Azərbaycan ilə AYİB
arasında əməkdaşlığın inkişaf istiqamətləri
müzakirə olunmuşdur
Qazaxıstanın Astana şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının 20-ci İllik Toplantısı keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə AYİB-in əməkdaşlıq etdiyi 61 ölkənin iqtisadiyyat, maliyyə və ticarət nazirləri, beynəlxalq maliyyə qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Ölkəmiz iqtisadi inkişaf naziri, AYİB-də Azərbaycan Respublikasından müdir Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Toplantının plenar iclasında çıxış edən Şahin Mustafayev ölkəmizin iqtisadiyyatı, aparılan islahatlar və qazanılmış uğurlardan danışmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində əldə olunmuş nailiyyətlər barədə geniş məlumat vermişdir. Bildirmişdir ki, qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-2010-cu illərdə davam etmiş və ÜDM müvafiq olaraq 9,3 faiz və 5 faiz artmışdır. Azərbaycanda beynəlxalq maliyyə institutları, o cümlədən AYİB-lə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verildiyini vurğulayan Şahin Mustafayev bankın ölkəmizdə həyata keçirilən layihələrdə iştirakını yüksək qiymətləndirmiş, AYİB-i özəl sektoru dəstəkləməkdə daha fəal olmağa dəvət etmişdir.
Tədbir çərçivəsində Azərbaycanın ölkə təqdimatı keçirilmişdir. İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış uğurlar barədə məlumat vermişdir.
Təqdimat böyük maraqla qarşılanmışdır. Azərbaycan İnvestisiya Şirkəti, Xəzər Beynəlxalq İnvestisiya Şirkəti və Bakıda tikintisi davam etdirilən Gəmiqayırma Zavodunun xarici səhmdarı, Sinqapurun "Keppel" şirkətinin nümayəndəsi Lorans Quah isə investisiya imkanları, həyata keçirilən layihələr barədə təqdimatlarla çıxış etmişlər.
Səfər çərçivəsində iqtisadi inkişaf naziri Şahin Mustafayev və AYİB-in prezidenti Tomas Mirov arasında keçirilmiş görüşdə əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunmuş, ölkəmiz üçün prioritet sahələrdə AYİB-in fəaliyyətinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Azərbaycan nümayəndə heyətinin Avropa İnvestisiya Bankı, Türkiyə və İsveçrə nümayəndə heyətləri, "Tokio-Mitsubişi Bankı" və "City Bank"la keçirdiyi görüşlərdə isə əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Azərbaycan.- 2011.-25 may.- S. 8.