Azərbaycan gəncliyinin gələcəyi
daha parlaq olacaq
Cəmiyyətdə tərəqqiyə xidmət edən sosial dəyişikliklərin və yeniliklərin yaşanması prosesində gənclik daim aparıcı qüvvə kimi çıxış edir. Odur ki, sürətli inkişafa, davamlı tərəqqiyə can atan hər bir cəmiyyət, dövlət gənc nəslə həm də əvəzsiz kapital kimi yanaşır.
Təqdirəlayiq haldır ki, bizim ölkəmizdə də gənc nəslə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən və gənclyin inkişafına xidmət edən müxtəlif dövlət proqramları, verilən fərman və sərəncamlar gəncliyin inkişafının keyfiyyət etibarı ilə yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Ölkə rəhbəri gənclərlə birbaşa təmasa da üstünlük verir, ən müxtəlif məsələlər ətrafında gənc nəslin istək və arzusunu bilavasitə onların öz dilindən dinləyir. Bu ilin aprel ayında dövlət başçısının bir qrup gənclə görüşü də buna misal ola bilər. Həmin görüşdə iştirak edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dördüncü kurs tələbəsi Alyona Bandurina da Prezident İlham Əliyevin gəncliyə diqqət və qayğısını olduqca yüksək qiymətləndirir:
- Bir rəssam kimi Azərbaycan gəncliyinin
müasir portretini hansı cizgilərlə xarakterizə edərdiniz?
- Gəncliyimiz o qədər rəngarəngdir ki, bir rəsm əsərində onu göstərmək çətin olardı, amma mən sözügedən mövzuda rənglər seçəsi olsam, gəncliyimizin özü kimi rəngarəng olardı. Geniş mənada götürülsə, Azərbaycan gəncliyi bu gün dövlətin qayğısı ilə əhatə edilən, böyük yaradıcı potensiala malik olan və dinamik inkişaf yaşayan sosial-demoqrafik qrupdur.
- Görüş barədə təəssüratlarınız
necədir?
- Çox maraqlı görüş idi. Prezidentlə bir masa arxasında oturan gənclər öz fikirlərini bildirdilər, dövlət başçısına onları maraqlandıran suallar verib cavab aldılar. Görüşdə müzakirə olunan məsələlər zəmanəmiz üçün çox aktual idi. Bir daha əmin olduq ki, Azərbaycan gəncliyinin daha sürətli inkişafı Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir və bu istiqamətdə lazımi addımlar atılır, müvafiq işlər görülür. Bütün bunlara görə gənclər adından bir daha dövlət başçısına minnətdarlığımı bildirirəm.
- Görüşdə Azərbaycançılıq
məfhumu ilə bağlı verdiyiniz suala Prezident kifayət qədər
geniş cavab verdi.
- Doğrudan da cənab İlham Əliyev azərbaycançılıq anlayışı haqda geniş danışdı. Bu məfhum barədə dövlət başçısının səsləndirdiyi fikirlərdən daha yaxşısını, daha gözəlini demək mümkün deyil. Prezidentin bildirdiyi kimi, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə azərbaycançılıq məfkurəsi Azərbaycanda güclənib və bu, ölkəmizi gələcəyə aparan yoldur. Yenə də cənab İlham Əliyevin vurğuladığı kimi, bu, ölkəmizi birləşdirən, ölkəmizdə yaşayan bütün xalqların, bütün millətlərin nümayəndələrini birləşdirən məfkurədir və məhz Heydər Əliyevin təşəbbüsü ilə və onun fəaliyyəti nəticəsində azərbaycançılıq ideologiyası Azərbaycanda bərqərar oldu.
- Görüşdə gənc rəssamların
ölkə mədəniyyətinin inkişafına xidmət
göstərmələri üçün emalatxanaların
çatmaması məsələsinə də toxundunuz.
Artıq belə emalatxanaların yaradılması istiqamətində
dövət başçısı tərəfindən
müvafiq tapşırıqlar verilib.
- Mən və həmkarım buna çox sevinirik. Axı bu məsələ rəssamları, heykəltəraşları, o cümlədən məni və həmyaşıd həmkarlarımı narahat edirdi. Görüş zamanı dövlət başçısı qeyd etdi ki, artıq emalatxanalarla bağlı müvafiq tapşırıqlar verilib. Həmçinin bildirdi ki, xüsusi yer seçilməli, orada, ümumiyyətlə, rəssamlar, heykəltəraşlar üçün şərait yaradılmalıdır. İndi Rəssamlıq Akademiyası binasının tikintisi davam edir.
Prezidentin sərəncamı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" adlı yeni Dövlət Proqramı da hazırlanır. Belə bir programı gənclik üçün çox vacibdir və gəncliyi narahat edən problemlərin həllinə kömək edəcək. Xüsusən də işsizlik, məşğulluq və ev problemləri ilə bağlı məsələlərin həllində. Proqramda gəncliyin inkişafına xidmət edən digər mühüm məsələlərin də yer alacağı şübhəsizdir. Müəyyən olunmuş müddətdə həmin proqramın uğurla icra olacağına da ürəkdən inanıram.
- Azərbaycan gəncliyinin
sabahını necə görürsünüz?
- Çox yaxşı. Çünki bizim gənclik təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına, mədəniyyətimizin inkişafına, dövlətlərarası əlaqələrin tərəqqisinə, ölkəmizin daha sürətli intibahına, dünya miqyasında mövqelərinin daha da güclənməsinə və bu qəbildən olan digər məsələlərə çox can atır. Həyata keçirilən dövlət siyasəti Azərbaycan gəncliyinin daha parlaq gələcəyinə möhkəm təminat yaradır.
Prezident İlham Əliyevin gənclərə xüsusi qayğı göstərməsi təkcə bu nəslin təmsilçiləri yox, bütün cəmiyyət tərəfindən olduqca müsbət qarşılanır. Dövlət başçısının gəncliyin hərtərəfli inkişafına diqqət yetirməsi, gayğısını çəkməsi və onun problemləri ilə maraqlanması çox yaxşıdır. Axı dövlətimizin gələcəyi gəncliyin nə dərəcədə savadlı və inkişaf etmiş olmasından asılıdır.
- "Eurovision-2011"dəki qələbə
ilə bağlı nə deyə bilərdiniz?
- Bu Azərbaycanın adına qazanılmış böyük uğurdur. Bu, eyni zamanda gənclərə, həmçinin mədəniyyətə göstərilən dəstəyin bariz ifadəsidir. Xatırlatmaq istərdim ki, Azərbaycanın "Eurovision" yarışında iştirakının təşəbbüskarı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır. Yarışlarda Azərbaycanı təmsil edən iştirakçılara Fond tərəfindən hər zaman böyük dəstək və diqqət göstərilir. Beləliklə, Azərbaycanın bu yarışa cəmi dördüncü dəfə qatılmasına baxmayaraq, belə böyük nailiyyətə imza atması çox böyük müvəffəqiyyətdir. Növbəti yarışlarda da Azərbaycanın belə uğurlara imza atacağına inanıram.
Müsahibəni apardı: Rasim BAYRAMOV
Azərbaycan.- 2011.-25 may.- S. 7.