"Evrovision"
mahnı müsabiqəsinin
yüksək səviyyədə
keçirilməsi üçün
Azərbaycanda bütün
imkanlar var
Avropanın ən nüfuzlu musiqi yarışması olan "Evrovision-2011" mahnı yarışmasında iştirak edərək birincilik qazanan Azərbaycan təmsilçilərinin möhtəşəm qələbəsi bütün dünyanın diqqət mərkəzində olmuşdur. Müsabiqədə iştirak edən nümayəndələrimiz - Eldar Qasımov və Nigar Camal gözəl ifaları və səhnə perfomansları ilə 43 Avropa ölkəsi arasında layiq olduqları birinciliyi qazandılar. Azərbaycanın bu qələbəsi ölkəmizin zəngin mədəniyyətə malik olduğunu bir daha təsdiq etdi. Tamaşaçı auditoriyası 100 milyondan artıq olan bu mahnı müsabiqəsində birincilik əldə etməyimiz böyük uğurdur. Bu, ilk növbədə Azərbaycan gəncliyinin qələbəsidir.
Bu mötəbər mahnı yarışması Avropa ölkələrini əhatə etməsinə baxmayaraq, dünya miqyasında buna oxşar ikinci musiqi müsabiqəsi yoxdur. Müstəqil Azərbaycan dördüncü ildir ki, "Evrovision" beynəlxalq televiziya mahnı yarışmasında iştirak edir. Məlumat üçün bildirək ki, 2008-ci ildə ölkəmiz 8-ci (Samir və Elnur dueti), 2009-cu ildə 3-cü (Aysel və Araş dueti), 2010-cu ildə isə 5-ci yerdə (Səfurə Əlizadə) olmuşdur. Bu il isə Eldar və Nigar dueti ölkəmizi yarışmanın qalibi etdi. Növbəti - 57-ci "Evrovision" müsabiqəsi 2012-ci ilin mayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcəkdir.
Azərbaycan gənclərinin qazandığı bu parlaq qələbə dünya mətbuatında da geniş rezonans doğurmuşdur. Türkiyənin "Hürriyət", "Vətən", "Milliyət" və digər nüfuzlu qəzetlərinin internet saytlarında Azərbaycan gənclərinin qələbə anını əks etdirən videoçarxlar yerləşdirilmişdi. Fransa, ABŞ, İsveç, Almaniya, Ukrayna, İsrail və digər ölkələrin mətbuatında da Azərbaycanla bağlı maraqlı yazılar dərc olundu. Azərbaycan təmsilçilərinin bu qələbəsi ölkəmizin zəngin mədəniyyətə, musiqiyə malik olduğunu bir daha sübuta yetirdi.
"Evrovision" mahnı müsabiqəsinin 2012-ci ilin mayında Azərbaycanda keçirilməsi üçün ölkəmizdə bütün imkanlar var. Aparılan məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan dünya miqyaslı mədəni kütləvi tədbirlərə ev sahibliyi edən mərkəzlərdən birinə çevrilib. 2009-cu ildə Bakının İslam Mədəniyyətinin paytaxtı elan olunması, Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi, dünya dini liderlərinin toplantılarının, eləcə də beynəlxalq miqyaslı idman tədbirlərinin keçirilməsi ölkəmizin bu cür tədbirlərə tam hazır olduğunu göstərir. 2009-2010-cu illərdə Qəbələ şəhərində beynəlxalq musiqi festivallarının keçirilməsi və həmin mötəbər tədbirdə dünyanın ən məşhur musiqiçilərinin iştirakı da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun ildən-ilə artdığını sübuta yetirdi. Son illər ölkəmizdə mötəbər idman yarışları - sərbəst güləş üzrə Avrora çemrionatı, şahmat üzrə dünya və qitə çemrionatları, habelə boks, cüdo, həndbol, voleybol və digər idman növləri üzrə beynəlxalq turnirlər, yunan-Roma və sərbəst güləs üzrə dünya çemrionatları da keçirilmişdir. Bu mötəbər tədbirlərin ən yüksək səviyyədə təşkil olunduğunu iştirakçı ölkələrin nümayəndələri də böyük məmnuniyyətlə bildirirlər. Azərbaycanın iqtisadi, siyasi, mədəni və digər sahələrdə əldə etdiyi nailiyyətlər qarşıda daha böyük uğurların əldə olunacağına əminlik yaradır.
E.Hacıalıyev
Azərbaycan.- 2011.-25 may.- S. 8.