Dünyanın müxtəlif
şəhərlərində 28 Mayın "Azərbaycanın
Milli Bayram Günü" elan olunması davam edir
Amerikanın Portlend şəhərinin meri Nikolos Mavodonesin qərarı ilə mayın 28-i bu şəhərdə Azərbaycanın Milli Bayram Günü elan olunmuşdur. Bu barədə bəyannamədə qeyd edilir ki, Azərbaycan icması şəhərin ictimai həyatında mühüm rol oynayır. Sənəddə həmçinin bildirilir ki, Azərbaycanın ərazisi 33.400 kvadrat mil olub Qarabağı və Naxçıvanı da əhatə edir, habelə Azərbaycanın bu sərhədlər daxilində ərazi bütövlüyü 1992-ci ildə BMT tərəfindən tanınmışdır.
Xatırladaq ki, bu il Vankuver (Kanada) və Farqo (Şimali Dakota ştatı, ABŞ) şəhərlərinin merləri də oxşar bəyannamələr qəbul etmişlər.
2009-cu ildə Nevada ştatı martın 31-ni "Azərbaycanlıları anım günü" elan etmiş, 2010-cu ildə isə Massaçusets ştatının nümayəndələr palatası fevralın 26-nın "Xocalı qırğınının qurbanlarını anım günü" elan etmək haqqında qərar qəbul etmişdir.
Azərbaycan diasporu azərbaycanlılara qarşı soyqırımının, o cümlədən Xocalı soyqırımının, habelə Azərbaycan xalqının milli bayramlarının beynəlxalq miqyasda tanınması üzrə fəal işi davam etdirəcəkdir.
AzərTAc
Azərbaycan.- 2011.-24 may.- S. 5.