İşğal etdiyi Azərbaycan
ərazilərində təbiəti və canlıları məhv
edən Ermənistanı beynəlxalq təşkilatlar cəzalandırmalıdırlar
Planetin bioloji irsinin mühafizəsi məqsədilə 1992-ci ildə Keniyanın Nayrobi şəhərində Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiya qəbul edilmişdir. Ölkəmiz də 2000-ci ildə bu konvensiyaya qoşulmuş, həmçinin "Kartagen" protokolunu imzalamışdır. Bu protokolda biomüxtəlifliyin qorunması, genetik modifikasiya olunmuş bitkilərin ətraf mühitə nəzarətsiz buraxılmasının qarşısının alınması kimi məsələlər qoyulmuşdur. Çünki planetin canlı növləri insan həyatını formalaşdırır. Lakin son illər meşələrin qırılması, torpaqların erroziyası, dünya əhalisinin yüksək sürətlə artımı, nizamsız urbanizasiya, yerin yaşıl örtüyünün itməsi, sənayedə işlədilən kimyəvi maddələrin insan sağlamlığına zərəri, dəniz və okean sularının həddən artıq çirkəndirilməsi təbiətdə və okeanlarda biomüxtəlifliyin məhvinə səbəb olur, neçə-neçə bitki və heyvan növü "Qırmızı kitab"a düşür. BMT-nin qərarında da bildirilir ki, Yer kürəsində canlı varlıqların müxtəlifliyi görünməmiş surətdə azalmaqda davam edir. Cəmiyyətlə təbiət arasında tarazlıq elə pozulmuşdur ki, bərpa edilməsi mümkünsüz, törətdiyi fəsadlar isə qaçılmazdır.
Bu cür fəlakətlər dünyada ən çox bəlkə də Azərbaycanın işğal altında olan ərazilərində yaşanır. 20 ilə yaxındır erməni vandalları işğal etdikləri ərazilərin torpağını, suyunu, ağacını, mədəni abidələrini məhv edir, biomüxtəlifliyini tükədir. Bu barədə rəsmi Bakı dəfələrlə BMT-yə, müxtəlif beynəlxalq təşkilatlara müraciət edib. Hər il milyonlarla insan təbiətin gözəlliklərini görmək və canlı izləmək üçün turist səfərinə çıxır. Bunlar təbiətin qorunması ilə yanaşı, həm də ölkələrin iqtisadi inkişafına müsbət təsir göstərir.
Hazırda ölkə ərazisinin ümumi sahəsinin 3,1 faizində milli parklar salınmış, mövcud park və qoruqların əraziləri genişləndirilmişdir. Məqsəd Qafqazın cənub-qərb yamaclarının təbii landşaftlarının, flora və fauna növlərinin qorunub saxlanması, bərpası və təbii komplekslərinin mühafizəsini gücləndirməkdir. Parklarda ərazinin çox hissəsini sıx meşəlik, dekorativ ağaclar əhatə edir. Onlarla quş növləri (bunların arasında "Qırmızı kitab"a düşənlər də var) və vəhşi heyvanlar parkların sakinləridir. Qoruqlar çox gözəl, havası təmizdir.
Lakin işğal altında olan ərazilərimizdə vəziyyət başqadır. Torpaqlarımızın 20 faizi 20 ilə yaxındır ki, ekoloji terrora məruz qalıb, təbii sərvətlərimiz, meşələrimiz, sularımız düşmən tərəfindən qəddarcasına dağıdılır, zəhərlənir. Neçə illərdir bu barədə Azərbaycan ekoloqlarının həyəcan təbili çalmalarına baxmayaraq, biomüxtəlifliklə bağlı olan beynəlxalq qurumlar hələ də susurlar. Ümumdünya Mədəni və Təbii İrsin mühaifzəsi haqqında Konvesiyaya üzv olan Ermənistan işğal etdiyi Azərbaycanın ərazilərində vəhşiliklər törədir, bəşəri əhəmiyyət daşıyan nadir təbiət və mədəniyyət incilərini dağıdır. Lakin bu günə qədər vandallar törətdikləri əməllərə görə cavab verməyiblər.
Ətraf mühitə və davamlı inkişafa dair Rio-de-Janeyro Bəyannaməsinə görə müharibələr davamlı inkişaf prosesinə dağıdıcı zərbə endirməməli, təbiət təcavüzə məruz qalmamalıdır.
Avropada yeganə təbii çinar meşəsi olan Zəngilan Bəsitçay Dövlət Təbiət Qoruğu torpaq və iqlim xüsusiyyətinə görə zəngin təbiətə malik idi. 117 hektar sahəni əhatə edən bu qoruq vaxtilə akademik Həsən Əliyevin təşəbbüsü ilə Azərbaycan hökumətinin 4 iyul 1974-cü il qərarı ilə yaradılmışdı. Qoruğun ərazisində 1500 il yaşı, 4 metr diametri olan nəhəng çinar ağacları qorunurdu. Bu ağaclar əsrlərdən yadigar olaraq ata-babalarımız tərəfindən qorunub saxlanmışdı, dünyanın hər tərəfindən bu qoruğu görməyə turistlər gələrdi. 1993-cü ildən işğalçıların əlində olan bu tarixi qoruq məhv edilir. Erməni terrorçuları rayonun Rəzdərə kəndində ağac emalı zavodu açıblar. Neçə illərdir bu sex fasiləsiz olaraq Zəngilan çinarlarından mebel istehsal edir. Mənbəyini Ermənistandan götürən, Zəngilandan keçərək 35 kilometr yol qət edib Araza qovuşan Oxçuçay da ekoloji təcavüzə məruz qalaraq ölü çaya çevrilib. Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində diametri 6 metr, hündürlüyü 25 metr olan, 1 ədəd 1000 il, 1 ədəd 2000 il yaşı olan Şərq çinarları tarixi abidə kimi qorunurdu. Qarakənd kəndində respublikanın "Qırmızı kitab"ına düşmüş, 0,5 ha üçüncü dövrün relikt növü olan, orta diametri 24 santimetr, hündürlüyü 12 metr, 100 illik azat ağacları da qorunurdu. Bu gün onlar yoxdular.
Azərbaycanın ən qədim yaşayış məskəni kimi YUNESKO-nun siyahısına düşmüş "Azıx" və "Tağlar" mağaraları tarixi təbiət abidəsi kimi xüsusi əhəmiyyətə malikdir və Ümumdünya Mədəni İrs Siyahısında qorunur. Təəssüflər olsun ki, bu gün həmin tarixi mağara ermənilərin silah anbarına çevrilib. Hər il bölgələrdə ucsuz-bucaqsız ərazilər yandırılır. Yanğınlar nəticəsində torpağın bir neçə qatı münbitliyini itirir, bitki və heyvan növləri məhv edilir, ağaclar yoxa çıxır.
Ən dəhşətlisi isə budur ki, işğal ərazilərində narkotik bitkilər əkilib-becərilir. Bu səbəbdən Ermənistan narkobiznes sahəsini genişləndirir və ərazilərimizdən narkotrafik kimi istifadə edir.
Dünya ictimaiyyəti, müvafiq beynəlxalq qurumlar baş verənlərə reaksiya verməli, təbiəti qəddarcasına məhv edən erməni işğalçıları beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Təəssüf ki, bu terror planetimizin sağlam təbiətini, biomüxtəlifliyini qoruyub saxlamaq istəyən dünyanın bir çox dövlətlərinin göz üstündə qaş kimi saxladığı Ermənistan tərəfindən törədilir. Dövlətlər birliyi isə buna göz yumur.
Rəsmiyyə RZALI
Azərbaycan.- 2011.-25 may.- S. 10.