Almaniyanın nüfuzlu "Frankfurter Allgemeine am Sonntag" qəzetində "Azərbaycanın paytaxtı Bakı. Böyük ocağın üstündə şəhər" adlı məqalə dərc olunmuşdur

 

Almaniyanın nüfuzlu "Frankfurter Allgemeine am Sonntag" həftəlik qəzetinin 7 may tarixli nömrəsində dərc edilmiş "Azərbaycanın paytaxtı Bakı. Böyük ocağın üstündə şəhər" sərlövhəli məqalədə Bakının tarixi haqqında geniş məlumat verilir.

Məqalənin başlığı altında qeyd edilmiş xülasədə Bakının müasir mədəniyyət mərkəzinə çevrildiyi bildirilir. Paytaxtımız İran ilə Rusiya arasında "Avropa sivilizasiyası adası" adlandırılır.

Yazı atəşpərəstlik dövrünün Bakı şəhərində buraxdığı izlərin təsviri ilə başlayır. Daha sonra Azərbaycanın enerji ehtiyatlarının satışından əldə etdiyi gəlirlərin Bakının mədəniyyət metropoliyası olaraq inkişafına sərf olunduğu, Prezident İlham Əliyevin Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istədiyi bildirilir.

Məqalədə qeyd olunur ki, hələ Rusiya imperiyası və Sovet dövründə Bakıda bir çox binaların tikintisində əcnəbi memarlar iştirak etmiş, paytaxtımızda qədimdən müxtəlif millətlərin yaşadığı beynəlmiləl şəhər olmuşdur.

Məqalədə, həmçinin Bakıda müasirliklə tarixiliyin bir arada olduğu qeyd olunur və Qız qalası, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Alman kilsəsi, Müasir İncəsənət Muzeyi və digər tarixi-mədəni abidələrin adları çəkilir.

Bundan əlavə, yazıda Bakıda keçirilən beynəlxalq musiqi müsabiqələri haqqında ətraflı məlumat verilir, Azərbaycan ədəbiyyatının və klassik musiqisinin müxtəlif incəliklərinə toxunulur.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2011.-25 may.- S. 7.