Azərbaycanın Tacikistandakı səfirliyi Respublika Günü münasibətilə kitabça nəşr etmişdir

 

Azərbaycanın Tacikistandakı səfirliyi 28 May - Respublika Günü münasibətilə rus və ingilis dillərində "Səkkizguşəli ulduzun məşəli əbədi yanacaq" adlı kitabça nəşr etmişdir.

Nəşrdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixindən geniş söhbət açılır, Şərqdə ilk demokratik respublikanın qurucuları haqqında məlumat verilir. Kitabda qeyd olunur ki, Şərqdə ilk dünyəvi və demokratik dövlət olan AXC qısa müddət ərzində elm, təhsil, ordu quruculuğu və digər sahələrdə tarixi işlər görmüş, lakin başladığı işi başa çatdıra bilməmiş, süqut etmişdir.

Kitabçada yazılır ki, bugünkü müstəqil Azərbaycan dövləti AXC-nin varisidir və bayrağımız, gerbimiz və himnimiz cəmi 23 ay yaşamış dövlətin atributları olmuşdur. Nəşrdə müasir müstəqil Azərbaycan Respublikasının yaranması və inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri xüsusi qeyd edilir. Bildirilir ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlamışdır.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Düşənbə

 

Azərbaycan.- 2011.-24 may.- S. 5.