Tədqiqatların və beynəlxalq əlaqələrin əhatə dairəsi genişlənir

 

Bu il mart ayının 11-də Yaponiyada baş vermiş zəlzələ və sunami nəticəsində sıradan çıxmış "Fukuşima-1" Atom Elektrik Stansiyasındakı hadisələr atom elektrik stansiyalarının təhlükəsizliyinə yenidən baxmaq zərurəti yaradıb.

Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, fizika-kimya və radiasiya kimyası sahələrinin Azərbaycandakı inkişafında əhəmiyyətli rol oynamış professor Adil Qəribovla söhbətimiz də həm bu, həm də institutun beynəlxalq əlaqələri barədədir.

Yeri gəlmişkən, Adil Qəribov MDB-də nüvə enerjisindən dinc məqsədlərlə istifadə və radioekoloji təhsil üzrə dövlətlərarası beynəlxalq komissiyada Azərbaycanın təmsilçisi, NATO-nun "Sülh naminə elm" proqramının üzvüdür.

- Bakının yaxınlığında - Navahıda sovetlər dönəmində atom elektrik stansiyasının özülü qoyulmuşdu. Lakin 25 il əvvəl Çernobıl AES-də baş verən ağır qəzadan sonra onun tikintisi dayandırıldı.

- Həyat göstərdi ki, bu, düzgün qərar idi. Çünki Yaponiyada son texnologiyalar əsasında yaradılan atom elektrik stansiyası da ümidləri doğrultmadı. Əgər bizdə AES tikintisi gündəmə gələrsə, onda bu məsələyə daha diqqətlə yanaşmalı və ən müasir texnologiyalardan istifadə edilməlidir.

- İnstitut alimləri bir sıra xarici həmkarları ilə əməkdaşlıq edirlər. Bu əlaqələr, iş birlikləri hansı istiqamətdə özünü göstərir?

- ABŞ-ın Energetika Nazirliyinin müxtəlif departamentləri, Çikaqo Universitetinin Arqon, Botilli laboratoriyaları, NATO, SRDF fondları, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və onun Zibelsdorf və Monillo mərkəzləri, Avropa Komissiyasının Transuran Elementar Mərkəzi, Cənubi Koreyanın Atom Enerji Tədqiqatları İnstitutu, eləcə də Polşanın Nüvə Fizikası və Kimyası İnstitutu ilə əməkdaşlığı davam etdirir, respublika üçün prioritet istiqamətlər üzrə elmi-tədqiqat işləri aparırıq.

Elmi istiqamətlərə gəldikdə, ilk əvvəl nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, bərk cisimlərdə radiasiya effektləri və radiasiya materialşünaslığı, nüvə və radiasiya təhlükəsizliyi (radioekologiya, radiobiologiya, ekologiya), alternativ və qeyri-ənənəvi enerji mənbələrinin istifadəsi, enerjiçevrilmə proseslərinin və ekoloji təmiz energetikanın fundamental problemlərini qeyd etmək istərdim.

Hesabat ilində yarımkeçirici və sepnefoelektrik materiallarının xassələrinin radiasion modifikasiya üsulları aşkar olunub. Əldə edilmiş nəticələr əsasında materialların tərkibini dəyişmədən onların fiziki xassələrini lazımi istiqamətdə dəyişmək imkanları əldə edilib. Polimer kompozit materialların xüsusi rejimdə işlənməsi nəticəsində xüsusi mikroporlar alınır ki, onların da əsasında nanoölçülü materialların sintezi üsulu hazırlanıb. Metallik materialların radiasion-oksidləşdirici işləmə üsulu ilə korroziyaya davamlılığını iki dəfəyə qədər artırmağa imkan verən yeni radiasiyalı texnologiya işlənilib.

İnstitutumuzda ətraf mühitin sağlamlaşdırılması və mövcud ekoloji problemlərin həllində radiasion texnologiyaların tətbiqi və radioaktiv çirklənmələrin təmizlənməsinin yeni üsullarının aşkar olunması istiqamətində də böyük maraq doğuran yeni nəticələr alınıb. Belə ki, su hövzələrinin karbohidrogen çirklənmələrdən təmizlənməsinə imkan verən yeni radiasiya kimyəvi üsul işlənib.

İmişli rayonunun ərazisində torpaq qatlarında təbii (uran, radium, kalium, torium) və süni (sezium, stronsium) radionuklidlərinin yayılma durumu tədqiq olunub və torpaq profilləri boyunca bu radionuklidlərin miqrasiya xüsusiyyətləri aşkar edilib.

Otaq temperaturunda bitki nümunələrində maqnit sahəsinin geniş intervalında müşahidələr aparılıb. Radioaktiv çirklənmənin EPR siqnalının amplituduna təsiri aşkar edilib. Kobalt və ammonium rutinatlar bitkilərin radiasiya təsirindən qoruyucu vasitəsi kimi tövsiyə edilib.

Laboratoriyalarımızda digər maraqlı nəticələr də alınmışdır. Belə ki, boymadərən və zəfəran ekstraktlarının həm bitki və həm də canlı üzərində aparılmış siqnallar nəticəsində effektiv radioprotektor xassəyə malik olması sübuta yetirilmişdir. Bu ekstraktların radiasiya təsirlərinə qarşı bioloji aktiv qida əlavələri kimi istifadəsi də tövsiyə olunmuşdur.

Azərbaycanın dağ çaylarının suları, Xəzər dənizinin suları, dib çöküntüləri və iki torpaq zonası üzrə tədqiqatların nəticəsi də uğurlu olmuşdur. Adları çəkilən zonalar üzrə radium izotopları, politsiklik aromatik karbohidrogenlər və ağır metalların paylanması tədqiq olunmuş, onların durumu və dəyişmə dinamikası üzrə məlumat bazasının əsası qoyulmuşdur. Alınmış bütün bu və digər nəticələr Abşeron yarımadasının ekoloji və radioekoloji durumunun sağlamlaşdırılması üzrə dövlət proqramının icrası istiqamətli olub, bu sahədə məlumatlar bazasının yaradılmasına imkan vermişdir.

- Alternativ və qeyri-ənənəvi enerji mənbələrinin istifadəsi, enerjiçevrilmə proseslərinin, ekoloji cəhətdən təmiz və təhlükəsiz energetikanın fundamental problemlərinə dair aldığınız nəticələr barədə nə deyə bilərsiniz?

- İlk növbədə neft-bitum əsaslı yeni günəş-suqızdırıcıları işlənib hazırlanmışdır. Eyni zamanda, enerji daşıyıcılarının alınması, istehsalat və məişətdə enerji təminatında bərpa olunan enerji mənbələrinin istifadəsinin elmi əsaslarının işlənməsi başa çatmışdır.

İcra olunan beynəlxalq layihələr və sazişlərə gəldikdə, ötən il institutda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi, radioekologiya, bərk cisimlərdə radiasiya effektləri və radiasiya materialşünaslığı istiqamətləri üzrə aparılan elmi-tədqiqat işlərinin dünya elminə inteqrasiyasını təmin etmək məqsədi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, ABŞ-ın Nüvə Təhlükəsizliyi Departamenti və Mülki Araşdırmalar Fondu CRDF ilə beynəlxalq proqramlar çərçivəsində iş birlikləri davam etdirilmişdir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə AMEA-nın ilk layihəsi olan Radiasiya Problemləri İnstitutunun bazasında Beynəlxalq Nüvə Məlumatları Mərkəzi fəaliyyətə başlamışdır.

Hazırda AEBA ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində "Radionuklidlərin monitorinqi üçün milli imkanların inkişafı" layihəsi yerinə yetirilmişdir. ABŞ-ın Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının müdafiənin İkinci Xətti Proqramı çərçivəsində Azərbaycan Respublikasının dövlət sərhəd-keçid məntəqələrində radiasiya aşkarlayan avadanlıqların quraşdırılması işi həyata keçirilir.

Müsahibim əlavə etdi ki, birgə işlər çərçivəsində bir sıra ölkələrdə elmi ezamiyyətlərdə olur. Koreya Atom Enerjisi Tədqiqatları İnstitutu ilə birgə elmi-texniki əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb. Koreya Atom Enerjisi Tədqiqatları İnstitutunun direktoru və bir neçə əməkdaşı da Radiasiya Problemləri İnstitutunda olmuş, burada aparılan elmi tədqiqatların istiqamətləri, uyğun laboratoriyalarla maraqlanmış, əksər elmi istiqamətlər üzrə əməkdaşlıq müqaviləsi bağlanmışdır.

İnstitutun direktoru Fransanın SEA və ARONA şirkətlər qrupuna ezam olunanda da birgə elmi-tədqiqat əməkdaşlığı üzrə vacib məsələlər müzakirə edilmiş, kadr hazırlığına dair razılıq əldə olunmuşdur. AEBA ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində "Tədqiqat nüvə reaktorunun quraşdırılması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması layihəsi həyata keçirilir. Bu layihə üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən "Tədqiqat nüvə reaktoru"nun tikintisi üçün torpaq sahəsi ayrılmış, torpağın kadastr planı hazırlanmışdır.

Söhbət zamanı o da bəlli oldu ki, institutun bir qrup əməkdaşı AEBA-nın təklif etdiyi bir sıra beynəlxalq institutlarda treninq kursları keçmişdir. Bir əməkdaş isə Norveçin Oslo Universitetində nüvə fizikası və dozimetriya üzrə təkmilləşdirmə kursunda təhsil almışdır. İnstitut həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində "Radiasiya texnologiyaları vasitəsilə qida məhsullarının, tibbi material və vəsaitlərin, polimer və tikinti materiallarının sterilizə edilməsi üçün qamma-şüalanma kompleksinin yaradılması" layihəsini həyata keçirir. Layihədə iştirak edən institutun bir qrup gənc əməkdaşı Türkiyə, Macarıstan, Polşa və başqa ölkələrdə radiasiya sterilizasiya qurğularına treninq kurslarına göndərilmişdir.

Ümumiyyətlə desək, bu institutun laboratoriyalarında aparılan tədqiqatların istiqamətləri genişdir. Odur ki, nüvə və radiasiya təhlükəsizliyi sahəsində elmi və elmi-texniki problemlərin həlli üçün ən müasir avadanlıqla təchiz edilmiş yeni mərkəz komplektləşir, ekspertiza və monitorinq işləri aparılır, Nüvə elmləri üzrə Beynəlxalq Məlumat Mərkəzi, Ətraf mühitin fizika və kimyası Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər respublikaya xas problemlərin həlli ilə bərabər, müvafiq sahələr üzrə beynəlxalq qurumlara tabe müəssisələrlə əlaqələr qurur və birgə işlər aparırlar.

 

 

Şükufə TAĞIZADƏ

 

Azərbaycan.- 2011.-25 may.- S. 11.