Şanlı dövlətçilik
və istiqlaliyyət tariximiz
Bu tarixə Gəncənin adı
şərəflə həkk olunub
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafının, milli oyanışının nəticəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, cümhuriyyət dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Birinci dünya müharibəsinin başa çatması, Rusiyada oktyabr inqilabı və çarizmin süqutundan sonrakı gərgin vəziyyət Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şərait yaratmışdı. Belə bir şəraitdə müstəqil cümhuriyyəti qura biləcək qabaqcıl ziyalılar təbəqəsinin yetişməsi də müstəqil Azərbaycan dövlətinin yaranmasında müstəsna rol oynamışdı. Əksəriyyəti Moskvada, Peterburqda və Avropanın digər şəhərlərində yüksək təhsil alan, Avropa və dünya mədəniyyəti ilə yaxından tanış olan bu insanlar öz intellektual potensialı, millətinə olan sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə fəal iştirak etmiş, siyasi-ictimai, maarifpərvər fəaliyyətləri ilə xalqımızın milli oyanışına mühüm töhfələr vermişlər.
Bu insanlar 1918-ci ildə Azərbaycanın istiqlaliyyətini elan etdilər. Atılan ilk addım Azərbaycan Milli Şurasının yaradılması oldu. Belə ki, 1918-ci il mayın 27-də Zaqafqaziya Seyminin azərbaycanlı üzvləri bölgədə yaranmış mürəkkəb və ziddiyyətli vəziyyəti nəzərə alaraq ayrıca yığıncaq keçirdilər və onlar bütün idarəçiliyi öz üzərlərinə götürərək Azərbaycan Milli Şurasını yaratdılar. Mayın 28-də isə Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Burada iştirak edən Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli və digər görkəmli dövlət xadimləri, vətənpərvər ziyalılar Azərbaycanın "İstiqlal Bəyannaməsi"ni qəbul etdilər. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin, respublikamızın müstəqilliyinin əsası qoyuldu.
İstiqlal mübarizəsi tariximizdə həmin bəyannamənin bütün Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq ən obyektiv tarixi qiymətini ulu öndər Heydər Əliyev vermişdir: "Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər - Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı".
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Milli Şura və Azərbaycan hökuməti iyunun 16-da Gəncəyə köçdü. Azərbaycanın müstəqil dövlət kimi bütün təsisatları burada yaradıldı. Gəncə 92 gün Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı kimi şərəfli bir dövr yaşadı. Azərbaycan dilinin dövlət dili elan edilməsi, milli bayrağın təsdiq olunması, Gəncənin tarixi adının bərpası, hərbi nazirliyin yaradılması, Azərbaycan vətəndaşlığı haqqında və bir sıra digər qanun və qərarların qəbulu, Osmanlı dövləti ilə əlaqələrin qurulması məhz cümhuriyyətin Gəncə dövründə baş verdi. Beləcə, qədim Gəncənin adı Azərbaycanın şanlı dövlətçilik tarixinə yazıldı.
Bakının erməni daşnaklarından və bolşeviklərdən azad edilməsindən sonra paytaxt Gəncədən Bakıya köçürüldü. Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi. Həyata keçirilən tədbirlər xalqımızın dövlətçilik ənənələrinin bərpasına böyük təsir göstərdi.
Azərbaycan Xalq Cümhuriyyəti bir sıra dövlətlərlə ikitərəfli diplomatik münasibətlərin qurulmasına nail ola bildi. Bunların nəticəsi olaraq 1920-ci ilin yanvarında Azərbaycan dövlətinin müstəqilliyi artıq de-fakto tanınırdı. Dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika olan Azərbaycan özünün parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlət idi.
Lakin 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi. Ona görə müstəqil Azərbaycan Respublikası demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilmədi. Bununla belə, qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadı. Cümhuriyyətin ömrü qısa olsa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi. Buna görə müstəqillik hissləri azərbaycanlıları sonrakı dövrdə heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlara hakim kəsildi. Ancaq respublikanın süqutu onu göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha da çətindir.
Sovetlər dövründə Azərbaycan formal şəkildə müstəqil olsa da, əslində, bu, əsarətdən başqa bir şey deyildi. Xalqın bütün milli-mənəvi dəyərləri əlindən alınmış, tamamilə yad ideologiyanın təsiri altına düşmüşdü. Üstəlik, zəngin iqtisadi potensialı, nefti olan Azərbaycan sadəcə keçmiş İttifaqın xammal bazası rolunu oynayırdı. Respublika öz iqtisadi və sosial göstəricilərinə görə SSRİ-də axırıncı yerdə dayanırdı. Eyni fikirləri milli mədəniyyətimiz barədə də demək olar. Əgər bir az da belə getsəydi, öz mental dəyərləri, mənəvi xəzinəsi ilə dünyaya nümunə olan xalqımızın zəngin irsindən heç nə qalmayacaqdı.
1969-cu ildə Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra ölkədə hər şey dəyişdi. Xalqın mənəvi dəyərləri özünə qayıtdı, ölkə xammal bazasından istehsalçıya çevrildi. Heydər Əliyevin ölkəmizə rəhbərliyə başlamasından sonra tezliklə Azərbaycanı və onun mədəniyyətini bütün dünyada daha yaxından tanımağa başladılar. Bu gün politoloqlar haqlı olaraq Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünü ölkəmizin intibah dövrü adlandırırlar. Hazırda müstəqil Azərbaycanın iqtisadi yüksəlişində baza rolunu oynayan sənaye və kadr potensialı ulu öndər Heydər Əliyevin həmin illərdəki məqsədyönlü, düşünülmüş, uzaqgörən fəaliyyəti sayəsində təşəkkül taparaq formalaşdı.
Nəhayət 70 illik fasilədən sonra Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdi. Xalq cümhuriyyətinin ideyalarını davam etdirərək bu tarixi varislik üzərində yeni Azərbaycan dövləti yaradıldı. "Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəyovun və Əhməd Cavadın yaratdıqları Dövlət himnini, xalq cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir... Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk xalq cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün respublika onun varisidir, bütün xalq onun varisidir", - deyə Heydər Əliyev bildirirdi.
Amma ilk illərdə hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də məhv olmasına gətirib çıxaracaqdı. Bir-birini əvəz edən A.Mütəllibov və AXC-Müsavat cütlüyünün iqtidarları, əslində, dövlətçilik deyil, hakimiyyətdə qalmaq maraqlarından çıxış edir, hələ kövrək olan dövlət müstəqilliyini təhlükə altına salırdılar. 1991-1993-cü illərdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün heç bir iş görmədilər, əksinə, ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına gətirib çıxardılar. Bütün bunlar isə nəticə etibarilə müstəqilliyin məhvinə aparırdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyin məhvinə doğru gedən prosesi daha da sürətləndirirdi.
Belə bir vəziyyətdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanımızı qarşıdakı bütün təhlükələrdən xilas etdi. 1993-cü ilin iyununda yenidən siyasi hakimiyyətə qayıdan və dövlətçiliyimizin sükanını öz etibarlı əllərinə alan Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Əgər həmin məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan adlı məmləkət dünya xəritəsindən silinə bilərdi.
Ulu öndərin rəhbərliyi ilə qısa müddətdə dövlətçiliyin təməl prinsipləri yaradılaraq möhkəmləndirildi, müstəqil Azərbaycan dünya birliyinin tamhüquqlu üzvünə çevrildi. Heydər Əliyevin dühası, qüdrəti və zəngin dövlətçilik təcrübəsi xalqımızı vahid milli ideya - azərbaycançılıq ideyası ətrafında birləşdirdi. Heydər Əliyev dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus yeri olduğunu nəzərə alaraq 2003-cü ilin fevral ayında Bakı şəhərində xalq cümhuriyyətinin xatirəsinə abidə ucaldılması haqqında sərəncam imzaladı.
Bu gün Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi əldə etdiyi bütün uğurlar dövlət müstəqilliyinin bəhrəsidir. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nın dövlət qayğısı ilə yüksək səviyyədə nəşri bunun parlaq təzahürüdür. Hər il 28 may-Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbullar təşkil olunur, bu əlamətdar günlə bağlı dövlətimizin başçısı xalqı təbrik edir: "Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini, milli mənəvi dəyərlərimizi üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Müsəlman ölkəsi olmaqla yanaşı, Azərbaycan bütün tarixi boyu Qərb dəyərlərini, mədəniyyətini məmnuniyyətlə mənimsəmiş, azərbaycanlı ziyalılar və siyasi xadimlər ölkənin gələcəyini müasir təhsildə, elmdə, sivil xalqlar ailəsinə qovuşmaqda görmüşdür".
Bakıda xalq cümhuriyyətinin şərəfinə ucaldılan abidənin açılması Azərbaycan hakimiyyətinin dövlətçilik tariximizə verdiyi qiymət kimi olduqca diqqətəlayiqdir. İstiqlaliyyət küçəsində qoyulan bu abidə adları Azərbaycan dövlətçiliyi ilə birgə tarixə düşən istiqlal mücadiləsi iştirakçılarının xatirəsinə ən böyük ehtiramdır.
Xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan, onun parlaq və şərəfli səhifəsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 93 il ötür. Müstəqilliyimizi bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.
Azərbaycanın dövlətçilik tarixində özünün xüsusi yeri olan Gəncə şəhəri də dövlətimizin müstəqilliyinin bəhrəsini yaşayır. 20 illik müstəqillik tariximizdə qədim Gəncənin dövlətçilik tariximizdəki yerinin daha yaxından öyrənilməsi, tarixi abidələrin bərpası, şəhərin simasının daha da gözəlləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının nəticəsi olaraq son illərdə Azərbaycanın bütün şəhər və rayonları kimi, Gəncə şəhəri də xeyli inkişaf edib. Tarixilik və özünəməxsus gözəlliyi qorunmaqla Nizami yurdu son dövrlərdə həqiqətən müasirləşib, bölgənin aparıcı şəhərinə çevrilib. Bütün bunlar onu göstərir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin keyfiyyətcə yeni mərhələyə qaldırdığı inkişaf strategiyası Gəncədə uğurla həyata keçirilir. Dövlət başçısı Gəncənin qədim tarixinə, memarlıq və dini abidələrin bərpa edilməsinə, burada yaşayıb-yaratmış, fəaliyyət göstərmiş tarixi şəxsiyyətlərin - Nizaminin, Cavad xanın adının uca tutulmasına da daim böyük ehtiramla yanaşıb. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Gəncənin qədim rəmzi yenidən gerb olaraq bərpa edilib. Nizaminin məqbərəsi üzərindəki kompleksdə, eləcə də şəhərdəki digər məscid və ziyarətgahlarda təmir-yenidənqurma işləri aparılıb.
Bu gün Gəncədə regionların sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramının icrası uğurla davam edir. İnanırıq ki, şəhərimizin inkişafı ilə bağlı bu proqram üzrə qarşıya qoyulan məqsədlər müvəffəqiyyətlə gerçəkləşəcək və Azərbaycanın şanlı dövlətçilik tarixində xüsusi yeri olan Gəncə bütövlükdə Qafqazın ən gözəl şəhərlərindən birinə çevriləcək. Qədim Nizami yurdu tarixi ənənələrinə sadiq qalaraq hər zaman Azərbaycan dövlətçiliyinin inkişafına və möhkəmlənməsinə böyük töhfələr verəcək.
Rəfiqə SADIQOVA,
"Gəncənin səsi" qəzetinin
baş redaktoru
Azərbaycan.- 2011.-25 may.- S. 3.