Azərbaycan rəsmisinin məruzəsi Parisdə keçirilmiş "Enerji dəhlizlərinin avropalılaşması" mövzusunda beynəlxalq konfransda böyük marağa səbəb olmuşdur

 

Mayın 19-20-də Fransanın paytaxtındakı Paris Siyasi Elmlər İnstitutunun Beynəlxalq Tədris və Tədqiqat Mərkəzində (CERİ) Avropa İttifaqının Jan Mone Fondunun dəstəyi ilə "Enerji dəhlizlərinin avropalılaşması" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı Turab Qurbanov bu konfransda "Azərbaycanın enerji diplomatiyası: Avropa siyasi əməkdaşlığı" mövzusunda məruzə ilə çıxış etmişdir.

T.Qurbanov "Əsrin müqaviləsi"nin imzalandığı ərəfədə Azərbaycanda mövcud vəziyyət barədə məlumat vermişdir. O, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələrək ölkəyə rəhbərlik etdiyini və onun apardığı uzaqgörən xarici siyasət nəticəsində "Əsrin müqaviləsi"nin imzalandığını bildirmişdir.

Azərbaycanın həyata keçirdiyi neft layihələrinə toxunan T.Qurbanov ölkəmizin neft strategiyasının siyasi motivləri və eyni zamanda, bu layihələrin siyasi-diplomatik təsirləri haqqında konseptual şərhlər vermişdir. Layihələrin geosiyasi, iqtisadi, sosial aspektlərini təhlil etmiş, Xəzərin hüquqi statusunun həlli istiqamətində sahilyanı ölkələrin mövqelərinə dair məlumat vermiş, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən balanslaşdırılmış xarici siyasət xəttinin regional əməkdaşlığa töhfələrindən danışmışdır.

T.Qurbanov Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu, bu torpaqlarda etnik təmizləmə siyasətinin aparıldığını, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulamışdır. Prezident Administrasiyasının əməkdaşı ermənilər tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında qədim mədəniyyət abidələrinin məhv edildiyini, məktəblərin, muzeylərin, məscidlərin dağıdıldığını, məzarlıqların təhqir olunduğunu, dünya sivilizasiyasının nadir incilərinin yer üzündən silindiyini bildirmişdir. Münaqişənin Ermənistanın danışıqlar prosesində tutduğu qeyri-konstruktiv mövqeyinə görə bugünə kimi həll edilmədiyi konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır.

İştirakçıların suallarına cavab verən T.Qurbanov Azərbaycan rəhbərliyinin münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışdığını, respublikamızın ərazi bütövlüyünün dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanındığını vurğulamışdır. Bildirilmişdir ki, Ermənistan tərəfi münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini, o cümlədən təşkilatın Baş Məclisi, ATƏT, Avropa Şurası,

NATO, Avropa Parlamenti, İKT və digər beynəlxalq təşkilatların qərarlarını hələ də yerinə yetirməmişdir.

Münaqişənin beynəlxalq hüququn normalarına və prinsiplərinə əsasən, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyini qeyd edən Prezident Administrasiyasının əməkdaşı demişdir ki, məsələnin sülh yolu həlli mümkün olmadıqda Azərbaycanın bütün vasitələrdən istifadə etməyə hüquqi əsası vardır.

T.Qurbanov Azərbaycanın, həmçinin enerji daşıyıcılarını dünya bazarlarına çıxarmaq məqsədilə müasir standartlara uyğun infrastruktur yaratdığını, enerji resurslarının ixracının şaxələndirilməsində mühüm rol oynadığını və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verdiyini vurğulamışdır.

Prezident Administrasiyasının əməkdaşı, eyni zamanda, Azərbaycanın Qərb ölkələri ilə əməkdaşlığının təkcə enerji sahəsi ilə məhdudlaşmadığını, nəqliyyat, beynəlxalq təhlükəsizliyin təmini sahələrində də ölkəmizin fəal aktiv rol aldığını bildirmişdir. Qərbin tutduğu ikili standart prinsipini tənqid edən məruzəçi Avropa ölkələrini daha ədalətli olmağa çağırmışdır.

Slaydlarla müşayiət olunan T.Qurbanovun məruzəsi böyük maraqla dinlənilmişdir.

Qeyd edək ki, T.Qurbanov məşhur Sorbonna Universitetində alimlik dərəcəsi almış ilk azərbaycanlıdır. Dissertasiya universitetin Beynəlxalq Siyasət Mərkəzinin direktoru, siyasət aləmində tanınmış alim və sabiq rektor Şarl Zorqbibin rəhbərliyi altında hazırlanmış və 2005-ci ildə müvəffəqiyyətlə müdafiə edilmişdir. Müdafiə Şurasının üzvləri əsərə yekdilliklə yüksək qiymət vermiş, müəllif siyasi elmlər doktoru elmi dərəcəsinə layiq görülmüş və dissertasiyanın çap edilməsi barədə qərar çıxarılmışdır. Ümummilli lider Heydər Əliyevin xatirəsinə ithaf edilmiş bu 700 səhifəlik doktorluq dissertasiyası 2007-ci ildə Parisdə Fransanın məşhur "Harmatan" nəşriyyatı tərəfindən ikicildlik kitab şəklində çap olunmuşdur.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2011.-24 may.- S. 7.