Meksikanın nüfuzlu "The
News" qəzetində Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzündən bəhs
edilmişdir
Meksikanın nüfuzlu və yeganə ingilisdilli "The News" qəzetində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Meksikaya səfərinə dair geniş məqalə dərc edilmişdir.
Ölkəmizin Meksikadakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, məqalədə nazir E.Məmmədyarova istinadla qeyd olunmuşdur ki, Azərbaycan enerji, ticarət və investisiyalar sahələrində Meksikaya yardım göstərməyi təklif etmiş və eyni zamanda, Meksika hökuməti tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın haqlı mövqeyinin gələcəkdə də dəstəklənməsinə ümid edir.
Məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, xalqımıza qarşı etnik təmizləmə, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının tapdalanması, işğal edilmiş ərazilərdə tarixi və mədəni irsin məhv edilməsindən söz açılır.
Həmçinin bildirilmişdir ki, Ermənistan ilə münaqişənin həll edilməsi Azərbaycan üçün prioritet məsələlərdən biridir. Bu, Azərbaycanın xarici siyasətinin formalaşması üçün əsas təsiredici faktordur və münaqişənin həllində ölkəmizin mövqeyi BMT-nin Nizamnaməsi və beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır.
Yazıda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərə istinad olunaraq vurğulanmışdır ki, bu sənədlər Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanındığının əsas göstəricisidir. Bildirilmişdir ki, münaqişə ilə bağlı danışıqlar prosesinin uğurla nəticələnməsi Ermənistanın da eyni şəkildə konstruktiv mövqeyindən və beynəlxalq ictimaiyyətin fəal dəstəyindən asılıdır.
Məqalədə həmçinin Azərbaycanın Latın Amerikasının lider ölkələrindən biri olan Meksika ilə əməkdaşlıq məsələlərinə mühüm əhəmiyyət verdiyi qeyd edilmişdir. Ölkələrimiz arasında mümkün əməkdaşlıq sahələri, o cümlədən enerji, informasiya texnologiyaları, ticarət və mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsi perspektivlərinin araşdırıldığı vurğulanmışdır. Bildirilmişdir ki, Azərbaycanın Meksikadakı səfirliyi fəaliyyət göstərdiyi vaxtdan etibarən ölkələrimiz arasında ikitərəfli əlaqələr daha intensiv şəkildə inkişaf etməyə başlamışdır.
Yazıda
Meksikada keçirilmiş Azərbaycan mədəniyyəti
günləri, habelə bu ölkənin iqtisadi və biznes
dairələri nümayəndələrinin Bakıya səfəri,
iki ölkənin gənclər, idman və informasiya
texnologiyaları sahələrində yaradılmış əməkdaşlıq
əlaqələri, yüksək səviyyəli rəsmi səfərlər
barədə də ətraflı məlumat verilmişdir.
Azərbaycan.- 2011.-25 may.- S.5.