Azərbaycan regionda tam müstəqil
siyasət yürüdən dövlətdir
Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə hazırlaşan Azərbaycan Respublikası ötən illərdə nail olduğu möhtəşəm nailiyyətlər sayəsində bu gün Cənubi Qafqazın lokomotiv dövləti kimi çıxış edir, iqtisadi və siyasi maraqlarını əzmlə qoruyur. İqtisadi sahədə keçid dövrü kimi səciyyələnən çətin və mürəkkəb mərhələni geridə qoyan respublikamız üzləşdiyi bütün təhdid və təzyiqləri inamla dəf edərək regionda tam müstəqil siyasət yeridir. Azərbaycan bu gün həm də regional məsələlərdə əsas söz sahiblərindən biridir - respublikanın iştirakı olmadan regionda hər hansı strateji layihənin gerçəkləşdirilməsi mümkün deyildir.
Dövlət başçısı İlham Əliyevin 21 yanvar 2011-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamında göstərildiyi kimi, Azərbaycanın tam müstəqil ölkə olması iyirmi illik inkişaf yolumuzun parlaq nəticəsi olmaqla, hər bir vətəndaş üçün də böyük sərvətdir. Sərəncamda ötən dövrdə keçilən şərəfli yola ümumi nəzər salınmaqla yanaşı, dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması və bununla əlaqədar Tədbirlər Planının təsdiqi məsələsi əksini tapmışdır. Azərbaycanın istiqlal tarixinə böyük ehtiramın təzahürü olan belə bir sərəncamın imzalanması Prezident İlham Əliyevin irs-varislik əlaqələrinə necə böyük həssaslıqla yanaşdığını göstərir.
Sərəncamda haqlı olaraq vurğulanır ki, hələ ötən əsrin 70-80-ci illərindən etibarən respublikada ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı tədbirlər Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna etibarlı zəmin yaratmışdır. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görərək bunun üçün iqtisadi-siyasi baza formalaşdırmışdır. Bu gün ölkəmizin hər bir vətəndaşı ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini əldə etmiş Azərbaycanın məhz ulu öndərin birinci rəhbərliyi dövründə formalaşdırdığı uğurlu bünövrəyə əsaslandığını açıq etiraf edir.
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamın preambula hissəsində ümummilli lider Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərliyi ilə bağlı deyilir: "Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdır".
Hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər ilk növbədə konkret şəxsiyyətlərin əməllərində praktik olaraq təcəssümünü tapır. Bu mənada Azərbaycan xalqı 18 oktyabr 1991-ci ildə qanı, canı bahasına əldə etdiyi dövlət müstəqilliyini məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirdi və dövlət suverenliyinə əbədi təminat yaratdı. Ümummilli lider 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi və mövcud problemlərin həlli yollarını göstərdi. Ulu öndər mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək, onun həyata keçirilməsinə başladı.
Azərbaycanın yeni neft strategiyasının hazırlanaraq həyata keçirilməsi ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Azərbaycana son 17 ildə böyük uğurlar gətirən neft strategiyasının əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadəyə əsaslanır. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda vurğulandığı kimi, "1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın neft strategiyasının reallaşmasına imkan verdi və Xəzər hövzəsində irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini təmin etdi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması böyük strateji uğur və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası yolunda həlledici amil oldu".
İstənilən dövlətin müstəqilliyinin möhkəmləndirilməsinin hüquqi təminatı qismində ilk növbədə onun konstitusiyası çıxış edir. Dövlətin hüquq sisteminin fundamental əsasını təşkil edən konstitusiyanın demokratikliyi, hamılıqla qəbul edilmiş ümumbəşəri norma və prinsiplərə cavab verməsi adekvat olaraq ictimai münasibətləri tənzimləyən qanunların liberallığında, insan və vətəndaş hüquq və azadlıqlarına maksimum təminat yaratmasında real təcəssümünü tapır. Bu mənada hər bir dövlətin konstitusiyası onun ictimai-siyasi, iqtisadi, hüquqi və mədəni həyatının aynasıdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycanın ilk Konstitusiyası da ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapdı, habelə zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradıldı. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda bununla bağlı deyilir: "1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi ilə ölkədə dövlət quruculuğu üçün zəruri hüquqi baza formalaşdı. Ölkəmizin daxili və xarici siyasət konsepsiyası beynəlxalq hüquq normalarına uyğun olaraq quruldu. Bu illər ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu prosesi uğurla həyata keçirilmiş, dövlətçilik ənənələri zənginləşdirilmişdir".
Konstitusiyanın qəbulu ilə paralel şəkildə Azərbaycanda demokratik seçki ənənələrinin formalaşdırılması istiqamətində praktik addımlar atıldı. 1995-ci il noyabrın 12-də azad, ədalətli və şəffaf şəraitdə keçən seçkilərdə Azərbaycan Respublikasının Milli Məclisi formalaşdırıldı və ölkədə demokratik parlamentarizm təcrübəsinin əsası qoyuldu. Yeni qanunların qəbulu hesabına müstəqil dövlət quruculuğu üçün hüquqi baza yaradıldı. Beynəlxalq aləmə inteqrasiya yolu tutan, demokratik dəyərlərə sadiqliyini bütün dünyaya bəyan edən Azərbaycan dövlətinin beynəlxalq əlaqələri genişləndi. Beynəlxalq aləmdə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu faktı etiraf edildi: ölkə həqiqətlərinə diqqət kəsməyə, mövqeyi ilə hesablaşmağa, nüfuzlu beynəlxalq qurumların fəaliyyətində iştirakına böyük maraq göstərməyə başladılar. Əgər əvvəlki dövrlərdə Azərbaycanın Avropa Şurasına qəbuluna müəyyən süni əngəllər yaradılırdısa, Heydər Əliyevin bu sahədə apardığı gərgin və səmərəli iş uğurlu bəhrəsini verdi. 2001-ci ilin yanvarında Azərbaycan bu mötəbər təşkilata tamhüquqlu üzv olaraq Avropa dövlətləri sırasında layiqli yerini tutdu. Respublikamız "Avropa evi"nin tamhüquqlu və etibarlı sakininə çevrildi.
2001-ci il oktyabrın 18-də - Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümü münasibətilə keçirilən təntənəli tədbirdə ulu öndər Heydər Əliyev bununla bağlı demişdi: "Biz 1991-ci il oktyabrın 18-də ölkəmizin müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etməklə bütün dünyaya bəyan etdik ki, Azərbaycan müstəqil dövlətdir. Biz on ildir ki, müstəqil dövlət kimi yaşayırıq. Bu illər ərzində çətin və olduqca şanlı, şərəfli yol keçmişik. Birləşmiş Millətlər Təşkilatının bərabərhüquqlu üzvüyük. Dünyanın bütün beynəlxalq təşkilatlarının üzvüyük. Son olaraq, bu ilin əvvəlində dünyanın mötəbər beynəlxalq təşkilatlarından birinə Avropa Şurasına da qəbul olunduq. Biz bunlarla fəxr edirik və xalqımızın fəxr etməyə haqqı var. Amma xalqımız üçün bu qürur hissini yaradan, bu iftixar hissini verən odur ki, o, artıq azad yaşayır, öz taleyinin sahibidir və Azərbaycan xalqının dünya xalqları içərisində imzası var".
Ümumilikdə, ulu öndər Heydər Əliyevin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası müstəqilliyinin 20-ci ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycanın möhtəşəm nailiyyətlərinə ciddi zəmin yaratmış, onu regionun qüdrətli, sayılıb-seçilən dövlətinə çevirmişdir. Bu müddətdə bütün sahələrdə ciddi islahatlar həyata keçirən Azərbaycan çox böyük çətinliklərdən, ağır sınaqlardan üzüağ çıxmış, dövlətçiliyini qoruyub saxlayaraq möhkəmləndirmişdir. Bir zamanlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən respublikamız bu gün tamam fərqli statusda çıxış edir.
Ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyinin möhkəmləndirilməsi və islahatlar kursunun uğurla davam etdirilməsi istiqamətində ən böyük xidmətlərindən biri də özündən sonra layiqli siyasi davamçı və lider yetişdirməsidir. Son 8 ildə respublikaya inamla rəhbərlik edən Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas qayəsində də məhz müstəqilliyin möhkəmləndirilməsi, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi məramı dayanır. Cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallığa adekvat addımları ilə respublikanın dinamik yüksəlişini təmin etdi. Yeni dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirdi, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin çevikliyinə nail oldu. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda göstərildiyi kimi, "Regionların inkişafı proqramı çərçivəsində böyük nailiyyətlər əldə edilmişdir. Təhsil, səhiyyə, mədəniyyət və sosial həyatda qazanılan müvəffəqiyyətlərin miqyasının parlaq göstəricisi tikilən yüzlərlə məktəb, yaranan tibb müəssisələri, yeniləşən mədəniyyət ocaqları, muzeylər, parklar, qurulan idman kompleksləri və olimpiya mərkəzləridir. Aparılan quruculuq və abadlıq işləri sayəsində bu gün paytaxtımız yeni görkəm almaqdadır, şəhər və rayonlarımız ildən-ilə gözəlləşir. Ölkəmizin ərzaq təhlükəsizliyi təmin olunmuş, yeni iş yerləri açılaraq yoxsulluğun səviyyəsi bir neçə dəfə azaldılmışdır".
Güclü dövləti müstəqil siyasətin mühüm şərti sayan Prezident İlham Əliyev xalqımızın ən böyük milli sərvəti olan müstəqilliyin möhkəmləndirilməsi üçün bu gün də əzmkarlıqla çalışır. Azərbaycan xalqı da qəlbən inandığı və siyasətini bəyəndiyi liderinin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, ən müxtəlif sahələrdə ciddi nailiyyətlərə imza atacağına ürəkdən inanır.
S.ELMANOĞLU
Azərbaycan.- 2011.-25 may.- S. 3.