Qəbələdə görkəmli qazax şairi Oljas Süleymenovun 75 illik yubileyi və Azərbaycanın "Dostluq" ordeni ilə təltif edilməsi ilə bağlı mərasim keçirilmişdir

 

Mayın 22-də Qəbələdə, "Qafqaz Riverside" otelində böyük qazax şairi, yazıçı, alim, dövlət xadimi Oljas Süleymenovun 75 illik yubileyi və Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilməsi münasibətilə təntənəli mərasim keçirilmişdir.

AzərTAc xəbər verir ki, Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundova mərasimi giriş sözü ilə açaraq, yubileyi və "Dostluq" ordeni ilə təltif olunması münasibətilə Oljas Süleymenovu təbrik etmişdir.

E.Axundova demişdir: "Oljas Süleymenova ölkəmizdə böyük ehtiram bəsləyirlər. Sovet dövründə də belə olmuşdur, müstəqil Azərbaycanda da belədir. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə Olyas Süleymenov haqqında deyirdi: "Oljas təkcə qazaxlara deyil, bütün türklərə lazımdır". Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Oljas Süleymenov müstəqil Azərbaycanın daha bir ali mükafatı - "Dostluq" ordeni ilə təltif edilmişdir. E.Axundova xatırlatmışdır ki, O.Süleymenov 2006-cı ildə Azərbaycan Prezidentinin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

O.Süleymenovun Azərbaycanın ağır günlərində xalqımızın yanında olduğunu vurğulayan E.Axundova demişdir: "Oljas Süleymenov sovet hökumətinin 1990-cı il yanvarın

20-də Azərbaycan xalqına qarşı cinayət törətdiyi ən ağır günlərdə türk dünyasının Azərbaycanın və onun xalqının yanında duran az sayda görkəmli nümayəndələrindən biridir. O, qanlı hadisələrin elə ertəsi günü Azərbaycana gəldi. Ona görə də O.Süleymenov Azərbaycanın böyük dostudur".

Yüksək mükafata - "Dostluq" ordeninə görə Azərbaycan xalqına və rəhbərliyinə minnətdarlığını bildirən O.Süleymenov demişdir: "Bu orden mənim üçün ən böyük və yüksək mükafatdır, çünki mən dostluq anlayışının özünü hər şeydən uca tuturam. Mən bütün Azərbaycan xalqına, Azərbaycan Prezidenti İlham Əliyevə çox minnətdaram. Azərbaycanla dostluğum 1975-ci ildən başlayır. O vaxt Azərbaycan tələbələri və oxucuları ilə görüşmüş, Heydər Əliyevlə tanış olmuşdum. Bizim dostluğumuz onun ömrünün son günlərinədək davam etdi. Bu dostluğu indi də öz qəlbimdə daşıyıram".

Xeyir və şər ideologiyalarının mübarizə apardığı şəraitdə xalqların mövqeyindən söz açan şair vurğulamışdır ki, Azərbaycan bu qarşıdurmada düzgün və həyati əhəmiyyətli bir mövqe tutmuşdur. O.Süleymenov demişdir: "Bu, Azərbaycanın dostu və qardaşı kimi məni dərindən sevindirir. Azərbaycanda mədəniyyətin, incəsənətin, ədəbiyyatın inkişafının dövlət səviyyəsində dəstəklənməsi ideologiyası çox təqdirəlayiqdir. Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm".

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, xalq şairi Vaqif Səmədoğlu, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov, Azərbaycan Diplomatik Akademiyasının rektoru professor, xarici işlər nazirinin müavini Hafiz Paşayev və digər ziyalılar yubilyarı təbrik edərək ədəbiyyatda, elmdə, qədim türk dilinin öyrənilməsində, Azərbaycan və qazax xalqları arasında dostluğun möhkəmlənməsində Oljas Süleymenovun böyük xidmətlərini vurğulamışlar.

 

 

Azərbaycan.- 2011.-24 may.- S. 3.