Azərbaycanda elmi tərəqqinin
əsas təminatçısı Prezident İlham Əliyevdir
Elm - insan zəkasının ən böyük nailiyyəti, millətin varlığının təminatçısıdır. Hər bir dövlətin inkişafının əsasında onun elmi, intellektual kapitalından düzgün istifadə etməsi və bütün bunların sayəsində əldə etdiyi yüksək nailiyyətlər durur. Dünyanın ən inkişaf etmiş dövlətlərinin bu gün iqtisadi-siyasi proseslərdə oynadığı fövqəl missiyasını da təmin edən amil onların elmdə qazandığı nailiyyətləri və bunu ölkənin müxtəlif sahələrində müvəffəqiyyətlə tətbiq etmələridir.
Ümummilli lider Heydər Əliyev daim vurğulayırdı ki, "XXI əsrdə yalnız yüksək elmi potensiala və elm tutumlu texnologiyaya malik ölkələr öz xalqları üçün xoşbəxt və firavan həyat tərzi təmin etmək imkanına malik olacaq". Müdrikcəsinə deyilmiş bu fikir qloballaşan və elmi-texniki inqilabın ən yüksək mərhələsini yaşayan dünyamızda öz aktuallığını hər gün göstərir.
Ulu öndər hələ sovet dövründə respublikaya rəhbərlik edərkən elmin, təhsilin inkişafına xüsusi diqqət ayırırdı. Məhz bu qayğının nəticəsində o vaxtlar Azərbaycan elmi böyük nailiyyətlər əldə etmiş, dünya elminə sanballı töhfələr vermiş, neçə-neçə azərbaycanlı alim SSRİ Elmlər Akademiyasına həqiqi və ya müxbir üzv seçilmişlər.
Ötən əsrin
90-cı illərinin əvvəllərində
yaşadığımız keşməkeşlər Azərbaycan
elminə, xüsusən onun baş məbədi olan Elmlər
Akademiyasına da ciddi təsir göstərmişdir. Cəmiyyətin
bütün sahələrində olduğu kimi, Elmlər
Akademiyası sistemində də dərin böhran, tənəzzül,
hətta iflas prosesləri müşahidə olunurdu. Yalnız Heydər Əliyevin hakimiyyətə yenidən
qayıdışından və Elmlər Akademiyası üzvləri
ilə, elmi ictimaiyyətlə tarixi görüşündən
və görüş nəticəsində atdığı
addımlardan sonra bu prosesin qarşısı alındı və
ölkənin digər sahələrində olduğu kimi, Elmlər
Akademiyasında da sabitlik yarandı. Elmin inkişafı,
elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı
elmi kadrların hazırlanması, cəmiyyətdə elmi
işçilərin nüfuzunun artırılması sahəsində
önəmli tədbirlər həyata keçirildi. Ulu öndər
Heydər Əliyevin 2001-ci il 15 may tarixli fərmanı ilə
Azərbaycan Elmlər Akademiyasına "Milli Elmlər
Akademiyası" statusu verildi. Bu tarixi fərman
ölkədə fundamental elmin nailiyyətlərini, Azərbaycan
xalqının sosial, iqtisadi, mədəni və mənəvi
təşəkkülündə elmin rolunu, ölkənin
ictimai-siyasi həyatında nüfuzunu, dövlətin tərəqqisinin
təminatçısı olduğunu bir daha təsdiqlədi.
Heydər Əliyevin 4 yanvar 2003-cü il
tarixli fərmanı ilə
AMEA-ya müstəqil dövlətimizin
elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanı statusu verildi, onun
Nizamnaməsinə dövlət sənədi, onun prezidentinə
ali icra hakimiyyəti üzvü səlahiyyəti verildi. Bununla da hüquqi zəmin yarandı, Elmlər
Akademiyasının fəaliyyət dairəsi genişləndi
və səlahiyyətləri artdı.
Bütün sahələrdə olduğu kimi, elmə münasibətdə də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyev isə elmdə islahatlar, elmin inkişaf strategiyası, Elmin İnkişafı Fondunun yaradılması ilə bağlı sərəncamları ilə Azərbaycan elminin günün tələbləri səviyyəsinə yüksəlməsi istiqamətində mühüm addımlar atdı. Ötən illərdə ölkəmizdə alimlərin məvacibləri dəfələrlə artırılıb. Xüsusən də dövlət başçısının 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 60 illiyi ilə əlaqədar imzaladığı sərəncamlarla görkəmli alimlərimizə yüksək dövlət mükafatları, elmi adlar, prezident təqaüdü və mənzillər verilməsini qeyd etmək istərdim. Elmin inkişafına yönəldilən xərclər təxminən 7 dəfə artıb. Azərbaycan Elminin İnkişaf Strategiyası təsdiq olunub, 2009-2015-ci illərdə elmin inkişaf strategiyasının həyata keçirilməsi üçün Dövlət Proqramı qəbul edilib, Elmin İnkişaf Fondu yaradılıb və s. Bütün bunlar göstərir ki, AMEA-ya, Azərbaycan elminə diqqət ilbəil artırılır.
Son illər elm və mədəniyyət ocaqlarının təmirinə, maddi-texniki bazasının gücləndirilməsi işinə də böyük diqqət yetirilir. Nümunə kimi bir müddət öncə Tarix Muzeyinin əsaslı şəkildə təmir edilməsini və onun yeni eksponatlarla təchiz olunmasını, köhnə eksponatların bərpası üçün dövlətin hər il vəsait ayırmasını, eləcə də Nizami adına Ədəbiyyat Muzeyinin təmirini göstərmək olar. Hər iki muzeyin təmirdən sonra açılışında Prezident İlham Əliyev iştirak edib və görülən işlərlə yaxından tanış olub. Bütün bunlar Azərbaycanda elmə, mədəniyyətə yüksək diqqət və qayğıdan xəbər verir. Eyni zamanda, Elmin İnkişafı Fonduna çox böyük vəsaitlər ayrılır. Elm ocaqlarının yeni avadanlıqlar ilə təchiz olunması, modernləşməsi, dünya elminə inteqrasiya etməsi, qrant müsabiqələrinin keçirilməsi, elmi işçilərin əməyinin stimullaşdırılması üçün bu fond ciddi işlər görməkdədir. Ümumiyyətlə, akademiyanın təchizat məsələləri son illər xeyli səviyyədə yaxşılaşdırılıb. Texniki avadanlıqlarla təchiz olunması, ezamiyyətlərin verilməsi, xarici ədəbiyyatların alınması və digər məsələlərdə müsbət irəliləyişlər çoxdur.
Xeyli vaxt idi ki, AMEA-nın əsas və digər binalarında əsaslı şəkildə təmir işləri aparılırdı. Dövlət bu təmir-bərpa işləri üçün lazımi vəsaiti ayırmışdı. Bu məsələ Prezident İlham Əliyevin xüsusi diqqətində idi və dövlət başçısının akademiya şəhərciyində aparılan əsaslı təmir işlərindən sonra vəziyyətlə tanış olması buna bariz sübutdur.
Prezident İlham Əliyevin AMEA-nın illik hesabat yığıncağındakı söylədiyi nitq isə Azərbaycan elminin inkişafında çox böyük hadisədir. Dövlət başçısı yığıncaqdakı dərinməzmunlu çıxışında alimlərimizin əməyinə yüksək qiymət verdi: "Akademiyada Azərbaycanın intellektual elitası cəmlənib. Akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir".
Prezident Azərbaycanda elmin inkişafı, modernləşməsi, böyük elmi məktəblərin qorunub saxlanması haqqında dəyərli fikirlər bildirib. Bütün dövrlərdə alimlərimizin Azərbaycanın müxtəlif istiqamətlərdə inkişafına dəyərli töhfələr verdiyini qeyd edən dövlət başçısı, ölkəmizdə dünya səviyyəsində aparılan araşdırmaların öz müsbət təsirini göstərdiyini qeyd edib. Cənab Prezidentin geoloq alimlərimizin ölkəmizin təbii resurslarının kəşfi ilə bağlı əvəzolunmaz xidmətlər göstərdiyini, neft-kimya sahəsində böyük perspektivlərin olmasını, ölkə iqtisadiyyatının hərtərəfli inkişafını və iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməli olduğumuzu, AMEA-nın aqrar bölməsinin yaradılması üçün konkret addımlar atılmasının vacibliyini, elmimizin dəstəyi ilə Azərbaycanda çox güclü kosmik sənaye yaradılacağına əminliyini, informasiya-kommunikasiya sektorunda uğurlarımızı xüsusi vurğulaması elmimizin bütün sahələrinin dövlətin nəzarət və qayğısı altında olmasının göstəricisidir.
Ölkə rəhbəri humanitar elmlərlə bağlı məsələlərin daim diqqət mərkəzində olduğunu deyərək bu sahədə aparılan işlərin çox uğurlu və təqdirəlayiq olduğunu dedi: "Biz bu sahəyə daim diqqət göstərməliyik. Çünki bildiyiniz kimi, müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub. Ona görə bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir. Hesab edirəm ki, Elmlər Akademiyası bu istiqamətdə çox uğurlu fəaliyyət göstərir". Cənab Prezidentin yığıncaqda Azərbaycan dili barədə söylədiyi fikri xüsusi vurğulamaq lazımdır: "Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir".
Prezident İlham Əliyevin ədəbiyyat, arxeologiya, tarix və digər elm sahələri ilə bağlı söylədiyi fikirlər bu sahələrə də böyük önəm verməsini, onları daim diqqət mərkəzində saxlamasını təsdiqləyir: "Mən çox şadam ki, tarixçilərimiz çox sanballı və əsaslı əsərlər yaradırlar. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur. Şadam ki, alimlərimiz mənim çağırışıma müsbət cavab verərək qısa müddət ərzində bu bölgənin tarixi ilə bağlı çox gözəl və real faktlara əsaslanmış əsərlər yaratmışlar. Başlıcası, İrəvan xanlığının tarixi ilə bağlı yaradılmış əsərlər xüsusi məna daşıyır. Çünki əfsuslar olsun ki, dünya birliyi demək olar bilmirdi ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranmışdır".
Yığıncaqda "Biz elə etməliyik ki, Azərbaycan elmi inkişaf etsin, yaşasın və Azərbaycan dövlətinə, Azərbaycanın milli maraqlarına həmişə olduğu kimi, xidmət etsin", - söyləyən Prezident İlham Əliyevin akademiyanın gələcəyinə böyük inam bəsləməsini onun gənc alimlərlə bağlı söylədiyi fikirlər də təsdiqləyir: "Hazırda "Azərbaycan gəncliyi 2011-2015 illərdə" Dövlət Proqramı hazırlanır. Eyni zamanda, Azərbaycan elminin inkişafı üzrə Dövlət Proqramı da 2015-ci ilə qədər hesablanıbdır. Bu iki proqramı biz bir növ bir-biri ilə bağlamalıyıq və gənclərin, ümumiyyətlə, elmə cəlb edilməsi üçün əlbəttə ki, əlavə tədbirlər nəzərdə tutulmalıdır. Mən o fikirlə tam razıyam ki, biz gəncləri elmə cəlb etmək üçün əlavə mexanizmlər hazırlamalıyıq, stimullaşdırmalıyıq".
Ölkə başçısının Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağından sonra mayın 1-dən AMEA-nın həqiqi üzvlərinin aylıq rütbə maaşlarının 1200 manat, müxbir üzvlərininsə aylıq rütbə maaşlarının 850 manat məbləğində müəyyən edilməsi, AMEA-nın tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi-tədqiqat müəssisələrində çalışan işçilərin əməkhaqlarının 20 faiz artırılması, eləcə də akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında verdiyi sərəncamlar alimlərimiz tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Bütövlükdə akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də konkret addımlar atıldı. Prezidentin sərəncamı ilə "Akademiya şəhərciyi"ndə AMEA-nın mərkəzi kitabxanasının yeni binasının tikilməsi, ərazidəki qeyri-akademik qurumların köçürülməsi, burada yerləşən Fizika və Geologiya institutlarının, eləcə də Sumqayıt şəhərindəki Polimer Materialları İnstitutunun binalarının əsaslı təmiri nəzərdə tutulur, eləcə də "Xəzər Elmi Tədqiqat Mərkəzi"nin yaradılması, neft-kimya yönümlü institutların zəruri avadanlıqlarla təchiz edilməsi ilə bağlı təkliflərin hazırlanması müvafiq qurumlara tapşırıldı.
Bütün bunlar onu göstərir ki, Azərbaycan elminin inkişafı, modernləşməsi, dünya elminə inteqrasiya etməsi üçün dövlətimiz əlindən gələni edir, görülən işlərdə alimlərimizi dəstəkləyir, fəaliyyətlərini yüksək qiymətləndirir və onlar üçün hər cür şərait yaradır. Biz alimlərin də vəzifəsi Azərbaycan elmini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və elmimizi yeni-yeni zirvələrə qaldırmaq üçün işimizi daha yüksək səviyyədə qurmaqdır. Bu gün ən başlıca məqsəd AMEA-nı daha çevik, dövlətin və cəmiyyətin real tələbatına cavab verən və gələcək inkişafına xidmət edən bir quruma çevirməkdir. Bununla əlaqədar otuz ildən çox bir müddətdə çalışdığım AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun fəaliyyəti haqqında fikirlərimi bölüşmək istəyirəm.
Hər şeydən əvvəl, onu xüsusi vurğulamalıyam ki, şərqşünaslıq kompleks bir elm sahəsidir. Şərqşünas öz tədqiqat predmetinə tarixi-coğrafi, mədəni-ədəbi və sosial-siyasi aspektlərin qarşılıqlı əlaqəsi və bağlılığı zəminində yanaşır və öyrəndiyi problemin dolğun mənzərəsini yaradır. Bu mənada, şərqşünaslıq unikal elm sahəsidir, üstəlik, bir çox ölkələrdə (o cümlədən qonşu Rusiyada) həm də strateji bir elm sahəsi kimi dəyərləndirilir. Azərbaycan şərqşünaslığı eyni zamanda elmi məktəbləri olan bir elm sahəsidir - bunu digər sahələrdən olan həmkarlarımız da bilir və etiraf edirlər. Yarım əsr əvvəl Yaxın və Orta Şərq Xalqları İnstitutu kimi kiçik bir kollektivlə fəaliyyətə başlayan Şərqşünaslıq İnstitutu tezliklə öz simasını formalaşdırmış və burada akademik Ə.Əlizadənin mətnşünaslıq, akademik Z.Bünyadovun mediyevistika, akademik H.Araslının türkologiya, professor A.İmanquliyevanın ərəbşünaslıq, professor R.Əliyevin iranşünaslıq məktəbləri yaranmışdır. Bu gün Şərqşünaslıq İnstitutunda çalışanların əksəriyyəti bu böyük alimlərin bilavasitə şagirdləri və davamçılarıdır. Son illərdə institutun kollektivi nəinki mövcud çətinliklərə sinə gərmiş, həm də yeni elmi araşdırma sahələri və mövzuları müəyyənləşdirmiş, dünyanın müxtəlif şərqşünaslıq mərkəzləri ilə əlaqələr qurmuş, beynəlxalq əməkdaşlığı genişləndirmişdir. Təkcə başa vurduğumuz 2010-cu ildə əməkdaşlarımız 50-dən çox xarici ölkədə təşkil olunan beynəlxalq elmi konfranslarda iştirak edib, elmimizi ləyaqətlə təmsil etmişlər. Bu, həm də Azərbaycan şərqşünaslıq elminin beynəlxalq miqyasda etiraf olunması deməkdir. Onu da nəzərə almaq lazımdır ki, sovet dönəmində, "dəmir pərdə"nin mövcud olduğu şəraitdə alimlərimizin birbaşa beynəlxalq əlaqələr qurmaq imkanı məhdud idi.
Unutmamalıyıq ki, Azərbaycanın çoxəsrlik tarixi, ictimai fikri, mədəniyyəti, ədəbiyyatı məhz Yaxın və Orta Şərq ölkələrində gedən proseslərlə üzvi sintezdə inkişaf edərək təşəkkül tapmışdır. Böyük alim və mütəfəkkirlərimiz öz qiymətli əsərləri ilə daim Şərq xalqlarının elm və mədəniyyətini zənginləşdirmiş, həmin xəzinəyə qiymətli töhfələr vermişlər. Bu gün demokratik dünyaya inteqrasiya olunan ölkəmiz yeni sistemə məhz tarixən formalaşmış həmin milli-mənəvi dəyərlərlə daxil olur. Belə bir vəziyyətdə, yəni çoxəsrlik mədəniyyətinin təməlində ümumşərq faktoru aparıcı yer tutan müstəqil dövlətimizin dünyanın maraq dairəsində olan regiona diqqətinin artması çox təbiidir. Bunu Prezident İlham Əliyevin Şərq ölkələrinə ardıcıl səfərləri, İslam Konfransı Təşkilatı və EKO-da Azərbaycanın fəal iştirakı da təsdiqləyir. Amma bir həqiqət də var ki, Şərqin tarixini, mədəniyyətini, iqtisadiyyatını, ictimai-siyasi fikrini, filologiyasının aktual problemlərini kompleks şəkildə öyrənmədən, proseslərin mahiyyətini təhlil etmədən regionda baş verən hadisələri diqqətdə saxlamaq və onlardan bəhrələnmək mümkün deyil.
Azərbaycanda Şərqin öyrənilməsinin böyük tarixi ənənəsi olsa da, oraya hələ XIX yüzildə A.Bakıxanov, M.F.Axundov, Mirzə Kazım Bəy, M.S.Topçubaşov kimi böyük alim və mütəfəkkirlərimiz imzalarını qoysalar da, onun sistemli şəkildə tədqiqinə ötən əsrin 50-ci illərindən başlanıb. Lakin ölkəmiz müstəqillik əldə edənə qədər bu elm bütövlükdə keçmiş sovet şərqşünaslığının tərkib hissəsi kimi inkişaf edib. Belə ki, institutda aparılan elmi araşdırmaların tematikası, xüsusilə Şərq ölkələrinin müasir ictimai-siyasi və ideoloji problemləri ilə bağlı bir sıra mövzular hakim marksizm təliminin tələblərinə uyğun şəkildə tədqiq edilərək Sovet İttifaqının Şərq siyasətinin həyata keçirilməsinə xidmət edib.
Ümumiyyətlə isə Azərbaycan şərqşünaslıq elmi həmişə Yaxın və Orta Şərqin siyasətini, iqtisadiyyatını, mədəniyyətini, tarixini, ədəbiyyatını əlahiddə və yaxud ümumdünya proseslərindən təcrid olunmuş şəkildə deyil, Şərq-Qərb sivilizasiyalarının müqayisəsində və ənənələrinin sintezində tədqiq edərək bu gün bütün siyasi güclərin vurğuladığı qütblərarası dialoqun yaranmasına zəmin hazırlamağa çalışmışdır.
Respublikamızın müstəqillik qazanması institutun önündə yeni üfüqlər açmaqla bərabər, həm də ciddi vəzifələr qoyub. Belə ki, xarici siyasət xəttini bu gün müstəqil surətdə müəyyən edən Azərbaycan Respublikası üçün həm Şərq ölkələri ilə iqtisadi, siyasi və mədəni əlaqələrin genişləndirilməsi, həm də regionda gedən proseslərdə dövlət maraqlarının qorunması institutun elmi fəaliyyəti dairəsinin daha da tutumlu olmasını, bir sıra yeni istiqamətlərin yaradılmasını və ciddi keyfiyyət dəyişikliklərinin həyata keçirilməsini vacib edib. İnstitutun kollektivi bu yeni şəraiti qiymətləndirərək qeyd edilən problemlərin həlli istiqamətində addımlar atıb və atmaqdadır. Bu gün institutda elmi-tədqiqat işləri əsasən aşağıdakı istiqamətlərdə aparılır: Şərq ölkələrinin tarixi, bu ölkələrdə cərəyan edən ictimai-siyasi, iqtisadi və etnokonfessional proseslər, bu ölkələrin beynəlxalq münasibətlər sistemində rolu, Şərq xalqlarının tarixi və filoloji irsi, yazılı abidələrin tədqiqi, tərcüməsi və nəşri, islam mədəniyyətinin təşəkkül tapmasında Azərbaycan xalqının iştirakı, Yaxın və Orta Şərq ölkələrinin ictimai-siyasi həyatında islam amili və sair.
İnstitutumuzda aparılan tədqiqat işlərinin bir çoxu Azərbaycan Respublikasının Yaxın və Orta Şərq siyasətində aktuallıq kəsb edən məsələlərin araşdırılmasına həsr edilib. Bunlar Azərbaycan və Şərq xalqlarının tarixi-mədəni əlaqələri, müstəqil Azərbaycan Respublikası ilə Şərq ölkələri arasında siyasi, iqtisadi, diplomatik və mədəni münasibətləri, Şərq-Qərb sivilizasiyalararası dialoq, Azərbaycanın Şərq-Qərb münasibətlərində yeri və rolu, Şərq-Qərb dialoqunun geopolitik və kulturoloji aspektləri və sairdir. Göründüyü kimi, elmi- tədqiqat işlərinin istiqaməti klassik şərqşünaslıqla (qədim mənbələrin tədqiqi) bahəm müasir şərqşünaslığın da inkişafını təmin edir, Şərq ölkələrinin yeni ictimai-siyasi, iqtisadi münasibətlər sisteminə keçmiş Azərbaycan üçün faydalı ola biləcək təcrübəsinin, həmin təcrübənin müsbət və mənfi tərəflərinin aydınlaşdırılmasını, Türkiyə, İran, ərəb və digər Şərq ölkələri ilə iqtisadi, mədəni əməkdaşlığın prioritet sahələrinin müəyyənləşdirilməsini əhatə edir. İnstitut əməkdaşlarının monoqrafiyaları, kitabları, elmi məqalələri və müxtəlif elmi məclislərdə oxuduqları məruzələr bu sahədə xüsusi önəm daşıyır və ölkələrimiz arasındakı münasibətlərin inkişafı üçün stimul ola biləcək faktlardandır.
Elmi istiqamətlər çərçivəsində işlər əsasən iki yolla aparılır. Bunlardan birincisi, şərqşünaslıq elminin əsasını təşkil edən Şərq tarixinin, mədəniyyətinin, bədii təfəkkür tərzinin, ictimai və fəlsəfi fikirlərinin ən vacib və aktual aspektlərini öyrənən fundamental tədqiqatların aparılmasıdır. İkincisi isə elmi dəyəri ilə yanaşı, geniş oxucu kütləsini maraqlandıran elmi-populyar əsərlərin, eləcə də cari dövr üçün siyasi və ictimai əhəmiyyəti olan və elmi proqnozlar verən təhlili - informatik məlumatların hazırlanmasıdır.
Əməkdaşlarımız müasir Qərb sivilizasiyasına tarixi təkamül prosesində çoxəsrlik Şərq mədəniyyətinin təsiri, Qərbin sürətli iqtisadi-texniki və mədəni tərəqqi təcrübəsinin Şərq ölkələrində məqsədyönlü şəkildə tətbiqi imkanlarını, qloballaşma şəraitində Şərq-Qərb münasibətlərinin ziddiyyətli məqamlarını, onların mahiyyətini və aradan qaldırılma yollarını araşdırırlar. Alimlərimiz Şərqlə Qərbin qovuşduğu bir məkanda yerləşən ölkəmiz üçün müstəqillik şəraitində Qərb mədəniyyətinə yiyələnməklə milli mədəniyyətin fundamental dəyərlərini və mütərəqqi cəhətlərini qoruyub saxlamaq yollarını arayırlar. Ötən dövrdə yeni şəraitin tələbləri nəzərə alınmaqla institutda yeni "Şərq-Qərb" şöbəsi, "Mərkəzi Asiya və Uzaq Şərq" elmi qrupu yaradılmış, bir vaxtlar əsassız olaraq ləğv edilən "Cənubi Azərbaycan" şöbəsi bərpa edilmişdir. Ötən əsrin 90-cı illərinin ikinci yarısından etibarən institutun elmi planlarında Azərbaycanşünaslıq istiqamətində mühüm dəyişikliklər edilmişdir. Əməkdaşlarımız ilk növbədə ərəbdilli və farsdilli Azərbaycan alimlərinin və ədiblərinin yaradıcılığına dair tədqiqatlar aparır, Azərbaycan tarixinə, mədəniyyətinə, dilinə, ictimai-fəlsəfi fikrinə dair ərəb və fars dillərində olan qaynaqların tapılıb araşdırılması üçün səmərəli fəaliyyət göstərirlər.
Tədqiqat planlarımıza, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsinə yönəlmiş, xalqımızın tarixinə və mədəni inkişaf məsələlərinə töhfələr verə biləcək əsərlər salınıb. Təəssüf ki, bir məqalədə bu istiqamətdə apardığımız tədqiqatlar, gördüyümüz işlər barədə konkret məlumat vermək imkan xaricindədir.
Son 8 ilə yaxın dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uzaqgörən və tarazlaşmış xarici siyasəti və bu siyasətdə Şərq ölkələrinin mühüm yer tutduğunu nəzərə alaraq "Prezident İlham Əliyevin Şərq siyasəti" adlı irihəcmli monoqrafiya tədqiqat planlarımıza salınıb. Azərbaycanda "dövlət-din-cəmiyyət" münasibətlərində görülən böyük işləri, əldə edilmiş nailiyyətləri və bunların bir çox Şərq ölkələri üçün örnək ola biləcəyini nəzərə alaraq bu istiqamətdə də geniş araşdırma aparılır. Türkdilli xalqların inteqrasiyası sahəsində müstəqil Azərbaycanda dövlət səviyyəsində görülən işlər də tədqiqat obyektinə çevrilmişdir. Kollektivimiz hesab edir ki, Azərbaycanın müasir sosial-iqtisadi və mədəni inkişafı, qazandığı uğurlar təbliğ olunmalı və tədqiq edilərək Şərq cəmiyyətlərinə bir model kimi təqdim olunmalıdır. Bunun Şərq xalqları üçün böyük əhəmiyyəti və faydası olacaq. Bu baxımdan, ilk addım kimi, 2010-cu il mart ayının 17-18 tarixlərində "Müasir Şərq ölkələrinin sosial-iqtisadi inkişafı və Azərbaycan modeli" adlı beynəlxalq konfrans təşkil edilmişdir.
Müasir dünyada şərqşünaslıq elminə maraq son dərəcə artmışdır. Təkcə böyük dövlətlərdə deyil, Malta kimi kiçik ölkələrdə də yeni şərqşünaslıq mərkəzləri yaradılır, mövcud araşdırma qurumları genişləndirilir. Bu da beynəlxalq proseslərdə Şərq dövlətlərinin rolu və yerinin güclənməsi ilə birbaşa bağlıdır. Hazırda dünyanın diqqət mərkəzində regional münaqişələr və terrorizm problemləri, etnokonfessional münasibətlər və demoqrafiya məsələləri, islam fundamentalizmi və radikal islami qruplaşmalar kimi mövzular dayanır ki, bunların da əsas meydanı Şərqdir. Azərbaycan bir tərəfdən Yaxın və Orta Şərq regionuna yaxındır, digər tərəfdən, Avrasiya geosiyasi məkanına daxildir. Belə olan halda aparıcı Şərq ölkələrində gedən proseslərin elmi araşdırılmasının ölkəmiz üçün əhəmiyyətini sübut etməyə ehtiyac varmı? Son aylarda ərəb dünyasında baş verən siyasi təlatümləri nəzərə alsaq, bu ehtiyac qat-qat artır. Bir qədər öncə keçirdiyimiz "Yaxın və Orta Şərq ölkələri son hadisələr işığında" elmi-nəzəri konfrans da məhz bu zərurətdən doğmuşdur.
Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti müsəlman Şərqinə qırılmaz tellərlə bağlıdır, cəmiyyətimizdəki bir sıra mental xüsusiyyətlər, sosial-psixoloji faktlar islam dinindən qaynaqlanır. Bütün bunlar Azərbaycan şərqşünaslığının öyrənməli olduğu məsələlərdir.
Müasir mərhələdə Şərqşünaslıq İnstitutu ənənəvi İran-Türkiyə-Ərəb ölkələri üçbücağından çıxmalıdır. Bunu həm müstəqil dövlətimizin beynəlxalq mövqeyi və əlaqələri, həm də bu elmin inkişaf perspektivləri tələb edir. Belə ki, biz artıq Şərq anlayışına qonşu müsəlman dövlətləri çərçivəsində yanaşa bilmərik. Ölkəmizin Çin, Yaponiya, Cənubi Koreya, Hindistan, Pakistan, Mərkəzi Asiya dövlətləri ilə günbəgün genişlənən əlaqələri bu regionun öyrənilməsini də zəruriləşdirir. İnkişafın özünəməxsus modelini tapmış Malayziya , Cənub-Şərqi Asiya ölkələrinin tədqiqi də bizim üçün önəmlidir. Yenicə təşkil edilmiş "Mərkəzi Asiya və Uzaq Şərq ölkələri araşdırmaları" şöbəsi məhz bu sahədə ixtisaslaşacaqdır.
Daha bir məsələ. Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının dövlətidir. Bunu cənab İlham Əliyevin "Mən 50 milyonluq Azərbaycan xalqının prezidentiyəm" sözləri də təsdiq edir. Bu xalqın böyük bir hissəsi Arazın o tayında - İran İslam Respublikasında yaşayır. Düşünürəm ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın ictimai-siyasi və mədəni inkişafının öyrənilməsi də bizim institutumuzun prioritet istiqamətindən biri olmalıdır. Nəzərə alaq ki, cənubi azərbaycanşünaslıq elmi istiqamət kimi məhz Şərqşünaslıq İnstitutunda yaranıb və bu gün də uğurla inkişaf edir. Bir sözlə, Şərqşünaslıq İnstitutu bu gün müstəqil Azərbaycanın milli və dövlət maraqlarına xidmət edən zəruri bir elmi-tədqiqat mərkəzi olmaqla yeni dövrün tələbləri ilə ayaqlaşan inkişaf mərhələsinə qədəm qoyub.
Xüsusi diqqət elmin təşkilində çevikliyin təmin olunmasına yetirilməlidir. Bu sahədə kök salmış bürokratik metodlardan imtina edilməli, elmi fəaliyyətin maliyyələşdirilməsində daha müasir və mütərəqqi formalardan istifadəyə üstünlük verilməlidir. Prezident İlham Əliyevin dəyərli nitqində qeyd etdiyi ən başlıca fikir - "müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir" - bu gün biz alimlərin, tədqiqatçıların əsas elmi amalına çevrilməli, fəaliyyətimizdə istinadgah olmalıdır.
İnanırıq ki, hörmətli Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı və hazırda müstəqil ölkəmiz qarşısında duran ən ümdə vəzifə - "neft kapitalını insan kapitalına" çevirmək işində məhz Milli Elmlər Akademiyasının böyük elmi potensialı həlledici rol oynayacaq.
Gövhər BAXŞƏLİYEVA,
Milli Məclisin deputatı,
AMEA-nın akademiki,
Z.M.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun direktoru,
filologiya elmləri doktoru, professor
Azərbaycan.- 2011.- 25 may.- S. 6.