Sənət sərhəd
tanımır
Dövlət müstəqilliyimizin bərpasının 20 ili ərzində Azərbaycan mədəniyyəti öz qanadlarını geniş açaraq dünyanın möhtəşəm ölkələrini dolaşmaqdadır. İllərdir ki, ənənəyə çevrilmiş bir mərasim - Azərbaycan Mədəniyyət günləri müxtəlif ölkələrdə müvəffəqiyyətlə baş tutur. İncəsənət xadimlərimizin iştirakı ilə tərtib olunan proqramlar öz orijinallığı və mükəmməlliyi ilə fərqlənir. Bu gün Azərbaycan musiqiçilərinin, rəssamlarının, ifaçılarının, kino xadimlərinin xoş sorağı müxtəlif ölkələrdən gəlir. Son günlərin xoş bir hadisəsi "Eurovision-2011"-də azərbaycanlı gənclərin böyük uğur qazanaraq birinci yerə çıxmaları mədəniyyət tariximizə qızıl hərflərlə yazıldı.
Çox fərəhli haldır ki, Azərbaycan ifaçılarının səsləndirdikləri musiqilər dünyanı dolaşmaqdadır. Biz həm klassik mədəniyyətimizi dərindən bilir, həm də Avropaya inteqrasiya etdiyimiz bu günlərdə Qərbi heyrətdə qoyacaq istedada malikik. Sivilizasiyaların qovuşuğunda yerləşən Bakı həm Şərqin, həm də Qərbin diqqət mərkəzində əzəmətlə dayanıb.
Bu günlərdə Küveyt Dövlətində Azərbaycan Mədəniyyət günləri keçirilib. Respublika Mədəniyyət və Turizm Nazirliyi, Küveytin Mədəniyyət və Ədəbiyyat Ali Şurası və bu ölkədəki səfirliyimiz tərəfindən təşkil olunmuş mədəniyyət günləri müvəffəqiyyətlə keçərək geniş əks-səda doğurub.
Ərəbistan yarımadasının şimal-şərq hissəsində yerləşən Küveyt Dövləti İraq və Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Şimaldan İran körfəzi ilə əhatələnən dövlətin paytaxtı Əl-Küveyt şəhəridir.
Əhalisinin 90 faizi ərəbdir. Dövlət başçısı əmirdir. Burada əhalinin eramızdan əvvəl təqribən III minillikdə məskunlaşdığı bildirilir. Əhalisi 3 milyona yaxındır. Müxtəlif zamanlarda qonşu dövlətlərin basqınlarına məruz qalan Küveyt 1898-ci ildə Böyük Britaniyanın nəzarəti altına keçib. İkinci Dünya müharibəsindən sonra ölkədə güclənən milli azadlıq hərəkatı nəticəsində 1961-ci ilin yayında Küveyt müstəqil dövlət elan olunub.
Ötən əsrin sonlarına yaxın İran-İraq müharibəsi zamanı yenidən basqıya məruz qalan Küveyt uzun çarpışmadan sonra bu olaydan da qalib çıxıb. İndi bu dövlətdə üç əlamətdar hadisənin yubiley təntənəsi bir-birinə qarışıb. Dövlət müstəqilliyinin qazanılmasının 50, İraq işğalçılarından azad olunmasının 20 və Əmirin taxta çıxdığının 5 illiyi. Belə sevincli bir məqamda Küveytin paytaxtında may ayının ikinci ongünlüyündə Azərbaycan mədəniyyətinin xoş büsatı həqiqətən də bu ölkənin tarixində ən yaddaqalan günlərə çevrildi.
Azərbaycanla Küveyt arasında əsaslı əlaqələr ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra başlamışdır. İndi hər iki ölkə arasında sıx siyasi əlaqələr mövcuddur. Beynəlxalq qurumlarda Küveyt həmişə Azərbaycanın mövqeyini birmənalı olaraq saxlayır. Bu ilin yanvarında Küveytdə Azərbaycanla Küveyt Dövləti arasında əməkdaşlıq üzrə birgə komissiyanın ilk iclası keçirildi. Ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında məsləhətləşmələr aparıldı. Hər iki dövlət arasında bir sıra sazişlər imzalandı.
Bir faktı da demək lazımdır ki, Küveytdə Azərbaycan Mədəniyyət günlərinin keçirilməsindən öncə iki mədəniyyət hadisəsi qeyd edilib. Əvvəlcə Küveytdə Ermənistan mədəniyyət günləri keçirilib. Maraqlıdır ki, ingilis təmayüllü bir orta məktəbdə baş tutan mərasim küveytlilərin yadında qətiyyən qalmayıb (halbuki bu ölkədə 5 min erməni yaşayır). Ondan sonra düzənlənən Yaponiya mədəniyyət günləri də elə uğurlu olmayıb. 20-25 nəfər tamaşaçının iştirak etdiyi bu tədbir də diqqət çəkməyib (təkcə elə Küveytdə 9 yapon restoranı fəaliyyət göstərir. Bu müəssisənin işçiləri bir yerə toplaşsa, xeyli tamaşaçı təşkil etmək mümkün idi). Əlbəttə, bu faktları deməkdə məqsədimiz küveytlilərin musiqiyə, mədəniyyətə az maraqlı olmasını nəzərə çartdırmaq deyil.
Paytaxt Əl-Küveyt şəhərinin "Daşma" adına mərkəzi sərgi və konsert salonunda Azərbaycan Mədəniyyət günlərinin açılış mərasimi keçirildi. Bəlkə də yarandığı gündən həmin konsert salonu bu dərəcədə çox tamaşaçı görməmişdi. Demək olar ki, Küveytdə yerləşən xarici ölkə səfirliklərinin nümayəndələri, ölkənin tanınmış ictimai-siyasi xadimləri, deputat və digər rəsmilərin iştirak etdiyi bu tədbir ölkənin bütün informasiya vasitələrində işıqlandırıldı. Azərbaycan mədəniyyəti ilə bağlı qəzetlərdə maraqlı yazılar, reportajlar verildi. Nümayəndə heyətinin üzvləri televiziyaya dəvət edildi. Bir sözlə, Küveyt bütövlükdə Azərbaycan mədəniyyətinə kökləndi. Həqiqətən də siyasətin uzun illər döyə bilmədiyi qapıları mədəniyyət dərhal aça bilir. Musiqinin, rəqsin, mahnının heç bir tərcüməçiyə ehtiyacı yoxdur. Yaxşı sənət həmişə uğur qazanır. Bu mənada Azərbaycan mədəniyyəti Küveyti nəinki fəth etdi, bütün küveytliləri heyrət içində saxladı. Onlar Azərbaycan musiqiçilərindən ayrılmaq istəmirdilər.
Bayramsayağı bəzədilmiş Əl-Küveytin çox yerində bu ölkədə keçiriləcək mədəniyyət günləri haqqında məlumat dolu iri lövhələr vurulmuşdu. Konsertdən öncə hər iki ölkənin himni səsləndirilib. Çıxış edənlər ölkə rəhbərlərinin salamlarını bir-birilərinə yetirdilər. Bu, ilk görüş olsa da, istər tamaşaçılar, istərsə də iştirakçılar sanki uzun illər idi bir yerdə çalışmışdılar. Hər iki dövlətin nümayəndələri arasında xoş ünsiyyət quruldu. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Üzeyir Hacıbəylinin "Cəngi"si ilə mərasimi açaraq ilk andaca tamaşaçılara xoş ovqat bağışladılar. Sonrakı nömrələrdə əməkdar artist Anar Hüseynli Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından Əsgərin mahnısını özünəməxsus coşqunluqla ifa etdi. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri müxtəlif rəqsləri bir çələng halında tamaşaçılara çatdırdılar. Xalq artisti Nəzakət Teymurovanın ifa etdiyi "Sarı gəlin" xalq mahnısı bütün salonu riqqətə gətirdi. Əməkdar artist Cabir Abdullayevin oxuduğu "Aşiqəm" xalq mahnısını tamaşaçılar xüsusi coşqunluqla alqışladılar. Gənc muğam ifaçısı Vüsalə Musayevanın ifasında səslənən "Şuşanın dağları" xalq mahnısı sanki bu ölkəyə o dağların təmiz və saf havasını bağışladı. Bu mərasimdə tamaşaçıların ən çox alqışladığı və səhnədən buraxmaq istəmədikləri azərbaycanlı ifaçı Səlim Abbasov olub. Onun skripkada ifa etdiyi "Küveyt təranələri" bütün salonu coşdurub. Uşaqdan-böyüyə hamı azərbaycanlı skripkaçının istedadı qarşısında xoş sözlər deyərək sevinclə əl çalıb, "bravo" deyə öz rəğbətlərini bildiriblər.
Sonrakı günlərdə də davam edən mədəniyyət günləri uğurla nəticələnib. Xalq artisti Cəmilə Bayramovanın solo rəqsləri mədəniyyət günlərinin xoş dəqiqələrindən olub. Bu istedadlı rəqqasənin su sonası kimi süzməsi, qeyri-adi gəlişi ilə səhnəyə zərif qanad açması salonu alqışlarla titrədib. Ərəb tamaşaçısını rəqslə heyrətə gətirmək elə də asan deyil. Çünki bütün dünyada ərəb rəqqasları daha məşhurdur. Cəmilə Bayramovanın olduqca dəqiq, incə oyunu barəsində ərəb mətbuatında geniş məqalələr yazılıb. Onun səhnəyə hər gəlişi demək olar ki, uzun sürən alqışlarla müşahidə olunurdu. "Xarı bülbül" muğam qrupunun hazırladığı kompozisiyalar da rəğbətlə qarşılanıb.
Əlbəttə, dövlət müstəqilliyimizi qazandıqdan sonra ilk dəfə idi ki, Küveytdə Azərbaycan Mədəniyyət günləri keçirilirdi. Tədbirin uğurlu alınmasında Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayevin özünəməxsus əməyi var. Əvvəlcədən ölkədə xeyli təbliğat işləri aparılmış, qəzetlərdə Azərbaycan mədəniyyəti ilə bağlı ətraflı məlumatlar verilmiş, ölkəmizin coğrafiyası, təbiəti, məişəti, üzləşdiyi problemlər barəsində küveytlilər müəyyən bilgilər əldə etmişdilər.
Mədəniyyət günlərinin açılışından öncə Əl-Küveytin "Daşma" adına mərkəzi sərgi və konsert salonunda həm də Bakı Milli Geyim Evinin hazırladığı libaslar sərgilənib. Yeddi bölgənin - İrəvan, Qarabağ, Naxçıvan, Şirvan, Lənkəran, Borçalı bölgələri üzrə qədim milli geyimlər nümayiş etdirilib. Bakı Milli Geyim Evinin bədii rəhbəri Könül Vəlibəyli bildirdi ki, onlar belə möhtəşəm sərgidə ilk dəfədir ki, iştirak edirlər. Tamaşaçıların maraqlı baxışları, tez-tez müxtəlif suallar verərək hər bir geyim barəsində məlumat toplaması təsdiqləyirdi ki, küveytlilər Azərbaycanın milli geyimlərini çox bəyəniblər. Hətta onlar bu geyimləri alaraq yadigar saxlamaq istəyirdilər. Mərasimdə Azərbaycan nümayəndə heyətinə ölkənin simvolu sayılan qədim gəminin rəmzi bağışlandı. Azərbaycan tərəfindən isə ev sahiblərinə məhz qədim milli geyim hədiyyə edildi. Ərəb tamaşaçıları bu jesti sürəkli və sevinc dolu səslərlə qarşıladılar. Milli geyimlərlə yanaşı, fotoqraflarımızın Azərbaycanla bağlı çəkdikləri müxtəlif şəkillərin də sərgisi oldu. Fotoqraflardan Elçin Xəlilovun, Fərid Xayrulinin, Leyla Axundzadənin, Tahir Məmmədovun çəkdikləri 60-a yaxın foto nümayiş edildi. Bu fotolarda həm Bakının, həm də respublikamızın digər bölgələrinin tarixi abidələri, mənzərəli yerləri, diqqətçəkən məqamları əks olunmuşdu.
Azərbaycan Mədəniyyət günlərinin son akkordları Dövlət Mahnı və Rəqs Ansamblının ifasında Rauf Hacıyevin "Azərbaycan" əsəri oldu. Hər iki ölkənin bayrağı dalğalanan salonda bütün iştirakçılar bir ağızdan "Yaşasın Azərbaycan-Küveyt dostluğu!" söylədilər. Ucalan səslərin ahəngi bir-birinə elə uyuşmuşdu ki, tamaşaçılar da salondan "Azərbaycan!" deyə səslənirdilər.
Bu ölkədə keçirilən Azərbaycan Mədəniyyət günləri ilə bağlı Küveytin "Əl-Qabas", "Əs-Siyasə", "Əl-Cəridə", "Əl-Vasaf", "Ən-Nahar", "Əl-Ənbə" və "Əs-Sabah" qəzetlərində Azərbaycan Mədəniyyət günləri haqqında reportajlar, məqalələr, fotoşəkillər dərc olunub. Mətbuat səhifələrində Azərbaycanın zəngin mədəniyyəti və turizm potensialından ətraflı bəhs edilib. İki ölkə arasında mədəniyyət və turizm sahəsindəki əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Eləcə də Azərbaycan Mədəniyyət günləri Küveytin telekanalları vasitəsilə də yayımlanıb.
Həqiqətən də əsl sənət sərhəd tanımır. Dövlət müstəqilliyimizi qazandıqdan sonra xarici ölkələrdə keçirilən Azərbaycan Mədəniyyət günləri tamaşaçılar tərəfindən coşqu və rəğbətlə qarşılanır. Bu günlərin tamaşaçılarda yaratdığı xoş təəssüratlar uzun müddət unudulmur.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-25 may.- S. 11.