Sabirabad rayonunun yol-nəqliyyat
infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə
tədbirlər haqqında
Sabirabad rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması zərurətini, habelə 16 min nəfərdən artıq əhalisi olan Cavad, Yolçubəyli, Narlıq, Türkədi, Həsənli, Əlicanlı və Zəngənə kənd sakinlərinin müraciətlərini nəzərə alaraq, Kür çayının Cavad kəndi ərazisindən keçən hissəsində rayon mərkəzinə olan məsafəni dəfələrlə qısaldacaq yeni körpünün tikilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı üzərində körpünün tikintisinə başlamaq məqsədilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 (iki) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 may 2011-ci il
Azərbaycan.- 2011.- 26 may.- S.
1.