərəfdaşa çevrilib. Enerji sektorunda aparılan şaxələndirmə siyasəti, mövcud boru kəmərləri şəbəkəsi dünyada enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Birinci neft-qaz sərgisindən başlanan yol Azərbaycanı mötəbər enerji sammitlərində fəal iştirak etmək, yeni strateji meqalayihələrə qoşulmaq perspektivinə qovuşdurur.

Xəzər neft-qaz sərgisi ildən-ilə iştirakçılarının sayını artırır, pavilyonlarını genişləndirir, ekspozisiyalarını zənginləşdirir. Əvvəlki 17 sərgidə

70-dən artıq ölkənin 5000-dən çox şirkəti iştirak edib. Elə şirkətlər var ki, onlar sərgilərin hamısının, yaxud əksəriyyətinin iştirakçısı olub. Böyük Britaniyanın bp, Rusiyanın "LUKoyl", Norveçin "Statoyl", Fransanın "Total", Türkiyənin TPAO şirkətlərini buna misal göstərmək olar. Keçən il sərgi yeni bir məkanda - təzəcə inşa edilmiş "Baku Expo Center" mərkəzində keçirildi. Burada 25 ölkənin təxminən 280 şirkəti təmsil olundu. Sərginin ekspozisiya sahəsi 15 faiz artırıldı. Onun 40 faizdən çoxunu dünyanın nüfuzlu şirkətləri tutmuşdu.

Təsadüfi deyil ki, hər il sərginin açılışı münasibətilə Prezident İlham Əliyevə bir çox ölkələrin başçıları, dünyanın tanınmış insanları təbriklər göndərirlər. Keçən il ABŞ-ın dövlət katibi Hillari Klinton sərginin açılışı münasibətilə dövlətimizin başçısına göndərdiyi təbrik məktubunda yazırdı: "Ölkəniz dünya bazarlarında mühüm və etibarlı enerji təchizatçısı kimi tanınır. Azərbaycan ticarət və sərmayə vasitəsilə insanları birləşdirmək arzusunu həyata keçirməklə enerji resurslarından səmərəli şəkildə istifadə edən ölkə nümunəsidir. Ölkənizin öz resurslarını düşünülmüş formada hasil etmək səyləri minlərlə Azərbaycan vətəndaşı üçün iş yerlərinin açılması və sürətli iqtisadi tərəqqi ilə nəticələndi. Bu isə öz növbəsində, ölkənizin müstəqilliyini möhkəmləndirdi. Regional qonşularınız, o cümlədən Gürcüstan və Türkiyə ilə sıx işləyərək Azərbaycan Şərq-Qərb enerji dəhlizini, eləcə də Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin inşasını uğurla başa çatdırdı. Bu layihələr işə sadiqlik və əməkdaşlıq nəticəsində əldə olunanları nümayiş etdirir".

İki həftədən sonra Bakıda XVIII neft-qaz sərgisi öz işinə başlayacaq. Bu uzunömürlü sərgi yeni əməkdaşlıq yolları açır, dostluq körpüləri salır. Başqa sözlə desək, ulu öndərin uzaqgörənliklə təməlini qoyduğu bu tədbir də Azərbaycana fayda gətirir.

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2011.-24 may.- S. 2.