Mərkəzi Bank "Visa İnt" təşkilatı ilə
birgə seminar keçirib
"Visa İnt." beynəlxalq kart təşkilatı Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişafına yönəldilmiş tədbirlər çərçivəsində "Visa ödəniş kartları, Ticari ekvayrinq" mövzusunda kommersiya banklarının nümayəndələri üçün seminar keçirib.
Mərkəzi Bankın mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə "Visa İnt." beynəlxalq kart təşkilatı tərəfindən MDB ölkələri üzrə regional menecer Aleksandr Kalita, Cənub-Şərqi Avropa və MDB ölkələrində məhsullar üzrə menecer Sergey Koptik və Cənub-Şərqi Avropa və MDB ölkələrində ödəniş kartlarının qəbulu şəbəkəsinin inkişafı üzrə menecer İqor Noçka iştirak ediblər.
Seminarda banklar tərəfindən emissiya olunan debet kart məhsulları, əməkhaqqı kartları, təsərrüfat subyektlərində ödəniş vasitəsi kimi onlardan istifadə olunması həcminin artırılması, bu istiqamətdə mövcud beynəlxalq təcrübə haqqında geniş danışılıb. Eyni zamanda, 2011-ci ilin aprel ayında Azərbaycanda ekvayrinq bazarının inkişafı sahəsində aparılan tədqiqatın nəticələri, ölkədə ticari ekvayrinqin gələcək inkişaf istiqamətləri barəsində seminar iştirakçıları məlumatlandırılıb.
Bunlardan əlavə, tədbir iştirakçılarına "Visa premiyum" kartları haqqında məlumat verilib və onların üstünlükləri, müştərilərin tələb və ehtiyaclarına əsaslanaraq həmin məhsullar üzrə effektiv satış strategiyasının əsasları haqqında müzakirələr aparılıb.
Azərbaycan.- 2011.-25 may.- S. 7.