Bakıda dünyada ilk dəfə
olaraq tətbiqinə start verilən "İKT Sammiti
Modeli"nin qalibləri
mükafatlandırılmışdır
Mayın 24-də Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən (DƏİKGF) beynəlxalq münasibətlər üzrə tədris proqramı layihəsi çərçivəsində təşkil edilən "İKT Sammiti Modeli"nin bağlanışı və qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, Avrasiya Regional Mərkəzinin təşəbbüsü, Xarici İşlər, Gənclər və İdman nazirlikləri, Azərbaycan Diplomatik Akademiyası və Bakı Dövlət Universitetinin dəstəyi ilə keçirilən tədbirdə forumun baş katibi, səfir Elşad İsgəndərov dünyada ilk dəfə olaraq Azərbaycanda həyata keçirilən "İKT Sammiti Modeli"nin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, gələcəkdə "İKT Sammiti Modeli"nin quruma üzv olan bütün ölkələrdə həyata keçirilməsi planlaşdırılır. Natiq qeyd etmişdir ki, bu proqramın ilk dəfə olaraq məhz Azərbaycanda reallaşması diqqət çəkən məqamlardan biridir. Bu il aprelin 1-dən start verilən layihənin birinci mərhələsində Bakıdakı ali məktəblərin 130-dan artıq tələbəsi 6 həftə ərzində İKT-nin tarixi, strukturu, prinsipləri, müxtəlif qlobal mövzular üzrə konsepsiyalarla tanış olmuşlar.
Sonra İKGF-nin əməkdaşı Elməddin Mehdiyev "İKT Sammiti Modeli" haqqında məlumat vermişdir. Bildirmişdir ki, sammitdə layihənin iştirakçısı olan tələbələr işçi qruplara bölünərək beynəlxalq münasibətlərin aktual problemləri haqqında müzakirələr aparmış, böhranların aradan qaldırılması ilə bağlı təkliflərlə çıxış etmişlər. Qeyd edilmişdir ki, sammitdə təşkil olunan debatlardan sonra işçi qrupların mövqeləri nəzərə alınmış, İKT regionunda böhranların həll edilməsi və sivilizasiyalararası dialoqla bağlı təkliflərin əks olunduğu yekun sənəd qəbul edilmişdir.
Sonra layihənin iştirakçısı olan tələbələr qazandıqları uğurlarla bağlı öz təəssüratlarını bölüşmüşlər.
Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, beynəlxalq və yerli dövlət qurumlarının aparıcı mütəxəssisləri iştirak etmişlər.
Sonda qaliblərə diplomlar,
sertifikatlar, hədiyyələr təqdim olunmuşdur. Qaliblər,
həmçinin cari ilin iyulunda İstanbulda keçiriləcək
"İKT Modeli" adlı beynəlxalq forumda iştirak etmək
hüququ qazanmışlar.
Azərbaycan.- 2011.-25 may.- S. 10.