İş
yoldaşımızın xatirəsi İş
yoldaşımızın xatirəsi
Adam heç bilmir necə başlasın, nədən başlasın. 4-5 gün əvvəl ayaqüstü redaksiyaya gəlmişdi. Məzuniyyətdə olduğundan bir neçə həftəydi ki, Bakıda idi. Gəlmişdi ki, kollektivlə sağollaşıb Naxçıvana dönsün. Heç demə bu, vida görüşüymüş... Bilsəydik üz vurub saxlayardıq. Məzuniyyəti də qurtarmamışdı. Amma yox, qalan deyildi. Evdən həyat yoldaşı ilə birgə çıxdığı üçün uşaqlarından nigaran idi. Bir də, özünün dediyi kimi, Naxçıvandan, doğma ocağından kənarda çox qala bilmirdi. Həmişə də bizə "Bu səs-küydə, basabasda necə yaşayırsınız" deyib hamımızı Naxçıvana dəvət edirdi.
Bu dəfə də "Bizim yerlərin yaxşı vaxtıdır, bir vaxt tapıb gəlin" deyib getdi. Və həmin gün heç kimin ağlına gəlməzdi ki, biz bu dəfə Məmmədin... xahişini yerə sala bilməyəcəyik...
Qəzetimizin Naxçıvan MR üzrə bölgə müxbiri, həmkarımız, dostumuz Məmməd Məmmədov bax beləcə bizi əbədi tərk etdi.
Məmmədin heç 50 yaşı da tamam olmamışdı. Gələn il yubileyini qeyd etməyə hazırlaşırdı. Amma o, bu yaşında da əksəriyyətin həsəd apara biləcəyi çox uğurlar qazanmışdı. İstər şəxsi həyatında, istərsə də yaradıcılığında. Hamısını da öz zəhməti, savadı, qabiliyyəti hesabına. Məmməd Məmmədov Naxçıvan MR Ali Məclisinin deputatı idi. O, bu etimadı ikinci dəfə qazanmışdı. Tarix elmləri namizədi olan Məmməd Məmmədov Azərbaycanın "Əməkdar jurnalist"i fəxri adına layiq görülmüşdü. Bir müddət o, Naxçıvan MR Ali Məclisinin orqanı "Şərq qapısı" qəzetinin baş redaktoru işləmişdi. Lakin sonra yenidən əvvəlki iş yerinə - "Azərbaycan" qəzetinə qayıtmağa qərar vermişdi. "Jurnalistikada müxbirlikdən böyük vəzifə yoxdur" deyirdi.
Məmməd
Məmmədov bu "vəzifə"nin "ləzzət"ini
bildiyi kimi, zəhmətini də çəkən jurnalistlərdən
idi. Gənc yaşlarından respublikanın mərkəzi qəzetlərində
müntəzəm çıxış edən Məmməd
məhz bu zəhməti bahasına peşəkar jurnalistikaya gəlmişdi.
Və zəhməti ilə də bu sahədə nə
mümkündürsə, onu da əldə etmişdi. Maddilikdən
uzaq həmin əldə etdikləri ona fəxrlənmək,
qürurlanmaq, sevinmək üçün bəs idi. Bir
görəydiniz Məmməd Azərbaycanın "Əməkdar
jurnalist"i fəxri adına layiq görülənlər
sırasında adının çəkildiyini eşidəndə
hansı hissləri yaşamışdı. Baxmayaraq ki, o, bunacan Naxçıvan
MR-in "Əməkdar jurnalsit"i idi. Və Azərbaycanda
jurnalistika ailəminə az-çox bələd olan hər kəs
bilir ki, Məmməd Məmmədov bu adlara layiqdir.
Çünki Məmməd sözün həqiqi mənasında
əməkdar jurnalist idi. Naxçıvan MR-də elə bir
aktual mövzu yox idi ki, Məmməd ondan yazmasın,
naxçıvanlıları narahat edən elə bir problem
olmamışdı ki, Məmməd məqalələrində
ona toxunmasın. Xüsusən tez-tez ümummilli lider Heydər
Əliyevin Naxçıvan MR-in Ali Məclisinə sədrlik
etdiyi dövrdə baş vermiş, amma qələmə
alınmamış hadisələrdən yazırdı. Bunu
tarixçi-jurnalist kimi özünün vətəndaşlıq
borcu hesab edirdi.
Onun vətəndaşlıq
mövqeyi müəllifi olduğu kitablarda da aydın
görünür. Həmin kitabları Azərbaycanın, o
cümlədən Naxçıvanın müasir tarixi də
adlandırmaq olar. Naxçıvanın son 20 illik tarixinə həsr
olunan növbəti kitabı ("Naxçıvan: dövlət
müstəqilliyi uğrunda mübarizənin
dayağı") haqqında qəzetimizdə lap bu
yaxınlarda məqalə dərc edilmişdi.
Amma redaksiyanın katibliyində
Məmmədin macal tapıb dərc edə bilmədiyimiz məqalələri
də var. Həmin məqalələr dərc ediləcək.
Lakin dərcdən sonra həmişəki kimi
Naxçıvandan - Məmməddən redaksiyaya minnətdarlıq
zəngi olmayacaq.
Bəli, Məmməd həssas
həmkar idi. Qəzetimizdə elə bir uğurlu yazı
olmazdı ki, zəng vurub müəllifə təşəkkür
etməsin. Məmməd həm də təbii insan idi. Necə
var idisə, elə də görünürdü,
özünü başqa cür təqdim etməyi heç fikirləşmirdi
də... Fikirləşdiyi dilində, dilindəki əməlində
idi.
Bir də Məmməd sanki həmişə
hara isə tələsirdi. Sözün hər mənasında
bir yerdə duran deyildi. Soruşanda deyirdi ki, sürət əsrində
yaşayırıq, dayandınsa batdın.
Elə o, sürətin də
qurbanı oldu. Avtomobil qəzası nəticəsində
özü və atası dünyalarını dəyişdilər.
Əcəl onları doğmalarının, əzizlərinin əlindən
aldı. Nə yaxşı ki, Məmmədin qəza vaxtı
avtomobildə olan həyat yoldaşına qıyıb iki
balasını anadan da yetim qoymadı...
Allah rəhmət eləsin.
Azərbaycan.- 2011.-24 may.- S. 8.