Üçüncü minilliyin nəhəng
mühəndis qurğusu
6 il əvvəl BTC-nin Azərbaycan
hissəsi istismara verildi
2005-ci il
mayın 25-də Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan kəmərinə Səngəçal
terminalından ilk neft vuruldu. Bununla da kəmərin
Azərbaycan hissəsi işə düşdü. Bu münasibətlə Səngəçalda və
sonra da Bakıda təntənəli mərasimlər
keçirildi. Təntənələrdə
Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı daha
üç ölkənin - Türkiyənin,
Gürcüstanın, Qazaxıstanın dövlət
başçıları iştirak edirdilər.
Qazaxıstan Prezidenti Nursultan
Nazarbayevin BTC-nin Azərbaycan hissəsinin
istifadəyə verilməsi və kəmərə ilk neftin
axıdılmasına həsr olunmuş tədbirdə dediyi
sözlər hamının fikrini ifadə edirdi:
"Xatırlamaq istəyirəm ki, bu layihənin müvəffəqiyyəti
çox böyük, dahi bir şəxsiyyətin nailiyyətidir
və o, bizim qəlblərimizdə həmişə
yaşayacaqdır. Onun haqqında bizim xatirələrimiz
zəngindir və həmişə onu yada salacağıq.
Bu dahi şəxsiyyət Heydər Əliyevdir.
Mən onun işini bütün bu illər ərzində
müşahidə etmişəm. Biz
çox yaxşı bilirik ki, o, nə kimi səylər, cəhd
göstərmişdir ki, bu boru kəməri layihəsi həyata
keçirilsin".
"Əgər
Heydər Əliyev olmasaydı, BTC də olmazdı". Bu fikri
dünyanın bir sıra görkəmli şəxsiyyətləri
ayrı-ayrılıqda, təbii ki, bir-birindən xəbərsiz
söyləmişlər. Təsadüfi deyil
ki, BTC-nin inşası başa çatandan sonra onun araya-ərsəyə
gəlməsində iştirak edənlərin hamısı belə
qərara gəldi ki, kəmər ulu öndərin
adını daşısın. Türkiyə
dövlətinin və xalqının istəyi ilə
Aralıq dənizinin sahilindəki Ceyhan terminalına da Heydər
Əliyevin adı verildi. Bu etimadı
layiqincə doğruldan BTC ahəngdar və təhlükəsiz
işləyir. O, üç ölkənin ərazisində
1768 kilometr məsafə qət edərək altı ildir Azərbaycan
neftini Səngəçaldan Ceyhana aparır.
2005-ci ilin may ayında BTC-nin
borularına ötürülən "Mərkəzi Azəri"
platformasının verdiyi neft idi. Məlum
olduğu kimi, "Azəri" yatağı üç hissədən
ibarətdir. Növbəti ildə "Qərbi
Azəri"dən və "Şərqi Azəri"dən
də neft alındı. Daha sonra isə
"Dərinsulu Günəşli"dən hasilata
başlandı. İndi BTC dünya
bazarlarına "Azəri-Çıraq-Günəşli"
neftini, "Şahdəniz" kondensatını
daşıyır. Bundan əlavə, BTC ilə
Türkmənistan nefti də nəql olunur.
Layihələşdirilərkən
ötürmə qabiliyyəti gündə 1 milyon barel olan boru
xəttinin gücü sonradan 20 faiz də artırılıb. İndiyədək
kəmərin bir gün üçün ən yüksək
göstəricisi 1,044 milyon barel olub. Bu ilin aprel ayında
BTC vasitəsilə 2,8 milyon ton Azərbaycan
nefti nəql edilib. Yanvar-aprel aylarında kəmərlə 11,4 milyon ton neft ötürülüb. Keçən ay boru xəttinə həmçinin
797 min ton Türkmənistan nefti qoşulub.
Bu il aprel
ayının 17-də Ceyhan limanından BTC nefti ilə yüklənmiş
1500-cü tanker dünya bazarlarına yola salınıb.
Xatırladaq ki, Ceyhandan ilk tanker 2006-cı il
iyunun 4-də yola düşmüşdü. Həmin
vaxtdan bu ayın 15-dək BTC nefti ilə yüklənmiş tankerlərin
sayı 1525-ə çatıb. İndiyədək
BTC ilə 159 milyon tona yaxın (təxminən 1188 milyon barel)
neft nəql edilib.
Bu məlumatı
"bp Azərbaycan" şirkətindən
almışıq. BTC layihəsinin əməliyyatçısı
bp (Böyük Britaniya) şirkətidir. Burada onunla
ARDNŞ (Azərbaycan), "Şevron" (ABŞ),
"Statoyl" (Norveç), TPAO (Türkiyə), "Eni"
(İtaliya), "Total" (Fransa), "İtoçu"
(Yaponiya), "İnpeks" (Yaponiya), "KonokoFilips"
(ABŞ) və "Hess" (ABŞ) şirkətləri tərəfdaşlıq
edirlər.
İndi ekoloji
problemlərin həllinin bütün dünya
üçün önəm daşıdığı bir
zamanda BTC və ətraf mühit məsələsindən yan
keçmək olmaz. Məlumdur ki, müasir dövrdə
karbohidrogenlərin nəqli üçün ən etibarlı
vasitə boru kəməridir. Xüsusilə
borular torpaq altında basdırılanda. BTC
məhz belə kəmərdir. O, bütün marşrut boyu
torpağa basdırılıb.
BTC ölkəmizdə 13 bölgənin ərazisindən keçir. BTC-nin varlığı barədə torpağın üstündə yalnız marşrut boyu hərdənbir rast gəlinən lövhələr xəbər verir. Onlar BTC-nin öz "yol"unun neçənci kilometrində olduğunu göstərir. Azərbaycanda bu kəmərin iki iri yerüstü obyekti var. Onlardan biri Səngəçaldakı birinci və baş nasos stansiyasıdır. Buradan, yəni Qaradağ rayonundan sonra BTC Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş bölgələrindən keçir. İkinci böyük yerüstü obyekt - nasos stansiyası Yevlaxın ərazisindədir. Bu bölgədən Azərbaycan-Gürcüstan sərhədinə doğru istiqamət götürən kəmər daha beş bölgədən - Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçir.
Vaxtilə tikinti zamanı ətraf mühitə dəyən ziyan da indi aradan qaldırılıb. Torpağa öz əvvəlki görkəmi qaytarılıb. Hazırda boruların üstündəki torpaqlarda əkin-biçin aparılır, bağ-bağat salınır. BTC-nin işə düşməsi ilə Bosfor boğazındakı çoxsaylı tankerlərin sayı azalıb və buradakı nəqliyyat sıxlığı aradan qalxıb.
Bundan əlavə, kəmərin keçdiyi ərazilərdə onun səhmdarlarının həyata keçirdiyi sosial proqramlar da davam edir. BTC-nin sosial sərmayəsi ilə kəmər boyu yaşayış məntəqələrində təhsil və səhiyyə müəssisələri təmir edilir, yollar və su xətləri çəkilir, yeni infrastruktur yaradılır. Bu proqramlar həmçinin kiçik və orta sahibkarlığın inkişafına, kəndli gənclərin peşə yönümünə dəstək verir.
Bütün bunlar vaxtilə Azərbaycanın yeni neft strategiyası, o cümlədən BTC haqqında bədgüman olanlara və onların reallaşmasına maneçilik törədənlərə tutarlı cavabdır. Prezident İlham Əliyevin dediyi kimi, "Azərbaycan çox böyük sınaqlardan şərəflə çıxdı və qarşıda duran bütün vəzifələri uğurla həll etdi. İnvestisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə əks etdirir".
İndi BTC-dən əldə olunan vəsait ölkəmizdə ən təxirəsalınmaz problemlərin həllinə yönəldilib. BTC-nin gəlirləri ilə qaçqın və məcburi köçkünlər üçün qəsəbələr salınıb. Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası üçün vəsait də bu layihənin gəlirlərindən ayrılıb. O, həmçinin tranzit ölkələr üçün sanballı gəlir imkanı yaradıb.
Flora SADIQLI
Azərbaycan.- 2011.-25 may.- S. 2.