Media və cəmiyyət
arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri
müzakirə olunmuşdur
Mayın 24-də Səbail Rayon İcra Hakimiyyətinin (RİH) və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə "Media və cəmiyyət arasında əlaqələrin inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, Səbail RİH-də keçirilmiş konfransda respublikamızda fəaliyyət göstərən aparıcı KİV-lərin rəhbərləri, rayonun müxtəlif idarə və təşkilatlarında çalışan gənclər, tələbələr iştirak etmişlər.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov milli mətbuatımızın yaranması, inkişaf yolu barədə danışmışdır. O, ümummilli lider Heydər Əliyevin mətbuat işçilərinə olan diqqət və qayğısından, Azərbaycanda mətbuatın inkişafı ilə bağlı görülən işlərdən, ölkəmizdə söz və mətbuat azadlığından, KİV-lərin və jurnalistlərin müstəqilliyinə təminat verən qanunlardan danışmışdır.
A.Əsgərov vurğulamışdır ki, 300-dən çox KİV əməkdaşına Prezident təqaüdünün, dövlət mükafatlarının və fəxri adların verilməsi, müəyyən qəzet redaksiyalarına birdəfəlik maliyyə yardımının göstərilməsi, bir çox mətbu orqanların borclarının dövlət büdcəsindən ödənilməsi ölkə rəhbərliyinin mediaya olan böyük diqqətinin təzahürüdür.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli konfransda müzakirə olunan mövzunun əhəmiyyətini vurğulamışdır.
Azərbaycan mətbuatının yaranması, tarixi barədə ətraflı məlumat verən Mətbuat Şurasının sədri Əflatun Amaşov da vurğulamışdır ki, bu gün müstəqil medianın inkişafına dövlət tərəfindən çox böyük dəstək göstərilir.
Mətbuat Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, "Xalq qəzeti"nin baş redaktorunun müavini Tahir Aydınoğlu və başqaları da mövzu ilə bağlı fikirlərini bölüşmüşlər.
Sonda KİV
rəhbərləri internet vasitəsi ilə konfransa
qatılan xarici ölkələrdə təhsil alan və
işləyən səbailli gənclərin suallarını
cavablandırmışlar.
Azərbaycan.- 2011.-25 may.- S. 8.