Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin dövlət quruculuğu siyasəti
1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclasından sonra gürcü nümayəndələri seymdən çıxıb öz müstəqilliklərini elan etdilər. Səhəri gün bölgədə yaranmış mürəkkəb vəziyyəti müzakirə etmək məqsədilə keçmiş seymin müsəlmanlardan ibarət üzvləri Tiflisdə toplandılar. Burada Nəsib bəy Yusifbəylinin geniş məruzəsi dinlənildi. Hərtərəfli müzakirədən sonra onlar Şərqi Zaqafqaziyanın idarə olunmasını üzərlərinə götürmək üçün Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli Şurasını elan etdilər. Müvəqqəti Milli Şuranın yaradılması və onun vəzifələri haqqında məlumat vermək üçün N.Yusifbəyli, Ş.Rüstəmbəyov və X.Sultanovdan ibarət nümayəndə heyəti Tiflisdən Gəncəyə göndərildi.
1918-ci il mayın 28-də Tiflisdə Qafqaz canişininin iqamətgahında doktor Həsən bəy Ağayevin sədrliyi ilə Milli Şuranın ilk iclası keçirildi. Uzun və hərtərəfli müzakirədən sonra Azərbaycanın Müstəqil Xalq Cümhuriyyəti kimi elanı barədə "İstiqlal Bəyannaməsi" qəbul edildi. Bəyannamənin 4-cü bəndində deyilirdi ki, "Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən qəməlrounda (hüdudları daxilində) yaşayan bütün vətəndaşlarına hüquqi siyasiyyə və vətəniyyə təmin eylər". Mayın 30-da isə Azərbaycanın müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə məlumatlar verildi.
Bununla da XX əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər, imperiya daxilində bir araya gətirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması 1918-ci il mayın 28-də Azərbaycana istiqlaliyyətini elan etmək şansı verdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ölkəmizin çoxəsrlik tarixinin, sosial-iqtisadi və mədəni inkişafının, əsrin əvvəllərində başlanan, Rusiya imperiyasının süqutu ilə daha da genişlənən milli azadlıq mübarizəsinin məntiqi yekunu oldu. Təbii ki, bu dövrdə müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər xalqın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edirdi.
İstiqlal Bəyannaməsini qəbul edən Milli Şura Azərbaycan hökumətini təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Elə həmin gün F.Xoyskinin təklif etdiyi Nazirlər Şurasının tərkibi təsdiq edildi. İlk hökumətin tərkibi "Müsavat", Müsəlman Sosialist bloku, "Hümmət", "İttihad" və bitərəflərdən ibarət olmaqla formalaşdırıldı. Milli Şura F.Xoyskini Nazirlər Şurasının sədri və daxili işlər naziri, X.Sultanovu hərbi nazir, Nəsib bəy Yusifbəylini xalq maarifi və maliyyə naziri, Məhəmmədhəsən Hacınskini xarici işlər naziri, Xudadat bəy Məlikaslanovu post-teleqraf və yollar naziri, Əkbər ağa Şeyxülislamovu əkinçilik və əmək naziri, Camo bəy Hacınskini dövlət nəzarəti naziri vəzifəsinə təsdiq etdi. İstiqlal Bəyannaməsində ali icraedici hakimiyyətin müvəqqəti hökumətə məxsus olduğu bildirilirdi və hökumət Milli Şura qarşısında məsul idi.
Müsəlman Şərqində ilk demokratik və hüquqi dövlət kimi istiqlaliyyətini bütün dünyaya bəyan edən Azərbaycan ilk gündən beynəlxalq aləmdə tanınmağı qarşıya məqsəd qoydu. Hökumətin və ali qanunverici orqanın səlahiyyətlərini eyni zamanda icra edən Milli Şuranın bu istiqamətdə ilk mühüm addımlarından biri 1918-ci il iyunun 4-də qardaş Türkiyə ilə hərbi-siyasi müqavilənin imzalanması oldu. "Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi" adlanan həmin sənəddə "Dinclik və asayişi möhkəmləndirmək, ölkənin təhlükəsizliyinin təmini üçün əgər zərurət olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür" müddəasının yer alması o zaman gənc müstəqil dövlət üçün taleyüklü məsələ idi.
Azərbaycan Milli Şurasının 1918-ci il iyunun 13-də Tiflisdə keçirilən sonuncu 6-cı iclasında isə erməni-daşnak hərbi birləşmələrinin azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğınlar barədə İrəvandan gələn həyəcanlı xəbərlər geniş müzakirə olunurdu. İrəvandan qayıtmış şura üzvü İbrahim Ağa Vəkilov müsəlmanların acınacaqlı vəziyyəti barədə məlumat verərək onlara 150 min rubl həcmində yardım göstərilməsini təklif edirdi. O, həmçinin quberniyada müsəlman qaçqınların sayının 150 min nəfərə çatdığını, 206 kəndin dağıdıldığını, sakinlərinin olmazın işgəncələrə məruz qaldığını bildirdi. Bütün bunları nəzərə alan Milli Şura isə türk ordusu komandanlığından İrəvan qaçqınlarının ərzaq təminatına və doğma kəndlərinə qayıtmalarına kömək göstərməyi xahiş etdi.
1918-ci il iyunun 16-da isə Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncə şəhərinə köçdü. Azərbaycan Respublikasının müvəqqəti paytaxtının Gəncədə yerləşməsi haqqında dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanat göndərildi. Lakin orada müxtəlif irticaçı qüvvələr Azərbaycan Milli Şurası və Müvəqqəti hökumətin işini pozmağa cəhd göstərirdilər. İyunun17-də Milli Şuranın buraxılması və bütün qanunverici hakimiyyətin hökumətin səlahiyyətinə keçməsi haqqında qərar qəbul edildi. Qərarda bildirilirdi ki, hökumət hər vasitə ilə Azərbaycanın müstəqilliyini qorumalı, siyasi azadlıqlar, torpaq və başqa vacib qanunları ləğv etməmək şərti ilə qalan məsələlərin həllində tam ixtiyar sahibi olmalıdır. Müvəqqəti hökumət altı aydan gec olmayaraq Müəssislər Məclisinə seçkilər keçirib hakimiyyəti ona təhvil verməlidir.
Nazirlər Şurasının tərkibində bəzi dəyişikliklər edildikdən sonra yeni kabinet işə başladı. Müxtəlif qüvvələr arasında mübarizə gücləndiyi üçün iyunun 19-da Azərbaycanda yaranmış gərgin vəziyyət nəzərə alınaraq ölkə ərazisində hərbi vəziyyət elan edildi. Bakı quberniyası Xalq Komissarları Sovetinin Gəncə üzərinə hazırladığı hücumun qarşısını almaq və daha sonra Qafqaz İslam Ordusunun köməyi ilə Bakını azad etmək üçün milli qoşun hissələrinin yaradılması sahəsində əməli işlər görülməyə başladı. Hökumət vaxt itirmədən bu istiqamətdə ciddi addımlar atırdı. Nazirlər Kabinetinin 1918-ci il 26 iyun tarixli, 164 saylı sərəncamı ilə Azərbaycan Milli Ordusunun yaradılması Xalq Cümhuriyyəti hökumətinin tarixi qərarlarından biri oldu. Eyni zamanda hökumət ictimai asayişin, qanunçuluğun qorunması, vətəndaşların təhlükəsizliyinin təmini üçün iyulun 2-də ilk polis bölüyünün təşkilinə qərar verdi. Sonrakı aylar müvəqqəti hökumətin Azərbaycanın paytaxtına sahib olması uğrunda mübarizəsinə həsr edildi.
Dövlətçilik atributlarına sadiq qalan cümhuriyyət hökuməti xalqda milli ruhu da yüksəltməyə çalışır, özünüdərkə xidmət edən addımları xüsusilə diqqət mərkəzində saxlayırdı. Bunun ən bariz nümunələrindən biri də 1918-ci il iyunun 27-də "Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında" fərmanın imzalanması idi. Sənəddə deyilirdi: "Dövləti lisan türk dili qəbul edilərək, irəlidə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istimalına müsaidə edilsin". Beləliklə, iki il müddətində ölkədə dövlət orqanlarının işinin tamamilə ana dilinə keçməsi nəzərdə tutulurdu. Fərmanla Azərbaycan dilli savadlı kadrların çatışmazlığı nəzərə alınaraq, dövlət idarələrində müvəqqəti olaraq rus dilindən istifadəyə icazə verilirdi.
1918-ci il iyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq, noyabrın 9-da isə yaşıl, qırmızı və mavi zolaqlı, üzərində ulduz olan bayraq (Azərbaycanın hazırkı dövlət bayrağı) dövlət bayrağı kimi qəbul edildi. Tarixi qərarlardan biri də gənc respublikanın milli qürur yerinə çevrilən dövlət himninin qəbulu idi. Azərbaycanın milli valyutasının - manatın dövriyyəyə buraxılması da cümhuriyyət hökumətinin uğurlu islahatlarından biri kimi böyük əhəmiyyət kəsb edirdi.
1918-ci il iyul ayının 15-də hökumət Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar vermişdi. Komissiya I Dünya müharibəsi zamanı Cənubi Qafqazda erməni millətçiləri, daşnaklar tərəfindən türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımı cinayətlərini, onların əmlaklarının talan olunması faktlarını araşdırıb cinayətkarları məsuliyyətə cəlb etməli idi. Təhqiqatın materialları cəmləşdirilib əsasən Avropa dillərində çap olunmalı və yayılmalı idi. Həmin il avqustun 11-də "Hərbi mükəlləfiyyət haqqında" qərar qəbul olundu, avqustun 23-də isə "Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında" fərman imzalandı.
Milli hökumət eyni zamanda Azərbaycan ətrafında mövcud informasiya blokadasını yarmağa, respublikanı dünya miqyasında tanıtmağa, fəaliyyəti haqqında xalqı məlumatlandırmağa ciddi ehtiyac duyurdu. Sentyabrın 15-də Gəncədə rəsmi dövlət orqanı olan "Azərbaycan" qəzetininın ilk sayının çapdan çıxması da bu zərurətdən irəli gəlirdi. Qəzet həmin dövrə qədər çap olunan bir çox nəşrlərdən fərqli olaraq tarixi bir missiyanı həyata keçirir, gənc, müstəqil Azərbaycan dövlətinin həyatında baş verən ictimai-siyasi və iqtisadi prosesləri işıqlandırır, hökumətin rəsmi mövqeyini ifadə edirdi.
1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, respublika ərazisinin müəyyən hissəsi, o cümlədən Bakı və ətraf rayonlar erməni-bolşevik birləşmələrinin nəzarəti altında idi. Birinci Dünya müharibəsindən, habelə Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən istifadə edən ermənilər mənfur iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olmuş, Azərbaycanın bəzi bölgələrini, o cümlədən Bakını işğal etmişdilər. Bu isə yeni yaranmış Xalq Cümhuriyyətinin tam müstəqilliyinə imkan vermir, onun fəaliyyətini məhdudlaşdırırdı. Müstəqilliyə yeni qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətin isə özünün ərazi bütövlüyünü təmin etmək və daxildəki erməni-bolşevik birləşmələrini zərərsizləşdirmək imkanları hələ yetərincə deyildi. Bu ərəfədə Müəssislər Məclisinin çağırılması sahəsində işlərə başlamaq üçün Nazirlər Şurasının sədri, daxili işlər və xalq maarifi nazirlərindən ibarət komissiya yarandı. Bu komissiyanın öz işini sürətləndirdiyi və ümumiyyətlə dövlət quruculuğu sahəsində apardığı islahatların genişləndiyi bir şəraitdə Azərbaycanın beynəlxalq vəziyyəti kökündən dəyişmiş oldu. Dünya müharibəsinin bitməsi ilə Antanta adından Britaniya qoşunları Bakını tutmalı idi.
Gərginliyin son həddə çatdığı bir vaxtda - 1918-ci ilin iyununda Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu iyun-avqust aylarında Gəncədə, Yevlaxda, Göyçayda, Kürdəmirdə və digər bölgələrdəki ağır döyüşlərdə eser-menşevik və daşnak qoşunlarını darmadağın edərək sentyabrın 15-də Bakıya daxil oldu. Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Beləliklə, 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara, özbaşınalıqlara son qoyuldu. Ermənilərin xalqımızı cismən məhv etmək və "böyük Ermənistan" yaratmaq xülyasının qarşısı qətiyyətlə alındı. Bakı "Sentrokaspi diktaturası"ndan azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçdü, mühüm dövlət təsisatları məhz burada yerləşdirildi, ölkədə quruculuğun əsas mərhələsinə start verildi.
Noyabrın 16-da Azərbaycan Milli Şurası fəaliyyətini yenidən bərpa edərək müsəlman Şərqində ilk demokratik parlamentin formalaşdırılması istiqamətində əməli fəaliyyətə başladı. Milli Şuranın noyabrın 19-da keçirilən ikinci iclasında "Müvəqqəti Azərbaycan parlamanının təşkili haqqında" qanun layihəsi geniş müzakirə olundu, habelə Müəssislər Məclisinə - geniş tərkibli Azərbaycan parlamentinə seçkilər dekabr ayının 3-nə təyin edildi. Seçkilərlə bağlı qəbul edilmiş qərarda göstərilirdi ki, Azərbaycanda müxtəlif millətlər məskunlaşdığı üçün qanunvericilik orqanında bütün millətlərin nümayəndələri təmsil olunmalıdır. Yeni formalaşdırılacaq parlament 120 nəfərdən ibarət olmalı, 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları, 1 nəfər isə yəhudiləri təmsil etməli idi. Milli Şuranın 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən, 1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə də birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edildi.
1918-ci il dekabrın 7-də isə H.Z.Tağıyevin Qızlar məktəbinin binasında Azərbaycan Parlamentinin təntənəli açılışı keçirildi. Parlament ilk iclasında bir sıra məsələlərlə yanaşı, F.Xoyski hökumətinin istefasını da qəbul etdi və yeni hökumətin təşkili qərara alındı. Hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırıldı, o, 1918-ci il dekabrın 26-da öz proqramı ilə çıxış edərək yeni kabinetin tərkibini açıqladı. Parlament hökumətin proqramını qəbul etdi və ona etimad göstərdi.
Ümumiyyətlə, peşəkar parlamentin təşkili ilə Xalq Cümhuriyyətinin parlamentarizm tarixində ikinci mərhələ açılmışdı. Bu dövrdə parlamentin 11 daimi komissiyası fəaliyyət göstərmiş, 145 iclası keçirilmiş, müzakirəyə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Lakin parlamentdə daxili ziddiyyətlərin kəskinləşməsi, fraksiya və qruplaşmaların çoxluğu onun normal fəaliyyət göstərməsini əngəlləyirdi. Ayrı-ayrı fraksiya və qruplar bir çox hallarda özlərinin məhdud fraksiya və qrup mənafelərini ümummilli mənafedən üstün tuturdular. Məsələn, parlamentin sosialist bloku "yoxsulların mənafeyini müdafiə etmək" pərdəsi altında müntəzəm olaraq Azərbaycanın sovet Rusiyasına birləşdirilməsi ideyasını təbliğ etmiş, orada diplomatik nümayəndəliyin açılması barədə qərarın qəbuluna nail olmuş, nəhayət, Qızıl Ordunun ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdı. Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ayda hökumətin 5 dəfə dəyişdirilməsi də məhz bu ziddiyyətlərin nəticəsi sayılmalıdır.
Bu müddətdə Cümhuriyyət hökumətinin təşəbbüsü ilə "Azərbaycan parlamentinin yaradılması haqqında", "Parlamentin mühafizəsinin təşkil edilməsi haqqında", "Dağlılar hökumətinə 10 milyon yardım edilməsi haqqında", "Hərbi nazirliyin heyəti haqqında", "Parlament iclaslarında iştirak etməyən deputatlar haqqında", "Dövlət xidmətində olmaqla parlament üzvü olmağın qəbuledilməzliyi haqqında", "Deputatlıq və məmurluq haqqında", "Fəhlə nəzarəti haqqında", "Azərbaycan Respublikası hökuməti idarələrində çalışan qulluqçulara birdəfəlik müavinət verilməsi haqqında", "Yollar və qara yollar, onların təmiri və inşasının Yollar Nazirliyinə verilməsi haqqında", "Müəssislər Məclisinə seçkilər üçün qanunnamə hazırlanmasına görə 20 min rubl ayrılması haqqında", "Vergilər sahəsində şikayətləri araşdırmaq üçün Maliyyə Nazirliyi nəzdindəki Ali Şura instansiyasının yaradılması haqqında", "Poçt və teleqraf nizamnaməsinin 131-ci və digər maddələrinin ləğv edilməsi haqqında", "Azərbaycan quberniya sənaye vergisi idarəsinin təşkili haqqında", "1918-1919-cu illər üçün quberniya və dairə vergi idarələrinin seçilməsi qaydaları haqqında" və digər qanunların qəbulu xüsusi əhəmiyyət daşıyırdı.
Azərbaycan
hökuməti koalisiyalı kabinet idi. Burada üç nəfər
rus naziri də təmsil olunmuşdu. Koalisiyalı
yeni kabinet partiya prinsipi üzrə deyil, parlament
fraksiyalarının hökumət başçısına və
proqramına etimad prinsipi üzrə təşkil edilmişdi.
Sonrakı, 1919-cu ilin mart və dekabr kabinetlərindəki
dəyişikliklərdə də eyni prinsip əsas tutulurdu.
Son iki kabinetə Müsavat Partiyasının
görkəmli xadimi Nəsib bəy Yusifbəyli
başçılıq etmişdir. Onun da
hökumət proqramı F.Xoyskinin fəaliyyət göstərdiyi
proqrama uyğun idi. Mövcud olduğu 17 ay
ərzində müstəqil Azərbaycanın milli hökuməti
demək olar ki, bütün sahələrdə əsaslı dəyişikliklərə
nail oldu, ölkədə genişmiqyaslı islahatlar
aparıldı.
Bu illərdə
Azərbaycan torpaqlarının ərazi
bütövlüyünü qoruyub saxlamaq sahəsində
hökumət əzmlə mübarizə aparırdı. O zaman Xalq Cümhuriyyətinin
ərazisi 97,3 min kvadratkilometr idi. Bundan
başqa, 15,6 min kvadratkilometrlik Azərbaycan
torpaqları isə Gürcüstan və Ermənistanla
mübahisəli ərazi sayılırdı və milli
hökumət həmin torpaqların qaytarılması
uğrunda mübarizəni daim davam etdirirdi. Bundan
başqa, həmin dövrdə ölkənin inzibati ərazi quruluşu
geniş şəraitə uyğun olaraq dəyişdirilirdi.
Qarabağda erməni
iğtişaşlarını yatırtmaq və Ermənistanın
əlini bu torpaqlardan kəsmək üçün burada
xüsusi valilik yaradıldı, yerli ermənilərə mədəni
sahədə muxtariyyət verildi.
Ölkənin
maliyyəsini qaydaya salmaq və dağıdılmış
iqtisadiyyatını bərpa etmək sahəsində xeyli
işlər görüldü. 1918-ci ilin martında
neft sənayesi və Bakı-Batum neft kəməri bərpa
edildi. Bakı-Culfa dəmiryolunun çəkilişi
sürətləndirildi. Azərbaycan
Dövlət Bankı yaradıldı, kənd təsərrüfatı
üçün xırda kredit bankları açıldı.
Şəhərlərdə əmanət
kassaları şəbəkəsi bərpa edildi. Gürcüstan ilə birlikdə müvəqqəti
bon buraxıldı, bu isə ölkənin maliyyə vəziyyətini
bir qədər sabitləşdirə bildi.
Dövlət
orqanlarının ana dilinə keçməsi ilə
yanaşı, ictimai həyatın milliləşdirilməsinə
başlandı. Milli kadr
çatışmazlığı problemini həll etmək
üçün məktəblər və kurslar
açıldı. Azərbaycan ordusu və
hərbi donanmasının yaradılması ən vacib işlərdən
biri oldu.
Çox
mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə
baxmayaraq, Cümhuriyyət hökuməti və parlamenti elmin,
təhsilin, xalq maarifinin, səhiyyənin inkişafını
diqqət mərkəzində saxlayırdı. Ölkənin
hər yerində müxtəlif pillədən olan məktəblər,
gimnaziyalar, qız məktəbləri, uşaq
bağçaları, qısa müddətli müəllim
kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana
və feldşer məntəqələri şəbəkəsi
yaradılır, yoluxucu xəstəliklərə qarşı
mübarizə aparılırdı. Bu baxımdan
parlamentin 1919-cu il sentyabrın 1-də qəbul
etdiyi "Bakı Dövlət Universitetinin təsis
olunması haqqında" qanunu xüsusi qeyd etmək
lazımdır. Universitetin açılması
cümhuriyyət xadimlərinin doğma xalq
qarşısında çox mühüm tarixi xidməti idi.
Sonralar Azərbaycan Xalq Cümhuriyyəti
süqut etsə də, onun ideyalarının
yaşamasında, habelə xalqımızın yenidən
müstəqilliyə qovuşmasında Bakı Dövlət
Universiteti misilsiz rol oynadı.
Elm və təhsilin
inkişafı yönümündə mühüm addımlar
atan Cümhuriyyət hökuməti milli kadrların
hazırlanması işinə də xüsusi qayğı ilə
yanaşırdı. Hökumətin təklifi ilə Azərbaycan
parlamenti 100 nəfər azərbaycanlı gəncin dövlət
hesabına təhsil almaq üçün xarici ölkələrə
göndərilməsi barədə qanun qəbul etmişdi.
Xaricə göndəriləcək gənclərin
müəyyənləşdirilməsi məqsədilə
xüsusi müsabiqə komissiyası
yaradılmışdı. Komissiyanın qərarına əsasən
ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər
İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər
Türkiyə ali məktəblərinə göndərilmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin
hökuməti və parlamenti ölkənin başı
üstünü almış xarici müdaxilə təhlükəsini
sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq
aləmdə tanınması istiqamətində də fəal,
ardıcıl iş aparırdı. Parlamentin
xüsusi diqqət yetirdiyi problemlərdən biri də Azərbaycanın
qonşu dövlətlərlə münasibətlərinin tənzimlənməsi
idi. Gərgin müzakirələrdən
sonra Gürcüstanla münasibətlər nizama
salındı, İranla Azərbaycan arasında dostluq əlaqələri
haqqında müqavilə imzalandı. Məlum
səbəblərdən daşnak Ermənistanı və sovet
Rusiyası ilə münasibətləri sahmanlamaq isə
mümkün olmadı.
Hökumətin xarici siyasət
sahəsində mühüm addımlarından biri də 1918-ci
il dekabrın 28-də parlamentin sədri Ə.Topçubaşovun
başçılığı ilə
Əsrlərin mücadiləsi
kimi XX əsrin əvvəllərində - 1918-ci ilin 28
mayında müstəqilliyini elan etmiş Azərbaycan
xalqı müəyyən obyektiv və subyektiv səbəblərdən
bu nemətin şirinliyini uzun müddət dada bilmədi:
Xalqın düşüncəsində dərin iz
salmış milli müstəqillik və dövlətçilik
amalı növbəti dəfə amansızlıqla
boğuldu. Respublikamız uzun illər sovet
imperiyasının ideoloji buxovları altında fəaliyyət
göstərməyə məcbur oldu.
Azərbaycan
Xalq Cümhuriyyəti 23 ay müddətində bütün sahələrdə
ciddi dönüş yaratmağa müvəffəq oldu. Bu,
cümhuriyyətin xalqın maraqlarına xidmət etdiyini təsdiqləyən
fakt kimi hər zaman qiymətləndirilə bilər. Mövcud olduğu qısa vaxt ərzində Cümhuriyyət
hökuməti cəmiyyət həyatının müxtəlif
sahələrini əhatə edən əsaslı islahatlar
apardı, bununla da ölkədə davamlı inkişaf
prosesinin əsası qoyuldu. Azərbaycanın
görkəmli ziyalıları və ictimai-siyasi xadimləri
bu prosesin daim ön sıralarında getdilər və məhz
onların fərdi təşəbbüskarlığı, qətiyyəti
və intellektual səviyyəsi həmin islahatların müvəffəqiyyətlə
həyata keçirilməsinə geniş imkanlar yaratdı.
1991-ci ildə
Azərbaycan ikinci dəfə özünün dövlət
müstəqilliyini elan etdi. 1993-cü ildə
ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi
ilə Azərbaycan cəmiyyətində dövlətçilik
ideyalarının bərqərar olması fundamental mahiyyət
kəsb etməyə başladı. Ölkə
başçısı İlham Əliyevin 21 yanvar 2011-ci il
tarixli "Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının iyirminci
ildönümü haqqında" sərəncamında qeyd
edildiyi kimi, "1993-cü ilin iyun ayından ölkədə
formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş
müharibəsi təhlükəsini aradan qaldırdı,
separatçılıq meyillərinə son qoydu və Heydər
Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə
gətirib çıxardı".
Bu gün
Prezident İlham Əliyev irs-varislik ənənələrinə
sadiq qalmaqla, Azərbaycanın müstəqil ölkə kimi
möhkəmlənməsinə və inkişafına,
demokratik, hüquqi dövlət quruculuğuna
çalışır. Cəmiyyətin və ayrılıqda hər
bir vətəndaşın maddi rifah halının yüksəldilməsi,
onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin
təmin olunması, habelə şəxsiyyətin azad
inkişafı üçün bərabər imkanların
yaradılması isə bu siyasətin əsas qayəsini təşkil
edir. Ümumilikdə həyata keçirilən
siyasət Azərbaycanın bölgədə tam müstəqil
respublika kimi mövcudluğuna ədəbi təminatdır.
İ.ƏLİYEVA
Azərbaycan.- 2011.-24 may.- S. 4.