Azərbaycanın sığorta-pensiya sistemi şəffaflıq göstəriciləri baxımından dünya üçün nümunəyə çevrilir

 

DSMF-nin Qəbələ rayon şöbəsində də informasiya-kommunikasiya texnologiyalarının tətbiqi geniş vüsət alır

 

Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasəti öz müsbət nəticələrini verməkdədir və vətəndaşların maddi rifah halının davamlı olaraq yüksəlməsinə gətirib çıxarmaqdadır. Sözügedən kontekstdə pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsi, aparılan islahatlar nəticəsində qurulmuş yeni sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilməkdədir.

Cari ilin ötən dövrü ərzində də Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilmişdir. Görülən işlər ölkəmizin sığorta-pensiya sisteminin beynəlxalq aləmdə nüfuz qazanmasına, bu sahədə aparılan islahatların miqyasına görə öncül mövqedə qərarlaşmasına gətirib çıxarmışdır.

Azərbaycanda vətəndaşlar üçün məlumatların asan və şəffaf qaydada əldə edilməsinə xidmət edən "Elektron hökumət"in qurulması istiqamətində bir çox işlər görülmüşdür və bu işlərin tərkib hissəsi kimi ölkəmizdə sığorta-pensiya sistemində müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) geniş tətbiq olunmaqdadır. Son illər Dövlət Sosial Müdafiə Fondunda (DSMF) İKT-nin uğurlu tətbiqi nəticəsində yaradılan model bir sıra keçid ölkələri üçün örnək rolunu oynayır. Ötən il görülən bu işlərin nəticəsi olaraq Dövlət Sosial Müdafiə Fondu Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa müsabiqəsində "İnformasiya kommunikasiya texnologiyalarının tətbiq olunması vasitəsilə effektiv idarəetmə" nominasiyasında müsabiqənin qalibi elan olunaraq, Fəxri fərmanla təltif edilmişdir. Fondda İKT əsasında yeni idarəetmə sisteminin yaradılması vasitəsilə ölkənin sığorta-pensiya sisteminin müasirləşdirilməsi və sosial sığorta haqlarının fərdi uçot prinsipləri əsasında toplanmasının təmin edilməsi məqsədilə rayon şöbələrində "incə müştəri" sistemi və "1 işçiyə 1 kompüter" prinsipi əsasında beynəlxalq standartlara cavab verən iş yerləri yaradılmışdır.

Görülən məqsədyönlü tədbirlər pensiya təyinatının avtomatlaşmasına gətirib çıxaracaq və hazırda Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrində də bu istiqamətdə müvafiq işlər görülməkdədir. Qeyd olunan fonda diqqət yetirilən mühüm istiqamətlərdən biri ayrı-ayrı sığortaolunanların 2006-cı ildən sonrakı illər ərzində ödədikləri sığorta haqları barədə bəyannamələrin qəbuludur və Fondda bu işlər artıq qrafikə uyğun olaraq həyata keçirilmişdir. Müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatına keçidin baş verməsi məqsədilə görülən işlərin mühüm istiqamətlərindən biri də müasir infrastrukturun qurulmasıdır. İndiyə qədər DSMF-nin 70-dən yuxarı şöbəsində müasir kompüter infrastrukturu yaradılmışdır.

Fondun Qəbələ rayon şöbəsində də əhaliyə, xüsusilə yaşlı insanlara xidmət üçün hər cür şərait yaradılmışdır. Şöbəyə yeni inzibati binanın tikilməsi məqsədilə 2010-cu ilin mart ayından başlanılmış işlər ilin sonunadək başa çatdırılaraq, binaya yeni mebel və avadanlıqlar gətirilmiş, avadanlıqların, həmçinin elektrik, rabitə xətlərinin və kompüter şəbəkəsinin quraşdırılması işi 2011-ci ilin ilk rübü ərzində yekunlaşdırılaraq binanın ətrafında təmizlik və abadlıq işləri görülmüşdür.

DSMF-nin Qəbələ rayon şöbəsində "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın icrası ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Şöbənin müdiri Ariz Məmmədov bildirdi ki, şöbədə sığortaedənlərin məcburi dövlət sosial sığortasına cəlb olunması üçün inzibati tədbirlərlə yanaşı, təbliğat və izahat işlərinə də üstünlük verilmiş, hazırda ölkədə fəalliyyət göstərən sığorta-pensiya sisteminin üstünlükləri və ödənilən hər manatın gələcəkdə sığortaolunan şəxsin pensiya təminatında oynadığı rol barədə vətəndaşlar arasında izahat işi aparılmışdır. Aparılan təbliğat əhali arasında sığorta haqlarının ödənilməsinə marağın get-gedə daha da artması ilə nəticələnir.

Sahibkarlıq fəaliyyətində "vahid pəncərə" sisteminin tətbiqi sahəsində, bu sahədə sosial sığorta ayırmaları ödənilməsindən yayınmaq hallarının qarşısı əsaslı şəkildə alınmışdır. Nəticədə 2010-cu il ərzində 590 sığortaedən qeydiyyata alınmışdır ki, bunlardan 27-si hüquqi, 467-si fiziki şəxs, 96-sı isə pay torpaq mülkiyyətçisi olmuşdur. Sığorta haqları ödəyən sahibkarlar və fiziki şəxslərdən vəsaitlərin birbaşa qəbulu tam şəkildə aradan qaldırılaraq, sığorta haqlarının ödənilməsi işi bank filialları vasitəsilə aparılmışdır.

Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyini və ödənişi sahəsində yeni proqram təminatı əsasında işlər davam etdirilmiş, pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən işlər və bu sistemin üstünlükləri barədə vətəndaşlar arasında davamlı izahat işləri aparılmış, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin icrası təmin olunmuş, şöbə üzrə pensiyaların tam şəkildə plastik kartlarla ödənişi təmin edilmişdir. Rayon üzrə pensiya ödənişinin avtomatlaşdırılması istiqamətində şəffaflığa tam nail olunmuşdur. Şöbə üzrə vətəndaşların ərizə və şikayətlərinə ən qısa müddətdə baxılmış və ərizələrin diqqətlə araşdırılaraq müvafiq tədbirlərin görülməsi təmin edilmiş, şifahi müraciət edən vətəndaşların qeydiyyatı aparılmış, şöbənin rəhbərliyi tərəfindən vətəndaşların məhdudiyyətsiz qəbulu və bütün şifahi müraciətlərin diqqətlə araşdırılması təmin olunmuşdur.

Şöbədə məcburi dövlət sosial sığorta haqlarının normativlərinin əks olunduğu lövhələr asılmış, Fondun fəaliyyəti ilə bağlı məlumatlandırma guşəsi yaradılmış, sosial sığorta və pensiya qanunvericiliyində baş verən yeniliklərlə bağlı yerli mətbuat vasitəsilə, həmçinin vətəndaşlarla birbaşa görüşlər zamanı təşviqat işi aparılmışdır. A.Məmmədov bildirdi ki, yaradılmış şərait, görülən müvafiq tədbirlər nəzərdə tutulmuş proqnoz və tapşırıqların yerinə yetirilməsinə, pensiya qanunvericiliyində baş vermiş dəyişikliklərin icrasının ən qısa müddətdə təmin olunmasına və əhaliyə pensiya ödənişlərinin vaxtlı-vaxtında həyata keçirilməsinə imkan vermişdir. Bu ilin ilk rübü ərzində məcburi dövlət sosial sığorta haqları üzrə toplanmış vəsait, ötən ilin müvafiq dövrü ilə müqaisədə 52,06 min manat və ya 6,2 faiz çox olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə sahibkarlıq fəaliyyətində "vahid pəncərə" sisteminin tətbiqi sayəsində, bu sahədə sosial sığorta ayırmaları ödənilməsindən yayınmaq hallarının qarşısı əsaslı şəkildə alınmışdır. 2011-ci ilin ilk rübü ərzində 204 sığortaedən qeydiyyata alınmışdır ki, bunlardan 4-ü hüquqi, 176-sı fiziki şəxs, 24-ü isə pay torpaq mülkiyyətçisi olmuşdur. Dövlət sığorta sistemində fərdi uçotun tətbiqi ilə əlaqədar 2011-ci ilin birinci rübü ərzində daha 199 nəfər şəxsə yeni sığorta şəhadətnaməsinin hazırlanması üçün Fondun aidiyyəti şöbəsinə sifarişlər verilmiş, əvvəlki sifarişlər üzrə isə 176 kart rüb ərzində şöbəyə gətirilərək vətəndaşlara paylanılmışdır. Bununla da bugünədək sığorta şəhadətnaməsi alan şəxslərin sayı 12.873 nəfərə çatmışdır. 2011-ci ilin birinci rübünün yekununa görə, şöbə üzrə 11.980 pensiya işi üzrə 12.480 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuşdur. A.Məmmədov qeyd etdi ki, "Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 1318 saylı sərəncamının icrası qısa müddət ərzində başa çatdırılaraq fevral ayı üzrə pensiyalar vətəndaşlara yeni məbləğlərdə ödənilmişdir. Sərəncamın icrası nəticəsində 6415 nəfərin pensiyasının məbləği artırılmışdır ki, bu da ümumilikdə pensiyaların ödənilməsi üçün 10,5 min manat əlavə vəsaitə tələbat yaratmışdır.

Hesabat dövründə şöbə tərəfindən əhaliyə 3 milyon 693,5 min manat pensiya, 93,3 min manat məcburi dövlət sosial sığorta haqları hesabına müavinət, həmin vəsaitlərin əhaliyə çatdırılması üçün isə ödəniş müəssisələrinə 16,2 min manat xidmət haqqı ödənilmişdir. A.Məmmədov vurğuladı ki, şöbə tərəfindən sığorta-pensiya sistemində mövcud qanunvericiliyin tələblərinə tam və dolğun əməl olunması və aparılan işlərin gələcəkdə də davamlılığının təmin olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. 2011-ci ili uğurla başa vurmaq üçün Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin kollektivi gələcəkdə bütün göstəricilər üzrə artıma nail olmaqdan ötrü və qarşıya qoyulan tapşırıqların həyata keçirilməsi üçün daha da əzmlə çalışacaq.

 

 

R.BAYRAMOV

 

Azərbaycan.- 2011.- 25 may.- S. 9.