Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günləri başlamışdır

 

Mayın 24-də Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günləri başlamışdır.

İki ölkə arasında mədəni sahədə əlaqələri möhkəmləndirmək, Azərbaycan mədəniyyətini Çində daha geniş tanıtdırmaq məqsədi daşıyan tədbirin təşkilatçıları Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Çinin Mədəniyyət Nazirliyi və Azərbaycanın Çindəki səfirliyidir.

Çin Milli Muzeyində təşkil olunan açılış mərasimində Çinin yüksək vəzifəli şəxsləri, ölkə ictimaiyyətinin nümayəndələri, Pekindəki diplomatik korpusun təmsilçiləri, soydaşlarımız, tələbələr iştirak edirdilər.

Azərbaycanın mədəniyyət və turzim naziri Əbülfəs Qarayev mərasim iştirakçılarını salamlayaraq bildirmişdir ki, ölkəmiz zəngin milli mədəni dəyərləri olan bir diyardır. Azərbaycan mədəniyyətinin tarixindən danışan Əbülfəs Qarayev demişdir ki, ərazisində qədim tarixə malik abidələrin mövcudluğu bu torpaqlarda məskunlaşma tarixinin qədim olduğunu göstərir. Azərbaycan əsrlər boyu dünya mədəniyyət xəzinəsinə öz incilərini bəxş etmişdir. Müsəlman Şərqində ilk peşəkar teatr, opera və balet məhz Azərbaycanda yaranmışdır.

Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin böyük tarixi olduğunu diqqətə çatdıran Əbülfəs Qarayev bildirmişdir ki, hazırda əlaqələrimiz ölkə rəhbərlərinin dəstəyi sayəsində genişlənir.

Çin hökuməti adından mərasim iştirakçılarını salamlayan bu ölkənin mədəniyyət nazirinin müavini xanım Gao Şaxua Azərbaycanın zəngin mədəni irsə sahib bir ölkə olduğunu dedi. Gao Şaxua hələ qədim İpək Yolu dövründən əsası qoyulan münasibətlərimizin möhkəmlənməsində mədəni əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.

Çin mədəniyyət nazirinin müavini əmin olduğunu bildirmişdir ki, çinli sənətsevərlər Azərbaycan mədəniyyəti günlərindən zövq alacaqlar.

Sonra Azərbaycan incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etdilər.

Azərbaycan Dövlət Rəqs Ansamblının solistlərinin ifasında təqdim olunan milli rəqslərimizi çinli tamaşaçılar rəğbətlə qarşıladılar.

Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Azərbaycanın klassik bəstəkarlarının əsərləri səsləndi.

Dünya musiqi sərvətinin incisi olan və YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilən muğamımız zala toplaşanların qəlbini riqqətə gətirdi.

Mayın 24-də Pekin Universitetinin akt zalında Azərbaycan incəsənət ustalarının daha bir konserti oldu.

Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Pekindəki Pudu məbədində fotosərginin, habelə miniatür kitab sərgisinin, Çinin tarixi liman şəhəri olan Yentayda konsert proqramının təşkili də nəzərdə tutulmuşdur.

 

 

Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

Pekin

 

Azərbaycan.- 2011.-25 may.- S. 8.