YUNESKO-nun görüş-treninqində
qeyri-maddi mədəni irsin qorunmasının perspektivləri
müzakirə edilmişdir
Mayın 19-dan 21-dək Belarusun paytaxtı Minskdə "Qeyri-maddi mədəni irsin qorunması üzrə milli potensialın möhkəmləndirilməsi" mövzusunda məşvərətçi ekspert görüşü və YUNESKO-nun Moskva Bürosunun klaster ölkələrinin treninqi keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüş-treninqdə ölkəmizi nazirliyin qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası Daimi Katibliyinin III katibi Nərminə Çəndirli təmsil etmişlər.
Belarusun Mədəniyyət Nazirliyi, bu ölkənin Milli Elmlər Akademiyasının Sənətşünaslıq, Etnoqrafiya və Folklor İnstitutu və YUNESKO üzrə Belarus Respublikasının Milli Komissiyası tərəfindən təşkil olunmuş görüş-treninqdə Azərbaycan ilə yanaşı, Belarus, Bolqarıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rusiya Federasiyası və eyni zamanda YUNESKO-nun nümayəndələri iştirak etmişlər.
Görüş-treninqin əsas aparıcısı qismində Qeyri-Maddi Mədəni İrsin Qorunmasına dair YUNESKO Konvensiyasının ilk katibi və məşqçi-eksperti Smits Qenrikus çıxış etmişdir.
Üç gün davam edən görüş-treninq zamanı Qeyri-Maddi Mədəni İrsin Qorunmasına dair YUNESKO Konvensiyasının və onun icrası üzrə operativ rəhbərliyin təqdimatı keçirilmişdir. Həmçinin qeyri-maddi mədəni irsin qorunması işində dövlətin, icmaların və digər maraqlı tərəflərin rolu, qeyri-maddi mədəni irsin müəyyən edilməsi, sənədləşdirilməsi və siyahıya alınması (reyestrləşdirilməsi), sözügedən Konvensiyanın və operativ rəhbərliyin milli səviyyədə implementasiyası, beynəlxalq əməkdaşlığın qurulması kimi mövzular təhlil edilmişdir.
İştirakçılar, həmçinin Qeyri-Maddi Mədəni İrsin Qorunmasına dair YUNESKO Konvensiyasının icrası çərçivəsində üzv ölkələrin öhdəlikləri, bu sahədəki problemləri, üzv ölkələrin təcrübələri, klaster ölkələrində reyestrlərin tərtib edilməsi prosesləri və qeyri-maddi mədəni irsin qorunmasına dair müxtəlif məsələlər, o cümlədən gələcək planlar və layihələr, beynəlxalq əməkdaşlıq və tövsiyələrin işlənilməsi ətrafında diskussiyalar aparmışlar.
Ölkəmizin nümayəndələri dövlətimiz tərəfindən milli qeyri-maddi mədəni irsin qorunması istiqamətində aparılan məqsədyönlü siyasətdən bəhs etmişlər. Onlar müvafiq tədbirlər nəticəsində Azərbaycan muğamının, aşıq sənətinin, Novruz bayramının və xalçaçılıq sənətinin YUNESKO-nun "Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı"na daxil edilməsi ilə bağlı məlumat vermişlər.
Görüş-treninqdə
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
aparılmış "Azərbaycanın qeyri-maddi mədəni
irsinin (diyarşünaslıq, folklor və sənətkarlıq)
qorunmasının mədəni-siyasi təminat mexanizmlərinin
monitorinqi" və bu monitorinqin nəticələri əsasında
hazırlanmış "2012-2016-ci illərdə Azərbaycanın
qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət
Proqramı"nın layihəsi, "2010-2014-cü illər
üçün Xalq Yaradıcılığı
Paytaxtları", "Azərbaycanın qeyri-maddi mədəni
irs abidələrinin Dövlət Reyestri"nin
hazırlanması, "Azərbaycanın qeyri-maddi mədəni
irs subyektlərinin (ifaçı, kollektiv, sənətkar və
sair) portfolio bankı"nın toplanılması, "Şəhər
(rayon) mədəniyyət mərkəzlərinin və
onların filiallarının Dövlət
Kadastrı"nın tərtib edilməsi, digər proqram və
layihələr böyük marağa səbəb olmuşdur.
Azərbaycan.- 2011.-25 may.- S. 8.