Bir aktyorun benefisi
Publisistik düşüncələr
Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı
mövsümü" əsərini oxuyarkən
... Sənətşünaslar
onun əsas nüanslarını aşağıdakı kimi
sıralayırlar: əlaqəsizlik, yadlaşma,
insansızlaşma, həqiqəti yerindən oynadıb
parçalamaq, hər şey hər şeyə qarşı,
uyğunsuzluq...
O, heç bir ölçü, meyar tanımır, ənənəvi vərdiş və düzənləri qəbul etmir, məntiqin sərhədlərini görmək istəmir. Çünki onun öz məntiqi var və bu məntiqə görə, hər şeyi bəlli bir sırayla, nizamla düzülmüş şəkildə anlatmağa, canlandırmağa dəyməz, sadəcə səs və hərəkətlərin bir-birinə kobud şəkildə calaq edilməsi yetər. Hadisələr arasında əlaqə yaratmağa da ehtiyac yoxdur, bir-biri ilə əlaqəsiz hadisələri gözəçarpan şəkildə vermək kifayətdir. Ədalətsiz qədər ədalətli, pis qədər yaxşı, qəddar qədər məzlum...
Hansı biçimdə ifadə edilməsindən asılı olmayaraq bundan gülməli nə ola bilər?! Bu cəhəti ilə də o, həmişə istehza doğurur. Onun saysız-hesabsız tapmacalarında, simvollarında, mənasızlıq ünsürlərində önəmli olan bir sevinc və ya qayğının səbəblərini axtarmaq deyil, sadəcə həmin sevinc və qayğının formasını, varlığını göstərməkdir. Onun qəhrəmanı anti-qəhrəmandır, günahkar, zalım olduğu qədər də zavallı, savadsız və zəifdir.
...Və bütün bunlarla da o, tamaşaçını düşündürə bilir, insanın mahiyyətcə nə qədər ziddiyyətli təbiətə malik olduğunu, hansı girdablara yuvarlanıb, hansı eybəcərliklər sərgiləyə biləcəyini açıb göstərməklə vicdanları mürgüləməyə qoymur.
Mahiyyət etibarilə o, insanların düçar olduqları mənasızlıqların, vəziyyəti yaxşılığa doğru dəyişməyə bihudə cəhdlərin, gələcəyə boş ümidlərin əzabından qaynaqlanan bir mühiti əks etdirir. Çünki onu yaradan, bir sənət növü kimi ortaya çıxaran da elə bu mühitdir.
İkinci dünya müharibəsindən sonra bütün dünyada bir ümidsizlik əhvalı yaranmışdı, insan düşüncəsi dərk edə bilmədiyi güclər qarşısında aciz bir durumda qalmışdı. Müharibədə milyonlarla insanın öz həyatını itirməsi, kütləvi qırğınlar, atom bombasının doğurduğu faciəvi bir boşluq, şəhərlərin, kəndlərin yandırılıb dağıdılması səhnələri hələ də insanların içində dəhşət hissi doğururdu. Qorxu və güvənsizlik kimi, səbəbi az-çox bilinən duyğular yerini səbəbsiz bir narahatlığa, ruh düşkünlüyünə, mənasızlıq duyğusuna buraxmışdı. İnsanlar daha yaxşı bir dünya arzusunda xəyal qırıqlığına uğramışdılar və bu arzu öz yerini bir də heç zaman düzəlməyəcək, parça-parça, ixtilaf və ziddiyyətlərlə dolu bir dünya reallığına güzəştə getməli olmuşdu.
...Üstəlik İkinci dünya müharibəsindən sonra başlanmış sənaye inqilabının ağuşuna atılaraq istəmədən torpağından, yaşadığı aləmdən, təbii bağlardan qoparılıb süni bir aləmin içinə itələnən və kütlə içində təkbaşına qalan insanın faciə dolu tənhalığı...
...Rumın əsilli yazıçı Ejen İonesko ötən əsrin ortalarında Fransanın bax belə bir vaxtında absurd teatrı adlı yeni bir səhnə janrının əsasını qoyarkən İkinci dünya müharibəsində və ondan sonra yaşamış insanların mənəvi vəziyyətini dilə gətirmək istəyirdi. Həm də belə bir ümidlə ki, bu teatrın səhnəsində sərgilənən nizamsızlıqlar həyatın özündə bir nizam yaradacaq, səhnədəki ümidsizlik real həyatın ümidlərinə çıraq tutacaq və bununla dünya daha düzənli bir hala gələcək, amma heyhat...
...Zaman keçdikcə absurd teatrının
mizanları səhnədən həyata doğru irəlilədi,
onun nüansları uydurulmuş miflərin girovuna çevrilərək
eyni ümidsizlik, çıxılmazlıq mühitinə
düçar olmuş xalqların, ölkələrin və
onların dövlət rəhbərlərinin davranış tərzinə
çevrildi.
***
İrəvanın mərkəzində
Teatr meydanı deyilən bir məkan var, nədənsə hər
dəfə Ermənistanın və bu ölkənin
paytaxtının indiki görkəmini təsəvvür etməyə
çalışarkən bu mənzərə təxəyyülümdə
ilk növbədə Teatr meydanı adı ilə assosiasiya
olunur. Nə qədər simvolik sayılsa da, təsəvvürlərimdə
yanıldığımı düşünmürəm. Bəli,
indi Ermənistanda absurd teatrının qəhrəmanlarına
çevrilməkdən özgə çarə qalmayıb,
indi bütün Ermənistan özü boyda bir teatr
meydanıdır və bütün dünya uzun illərdir bu
teatrın səhnəsində oynanılan absurd
tamaşasına tamaşa edir.
Əvvəllər bu
tamaşa düşündürürdü, sonra əyləndirməyə
başladı, indi isə ikrahdan başqa heç bir nəticə
doğurmur...
***
"Gorus - 2010: Absurd
teatrı mövsümü"...
Azərbaycan
elminin görkəmli nümayəndələrindən olan
akademik Ramiz Mehdiyevin yenicə çapdan çıxan və həm
Azərbaycan, həm də beynəlxalq auditoriyada böyük
oxucu marağı ilə qarşılanan bu kitabı Ermənistanın
zaman-zaman müxtəlif səviyyələrdə
nümayiş etdirdiyi absurd tamaşalarından yalnız biri
haqqındadır.
Bu
tamaşanın diqqəti xüsusi cəlb etməsinin özəl
səbəbləri var, necə deyərlər, Gorus məzhəkəsi
bir özgə məzhəkədir. Məzhəkənin
baş qəhrəmanı rolunu başqasına təhəmmül
etməyib, baş rolda Ermənistan prezidenti Serj Sarkisyanın
şəxsən çıxış etməsi həmin
tamaşaya diqqəti artırır və onun ayrı-ayrı
epizodları haqqında düşünməkdən
ötrü ciddi əsaslar verir.
Bir tamaşanın ki baş
qəhrəmanı hansısa sıravi artist deyil, ölkənin
birinci şəxsi ola və səhnəyə
çıxmış bu adam öz monoloqunu ermənilərin
tarixi haqqında tanış sərsəmləmələrin ən
gülüncünə həsr edə, bir tamaşanın ki
auditoriyası uzun illər boyu erməni yalanlarını
dünyanın qulağına üfürməklə məşğul
olmuş erməni diasporunun əli qələmli təmsilçiləri
ilə doldurula, bir tamaşa ki bütün detalları ilə
erməni xalqının və Ermənistan ölkəsinin tam
mahiyyətini bu qədər dəqiqliklə əks etdirə,
- ona necə diqqət yetirməyəsən?!
"Gorus - 2010: Absurd
teatrı mövsümü" kitabında isə bu
tamaşaya təkcə diqqət yetirilməyib, həcmcə o
qədər də böyük olmayan bu əsərlə Serj
Sarkisyanın 2010-cu ilin oktyabrında Gorusda nümayiş
etdirdiyi absurd teatrının timsalında ermənilərin əsrlərdən
bəri apardıqları təbliğat siyasəti
darmadağın edilib, mənfur erməni xislətini zəhərli
miras kimi bir-birinə ötürən bütöv nəsillərin
ucaltmağa çalışdıqları yalan
mülkünün daşı daş üstündə
qoyulmayıb...
Bu kitabda
yazılanlar ermənilərin əsrlər boyu zülmətə
bürüməyə çalışdıqları tarixə
işıq salır, keçmişin həqiqətlərini
yalanlardan arıdır. "Gorus - 2010: absurd teatrı
mövsümü" əsərində öz əksini
tapmış zəngin faktlar Zəngəzur mahalında
böyüyüb boya çatmış bir şəxs kimi,
uşaqlıq, yeniyetməlik dövrümdə o yerlərin
yaşlı sakinlərinin söhbətlərindən
yaddaşıma həkk etdiyim bilgilərin, tarixin o
torpaqların köksündəki min bir izlərinin yüksək
elmi səviyyədə təqdimatıdır.
Bir-bir sadalamaq
istəməzdim, çünki həmin faktları əsərdə
olduğundan yığcam, dəqiq və tutumlu bir şəkildə
ümumiləşdirmək mümkün deyil. Akademik Ramiz Mehdiyevin bu əsərində
ən qədim tarixi qaynaqlardan başlayaraq, çoxsaylı
elmi mənbələr, qədim və müasir dövrün xəritələri
əsasında Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin tarixi kökləri təhlil
edilir, Ermənistan prezidentinin Gorus səhnəsində
nümayiş etdirdiyi tarix məzhəkəsinə cavab olaraq
Cənubi Qafqazda yaşayan yerli etnosların, onların
yaratdıqları qədim dövlətlərin real mənzərəsi
Serj Sarkisyanın və dünya ictimaiyyətinin nəzərinə
çatdırılır. Bu kitab Dağlıq
Qarabağ münaqişəsini keçmiş və
müasirlik işığında güzgü kimi əks
etdirir və həqiqətə kor olanları fakt
qarşısında qoyur.
Tarix emosiyaları sevmir, istənilən hadisə və prosesin obyektiv dəyərləndirilməsi üçün müəyyən zamanın keçməsinə ehtiyac var. Dağlıq Qarabağ münaqişəsi, onu doğuran səbəblər, erməni mifi haqqında ötən əsrin 80-ci illərinin sonlarından indiyə qədər Azərbaycan və dünya tədqiqatçıları tərəfindən sanballı əsərlər ortaya qoyulub. Erməni yalanlarının ifşasında, uydurulmuş miflərin əsl həqiqət qarşısında geri çəkilməsində bu əsərlərin hər birinin böyük tarixi dəyəri var. Bununla belə, bizə belə gəlir ki, münaqişənin yenicə alovlandığı illərdə Dağlıq Qarabağ münaqişəsi haqqında bu qədər uğurlu bir əsəri ərsəyə gətirmək, ən azı, əsərdəki elmi mühakimələri emosiyaların təsirindən qorumaq mümkün olmazdı.
İndi isə aradan bəlli bir zaman keçib, indi hərəkətlər üzərində emosiyalardan çox məntiq hakimlik edir və on minlərlə insanın faciəsinə, milyonlarla Azərbaycan vətəndaşının yurd-yuvasından didərgin düşməsinə səbəb olan, günü bu gün də regionun gələcəyini təhdid altında saxlayan bu münaqişənin aradan qaldırılması üçün hər iki tərəfin düşünən insanları məntiqə, mühakimələrə, qanunauyğunluqlara əsaslanan mümkün yollar axtarır. Bu kitabda da danışan məntiqdir, soyuq mühakimələrdir, tarixin labüd qanunauyğunluqlarıdır. Dağlıq Qarabağ münaqişəsinin fəlakətləri üzərində özlərinə xaniman qurmuş Ermənistan liderləri bu gün həmin məntiqdən yayına, soyuq mühakimələri xarakterlərinə uyğun qara-qışqırıqla qarşılaya, tarixin qanunauyğunluqlarından yan keçməyə çalışa bilərlər, amma bütün bunlar sabah onları başqa bir yerdə haqlayacaq.
Çünki
zaman absurd teatrı deyil, onun axarını kimsə poza
bilmir...
***
Keçmiş
insanın qürurunda gözəldir, ona maraq göstərən,
onun hansısa bir parçasına əlini toxunduran kəsin
keçirdiyi maraqlı hislərdə qutsaldır, aparılan
tədqiqatlar, yeni nəslin yaratdığı ənənələrdə
iştirakı ilə dəyərlidir. Tarix siyasi iddialara
çevriləndə, saxtalaşdırılanda, başqa
xalqlara qarşı yönəldiləndə
qutsallığını itirir, eybəcərləşir, ali
bir dəyərdən çirkin siyasi alət səviyyəsinə
düşür və istehza doğurur.
Dünyanın heç bir etnosu hansısa sehrli qüvvənin əli ilə bir anın içində peyda olmayıb, ən kiçik xalqın da öz tarixi var və bu tarix möhtəşəmliyinə, əsrarəngizliyinə görə bəlkə də dünyanın ən böyük xalqlarında da qibtə doğura bilər.
Dünyanın heç bir xalqı boş fəzada yaşamayıb, hansısa məkanda, hansısa coğrafi arealda təşəkkül taparaq formalaşıb, öz dilini, mədəniyyətini adət-ənənələrini yaradıb, xalqlar bir yerdən başqa yerə köç edib, çarpazlaşıb, ayrılıb, bir-birinin inkişafına təsir göstərib. Bütün bunlar keçmişi öyrənən müvafiq elmlərin tədqiqat predmetidir. Müasir siyasəti tarix, həm də təhrif edilmiş bir tarix üzərində qurmaq, uydurulmuş tarixə istinadən iddialar irəli sürmək isə ancaq xəstə təfəkkürün diktəsi ola bilər.
Tarixlə əlaqəsi hər hansı elmi tədqiqatlardan, əldə edilən elmi biliklərdən daha çox onun qanlı səhifələrini Xocalı soyqırımı, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin etnik təmizlənməsi kimi cinayətlərlə "zənginləşdirməkdən" ibarət olan Serj Sarkisyanın alimlik iddiası da düşüncə qabiliyyətini itirmiş, anormal bir şəxsin sayıqlamaları təəssüratını doğurur.
Bu, əslində, bir şəxsin deyil, tarixinin ən səfeh bir mərhələsini yaşayan bütöv bir xalqın faciəsidir.
Nə yazıqlar ki, bundan bir çox hallarda xoş olmayan məqsədlərlə istifadə etsələr belə, yüksək intellektual potensiallarını yenə də etiraf etməli olduğumuz ermənilərin XXI əsrdə - ilin, günün bu vaxtında hansı savad, mədəniyyət, mənəviyyat sahibinin əlində əsir-yesir qaldığını görüncə, onların faciəsinə acımaya bilmirsən. Bu təəssüf təhlilə cəlb etdiyimiz əsərdə də uğurlu şəkildə öz ifadəsini tapmışdır: "Əsrlər boyu Azərbaycan xalqı ilə yanaşı yaşamış və taleyinə bundan sonra da onunla qonşuluq etmək yazılmış erməni xalqı, heç şübhəsiz, əyalət sakini səviyyəsində mənasız çıxışlar etməklə təkcə özünü deyil, abırlı vətəndaşların bədbəxtliyindən, təmsil etdiyi cəmiyyəti də gülünc vəziyyətə salmayan daha yaxşı rəhbərə layiqdir".
Ermənilər özləri də bunun fərqindədirlər,
Serj Sarkisyanın prezidentliyinin legitimliyi erməni cəmiyyəti
tərəfindən şübhə ilə
qarşılanır, sıravi ermənilər, bu xalqın
düşünə bilən insanları toplum olaraq
uydurulmuş mifə, saxtalaşdırılmış tarixə
əsir düşdüklərini dərk edirlər,
bilirlər ki, bu yolun sonu yoxdur. Amma absurd
teatrının səhnəsindəki monoloq hələ davam
edir, sıravi ermənilər isə ara-sıra bu monoloqu
alqışlamaq məcburiyyətindədirlər,
çünki teatrın baş qəhrəmanı zavallı,
miskin olduğu qədər də zalım və qaniçəndir,
daşnak sələfləri kimi, qan tökmək zərurəti
yarananda onun üçün azərbaycanlılarla ermənilər
arasında ciddi bir fərq qalmır və qəfil atəş
səsləri meydanı insan cəsədləri ilə
doldurur...
***
Xalqların düşmənliyi
anlayışını heç zaman qəbul etməmişəm,
çünki tarix özü bu anlayışa qarşı
dayanıb. Biz azərbaycanlıların unutqan xalq olması barədə
iddialara da münasibətim birmənalı deyil, çünki
unutqan xalq olmur, belə olsaydı, dünyada mədəniyyət
adına heç nə yaranmazdı. Biz də unutqan xalq
deyilik, sadəcə, qəlbimizdəki humanizm prinsipləri və
baş verən proseslərə, bəlkə də
başqalarından daha aydın yanaşma hissi bizi kimsəyə
düşmənçilik bəsləməyə qoymur. Fikrimcə,
dünyanın bütün normal xalqları belədir.
Hesablamalara görə, indiyə qədər dünya tarixində
irili-xırdalı on beş minə qədər müharibə
baş verib, əgər xalqlar bir-birini qırıb
qurtarmayıbsa, deməli, bütün müharibələrin
sonunun sülhlə tamamlanması labüddür. Heç bir
xalq tarixi boyu başqa bir xalqa qarşı əbədi
düşmənçilik hissi ilə alışıb yana
bilmir. Gec, ya tez, hansısa mərhələdə kin, qəzəb,
hirs, hikkə yerini aydın düşüncə tərzinə
verir və xalqların sülh şəraitində öz
yollarına davam etmələri üçün yetərincə
ortaq nöqtələr tapılır. Cəmi altmış,
yetmiş il əvvəl, İkinci dünya müharibəsində
vuruşan doğmalarımızın qara
kağızının daxil olduğu həyətlərimizdə
indi nə vaxtsa həmin müharibəni körükləyib bəşərin
faciəsinə çevirmiş bir ölkənin istehsal etdiyi
avtomobillərin dayanması, cəmi bir neçə on il əvvəl
bir ölkənin başında iki atom fəlakətini
sınaqdan keçirən hər hansısa dövlətin indi
həmin ölkə ilə yaxın müttəfiq rolunda
çıxış etməsi xalqların düşmənçiliyi
anlayışına tarixin ən parlaq ironiyası deyilmi?!
Tarix və tale bizləri
də ermənilərlə eyni coğrafiyada yaşamağa məhkum
edib, zaman-zaman başımıza gətirdikləri faciələrə,
xalqımıza qarşı törətdikləri vəhşiliklərə
rəğmən dərk edirik ki, nə biz, nə də ermənilər
bu taleyi dəyişmək iqtidarındayıq. Nə onlar
minillər boyu vətən axtarışı ilə
dünyada sərgərdan dolaşaraq bir də XIX əsrdə
havadarlarının köməyi ilə yurd salıb özlərinə
dövlət qondardıqları tarixi Azərbaycan
torpaqlarından çıxıb gedəcək qədər səmimi
və məzlumdurlar, nə də biz, ermənilərdən fərqli
olaraq, bir xalqı son nəfərinə qədər
torpaqlarımızdan qovub rədd edəcək qədər
zalım...
Dağlıq Qarabağ
problemi Azərbaycanın ərazi bütövlüyü və
beynəlxalq hüquq normaları çərçivəsində
həllini tapandan, qaçqın və məcburi
köçkünlərimiz öz yurd-yuvalarına
qayıdandan sonra Azərbaycan dövləti Dağlıq
Qarabağdakı erməni əsilli vətəndaşlarına
da sahib çıxacaq. Ölkəmizin sosial-iqtisadi
inkişafından bu insanlara da pay düşəcək. Azərbaycan
dövləti işğaldan azad edilmiş rayonlarımızda
çəkdiyi yeni yollarla erməni əsilli vətəndaşlarını
da palçıqdan çıxaracaq, onların da evlərini
mavi yanacaq isindirəcək, onların da balaları təmirli,
rahat, işıqlı məktəblərdə təhsil
alacaqlar.
Azərbaycan dövləti
erməni vətəndaşlarının ac qarnını
doyuracaq, onları təcavüzkar Ermənistanın illər
boyu çəkdirdiyi sitəmdən, zimistandan xilas edəcək
və bu insanlar regionun ən qüdrətli dövlətinin vətəndaşı
olmaları ilə qürur duyub illərlə onlara zülm
vermiş təcavüzkar Ermənistanın separatçı
liderlərinə min lənət oxuyacaqlar.
Bu, azərbaycanlı ziyalının gələcəklə bağlı qurduğu xəyallar deyil, reallıq hissinə malik erməni siyasi xadimlərinin hələ XX əsrin əvvəllərində - Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi söhbətinin daşnaklar tərəfindən növbəti dəfə qızışdırıldığı 1919-1921-ci illərdə fəhm etdikləri perspektivlərdir. "Gorus 2010: Absurd teatrı mövsümü" əsərinin arxiv sənədlərindən üzə çıxarıb əyaniləşdirdiyi, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının heç bir cəhətdən məqsədəuyğun olmadığını əsaslandıran bu dəlilləri tarixi proseslərin Serj Sarkisyan kimi korafəhm təsadüfləri irəli sürməyib, ermənilərin qürur duya biləcəkləri isimlər sənədləşdirib. Məsələn, erməni separatçıları 1919-cu ildə V.İ.Leninə yazılmış və Ramiz Mehdiyevin iqtibas gətirdiyi bu məktubun müəllifindən necə imtina edə bilərlər ki, bu məktubun müəllifi şəxsən Mikoyan özüdür. O, məktubunda yazırdı: "Daşnaklar, erməni hökumətinin agentləri Qarabağın Ermənistana birləşdirilməsinə çalışırlar. Lakin bu, Qarabağ əhalisi üçün Bakıda həyat mənbəyini itirmək və heç vaxt heç bir əlaqələri olmayan İrəvanla bağlanmaq demək olardı. Erməni kəndliləri beşinci qurultayda qərara gəlmişlər ki, Azərbaycana birləşsinlər".
Əsərdə arxiv sənədlərindəki danılmaz faktlara söykənərək tarixin ağır zərbələri kimi S.Sarkisyana və onun timsalında bütün erməni separatçılarına tuşlanmış suallar bu xalqın azca uzağı görməyi bacaran bütün nümayəndələrini düşünməyə məcbur edir: "Məgər 1921-ci ilin iyununda Qafbüronun plenumunda Qarabağın Azərbaycanın tərkibində qalmasına ermənilərin özləri (məsələn, A.M.Nazaretyan) səs verməmişdilər? Məgər Qarabağ ermənilərinin liderlərinin özləri (məsələn, Sero Manutsyan) bu qərarı alqışlayaraq qeyd etmirdilərmi: "Azərbaycanın tərkibində muxtariyyət aktı erməni kəndliləri tərəfindən tam yekdilliklə qarşılanmışdır".
Ermənilər XX əsrin əvvəllərində ağır fəsadlarından qorxub-çəkindikləri ağır suçu bir də XX əsrin sonlarında işlətdilər, "Böyük Ermənistan" xülyasının toz-dumanı içində əliqanlı siyasət cəlladlarının oyuncağına çevrildilər, vətəndaşı olduqları Azərbaycan dövlətinə asi çıxdılar, azərbaycanlılara qarşı qətliamlara dəstək verdilər. Günlərin birində isə toz-duman yatdı və məlum oldu ki, Dağlıq Qarabağ ermənilərini gələcək haqqında uydurulmuş miflərlə separatçı hərəkətlərə təhrik edən Ermənistan özü zəlil bir gündədir. Akademik Ramiz Mehdiyevin də əsərində qeyd etdiyi kimi, Ermənistan özünü tamamilə ətraf aləmdən təcrid edib, nəqliyyat yolları və boru kəmərləri ondan yan keçir, ölkənin dənizə çıxışı yoxdur, sərhədlərinin 85 faizi bağlıdır və onun dörd sərhədindən ikisinin bundan sonra da "qıfıllı" vəziyyətdə qalacağı şübhə doğurmur.
Əsərdə Ermənistanın bugünkü durumu ilə bağlı yer verilmiş statistik faktlar böyük maraq doğurur. Bu faktlardan məlum olur ki, BMT İnkişaf Proqramının himayəsi altında dərc edilən İnsan Potensialının İnkişafı Haqqında Məruzəyə əsasən, hər il 23 mindən 27 minə qədər adam Ermənistanı tərk edir. Ermənistanın qeyri-hökumət təşkilatlarının məlumatına görə isə, 1991-ci ildən bəri 1,5 milyon nəfər bu ölkəni tərk edib. İyirmi il bundan əvvəl Ermənistan Respublikasında, Arsaxda və Cavaxkda təqribən 3,7 milyon erməni yaşayırdı. Bu gün isə həmin ərazidə 2,2-2,3 milyon erməni yaşayır, yəni burada ermənilərin sayı 40 faiz azalmışdır.
Gellap xidmətinin məlumatlarından görünür ki, postsovet respublikalarından mühacirət etmək arzusunda olanların ən çoxu Ermənistanda yaşayanlardır, nə az-nə çox - düz 39 faiz. Ölkənin bütün iri müəssisələri artıq bu ölkəyə məxsus deyildir və dövlət borclarını ödəmək üçün satılmışdır. Ermənistan hər bir ölkədə dövlətçiliyin rəmzlərindən biri, milli qürur və nüfuz elementi olan dövlət sərhədlərini də özü müstəqil qorumağa qadir deyildir. Onun öz qapalı sərhədlərini qorumaq üçün kifayət qədər hərbi qulluqçusu yoxdur.
Bu faktları nəzərdən keçirdikcə, bir müddət əvvəl əraziyə səfər etmiş rus jurnalistinin bölgədən hazırladığı reportajının yaddaşıma yazdığım son dərəcə tutumlu bir cümləsini xatırlayıram: "Bu torpaqlarda xoşbəxt olmaq üçün daha heç nə qalmayıb".
"Gorus - 2010: Absurd teatrı mövsümü" əsərində diqqətdən kənarda qalmamış ibrətamiz bir fakt da bu müşahidənin, Ermənistan cəmiyyətindəki depressiv ruhun, çıxılmazlığın bitkin bir mənzərəsini yaradır. Məlum olur ki, mümkün qədər tez bir zamanda bu torpaqlardan baş götürüb qaçmağı arzulayan ölkə sakinlərinin, demək olar ki, hamısı, hətta ali rütbəli dövlət məmurları, təhlükəsizlik orqanlarının generalları da "Green Card" Amerika lotereyası oynamağa qurşanıblar.
Lotereya bir bəxt oyunudur, bu bəxt ötən əsrin sonlarında ermənilərin ayağına gəlmişdi. Hələ ötən əsrin əvvəllərində öz əsərlərini "Biz hamımız qafqazlı balalarıyıq" ruhunda kökləyib Azad Qafqaz Evi ideyasını gündəmə gətirən, "1905-ci il" kimi dram əsərləri ilə erməniləri zaman-zaman azərbaycanlılara qarşı qaldırıb xalqımıza qarşı soyqırımlarına təhrik etmiş avantüraların ocağını nişan verən Azərbaycan mütəfəkkirlərinin o zaman məlum səbəblərdən həyata keçirməyə müvəffəq olmadıqları bu ideyanın reallaşması üçün tarix XX əsrin sonlarında hər üç Cənubi Qafqaz ölkəsinin dövlət müstəqilliyini əldə etməsi ilə gözəl bir fürsət yetirmişdi. Bu fürsət düzgün dəyərləndiriləcəyi təqdirdə Cənubi Qafqazdakı mövcud mənzərənin perspektivi "Gorus - 2010: Absurd teatrı mövsümü" əsərində aydın şəkildə öz ifadəsini tapır: "Ölkənin indiki liderləri, elə sadə ermənilər də fikirləşirlərmi ki, əgər həmin illərdə "Krunk" və "Qarabağ" komitələrindən olan saxta patriotlar öz xalqını bu mənasız avantüraya cəlb etməsəydilər, Cənubi Qafqaz regionu bu gün necə olardı? Şübhə yoxdur ki, bu region üç ölkənin sıx inteqrasiya etdiyi nümunəvi region olardı, orada insanın milliyyətinin elə bir böyük əhəmiyyəti olmazdı və hər kəs öz identikliyini qoruyub saxlamaq, xalqlar isə öz mədəniyyətini inkişaf etdirmək imkanına malik olardı. Bəs bu avantüristlər nəticə etibarilə nəyə nail oldular?" Nəticə məlumdur, mənasız müharibə, hər iki tərəfdən minlərlə taleyin qırılması, milyonlarla qaçqın, dağıntılar, becərilmək yerinə minalarla zəhərlənmiş geniş torpaq sahələri, sosial xərclər əvəzinə hərbi xərclərin artırılması. Əsas məqsəd isə əldə edilməmişdir: "Dağlıq Qarabağı Ermənistana birləşdirmək mümkün olmamışdır və heç vaxt mümkün olmayacaqdır - nə 20 il bundan əvvəl, nə bu gün, nə də 100 ildən sonra. Nə birbaşa, nə də qondarma "müstəqillik" sayəsində".
"Green Card" lotereyasının açacağı bəxtə ümid bağlamağa da dəyməz, Ermənistanın bağlı sərhədləri kimi, tarixin lənətlədiyi bəxt də açılan deyil.
İndi tövbə zamanıdır. Əliqanlı cəlladların absurd teatrının səhnəsindən yuvarlanıb haqq etdikləri cəzanı almaq üçün Azərbaycan dövləti qarşısında boyun bükərək tarixdəki ən təbii rollarını oynayacaqları gün heç vaxt indikindən yaxın olmamışdı.
Əfsus ki, biz Tanrının daim açıq saxladığı tövbə qapısını qapayacaq qədər imansız, acımasız deyilik.
Amma əfsusmu?!.
İmamverdi İSMAYILOV,
Milli Məclisin deputatı,
yazıçı-publisist
Azərbaycan.- 2011.-25 may.- S. 6.