Nanotexnologiyalar üzrə yeni qurum yaradılıb

 

ARDNŞ-nin yeni struktur bölməsi - "Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzi yaradılıb. Şirkətin mətbuat xidmətinin yaydığı məlumata görə, mərkəz əsas etibarilə 2010-2015-ci illəri əhatə edən "NANONEFT" proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən neft-qaz hasilatının artırılması, köhnə, xüsusilə sulaşmış yataqlarda karbohidrogenlərin çıxarılması və bu istiqamətdə xərclərin azaldılmasına nail olunması istiqamətində iş aparacaq.

Qeyd edək ki, "NANONEFT" proqramı 4 hissədən - "Nanohasilat", "Nanoqazma", "Nanoneftkimya" və "Ekonanoneft" hissələrindən ibarətdir. Cari vəziyyət, məqsəd və nəticələr, 2010-2015-ci illərdə görüləcək işlər və gözlənilən iqtisadi səmərə mənbələri açıqlanmaqla tərtib olunmuş proqramda 2005-ci ildən başlayaraq "kiçik təsir effekti" deyilən prinsiplə elmi cəhətdən əsaslandırılmış nanotexnologiyalar işlənmiş, hasilatda, qazmada, neft kimyası sahəsində yeni nanoaktiv maddələr və reagentlərin işlənməsi nəzərdə tutulub. Dünya qazma praktikasında ilk dəfə olaraq "kiçik təsir effekti" əsasında quyuların qazılması prosesində mürəkkəbləşmələrin və qəzaların aradan qaldırılması üçün "HANONEFT", "NANOBİTİUM", "NANOQUDRON" və "NANOMAY" sistemlərinin elmi əsasları işlənmiş və praktik olaraq həyata keçirilmişdir. Artıq bu günə kimi anomal yüksək və alçaq lay təzyiqli reoloji kəsilişləri ilə səciyyələnən "Qum adası", "Bibiheybət", "Balaxanı" "Bəyimdağ-Təkçay", "Günəşli" kimi yataqlarda bu nanosistemlər tətbiq edilmiş, 16 quyu mürəkkəbləşmələrsiz layihə dərinliyinə çatdırılmışdır.

"Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzinin fəaliyyətə başlaması isə son vaxtlar dünya elminin aktual sahələrindən birinə çevrilmiş nanotexnologiyaların istehsalata tətbiqi istiqamətlərində yeni nailiyyətlərin qazanılmasına əlavə stimul verəcək.

 

 

Azərbaycan.- 2011.-25 may.- S. 8.