Azərbaycan bəstəkarı Azər Dadaşovun musiqisi okeanın o tayında səsləndirilmişdir

 

Bu günlərdə ABŞ-ın İndiana ştatının Bluminqton şəhərində keçirilmiş konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, əməkdar incəsənət xadimi Azər Dadaşovun "Şükürlər olsun sənə" ariya-duası səsləndirilmişdir.

AzərTAc xəbər verir ki, "Bütün dinlər sülh üçün dua edirlər" şüarı altında keçirilən konsertdə üç səmavi dinin - iudaizm, xristianlıq, islamı tərənnüm edən musiqilər ifa olunmuşdur.

Belə bir konsertin keçirilməsi ideyası Ömər Türkmenoğluna məxsusdur. Mənşəcə türk olan Ö.Türkmenoğlu İndiana Universitetinin nəzdindəki Musiqi Məktəbinin professorudur.

Konsertin proqramına müxtəlif ölkələrin və xalqların dini məzmunlu vokal musiqiləri daxil edilmişdir. Bu musiqilər fortepiano, həmçinin ney və zərb alətlərinin müşayiəti ilə ifa olunmuşdur.

Bu konsertin ABŞ-ın digər şəhərlərində də təkrarlanması nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.- 2011.-25 may.- S. 11.