Ceyms Hamilton: "Azərbaycan öz fərdi üzvləri ilə bizə daha çox dəstək verir"

 

Ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Ceyms Hamilton mayın 23-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

Görüşdə Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Ramiz Rzayev qeyd etmişdir ki, Azərbaycan məhkəmə-hüquq sahəsində dünyanın bir çox inkişaf etmiş ölkələri ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. Azərbaycanda ən yüksək qanunvericilik prinsipləri fəaliyyət göstərir. Ölkəmizdə Avropa kontinental məhkəmə sistemi tətbiq olunur. Beynəlxalq hüquqi aktlar, xüsusən də "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ öyrənilir və onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə olunur.

Ali Məhkəmənin sədri bildirmişdir ki, Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələr sırasında Azərbaycan əhalinin sayına görə ən az cinayət hadisəsi qeydə alınan dövlətdir. Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması hərbi məhkəmələrin fəaliyyətini daha zəruri edir. Ali Məhkəmənin sədri Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin transmilli cinayətkarlığa, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə, çirkli pulların yuyulmasına saxtakarlıq kimi cinayət növlərinə qarşı birgə mübarizə aparılmasından məmnunluğunu ifadə etmiş, bu mübarizənin gələcəkdə daha səmərəli nəticələr verəcəyinə əminliyini bildirmişdir.

Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Ceyms Hamilton vurğulamışdır ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Hərbi Prokurorluğu 1988-ci ildən assosiasiyaya üzv qəbul olunmuşlar. Azərbaycan öz fərdi üzvləri ilə bizə daha çox dəstək verir. Assosiasiyanın veb saytının yaradılması milyonlarla prokurorun bir-biri ilə asan əlaqə saxlamasına kömək edir.

Assosiasiyanın prezidenti Ali Məhkəmənin inzibati binasını gəzmiş, hakimlərin şəraiti ilə tanış olmuş, Məhkəmə Tarixi muzeyinə baxmışdır.

Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq diqqət göstərdiyinə, həmçinin əhəmiyyətli görüşə görə Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Ceyms Hamiltona təşəkkürünü bildirmiş, gələcək işlərində uğurlar arzulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-24 may.- S. 3.