Görkəmli neftçi-geoloq
Ağaqurban Əliyevin 100 illik yubileyi qeyd olunmuşdur
Mayın 24-də Beynəlxalq Muğam Mərkəzində görkəmli neftçi-geoloq, SSRİ Dövlət mükafatı laureatı, professor Ağaqurban Əliyevin anadan olmasının 100 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, mərasimi giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev görkəmli neftçinin yubileyinin qeyd olunmasını dövlətimizin neftçilərə diqqət və qayğısının bariz nümunəsi olduğunu söyləmişdir. Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin aprelin 4-də A.Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında imzaladığı Sərəncam ömrünün 60 ilindən çoxunu neft və qaz yataqlarının kəşfinə və səmərəli işlənməsinə sərf edən neftçinin ölkəmiz qarşısındakı danılmaz xidmətlərinin təsdiqidir.
Məşhur neftçinin şagirdi, ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Ağaqurban Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Xəzər dənizində bir sıra neft və qaz yataqlarının kəşf edildiyini bildirmişdir. Müəlliminin həyat və fəaliyyətindən danışan X.Yusifzadə vurğulamışdır ki, 1945-ci ildə dəniz kəşfiyyatının xüsusi tresti yaradılarkən dənizdə geoloji kəşfiyyat işlərinə rəhbərlik məhz A.Əliyevə tapşırılmışdı. Geologiya-mineralogiya elmləri doktoru və Azərbaycan Respublikasının əməkdar mühəndisi olan A.Əliyev apardığı geoloji tədqiqatlar nəticəsində Abşeron və Bakı arxipelaqlarında neft və qaz yataqlarının proqnozunu vermiş, geoloji axtarış və kəşfiyyat işlərinin harada aparılmasını əsaslandırmışdır. Əfsanəvi Neft daşlarını kəşf edən A.Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Xəzər dənizində bir sıra neft və qaz yataqları aşkar edilmişdir. Bunların arasında "Neft daşları", "Gürgən-dəniz", "Qum adası", "Bahar"' və başqalarını göstərmək olar. "Neft daşları"nın kəşfindən sonra "Günəşli", "Çıraq", "Azəri", "Kəpəz" kimi böyük ehtiyata malik neft yataqları da vardır.
Sonra çıxış edənlər görkəmli neftçi A.Əliyevlə bağlı xatirələrini danışmış, böyük pedaqoqun neft geologiyası sahəsində təkcə tədqiqatlar aparmaqla kifayətlənmədiyini, özünün davamçılarını da yetişdirdiyini diqqətə çatdırmışlar. Bu gün müstəqil Azərbaycanın neft sektorunda əldə edilən uğurlarda məhz onun davamçılarının böyük rolu olduğu vurğulanmışdır.
Sonda görkəmli
neftçi-geoloq, professor Ağaqurban Əliyevin həyat və
fəaliyyətinə həsr olunmuş sənədli film
göstərilmişdir.
Azərbaycan.- 2011.-25 may.- S. 8.