Bakı şəhəri
bədii özfəaliyyət
kollektivlərinin 28 May
- Respublika Gününə
həsr olunmuş festivalı keçirilir
Bakı Şəhər
Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü
ilə Xətai Rayon Mədəniyyət Mərkəzində bədii
özfəaliyyət kollektivlərinin 28 May - Respublika Gününə
həsr olunmuş festivalının baxış-müsabiqəsi
keçirilmişdir.
Mədəniyyət mərkəzindən
AzərTAc-a bildirmişlər ki, festivalın məqsədi mədəniyyət
müəssisələrində fəaliyyət göstərən
bədii özfəaliyyət kollektivlərinin, mədəni-maarif
müəssisələrinin işinin daha da möhkəmləndirilməsi,
Azərbaycan milli musiqisinin, folklor və rəqs janrının
inkişaf etdirilməsidir.
Festivalın
baxış-müsabiqəsində Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin şəbəkəsinə daxil
olan mədəniyyət evlərinin bütün bədii
özfəaliyyət kollektivləri iştirak etmişlər.
Çıxışları
6 nəfərdən ibarət münsiflər heyəti qiymətləndirəcəkdir.
Tədbirin şərtlərinə görə, mədəniyyət
müəssisələrinin bədii özfəaliyyət
kollektivlərinin festivalında xalq çalğı alətləri
və instrumental ansambllar, milli və müasir rəqs kollektivləri,
muğam üçlüyü iştirak edəcəklər.
Ansamblların
ifasında 1 rəng, 1 xalq mahnısı, 1 bəstəkar
mahnısı dinləniləcəkdir. Rəqs kollektivlərinin
ifasında 1 milli rəqs, 1 müasir rəqs nömrələri
nümayiş olunacaqdır. Muğam
üçlüyünün ifasında isə ən yaxşı
muğam ifası qiymətləndiriləcəklər.
Festivala mayın 25-də
Badamdar qəsəbə mədəniyyət evində yekun
vurulacaqdır.
Qaliblərə Bakı
Şəhər Mədəniyyət və Turizm İdarəsinin
müxtəlif dərəcəli diplomları və qiymətli
hədiyyələri təqdim ediləcəkdir.
Azərbaycan.- 2011.-25 may.- S. 4.