Gürcüstanın
ABŞ-dakı səfiri: “Ermənistanın başı neqativ
məsələlərə - daxili problemlərə,
Qarabağa və soyqırımına
qarışmışdır”
AzərTAc Assoşieyted
Press Agentliyinə istinadla xəbər verir ki,
Gürcüstanın ABŞ-dakı səfiri Temur
Yakobaşvili Potomak İnstitutunun Terrorizmə qarşı
Mübarizə Mərkəzində tələbələr və
analitiklərlə görüşdə Ermənistan-Azərbaycan
münaqişəsinin tənzimlənməsini sürətləndirməyə
çağırmışdır. O demişdir: “Dağlıq
Qarabağ münaqişəsinin həll edilməməsi Cənubi
Qafqaz ölkələri arasında əməkdaşlıq və
regionda təhlükəsizlik məsələləri
üçün böyük problemdir”.
“Şimal qonşusunun regionda əsas problem olduğunu” bildirən diplomat beynəlxalq moderatorları dərhal Dağlıq Qarabağda münaqişənin həll edilməsi yollarını axtarmağa başlamağa çağırmışdır.
Yakobaşvilinin fikrincə, “Ermənistanda baş verən hadisələr bilavasitə Dağlıq Qarabağla əlaqədardır, bu məsələnin həlli Rusiyanın əlindədir, Dağlıq Qarabağda Rusiyanın hərbi bazası yerləşdirilmişdir və Azərbaycanla münasibətlər qaydaya salınmamışdır”. Səfir belə bir məqama diqqəti cəlb etmişdir ki, Qarabağ problemi həll edilmədiyindən, Ermənistanın Türkiyə ilə münasibətləri də tənzimlənməmiş qalır. Yakobaşvili demişdir: “Beləliklə, əsas məsələ Dağlıq Qarabağ probleminin həlli yollarını axtarıb tapmaqdır, çünki bu cür qıcıqlandırıcı problemlərin olduğu şəraitdə başqa məsələləri bir kənara qoymaq lazım gəlir. Ermənistan özünün inkişafına zərrə qədər də diqqət yetirə bilmir, çünki onun başı başqa məsələlərə qarışmışdır, onun daxili problemləri çoxdur”.
Bundan əlavə gürcüstanlı diplomat erməni diasporu amilini də unutmamağa çağırmışdır. Əsas qayğısı antitürk məsələlər olan bu diaspor ən iri donorlardan biridir. Yakobaşvilinin fikrincə, “beynəlxalq aləmdə çıxış etmək üçün neqativ deyil, pozitiv gündəlik lazımdır. Soyqırımının tanınması heç də pozitiv amil deyildir, Ermənistan üçün pozitiv məsələlər onun gələcəyi ilə bağlı məsələlər ola bilər”.
Gürcüstanlı
səfir əmindir ki, Ermənistan Dağlıq Qarabağ
problemini həll edəndən, Türkiyə və Azərbaycanla
münasibətlər normallaşandan sonra sürətlə
inkişaf etməyə başlayacaqdır. Təhlükəsizliklə
bağlı problemlər davam etdikcə, münaqişə tənzimlənməyincə
diasporla bağlı problemlər qaldıqca buna nail olmaq
heç də asan olmayacaqdır.
Azərbaycan.- 2011.-24 may.- S. 7.