Beynəlxalq Prokurorlar
Assosiasiyası ölkəmizin bu qurumdakı fəaliyyətindən
razıdır
Azərbaycanda səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Ceyms Hamiltonun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 23-də baş prokuror Zakir Qaralovla görüşmüşdür.
Görüşdə baş prokuror son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluğun fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi və strukturunun daha da təkmilləşdirilməsi istiqamətində görülmüş işlərdən danışmışdır. Bildirilmişdir ki, həyata keçirilən islahatlar zamanı Beynəlxalq Prokurorlar Assosiasiyasının standartlarından istifadə olunmuş, kadr korpusunun yenidən formalaşdırılması ilə bağlı əsaslı tədbirlər görülmüşdür. Eyni zamanda, korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən konkret tədbirlər, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçün digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə qonaqlara ətraflı məlumat verilmişdir.
Z.Qaralov Beynəlxalq Prokurorlar Assosiasiyası kimi mötəbər təşkilatın İcraiyyə Komitəsinin 2002-ci ilin may ayında Bakı şəhərində keçirilmiş iclasında tədbir iştirakçılarının ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edildiyini xatırlatmışdır. O qeyd etmişdir ki, uğurla həyata keçirilən demokratik islahatlar və əldə olunan nailiyyətlər müstəqil respublikamızın nüfuzunu ciddi şəkildə artırmış, beynəlxalq təşkilatların Azərbaycan ilə əməkdaşlığa marağı daha da güclənmişdir. Ölkəmizin bir çox mötəbər qurumlar, o cümlədən BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və 100-dən çox dövləti özündə birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlığı dinamik inkişaf edir.
Beynəlxalq Prokurorlar Assosiasiyasının yarandığı vaxtdan Azərbaycanın həmin qurumla əməkdaşlığına xüsusi önəm verdiyini, o cümlədən ölkəmizin assosiasiyada 2 təşkilati və 200-dən artıq fərdi üzvlə təmsil olunmaqla fərdi üzvlərin sayının getdikcə artmasını xüsusi vurğulayan baş prokuror, respublikamızın uzun illər təşkilatın rəhbər orqanı olan İcraiyyə Komitəsində təmsil edilməsini, assosiasiyanın fəaliyyətinə verdiyi töhfələrə görə ədliyyə naziri Fikrət Məmmədovun Xüsusi Xidmətlər Sertifikatı ilə təltif edilməklə assosiasiyanın Senatına, eyni zamanda, İcraiyyə Komitəsində son seçkilər nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin rəisi Kamran Əliyevin İcraiyyə Komitəsinin üzvü seçilmələrini minnətdarlıq hissilə qeyd etmişdir.
Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən Ceyms Hamilton Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasında təmsilçiliyinin fəallığı və təşəbbüskarlığı, qurumun fəaliyyətinə verdiyi mühüm töhfələr və görülən digər səmərəli tədbirləri yüksək qiymətləndirmişdir. Ölkə həyatının bütün sahələrində, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində respublikamızda həyata keçirilən tədbirlərin əhəmiyyəti nəzərə alınaraq quruma üzv dövlətlərin ədliyyə, prokurorluq və digər hüquq-mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyi xüsusi vurğulanmışdır.
Görüşdə hüquqi sahədə əməkdaşlıq məsələləri, o cümlədən növbəti regional konfranslardan birinin Azərbaycanda keçirilməsi ilə əlaqədar faydalı fikir mübadiləsi aparılmış, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.
Görüşdən sonra Beynəlxalq Prokurorlar Assosiasiyasının veb saytının Azərbaycan Prokurorluğu tərəfindən hazırlanmış rus versiyasının təqdimat mərasimi keçirilmiş, həmin quruma fərdi üzv qəbul edilmiş prokurorluq əməkdaşlarına assosiasiyanın üzvlük vəsiqələri təqdim olunmuşdur.
Nümayəndə
heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə
tanış olmuşlar. Muzeydə Azərbaycan
Prokurorluğunun zəngin tarixi, Azərbaycan - Beynəlxalq
Prokurorlar Assosiasiyası münasibətlərini özündə
əks etdirən ekspozisiyalar, eyni zamanda, ulu öndər Heydər
Əliyevin həyat və yaradıcılığına həsr
olunmuş guşə və eksponatlar, Azərbaycan dövləti,
onun hüquq sistemi, dövlətimizin
başçısının rəhbərliyi altında həyata
keçirilən islahatlar, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı materiallardan ibarət guşə onlarda xüsusi
maraq doğurmuşdur.
Azərbaycan.- 2011.-24 may.- S. 3.