Çin Müasir Beynəlxalq Münasibətlər
Akademiyasının nümayəndə
heyəti Şərqşünaslıq
İnstitutunda olmuşdur
Mayın 24-də Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olmuşlar.
Çinin bu elm ocağının vitse-prezidenti Ji Ziye, eləcə də akademiyanın Rusiya İnstitutunun əməkdaşları Vanq Qin və Şan Yue Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva ilə görüşmüşlər.
İnstitutdan AzərTAc-a bildirmişlər ki, tədbirdə tarix üzrə fəlsəfə doktorları - Şərqşünaslıq İnstitutu direktorunun müavini Şahin Mustafayev, "Mərkəzi Asiya və Uzaq Şərq ölkələri" şöbəsinin müdiri, çinşünas mütəxəssis Rafiq Abbasov, "Ərəb ölkələri tarixi və iqtisadiyyatı" şöbəsinin müdiri Fərda Əsədov, həmçinin "Türk filologiyası" şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xalidə Quliyeva-Qafqazlı iştirak etmişlər.
Gövhər Baxşəliyeva qonaqlara Şərqşünaslıq İnstitutunda aparılan elmi tədqiqatların istiqamətləri barədə məlumat vermiş, ənənəvi istiqamətlər - ərəb ölkələri, Türkiyə və İranla yanaşı, son vaxtlar Mərkəzi Asiya və Uzaq Şərq ölkələrinin tarixi, dili, ədəbiyyatı, mədəniyyəti ilə bağlı tədqiqatlara diqqət yetirildiyini vurğulayaraq, bu yaxınlarda açılan müvafiq şöbədə, əsasən regionun ən böyük dövləti olan Çinlə bağlı elmi araşdırmaların aparıldığını söyləmişdir. Gövhər xanım həmçinin Çinin son illərdə keçdiyi sürətli iqtisadi inkişaf yolundan danışaraq, bu ölkənin öz nailiyyətləri ilə dünya dövlətləri arasında xüsusi seçildiyini vurğulamışdır.
Görüşdə çinli və azərbaycanlı mütəxəssislər arasında müasir Şərqdə hazırkı vəziyyət, Çin və Azərbaycan arasındakı iqtisadi, mədəni, elmi əlaqələrlə bağlı müzakirələr aparılmış, qarşılıqlı elmi səfərlərin və əməkdaşlığın hər iki tərəf üçün böyük fayda verəcəyi bildirilmişdir.
Azərbaycan.- 2011.-25 may.- S. 6.