Müasir Azərbaycan milli
ideyanın təcəssümü kimi
Ad
Zirvəyə aparan yol çətin
olur.
Azərbaycan Prezidenti
İlham Əliyev 2011-ci il mayın 10-da
"Buta" sarayında ümummilli lider Heydər Əliyevin
anadan olmasının 88-ci ildönümü münasibətilə
təntənəli mərasimdəki nitqində demişdir:
"Bu gün
Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını
özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz
çox açıqdır, aydındır. Güclü
iqtisadi təməl üzərində müasir siyasi sistemin
formalaşdırılması, dövlətçiliyin əsaslarının
möhkəmləndirilməsi, azərbaycançılıq
ideologiyasının gücləndirilməsi məsələləri
bizim üçün prioritet məsələlərdir... Biz müstəqilliyi bərpa etmişik, qoruyub saxlaya
bilmişik. Bu gün müstəqilliyi
möhkəmləndiririk.
Müstəqillik
bizim üçün ən böyük sərvətdir, ən
böyük nemətdir, ən böyük dəyərdir".
("Azərbaycan" qəzeti, 12 may 2011-ci il).
Məqalənin mövzusunun
açılmasında bu fikirlər əsas rol oynayır.
SSRİ-nin süqutu ərəfəsində
1991-ci il oktyabrın 18-də Azərbaycan
müstəqilliyini yenidən bərpa etmişdir. Hər bir
xalqın tarixində 20 il o qədər də
böyük müddət deyildir. Lakin Azərbaycan
üçün bu illər ciddi sınaqlar dövrü idi: o,
müstəqil dövlət kimi yaşaya biləcəkdimi?! Zaman göstərdi ki, Azərbaycan xalqının
milli ruhu sönməmişdi, əgər bu millətin layiqli
lideri, dünya miqyaslı dövlət xadimi olarsa, o, istənilən
çətinlikləri dəf edə bilər.
Bu illər ərzində
həll edilən məsələlərin xarakterini əvvəlki
illərlə əsla müqayisə etmək olmaz. XIX əsrdə
və XX əsrin əvvəllərində azərbaycanlıların
bir neçə nəslinin həyata keçirmək
uğrunda mübarizə apardığı milli ideya
özünün həqiqi təcəssümünü məhz
müstəqil Azərbaycanın mövcud olduğu bu 20 ildə
tapmışdır.
İranla
müharibə nəticəsində 1828-ci ildən Rusiya
imperiyasının tərkib hissəsinə çevrilmiş
Şimali Azərbaycanda XIX əsrin ikinci yarısından etibarən
dini identiklikdən Azərbaycan milli ideyasının
formalaşmasının başlanğıcı olan etnik
identikliyə keçid ideyası bu məkanda ideya
axtarışlarının mərkəzində
dayanırdı. Bu dövrdə ən ümdə məqsəd
etnik şüurun dini şüurdan ayrılması ideyası
idi. XIX əsrin A.A.Bakıxanov, M.F.Axundzadə,
Mirzə Kazımbəy kimi mütəfəkkirləri bu
yöndə çalışırdılar.
Milli məsələ
XX əsrin əvvəlində Azərbaycan cəmiyyətində
xeyli aktuallaşmışdı və bunun da ciddi səbəbləri
vardı. Həmin dövrdə Azərbaycan sənaye cəmiyyəti
yaradılması yoluna qədəm qoymuş və ümmənin
(müsəlman icmasının) etnik-mədəni millət mərhələsinə
transformasiyası prosesi başlanmışdı. O
dövrün Azərbaycan ziyalılarının milli problemləri
nə səviyyədə başa düşmələrini
bizim yazıçıların, publisistlərin, şairlərin,
ictimai xadimlərin əsərlərində görmək olar.
Azərbaycanda
inqilabaqədərki milli təfəkkür əvvəlcə
türkçülük və etnik millətçilik
ideologiyası kimi inkişaf edirdi. Bu, həmin ideyanın
transformasiyası üçün mühüm və zəruri
platforma idi, çünki çox böyük bir regionun
türkdilli əhalisinin tarixi və mədəni
yaddaşına əsaslanırdı. Bu
ideologiya öz milli hüquqlarının müdafiəsi
işində bütün türkdilli xalqların birliyi və
həmrəyliyini, ayrıca türk (Azərbaycan) millətinin,
perspektivdə isə dövlətinin yaranmasını təmin
etməli idi.
Sonrakı
dövrdə bizim mütəfəkkirlər milli identiklik
ideyasını irəli sürməyə başladılar. Bu ideya azərbaycançılıq
ideologiyasının formalaşmasına keçidi nəzərdə
tuturdu, onun növbəti hədəfi isə milli ideya idi.
Azərbaycanda genişlənən kəskin
siyasi mübarizə milli ideyanı öz məntiqi
sonluğuna - Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasına gətirib çıxardı. Bu, bizim böyük əcdadlarımızın fəaliyyətinin
kvintessensiyası idi.
Əlbəttə,
bütün bu məqsədlər formalaşmaqda olan Azərbaycan
cəmiyyətində çox böyük izahat işi
aparmağı tələb edirdi. Ziyalıların
görkəmli nümayəndələri öz intellektini bu məsələlərin
həllinə sərf etməli, cəsarət və məsuliyyət
nümayiş etdirməli idilər. Əhalini
böyük dəyişikliklərə hazırlamaq,
insanların tarixi və mənəvi dəyərləri dərk
etməsi, onlarda etnik mənlik şüuru oyatmaq
üçün vaxt lazım idi. Bütün
bu işlər çarizm tərəfindən müqavimətlə,
onun Cənubi Qafqaz müsəlmanlarına tətbiq etdiyi məhdudiyyətlərlə
üzləşirdi. Əhali onun
üçün ənənəvi olmayan etimadsızlıq,
şübhəlilik, bəlkə də düşmənçilik
şəraitində yaşayırdı.
Üstündən
neçə-neçə onilliklər keçəndən
sonra soydaşlarımızın həyatının həmin
dövrünü dərindən düşünəndə
anlamağa başlayırsan ki, onlar nə qədər
hüquqsuz, təhqiramiz şəraitdə
yaşamışlar. Yeri gəlmişkən deyək ki, sovet
hakimiyyəti dövründə də Kremldə azərbaycanlılara
qarşı etimadsızlıq olmuşdur. Bunu mən
öz şəxsi həyat təcrübəmə və Azərbaycan
Kommunist Partiyasının rəhbərlərindən biri kimi
iş təcrübəmə əsasən deyirəm. Əgər bu gün xalqımız mövcuddursa və
çoxları üçün nümunədirsə, bu,
yalnız və yalnız onun daxili insan resursları və
istedadı sayəsindədir.
XX əsrin əvvəlində
o dövr üçün az-çox bitkin məzmun kəsb
etmiş Azərbaycan milli ideyası və birləşdirici
ideologiya kimi "azərbaycançılıq" milli ruhu və
milli-mədəni yüksəlişin mexanizmlərini
dirçəltmək, o cümlədən xalqı öz
tarixi torpaqlarından tədricən qovulmaqdan xilas etmək cəhdi
idi. Bu ideyanın reallaşdırılması
xalqın öz milli muxtariyyətini, sonradan isə suveren,
müstəqil dövlətini yaratmasını nəzərdə
tuturdu.
1918-ci ilin
mayında Azərbaycan dövlətinin yaradılması Azərbaycan
xalqının milli mənlik şüurunun formalaşması
prosesinin obyektiv yekunu oldu. M.Ə.Rəsulzadə 1952-ci ildə
Münxendə çıxan "Qafqaz" jurnalında
yazırdı: "Böyük dövlətlər Azərbaycanı
1920-ci il yanvarın 12-də
tanımışlar. Bu, artıq gerçəkləşmiş
milli ideyanın təntənəsi günü idi. O
vaxtdan Azərbaycan müstəqil dövlət kimi beynəlxalq
ailəyə daxil olmuşdur".
Azərbaycan
milli ideyası prioritetlərin müəyyən edilməsində
uzun bir yol keçmişdir. Bu müddətdə əvvəlcə
dini tərkib hissə yaranmış, sonradan o, tədricən
milli mənlik şüurunun mədəni-tarixi paradiqmasına
- türkçülüyə transformasiya etmişdir.
XIX-XX əsrlərdə
Azərbaycanda ictimai fikrin təkamülü milli
inkişafın "türkləşmə, islamlaşma,
avropalaşma" prioritetlərini əks etdirən formulu
yaratmışdır. Bu gün məhz həmin ideyalar Azərbaycanın
Dövlət bayrağının üç rəngində təcəssüm
olunur.
XIX-XX əsrlərin
tarixi zaman kəsiyində C.Məmmədquluzadə, M.Ə.Sabir,
Y.V.Çəmənzəminli, Ə.Topçubaşov, Ə.Ağayev,
Ə.Hüseynzadə, H.Zərdabi, F.Xoyski, M.Ə.Rəsulzadə
və digər milli klassiklər və görkəmli
maarifçilər azərbaycanlıların milli mənlik
şüurunun oyanışında başlıca rol
oynamışlar.
Onlardan bəziləri
həm də müstəqil Azərbaycan dövlətinin
yaradılmasının təməlini qoymuşlar. Göstərilən
dövr azərbaycanlıların tarixində həmişə
bu insanların adları ilə bağlı olacaqdır. Bununla belə, tarix sübut etmişdir ki, nəzəri
fikrin formalaşdırılması onun tərkib hissələrinin
əməli şəkildə həyata keçirilməsi qədər
məsuliyyətli işdir. Təəssüf ki, bir
sıra obyektiv və subyektiv daxili və xarici səbəblər
üzündən birinci Azərbaycan Respublikasının liderləri
dövlətçiliyimizin uzunmüddətliliyinə nail ola bilmədilər. Nəticədə
keçən əsrin 90-cı illərinin əvvəlində
Sovet İttifaqı dağılana qədər müstəqillik
ideyaları boğuldu. SSRİ-nin
dağılması ilə Azərbaycan xalqı milli
ideyanın həyata keçirilməsi - müstəqil milli
dövlətçiliyin qurulması üçün daha bir
tarixi şans əldə etdi. Lakin 1990-cı illərin əvvəlində
həm Azərbaycanın daxilində, həm də qlobal
geosiyasi kontekstdə cərəyan edən ictimai-siyasi proseslər,
regiondakı qüvvələr nisbəti, üstəlik, həmin
dövrdə hakimiyyətdə olmuş şəxslərin
siyasi baxımdan qeyri-yetkinliyi, millətin və dövlətin
inkişafının strateji prioritetlərini lazımınca təsəvvür
etməmələri bu vəzifənin tam şəkildə
yerinə yetirilməsini təhlükə qarşısında
qoymuşdu. XX əsrin əvvəlində
qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti
dövrünün ibrət götürülməmiş mənfi
dərslərinin təkrarlanması təhlükəsi
1993-cü ildə özünü aşkar şəkildə
göstərməyə başlamışdı.
Mənfi
ictimai-siyasi proseslərin gedişi təkidlə tələb
edirdi ki, Azərbaycanı tamamilə dağılmaq və ya
parçalanmaq təhlükəsindən yalnız
sözün həqiqi mənasında tarixi miqyaslı, həm
Azərbaycan millətinə xas olan mühüm dəyərlərin
müəyyən toplusunun təcəssümü rolunda, həm
də qeyri-standart siyasi qərarların güclü və iradəli
mənbəyi rolunda çıxış etməyə qadir
olan şəxsiyyət xilas edə bilər. Yalnız
böyük dövlət xadimi milləti xilas edə, onun
ideyasını həyata keçirə bilər.
Fəlsəfə
elmində çoxdan təsdiqlənmişdir ki, milli ideya cəmiyyətin
həyatında, siyasi praktikada mühüm rol oynayır. Ona görə
də hər bir millətin öz milli ideyası
olmalıdır, əks halda həmin millətin yaşamağa
haqqı yoxdur. Filosoflar milli ideyanı
xalqın taleyini, onun vəzifəsini ifadə edən və
taleyüklü məsələlərin həlli
üçün milli enerjini səfərbər edən
inteqrativ milli mənlik şüuru konsepsiyası
adlandırırlar.
Milli ideya bir
insanın ixtirası deyil, o, xalqın şüurunun dərinliklərindən
qaynaqlanır və konkret tarixi məqamda sosial reallıq onu dəstəkləyir. Çoxmillətli
dövlətdə ərazi bütövlüyünü qoruyub
saxlamaq üçün milli ideya dilindən, etnik mənsubiyyətindən
və dinindən asılı olmayaraq, ölkənin
bütün əhalisinin maraqlarını nəzərə
almalıdır. Milli ideya cəmiyyətin
inkişafının ümumi məqsədi və
strategiyasıdır.
Milli
ideyanın mahiyyətinin məğzi nədən ibarətdir? Qeyd etmək
lazımdır ki, milli ideya əvvəlcə milli
şüurun oyanması, müstəqillik uğrunda mübarizə
ilə şərtlənən əqli nəticə, ictimai
ideya kimi yaranır. Dövlətçilik
yaranıb təkamül etdikcə, ölkənin sosial-iqtisadi
mövqeyi möhkəmləndikcə, mədəniyyət
inkişaf etdikcə milli ideya tədricən milli maraqlarla,
dövlətin beynəlxalq birlikdə rolunun elmi dərki ilə
qovuşur. Bu şəraitdə milli ideya
elmi cəhətdən əsaslandırılır və
müvafiq ideologiyanın formalaşması üçün zəmin
kimi çıxış edir.
Millətin indi və gələcəkdə
salamatlığı, inkişafı və tərəqqisinin
strategiyası kimi milli ideya milləti sıx birləşdirir,
onu möhkəmləndirir, millətin vahid tam kimi fəaliyyət
göstərməsinə şərait yaradır,
bütövlükdə cəmiyyətin mənafelərini ifadə
edən davranış qaydaları, qanunlar və digər
mühüm ictimai-siyasi qaydalar formalaşdırmağa kömək
edir. Milli ideya etnosun (millətin), onun bənzərsiz
mədəniyyətinin, təkrarsız "Mən"inin
qorunub saxlanmasına imkan yaradır.
Milli ideya mənəvi
və rəmzi mənada müəyyən dəyərlər
toplusu kimi çıxış edir. Bu halda
formalaşması xalqın mənəvi seçimi ilə
sıx bağlı olan milli ideyanın ən mühüm tərkib
hissəsi və özəyi ərazinin və millətin
yaradıcısı və qorunub saxlanmasının təminatçısının
rəmzi kimi məhz millət və milli dövlət
ideyası çıxış edir. Əgər milli
ideya tarixi təcrübəyə, sosial-mədəni dəyərlərə
və ənənələrə əsaslanmırsa, o, həyat
qabiliyyətli ola bilməz.
Müasir mərhələdə
Azərbaycan milli ideyasının leytmotivi Azərbaycanın
müstəqil mahiyyət kimi dərk edilməsi
olmalıdır. Bundan ötrü isə milli ideyanın
özü şəxsi, ictimai və dövlət
varlığının baza dəyərlərini ehtiva etməlidir.
Ölkənin BMT tərəfindən
tanınmış sərhədləri daxilində qorunub
saxlanmasına yönəldilmiş Azərbaycan milli ideyasının
və onun mahiyyətinin həyata keçirilməsi ərazi, əhali
və idarəçilik kimi əsas xüsusiyyətlərə
malik olan dövlətin ən mühüm vəzifəsidir.
Azərbaycan xalqı məhz öz milli
ideyasını müəyyən etmək yolu ilə millətə
çevrilmişdir.
Milli ideya və
milli ideologiya anlayışlarını qarışdırmaq
olmaz. Elmi ədəbiyyatda onların eyniləşdirilməsi
hallarına tez-tez rast gəlmək olar. Hərçənd,
məlum olduğu kimi, qərarlaşmış milli dövlətə
bunların hər ikisi xasdır. Buna
baxmayaraq, çox vaxt milli ideyanı səhvən ideologiya kimi
təsnif edirlər. Halbuki onların funksiyaları
müxtəlifdir: milli ideyanı strategiya kimi səciyyələndirmək
olar, ideologiya isə ideyanın reallaşdırılmasına
kömək edən taktikadır. İdeologiya
milli ideyanın cəmiyyətdə yayılması
metodları və vasitələridir. O, milli ideyanın
daşıyıcısıdır. Reallıq dəyişir,
onun təqdim edilməsinin metodları və formaları da dəyişməlidir.
Şəksiz təşkilatçılıq
xüsusiyyəti olan ideologiya cəmiyyətin mənəvi həyatının
ən mühüm strukturudur, lakin ondan yalnız milli məsələlərin
həlli, milli ideyanın reallaşdırılması
üçün zəruri mexanizm kimi istifadə etmək
lazımdır. Nəzərə almaq lazımdır ki,
milli birliyə xidmət edən ideologiya milli ruhun mənəvi
meyarlarına uyğun olmalıdır. Lakin
əgər milli şüura tətbiq edilmiş həqiqilik
meyarı surroqat həqiqətlə əvəz edilirsə,
onda hakimiyyət nüfuzunu itirir, milli dəstəkdən məhrum
olur.
Dövlət
ideoloji fəaliyyətlə məşğul olmağa, yəni
konkret milli və dövlətçilik dəyərlərini dəstəkləməyə
və təbliğ etməyə borcludur, eyni zamanda, başa
düşməlidir ki, milli ideologiya milli ideyanı əvəz
etməməlidir. İdeya həyata keçirilməsi nəzərdə
tutulan, müəyyən nəticəyə gətirib
çıxarmalı olan bir niyyət, yaxud "nəzəri
sistemin əsasını təşkil edən məntiqi
prinsipdir" (bax: Soüioloqiçeskiy
gnüiklopediçeskiy slovarğ. M., 1998, s. 94). İdeologiya isə insanların gerçəkliyə
və bir-birinə münasibətini dərk etməyə, qiymətləndirməyə
imkan verən, müxtəlif sosial qrupların və cəmiyyətlərin
mənafelərini ifadə edən baxışlar və ideyalar
sistemidir.
Milli ideologiya
bütün millətin mənafelərini ifadə etdikdə,
onun həyatına, inkişaf vektoruna, ölkə əhalisinin
əksəriyyətinin dünyabaxışının
mühüm hissəsinə çevrildikdə öz məqsədini
doğrulda bilər.
Son 20 ildəki
siyasi inkişaf göstərmişdir ki, Azərbaycan cəmiyyəti
üçün təkcə milli ideya yetərli deyildir,
ölkəyə milli maraqlara söykənən yeni, müasir
siyasi ideologiya lazımdır.
Məhz bu səbəbdən
müasir Azərbaycanın ideoloji konstruksiyasının mahiyyətinin
müəyyən edilməsi çox aktual məsələdir. Artıq 18
ildir ki, "azərbaycançılıq" ideoloji
konstruksiyası bu missiyanı gerçəklikdə öz
üzərinə götürmüşdür. Bu konstruksiya mühüm funksional keyfiyyətlərlə
zəngindir. Onların mahiyyəti ölkəni
mənəvi və fiziki cəhətdən zəiflətmək
cəhdlərindən qorumaqdan, Azərbaycanı unitar,
hüquqi və demokratik dövlət kimi möhkəmləndirmək
və inkişaf etdirməkdən ibarətdir. Azərbaycançılıq ideologiyası elə
bir mənəvi dəyərdir ki, o, müstəqil və
öz yolu ilə gedən Azərbaycanı informasiya
baxımından koqnitiv (idraki) sivilizasiyalar sırasına, yəni
biliklərə əsaslanan və biliklər iqtisadiyyatı
yaradan cəmiyyətə çevirəcəkdir.
Milli ideyanın və azərbaycançılıq
ideologiyasının reallaşdırılması yalnız o
halda uğurlu hesab edilə bilər ki, onlar əhalinin sosial
aktiv təbəqələrinin səfərbər edilməsi,
inkişaf və modernləşdirmə strategiyası, ölkənin
qarşısında duran məsələlərin həlli ətrafında
hakimiyyətin xalq kütlələri ilə həmrəyliyinin
təmin olunması vasitəsinə çevrilsin.
Xalqın milli
mənlik şüurunun oyanması ilə milli ideyanın
yaranması arasında çox böyük zaman kəsiyi
vardır. Milli ideya qəti şəkildə yalnız millətin
yaranması ilə formalaşır, yəni tam qərarlaşmış
formaya düşür.
Bizim müasir
Azərbaycan üçün milli ideya
anlayışının məzmununu nə ilə
dolğunlaşdırmaq barədə düşünməyimizə
ehtiyac yoxdur. Strateji məqsədlər ölkənin Konstitusiyasında
müəyyən edilmişdir. Ona görə
də milli ideyanın maddiləşdirilməsi Azərbaycan
Konstitusiyasının reallaşdırılması yolu ilə
həyata keçirilir. 1995-ci ildə qəbul
edilmiş Konstitusiya ölkənin bütün vətəndaşlarını
birləşdirən ideyadır. Bütün
insanları təkcə keçmiş haqqında xatirələr
deyil, məhz Konstitusiya birlikdə saxlayır. Bu gün Azərbaycan Konstitusiyası Azərbaycan
milli ideyasının rəsmi ifadəsidir.
Bəs milli
ideyanın və xalqın dəyər oriyentasiyalarının
mahiyyəti nədən ibarətdir? Heç şübhəsiz,
əsas dəyərlərdən biri məhz dövlətçilikdir.
Dövlətin ali dəyərləri isə
müstəqillik, dövlət suverenliyi, habelə mədəniyyət,
din və ənənə dəyərləridir. Milli ideya Azərbaycan cəmiyyətinin və
dövlətinin həyatının əsas məqsədi və
mənasıdır. XXI əsrdə Azərbaycan milli
ideyasının əsas tərkib hissələri bunlardır:
dövlətin, ərazi bütövlüyünün və
müstəqilliyin qorunub saxlanması, iqtisadiyyatın hərtərəfli
inkişafı, vətəndaşların
firavanlığı (buraya bir sıra komponentlər daxildir),
müasir təhsil standartları, mənəvi inkişaf,
demokratiya, təhlükəsizlik və ondan irəli gələn
tam bir sıra məsələlər.
Tarix sübut
etmişdir ki, dövlətin, cəmiyyətin və qlobal
proseslərin inkişafını müəyyən edən
başlıca amillərdən biri şəxsiyyət
fenomenidir. Tarixi proseslərə obyektiv surətdə təsir
göstərən bütün başqa amillər konkret
ictimai-siyasi, geosiyasi, sosial-iqtisadi şəraitdən
asılıdır. Şəxsiyyətin
rolu isə prioritet kimi çıxış edir,
çünki məhz konkret şəxsiyyət
özünün fəaliyyəti və qəbul etdiyi qərarlarla
xalqların, dövlətlərin tarixinə və dünya
nizamına təsir göstərə bilər. Bəşəriyyətə ən qədim zamanlardan
bəri çoxlu görkəmli insanlar, şəxsiyyətlər
məlumdur, dünya tarixinin ayrı-ayrı dövrləri,
bütöv epoxalar, millətlərin keçmişi və
bugünü onların adı ilə bağlıdır.
Bu tarixi şəxsiyyətlər öz əməlləri
ilə xalqların həyatında o qədər dərin iz
qoyurlar ki, millətin və dövlətin
inkişafının həmin dövrü konkret görkəmli
siyasi şəxsiyyətin ideyalarının təcəssümünün
nəticəsi kimi onların adları ilə səciyyələndirilir.
Bir çox
xalqların tarixi təcrübəsi milli tarixin böhranlı
zaman kəsiyində məhz müəyyən şəxsiyyətin
sayəsində ölkədə vəziyyətin necə dəyişməsinə,
həyati əhəmiyyətli məqsədlərə nail
olmaq üçün cəmiyyətin və onun ən
yaxşı nümayəndələrinin sıx birləşməsinə
dair parlaq misallarla zəngindir. Bu baxımdan nisbətən yaxın
tarixdən misallar göstərmək olar: Mustafa Kamal
Atatürk və 1920-ci illərdə müasir Türkiyə
Cümhuriyyətinin yaradılması; Konrad Adenauer və
müharibə nəticəsində
dağıdılmış Almaniya Federativ
Respublikasının 1950-ci illərdə bərpası;
Şarl de Qoll və 1960-cı illərdəki narahat Fransa; Li
Kuan Yu və 1965-ci ildə Sinqapurun yaranması; Franklin Ruzvelt və
1930-1940-cı illərdə ABŞ-ın timsalında dünya
hegemonunun formalaşması.
Azərbaycan
xalqının ən yeni tarixində belə bir şəxsiyyət
ümummilli lider Heydər Əliyev - sözün həqiqi mənasında
millətin və dövlətçiliyin xilaskarı olan insan
öz bəsirəti, təcrübəsi və işləri
ilə indiyəqədərki bütün dəyərlər və
siyasi oriyentirlər sisteminin fövqünə ucalmış
şəxsiyyət olmuşdur. Heydər Əliyevin
onu tarixi şəxsiyyətlər sırasına
çıxaran vətəndaş və siyasi hünəri
müxtəlif təhdidlərə və təqiblərə rəğmən
siyasətə qayıtmaq və Azərbaycanın taleyini
öz əlinə almaq qətiyyətindən ibarət idi.
1991-ci ildə
Azərbaycanın müstəqillik yoluna qədəm
qoyması onun tarixində yeni səhifə açmaqla
yanaşı, həm də o vaxt qarşıya çıxan məsələlərin
təcili həll edilməsini kəskin zərurətə
çevirmişdi. Lakin təəssüf ki, müstəqilliyin ilk illərində
Azərbaycan dövlət quruculuğu ilə əlaqədar
bütün təxirəsalınmaz məsələlərin -
xarici təcavüzün dəf edilməsi, daxili siyasi vəziyyətin
sabitləşdirilməsi, cəmiyyətin tam hərc-mərcliyə
və vətəndaş müharibəsinə sürüklənməsinə
yol verilməməsi, heç olmasa, minimum həyat qabiliyyətinə
malik iqtisadiyyat yaradılması məsələlərinin az
bir hissəsini də reallaşdıra bilməmişdi.
Ölkənin
o vaxtkı rəhbərliyinin xüsusən xarici siyasət,
müdafiə qabiliyyəti və iqtisadi islahatlar kimi sahələrdə
diletant idarəçilik metodları və tam
bacarıqsızlığı Azərbaycan cəmiyyətində
daxili siyasi qarşıdurmanın kəskinləşməsini
son həddə çatdırmış və
separatçı meyillərin güclənməsi
üçün zəmin yaratmışdı. Belə bir şəraitdə
hər hansı uzunmüddətli məqsədlərə nail
olmaq naminə millətin sıx birləşməsindən
söhbət də gedə bilməzdi və ölkə rəhbərliyinin
özü də həmin məqsədlərin nədən
ibarət olduğunu aydın dərk edə bilmirdi. Bu uğursuz siyasət nəticəsində dövlət
qurumları və ictimai təsisatlar tamamilə tənəzzülə
uğramışdı. Ona görə də
1988-ci ildən 1993-cü ilədək olan dövrü tam əminliklə
qarışıqlıq, hakimiyyətsizlik və anarxiya
dövrü adlandırmaq olar.
Tarixi miqyaslı şəxsiyyət
olan Heydər Əliyev ölkədə yaranmış vəziyyəti
hərtərəfli düşünülmüş şəkildə
qiymətləndirərək, Azərbaycan dövlətinin
varlığının özü üçün gərəkli
təcili və həyati əhəmiyyətli məsələlərin
- hakimiyyət boşluğunun aradan qaldırılması,
separatçılıq təhlükəsinin və silahlı
quldur dəstələrinin ləğv edilməsi,
döyüş qabiliyyətli ordu yaradılması kimi məsələlərin
həlli naminə bütün Azərbaycan cəmiyyətini
sıx birləşdirə və səfərbər edə
bildi.
Xarici dövlətlərin
rəhbərləri, dünyanın tanınmış analitikləri
birmənalı şəkildə etiraf edirlər ki, Heydər Əliyev
XX əsrin ikinci yarısının - XXI əsrin əvvəlinin
siyasi tarixində görkəmli siyasi xadim və dövlət
xadimi kimi qalacaqdır. Çox böyük siyasi təcrübəsi,
nadir xarizması, natiqlik qabiliyyəti və yüksək
nüfuzu onu müasir siyasi xadimlər arasında kəskin
şəkildə fərqləndirirdi. Onun
məqsədi qabaqcıl Avropa standartlarına uyğun milli
dövlət yaratmaq idi. Məhz o, Azərbaycan dövlətçiliyinin
möhkəm təməlini qoydu, bununla da milli müstəqilliyin
inkişaf vektoruna dönməzlik xarakteri verdi.
Heydər Əliyev mürəkkəb geosiyasi
dövrdə ölkəni vətəndaş
qarşıdurması və dərəbəylik vəziyyətindən,
dərin iqtisadi və siyasi böhrandan çıxarmağa,
onu sabit inkişaf səviyyəsinə qaldırmağa nail
oldu. Ölkənin xarici siyasi aləmdə
təcrid olunmuş vəziyyətdən
çıxarılması da onun xidmətidir. O,
bütün dünyaya sübut etdi ki, Azərbaycan tərəqqi
edən müasir dövlətə çevrilə bilər.
Heydər Əliyev
bütün dövlət quruculuğu prosesinin həyata
keçirilməsinin yeganə təminatçısı olmuşdur. Ötən əsrin
70-80-ci illərində uğurla həyata keçirilən səmərəli
dövlətçilik, varislik və proqnozlaşdırıla
bilən konsepsiya əsas götürüldü. Azərbaycan xalqı çox güclü məna
potensialı ilə dolğunlaşdırılan, cəmiyyətin
daxilindəki ziddiyyətləri həll etməyə və
davamlı inkişaf üçün zəmin yaratmağa qadir
olan milli ideya əldə etdi.
Heydər Əliyevin
bütün parlaq həyatı mühüm tarixi hadisələrlə
zəngin idi.
Bütövlükdə isə o, siyasət
korifeyi idi və özünün qaynar fəaliyyəti ilə
qeyri-adi şəxsiyyət kimi müasir Azərbaycanın
tarixində çox böyük rol oynamışdır.
1993-2003-cü illəri əhatə
edən on il ən müxtəlif təhdid
və təhlükələrlə dolu idi, gənc respublikaya
çox böyük təzyiqlər vardı. Heydər
Əliyevin siyasi nüfuzu və onun vaxtında qəbul etdiyi qərarlar
Azərbaycanı simasız dövlət vəziyyətinə
yuvarlanmaq təhlükəsindən xilas etdi. Azərbaycan bu on ildə dövlətçiliyin bərqərar
olması, demokratik keçid və konsolidasiya yolu qət
etmiş, eyni zamanda, ölkədə genişmiqyaslı
iqtisadi islahatlar aparılmış, siyasi sistem və sosial
münasibətlər humanistləşmişdir. Bu cür geniş əhatəli transformasiya sistemli
xarakter daşıyır və subyektiv səpkili
çoxsaylı maneələrə rəğmən həyata
keçirilirdi.
Azərbaycanda dövlətçiliyin
və milli şüurun, iqtisadiyyatın və sosial
quruluşun, siyasi sistemin və identikliyin durğunluq və tənəzzül
keçirdiyi həmin dövrdən təqribən 20 il ötəndən
sonra cəsarətlə deyə bilərik ki, 1993-2003-cü illərdə
Heydər Əliyevin on illik prezidentliyinin əsas uzunmüddətli
hədəfləri aşağıdakılar olmuşdur:
* ölkədə
son dərəcə zəruri olan ictimai-siyasi həyatın
sabitləşdirilməsi, demokratik ənənələrin və
təsisatların yaradılması və təkmilləşdirilməsi;
* dövlət
aparatının möhkəmləndirilməsi və işlək
dövlət idarəçilik təsisatlarının
formalaşdırılması;
* cəmiyyətdə
yeni davranış normaları və stereotiplərinin
yaradılması, yeni - açıq və demokratik vətəndaşlıq
mövqeyinin formalaşdırılması;
* 1994-cü ildən
başlayaraq Qarabağ cəbhəsində atəşkəs
rejimi şəraitində iqtisadi inkişafın mühüm
prioritetlərinin formalaşdırılması;
* müstəqil
dövlətin neft strategiyasının yaradılması, -
bunun təməli "Əsrin müqaviləsi"nin
imzalanması ilə qoyulmuşdur, - əsas regional enerji
aktoruna transformasiyanın başlanması;
* "Böyük İpək
yolu" layihəsində fəal iştirak etməklə
regional logistika mərkəzi kimi Azərbaycanın rolunun dəyişdirilməsi;
tarazlaşdırılmış
xarici siyasətin dövrə
uyğunlaşdırılmış modelinin
formalaşdırılması;
* müasir
və döyüş qabiliyyətli ordu yaradılması və
s.
Heydər Əliyevin həm nəzəri
səviyyədə, həm də praktikada həyata
keçirdiyi norma və dəyərlərin
məcmusu konsolidasiya edilmiş demokratiyanın həyat qabiliyyətli
modelinə çevrilmişdir. Heydər Əliyevin
prezidentliyi dövründə ölkənin müasir
inkişafı üçün möhkəm təməl
qoyulmuş, Azərbaycanın yetkin dövlət kimi qəbul
edilməsi təmin olunmuş, gələcəkdə
müasir dünyaya sürətlə qovuşması
üçün şərait yaradılmışdı.
Ölkə inamla qəddini düzəltmiş,
həm quruculuq fəaliyyəti, həm də dövlətçiliyin
qorunub saxlanması və inkişaf etdirilməsi problemlərinin
fəlsəfi baxımdan dərk olunması üçün
imkan yaranmışdı. Azərbaycan cəmiyyətinin
üzləşdiyi müasir təhdidlər və çətinliklər
daha ciddi tələblər irəli sürür, XXI əsrin
çağırışları nəzərə
alınmaqla sonrakı illərdə ölkəyə
başçılıq edə biləcək şəxsiyyətin
seçilməsinə daha böyük tarixi məsuliyyətlə
yanaşmağı zəruri edirdi.
YENİ PARADİQMA
Ad cogitandum et agendum homo natus est (lat.)
-
İnsan düşünmək və iş görmək
üçün yaranmışdır.
2003-cü ildə
Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm
qoymuşdur. Ölkə yuxarıda sadalanan istiqamətlərin
hamısında nəzərəçarpacaq uğurlar
qazanmışdır. Azərbaycan dövləti
uzunmüddətli həyat qabiliyyətinə malik olduğunu,
cəmiyyət isə tarixi prosesin növbəti mərhələsində
iştirak etməyə hazır olduğunu nümayiş
etdirmişdir. Müasir Azərbaycan
Respublikasının müstəqilliyi həm adi vətəndaşlar,
həm də qlobal miqyaslı ən mühüm güc mərkəzləri
üçün aksioma çevrilmişdir. Məhz Heydər
Əliyevə xas olan xarizma, uzaqgörənlik, iradi keyfiyyətlər,
təcrübə, başqa sözlə desək, onun şəxsiyyəti
göstərilən dövrdə bizim üçün sistem əhəmiyyətli
"millət", "dövlətçilik", "idarəetmə
sistemi", "hakimiyyət", "inkişaf etmiş
iqtisadiyyat", "mənəvi dirçəliş",
"liderlik", "transformasiya",
"çoxvektorluluq" kimi dəyərlərin təşəkkülü
və möhkəmlənməsində çox mühüm
rol oynamışdır.
Prezident
İlham Əliyevin şəxsiyyəti ölkənin
inkişafının 2003-cü ildə başlanmış
növbəti mərhələsinin rəmzinə
çevrilmişdir. Dövlətçilik quruculuğu tarixi
prosesinin məntiqi müasir dövrün
çağırışlarını başa düşməyin
keyfiyyətcə yeni səviyyəsinə keçməyi tələb
edirdi. Bununla belə, sistem dəyərləri
dəyişməz qalmalı idi. İlham Əliyev
Azərbaycan milləti üçün hər iki tələbi
təmin edən seçim oldu. Əgər
bu seçimə Azərbaycan milləti və dövlətçiliyinin
bütün tarixi təcrübəsi prizmasından nəzər
salsaq, o, mahiyyət etibarilə reallıq olan tarixi dövlət
layihəsinin legitimləşdirilməsi idi.
Müstəqil
milli dövlətçiliyin və identikliyin qorunub
saxlanmasını və eyni zamanda, dünya birliyinə
inteqrasiya strategiyasını nəzərdə tutan milli
ideyanın Prezident İlham Əliyev tərəfindən fəlsəfi
baxımdan dərk edilməsi onun bütün əməli fəaliyyətində
öz əksini tapır. Böyük dövlət xadimi kimi İlham Əliyevin
malik olduğu şəxsi keyfiyyətlər onu tarixi
miqyaslı siyasətçi, millətin kollektiv tarixi təcrübəsini
dövlət quruculuğu istiqamətinə yönəldən
ali idarəçilik funksiyalarını
yerinə yetirməyə sövq edir. Azərbaycan
cəmiyyəti və dünya birliyi bu fenomeni 2003-cü ildən
bu günə qədər müşahidə edə bilir.
Milli və dövlət müstəqilliyinin
qorunub saxlanması, dünya birliyinə inteqrasiya indi azərbaycanlıların
milli mənlik şüurunun tərkib hissəsinə
çevrilmişdir. Məhz müstəqil Azərbaycan
dövlətinə görə, onun hadisələrlə zəngin
tarixinə görə qürur hissi, Azərbaycan millətinin
dünya tarixinə öz töhfəsini verməyə
hazır olması Heydər Əliyevi belə deməyə
sövq etmişdi: "Mən fəxr edirəm ki, azərbaycanlıyam".
Prezident İlham Əliyevin məqsədyönlü
fəaliyyəti sayəsində bu siyasi kateqoriyalar tarixi
prosesin yeni mərhələsində yeni keyfiyyət məzmunu
ilə dolğunlaşmış, milli mənlik şüurunun
strukturunu möhkəmlətmiş, milli "Mən"də
konkret və dəqiq forma kəsb etmişdir.
Təsadüfi deyil ki,
Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də
andiçmə mərasimindəki nitqində Heydər Əliyevin
prezidentliyi dövründə Azərbaycanın
qazandığı bütün uğurlardan danışarkən
ilk növbədə ölkə iqtisadiyyatının vəziyyətinin
kökündən dəyişməsini vurğulamış,
1993-2003-cü illərdə həyata keçirilmiş
islahatların bütün spektrini, o vaxta qədər ölkəyə
cəlb edilmiş investisiyaların ümumi həcminin 15
milyard dollar olmasını, bu proseslərdə ictimai-siyasi
sabitliyin mühüm rol oynamasını xatırlatmışdır.
İlham Əliyev yeni vəzifədə elə ilk nitqində
müasir Azərbaycanın ən mühüm probleminə -
Dağlıq Qarabağın işğal edilməsinə yeni
səpkidə münasibətini bildirmiş, dünya birliyini
"ikili standartlardan" imtina etməyə
çağırmış, dünyanın və regionun əsas
aktorlarının təcavüzkara təzyiq göstərməkdə
öz rollarını fəallaşdırmasının zəruriliyini
vurğulamışdır. Prezident İlham Əliyev öz
mövqeyinin vektorunu göstərmişdir: "Biz
torpaqlarımızın işğal edilməsi ilə
heç vaxt barışmayacağıq, Azərbaycan öz ərazilərini
nəyin bahasına olursa-olsun azad edəcəkdir".
Bu bəyanatlar Dağlıq
Qarabağ üstündə Ermənistanla hərbi
qarşıdurma şəraitində dövlətin
inkişafının strateji konsepsiyasının, eləcə
də politoloji baxımdan adi "postsovet məkanından"
inkişaf etməkdə olan azad dövlətə siyasi və
iqtisadi keçid dövründə cəmiyyətin
transformasiyasının əsasına çevrilmişdir.
SÖZLƏ ƏMƏL BİR OLANDA
Concordia rarvae res crescunt, discordia
maximae dilabuntur (lat.) -
Harmoniya olduqda ən kiçik də böyüyür,
nizamsızlıqda isə böyük də yox olur.
2003-cü ilə
qədər Azərbaycanda hakim elitanın, cəmiyyətin fəal
hissəsinin və geniş xalq təbəqələrinin təşəkkül
tapmış həmrəyliyi daxili siyasətdə
yanaşmalara dəyişikliklər olunmasını tələb
edirdi. Müstəqillik illərində yaradılmış
yeni dövlət təsisatları indi artıq onların fəaliyyətinin
şəffaflığı və səmərəsinin
artırılması istiqamətində təkmilləşdirilirdi.
Bu, ilk növbədə, Azərbaycan cəmiyyətinin sosial və
iqtisadi aspektlərinə aid idi, çünki Prezident İlham
Əliyevin strateji baxışlarının reallaşdırılması
ən əvvəl əhalinin maddi rifahının
yaxşılaşması və yüksəlməsində,
ölkənin hər bir vətəndaşının, - istər
dövlət orqanlarında xidmət, istərsə də
ictimai fəaliyyət və ya şəxsi təşəbbüsü
olsun, - özünütəsdiqi üçün bütün
imkanların açılmasında öz əksini tapmalı
idi.
İlham Əliyev
2003-cü ildə dövlətə başçılıq
etdiyi ilk günlərdən Azərbaycan iqtisadiyyatının
həyat qabiliyyətli strukturunun təmin edilməsi
üçün zəruri olan və idarəçiliyə cəlb
edilmiş kadrların seçilməsi məsələsinə
keyfiyyətcə yeni yanaşma tələb edən
genişmiqyaslı infrastruktur layihələri irəli
sürdü.
Həmin məsələnin başa
düşülməsi dünya birliyinə inteqrasiyanın
strateji məqsədi ilə ahəngdar şəkildə
uzlaşırdı. Sosial modernləşmə olmadan,
ölkənin məmur və idarəçi elitasını
"cavanlaşdırmadan", həmin elitanı texnokratlar,
bu və ya digər fəaliyyət sahəsində uğur rəmzinə
çevrilmiş, müvafiq praktik iş təcrübəsinə
malik insanlar hesabına genişləndirmədən bu məqsədə
çatmaq mümkün olmazdı. Bununla bərabər,
iqtidar başa düşürdü ki, regional miqyasda Azərbaycanın
çox böyük təbii və yüksək insani
resursları nəzərə alınmaqla, həmin istiqamətlərdə
qazanılan uğurlar ölkəni regional lider səviyyəsinə
ucaldacaqdır.
Modernləşmə
müasir dövlətin zəruri funksiyalarından biridir. Azərbaycan
innovasiya modernləşməsinin həyata keçirilməsində
çox maraqlıdır. Bu halda həmin
proseslər fəal sosial qrupların maksimum sayda nümayəndələrini
əhatə edəcəkdir. İnnovasiya
modernləşməsi tipologiya baxımından
inkişafın təkamül yoluna yaxındır, bu isə Azərbaycanın
demokratik transformasiya strategiyasına uyğundur. Düşünürük ki, dəyişməkdə
olan dünyada modernləşmə siyasətinin həyata
keçirilməsi ölkədə keyfiyyət dəyişiklikləri
üçün mühüm stimul olacaqdır. Ona görə ki, Azərbaycan dövləti daha
möhkəm olacaq, çünki o, yeni
çağırışlara, postindustrial cəmiyyətə
xas olan dinamik mühitdə yaşamağa daha yaxşı
uyğunlaşdırılacaqdır. Eyni
zamanda, modernləşmə ritorikasının ölkənin
müvafiq inkişaf strategiyalarının bütünlükdə
məzmununa və real sosial-iqtisadi proseslərin tərkib hissəsinə
çevrilməsi vacibdir. Əks halda o, təbliğat
proqramı kimi qalacaq ki, bu da insanları məyus edə bilər.
Prezident
İlham Əliyev müasir cəmiyyətin, müasir
infrastrukturun yaradılmasını və müasir insanın
formalaşdırılmasını modernləşmə sahəsində
ölkə qarşısında duran əsas vəzifələr
kimi müəyyən etmişdir. Eyni zamanda onu da nəzərə
almaq lazımdır ki, inkişaf və modernləşmə
idarə edilən proseslərdir, onların təkcə
lokomotivi deyil, həm də hərəkəti tənzimləmək
üçün pedalları vardır.
Qərbin
tanınmış siyasi filosofları bildirirlər ki,
"qızıl milyard" ölkələri qeyri-Qərb
dövlətlərinin modernləşməsinin uğurlu
olmasında o qədər də maraqlı deyildir. Qərbi həmin
ölkələrin iqtisadiyyatının yalnız
ayrı-ayrı sahələrinin inkişafı qane edir. Çünki həmin sahələr bu və ya digər
dərəcədə Qərbin maraqlarına xidmət edir.
"Qızıl milyard" ölkələrinə
inkişaf etmiş rəqiblər lazım deyildir. Onlar, bir qayda olaraq, ucqar ölkələrin
istismarı hesabına fəaliyyət göstərir. Onlara həmin ölkələrin təbii
ehtiyatları və insan resursları lazımdır.
Müasir qlobal
çağırışlar və dünyada yaranmaqda olan yeni
geosiyasi və geoiqtisadi struktur şəraitində Azərbaycan
milli ideyasının və milli ideologiyasının həyata
keçirilməsi o halda uğurla nəticələnəcəkdir
ki, bunlar yalnız milli strateji maraqlara əsaslanmış olsun.
Prezident
İlham Əliyevin dövründə ölkənin
seçdiyi dinamik sosial-iqtisadi inkişaf xətti
üçün ən ciddi sınaq əvvəlcə Amerika
iqtisadiyyatının ümumi axsaması fonunda ABŞ-ın
ipoteka sistemində başlanmış böhranın
doğurduğu 2008-2011-ci illərin dünya maliyyə
böhranı oldu. Qeyd etmək yerinə düşər ki, əvvəlcə
yalnız maliyyə sektorunu bürüyən böhran sonradan
iqtisadiyyatın real sektoruna da keçmişdi. Fond və valyuta bazarlarında yaranmış problemlər
qlobal iqtisadiyyatda struktur sarsıntılarına gətirib
çıxarmış və xammal bazarlarında güclü
dəyişkənliklə müşayiət olunmuşdu ki, bu
da ayrı-ayrı ölkələrin və bütöv
regionların milli iqtisadiyyatına son dərəcə mənfi
təsir göstərmişdi. Əksəriyyətinin
korporativ tarixi Avropanın bəzi dövlətlərinin
yaşından çox olan ən iri beynəlxalq banklar, o
cümlədən Lehman Brothers, Fannie Mae, ING, Northern Rock və
ABM Amro kimi nəhənglər müflisləşmə həddinə
çatmışdı. 2011-ci ilin martına
qədər Amerikanın 350-yə yaxın bankı müflisləşdiyini
bildirmişdi. Citigroup, General Motors, AIG və General Electric də
daxil olmaqla, ən iri şirkətlər on minlərlə əməkdaşı
ixtisar etmək məcburiyyətində qalmışdı.
Portuqaliya, Yunanıstan, İslandiya və bir sıra başqa
ölkələr ciddi böhran dərəcəsinə
çatmış və öz tərəfdaşlarından
maliyyə yardımı istəməyə məcbur
olmuşdu. Onlar böhranın nəticələrindən
hələ də özlərinə gələ bilmirlər.
Maliyyə-iqtisadi
böhran bir sıra dövlətlərin sosial siyasətinə
də təsir göstərmişdi. Həmin ölkələr
öz borclarını yüngülləşdirməyə
çalışaraq əhaliyə ödənilən sosial
müavinətləri və pensiyaları azaltmağa məcbur
olmuş, cəmiyyətin aztəminatlı təbəqələrinə
kömək məqsədi ilə nəzərdə tutulan
müxtəlif proqramlar kəskin şəkildə məhdudlaşdırılmışdı
və s.
Hətta bu gün, dünya
iqtisadiyyatının tədricən özünə gəldiyi bir vaxtda da
böhranın nəticələri hiss edilir. Onun
nəticələri o qədər ciddidir ki, dünyanın bir
sıra regionlarında sosial gərginliyə səbəb olur,
dünya iqtisadiyyatında resursların qeyri-bərabər
paylanması, ərzaq qıtlığı, siyasi
qarşıdurmalar kimi xroniki hallar bunu daha da kəskinləşdirir.
Bu isə öz növbəsində sosial-siyasi
sabitliyin pozulmasına gətirib çıxarır və
çox vaxt belə halların nə ilə nəticələnəcəyini
proqnozlaşdırmaq mümkün olmur. Dünya
təcrübəsi göstərir ki, iqtisadi zəiflik, xarici
amillər qarşısında tab gətirməmək çox
vaxt dövlətlərin suverenliyi və milli təhlükəsizliyi
üçün təhlükəyə çevrilir. Nəticədə həmin dövlətlərin
bundan sonra hansı istiqamətdə hərəkət etməli
olması barədə öyüd-nəsihət verməyə
cəhd göstərən çoxlu məsləhətçilər
peyda olur və onlar bəzən bunu dövlətlərin daxili
işlərinə qarışmaq niyyətlərini gizlətmədən
edirlər.
Azərbaycan
iqtisadiyyatı, ölkənin bank sistemi, real sektorun sistemyaradan
müəssisələri dünya maliyyə
böhranını sənaye cəhətdən inkişaf
etmiş bir sıra ölkələrdə və yeni müstəqil
dövlətlərdə olduğu dərəcədə hiss
etməmişdir. Hətta böhran dövründə Azərbaycan
iqtisadiyyatının artım sürəti isə dünya
ekspertləri arasında uğurlu strategiya nümunəsi kimi
diskussiya mövzusuna çevrilmişdir. 2008-2009-cu
illərdə - böhranın ən şiddətli
dövründə belə Azərbaycan iqtisadiyyatı 9 faiz
artmışdı. Özü də ÜDM-in strukturunda
istehsal sektorunun üstünlüyü qorunub saxlanmış,
yəni iqtisadi artımın 64 faizi real sektorun, istehsal sahəsinin
hesabına təmin edilmişdi. Qonşu Ermənistanda isə
2009-cu ilin yekunlarına görə, ÜDM-in həcmi dram ilə
götürdükdə 14,4 faiz, dollar ifadəsində
30 faizdən çox aşağı
düşmüşdü. Böhranlı 2009-cu ildə
Gürcüstanda da ÜDM 3,9 faiz
azalmışdı.
Hələ 2004-cü ilin əvvəlində
qəbul edilmiş və sonrakı dörd ildə həyata
keçirilmiş regionların sosial-iqtisadi inkişafına dair birinci
Dövlət Proqramı iqtisadi artım sürətinin
saxlanmasında mühüm rol oynamışdır. Proqram çərçivəsində qarşıya
qoyulmuş bütün vəzifələr yerinə yetirildikdən
sonra 2009-2013-cü illər üçün yeni proqram qəbul
edilmişdir və hazırda o da uğurla həyata
keçirilir. Prezident İlham Əliyev Azərbaycan
regionlarının sosial-iqtisadi inkişaf planlarının həyata
keçirilməsi, habelə nəzərdə tutulan işlərin
yerinə yetirilməsinin gedişi ilə tanışlıq
çərçivəsində 2003-cü ildən 2011-ci ilin
may ayına qədər respublikanın 58 rayon və şəhərinə
195 səfər etmişdir. Təkcə bu fakt
dövlət başçısının bölgələrin
hərtərəfli və sürətli inkişafına dərin
maraq göstərməsinə dəlalət edir.
2008-2009-cu illərdə
dünya böhranının şiddətli vaxtında
yaranmış çətinliklər Azərbaycanın xarici
borclardan həddən çox asılı olan bir sıra
kommersiya banklarına, o cümlədən sistemyaradan banklara da
müvəqqəti təsir göstərmişdi. Lakin tənzimləyici
dövlət orqanlarının gördüyü səriştəli
tədbirlər və müvafiq dövlət fondlarında
ehtiyatların həcminin kifayət qədər olması sayəsində
bu çətinliklər tezliklə aradan
qaldırılmışdı. Bundan əlavə,
Azərbaycan Mərkəzi Bankı 2003-cü ildən
başlayaraq ölkənin kommersiya banklarının kredit
bazarında daha ehtiyatlı davranışına yönəlmiş
bir sıra qabaqlayıcı tənzimləmə tədbirləri
görmüşdü. Böhran ərəfəsində bankların çoxunda əcnəbi
ekspertlərin iştirakı ilə yaradılmış və
təkmilləşdirilən riskləri idarəetmə sistemləri
mövcud idi, aktivlərin və kreditlərin təminatı
kimi qəbul edilən girovların keyfiyyətinə dair tələblər
sərtləşdirilmişdi.
Prezidentin
strateji baxışları çərçivəsində
qarşıya qoyulmuş iqtisadi xarakterli vəzifələr
iqtisadiyyatın müxtəlif sahələrində mövcud
istehsal güclərinin modernləşdirilməsini davam etdirməyə,
müəyyən edilmiş müddətlərdə
iqtisadiyyatın strukturunu şaxələndirməyə imkan
vermişdir.
2004-2011-ci illərdə ölkənin dövlət büdcəsinin
mədaxil hissəsi 7,6 dəfə
artmışdır. Həmin dövrdə ümumiyyətlə
900 minə yaxın iş yeri, o cümlədən 700 min daimi
iş yeri açılmışdır.
2010-cu ildə yerli banklar tərəfindən
ölkə iqtisadiyyatına ayrılmış qısamüddətli
kreditlərin məbləği 8,8 faiz
artmışdır. Uzunmüddətli kreditlər üzrə
isə bu göstərici 9,1 faiz idi. 2011-ci il fevralın 1-nə ölkənin bank sektorunun
aktivlərinin ümumi həcmi 13 milyard manatdan çox idi.
2010-cu ildə fiziki şəxslərin ölkə
banklarındakı depozitlərinin ümumi həcmi 29,7 faiz artaraq ilin yekunlarına görə 3,3
milyard manat olmuşdur.
Azərbaycan Dövlət
Neft Fondunun aktivləri 2011-ci il aprelin 1-nə 25,7
milyard manata çatmışdır. Həmin tarixdə Azərbaycan
Mərkəzi Bankının valyuta ehtiyatları da maksimum məbləğə
çataraq 6,7 milyard ABŞ dolları
olmuşdur.
Onu da
vurğulamaq lazımdır ki, qeyri-neft sektorunun inkişafı
iqtisadi və sosial xarakterli başqa məsələlərin həlli
üçün Azərbaycan Prezidenti tərəfindən
qarşıya qoyulmuş strateji məqsədlərdən biri
olmuşdur. Son 7 ildə ümumi daxili məhsul təxminən 3
dəfə artmış, hətta 2008-2009-cu illərdə
dünya maliyyə böhranının ən kəskin
dövründə də öz dinamikasını
saxlamışdı. Eyni zamanda, qeyri-neft
sektorunun inkişaf sürəti bütövlükdə
iqtisadiyyatın inkişaf sürətini xeyli
qabaqlayırdı. Belə ki, 2010-cu ildə ölkədə
ÜDM-in artımı 5 faiz olduğu halda, qeyri-neft sektorunda bu
göstərici 7,9 faiz idi.
Uzunmüddətli
perspektivdə neft-qaz ehtiyatlarının məhdud
olacağını nəzərə alaraq, Azərbaycan
iqtisadiyyatın şaxələndirilməsinə daha çox
diqqət yetirir. Bu məqsədlə kiçik və orta
sahibkarlığın dəstəklənməsinə yönəldilmiş
geniş tədbirlər həyata keçirilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə
kiçik və orta sahibkarlığın fəal kreditləşdirilməsi,
o cümlədən uzunmüddətli kreditlərin
ayrılması özəl sektorun inkişafına
güclü təkan vermişdir. Bu gün
Azərbaycan vətəndaşlarının, onun idarəçilik
və işgüzar elitasının ən yaxşı
nümayəndələrinin "uğur tarixlərinin" əksəriyyəti
məhz özəl sektorda müşahidə olunur. Kreditlərin 80 faizinin regionlara verilməsi göstərir
ki, iqtisadiyyatın təkcə sektorlar üzrə deyil, həm
də respublikanın bölgələri üzrə şaxələndirilməsinin
zəruriliyinə diqqət yetirilir.
Təkcə son bir ildə ölkədə
beş mindən çox müəssisə
açılmışdır. Həm də
ölkə iqtisadiyyatına cəlb edilən investisiyaların
həcmi saxlanılmaqla onların strukturunda müsbət dəyişikliklər
baş verir - investisiyaların üçdə iki hissəsi
Azərbaycanın öz kapitalı ilə təmin edilir.
Azərbaycanda
aqrar sektorun inkişaf etdirilməsi üçün nadir təbii-iqlim
şəraiti vardır. Lakin Prezidentin fikrincə, ölkəmiz
özünün bu üstünlüyündən hələ
yetərincə istifadə etmir. Dünyadakı 11 iqlim
qurşağından 9-nun Azərbaycan ərazisində
olması il boyu müxtəlif bitkiçilik
məhsullarının yetişdirilməsi, eləcə də
ekoloji təmiz kənd təsərrüfatı məhsullarının
istehsal edilməsi üçün əlverişli şərait
yaradır və biz bu imkanlardan bacarıqla istifadə etməliyik.
Azərbaycan iqtisadiyyatının intensiv və
dinamik inkişafı, maddi resursların artırılması
ölkənin kənd təsərrüfatı
qarşısında yeni imkanlar açmışdır. Bu yeni imkanlardan yetərincə və səmərəli
istifadə edilməsi aqrar sektorda dövlət siyasətinin ən
başlıca vəzifələrindən biridir.
Hazırda kənd
təsərrüfatı milli iqtisadiyyatın ən
mühüm sahəsidir. 1995-ci ildən etibarən Heydər Əliyevin
təşəbbüsü ilə ölkədə radikal
torpaq islahatlarına başlanmışdı. Hazırda
aqrar istehsalda özəl sektorun payı 99,7
faizdir. Bu isə o deməkdir ki, aqrar sektor bazar
münasibətləri əsasında inkişaf edir.
Ölkə əhalisinin 47 faizi kəndlərdə
yaşayır, məşğul əhalinin 39,7
faizi kənd təsərrüfatı sahəsində
çalışır.
Müasir Azərbaycanın
həm qida məhsullarına olan tələbatını daxili
istehsal hesabına təmin etmək, həm də bəzi məhsul
növlərini xarici ölkələrə ixrac etmək
üçün bütün imkanları vardır. Həyat səviyyəsinin
yaxşılaşması, vətəndaşların pul gəlirlərinin
çoxalması adambaşına qida məhsullarına
istehlakçı tələbatını yüksəltmişdir
ki, bu da öz növbəsində ölkədə ərzaq
bazarını genişləndirməyə şərait yaratmışdır.
Ərzaq təhlükəsizliyini
təmin etmək məqsədi ilə "2008-2015-ci illərdə
əhalinin ərzaqla etibarlı təmin edilməsi üzrə
Dövlət Proqramı"nın həyata
keçirilməsinə başlanmışdır. Bu proqram
ölkədə yoxsulluğun aradan qaldırılması və
davamlı inkişafın təmin edilməsi, habelə
regionların sosial-iqtisadi inkişafı üzrə əvvəlki
dövlət proqramlarını uğurlu şəkildə
tamamlayır, aqrar, regional-iqtisadi və sosial siyasətdən
ibarət, bir növ, üçbucaq yaradır, uzun müddət
üçün əhalinin həyat şəraitinin
yaxşılaşdırılmasının möhkəm təməlini
qoyur.
Aqrar sahədə
sahibkarlıq fəaliyyətinin stimullaşdırılması
nəticəsində 2010-cu ildə kənd təsərrüfatı
müəssisələrinin sayı 2036-ya, sahibkarların
sayı 2659-a, emal müəssisələrinin sayı isə
556-ya çatmışdır.
2009-cu ildən
etibarən kənd təsərrüfatı məhsulları
istehsalçıları torpaq vergisindən savayı,
bütün başqa vergilərdən azad edilmişlər. Bu siyasət
1999-cu ildən tətbiq olunur.
Rayonlarda və
kəndlərdə sahibkarlığın dövlət tərəfindən
təşviqi prosesi də davam edir. Sahibkarlığın
İnkişafına Kömək Milli Fondu tərəfindən
verilmiş kreditlərin çox hissəsi məhz aqrar sahəyə
yönəldilmişdir. Dövlət tərəfindən
maliyyələşdirilən layihələrin 94 faizi məhz
kənd təsərrüfatı məhsullarının
istehsalı və emalı sahələrini əhatə edir.
İqtidar
yaxşı başa düşür ki, aqrar sahədə
dövlət siyasəti daha çevik həyata keçirilməli
və əlaqələndirilməli, bu sektorun kadr potensialı
gücləndirilməli, institusional problemlər həll edilməlidir. Bu məsələlərin
həllini təmin etmək üçün Prezident İlham Əliyev
2011-ci il mayın 3-də "Azərbaycanda
aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi
və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı
Xüsusi Komissiyanın yaradılması barədə" Sərəncam
imzalamışdır. Bu, aqrar sahədə idarəçiliyin
təkmilləşdirilməsində və aqrar elmin yenidən
təşkilində mühüm vəsilə olacaqdır.
2010-cu il
bir də onunla əlamətdar olmuşdur ki, Azərbaycan təkcə
neft ölkəsi deyil, həm də qaz ölkəsi statusunu
növbəti dəfə təsdiqləmişdir. Təsdiq edilmiş ehtiyatlarının həcmi 200
milyard kubmetrə çatan "Ümid" qaz yatağı
açılmışdır. Bu tarixi layihə
Azərbaycanın Avropanın enerji təhlükəsizliyi
aktoru statusuna transformasiyası şəraitində ölkənin
geoiqtisadi əhəmiyyətini yeni səviyyəyə yüksəldir.
Prezident
İlham Əliyev ölkənin daxili simasını dəyişməklə
bərabər, həm də onun regional
funksionallığını modifikasiya etmişdir. Hazırda
regional əhəmiyyətli şimal-cənub və şərq-qərb
istiqamətində yollar çəkilir, Çindən Avropaya
qədər geniş bir məkanı əlaqələndirəcək
Bakı-Tbilisi-Qars dəmir yolu tikilir. Bunlarla
yanaşı, yeni lokomotivlər və qatarlar, təyyarələr,
gəmilər və bərələr alınır,
çünki Azərbaycan ərazisindən keçməklə
yükdaşımaların həcmi artmaqdadır. Bütün bu infrastruktur layihələrinin həyata
keçirilməsi, Bakıda yeni aeroport kompleksinin və dəniz
limanının tikilməsi, şübhəsiz ki, Azərbaycanın
bütün regionun mərkəzi nəqliyyat
qovşağına və rəqabətədavamlı logistika
mərkəzinə çevrilməsinə şərait
yaradacaqdır.
Müasir Azərbaycanın
iqtisadi siyasətindən və modernləşmə xəttindən
danışarkən informasiya və kommunikasiya
texnologiyaları sahəsinə toxunmamaq olmaz. Son
üç ildə Azərbaycan bu sahənin inkişaf
dinamikasına görə MDB ölkələri arasında
liderlik edir. Belə ki, BMT-nin məruzəsinə görə,
ölkələrin elektron hökumət
yaradılmasındakı uğurlarını əks etdirən
"United Nations e-Government Survey-2010" indeksi üzrə Azərbaycan
dünyanın 192 ölkəsi arasında 83-cü yeri,
"e-iştirak" indeksinə görə isə 157 ölkə
arasında 68-ci yeri tutmuşdur.
Prezidentin
müəyyən etdiyi strategiyaya görə, Azərbaycan
yaxın 10-15 ildə informasiya-kommunikasiya texnologiyaları sahəsindən
gələn gəlirlərin həcminin neft ixracından əldə
edilən gəlirlərə çatdırılmasına nail
olmağı planlaşdırır. Prezident hələ 2003-cü ildə
Cenevrədə, informasiya cəmiyyəti qurulması problemlərinə
həsr edilmiş dünya sammitindəki
çıxışında dəqiq göstərmişdir ki,
Azərbaycanın əsas məqsədi özünün
"qara qızıl"ını insan kapitalına
çevirməkdir və bu işdə aparıcı rollardan
biri informasiya texnologiyaları sahəsinə məxsusdur. İKT artıq bu gün öz həcminə və
potensialına görə energetika sahəsindən sonra ikinci
yeri tutur, lakin inkişafın perspektivləri və
dinamikası baxımından bu sektor şəksiz liderdir.
2003-cü ildən bəri bu sahədə orta
illik artım sürəti 30-32 faiz səviyyəsində
olmuşdur, halbuki dünya üzrə illik artım orta hesabla
cəmi 10 faizdir. Yalnız böhranlı 2009-cu il istisna təşkil etmiş, həmin il
artım dinamikası 13-14 faizə düşmüşdü.
Son yeddi ildə İKT sektorunun həcmi 5 dəfə
artmışdır və hazırda 1,5
milyard ABŞ dollarına yaxındır. Bu isə Azərbaycanda
bütövlükdə ÜDM-in 1,9 faizinə
və qeyri-neft sektorunda ÜDM-in 4,3 faizinə bərabərdir.
Hər il büdcədən bu sahəyə
ayrılan birbaşa investisiyalar 50-60 milyon dollardan çoxdur. Ümumiyyətlə, son dörd ildə rabitə və
informasiya texnologiyaları sahəsinə 600 milyon dollardan
çox sərmayə qoyulmuşdur. Təkcə son beş ildə Azərbaycan bazarlarına və
regiondakı digər bazarlara 500-dək yeni
İT -
şirkət çıxmışdır. Davos Dünya İqtisadi
Forumunun "The Global
Information Technology Report
2010-2011" hesabatında göstərilir ki, şəbəkə
hazırlığının səviyyəsinə (The Network
Readiness Index) görə Azərbaycan dünyanın 138 ölkəsi
arasında 70-ci yeri tutur.
Azərbaycan
Prezidentinin müəyyən etdiyi strategiyaya görə,
"Virtual zona" layihəsinin həyata keçirilməsi
planlaşdırılır. Bu layihə çərçivəsində
bütün ölkə, bir növ, "makrotexnopark"a
çevriləcəkdir. Layihə çərçivəsində
güzəştlər konkret əraziyə deyil, İT fəaliyyətinin
müəyyən növlərinə şamil ediləcəkdir.
Vergi və gömrük güzəştləri,
ucuz kreditlər, bütün zəruri infrastruktur - bunların
hamısı İKT sahəsində biznes fəaliyyətini
asanlaşdırmalıdır.
Ümumdünya
inteqrasiyası, təhsilin beynəlmiləlləşməsi və
qlobal maliyyə axınlarının günbəgün sürətlənməsi
şəraitində bütövlükdə İKT, o cümlədən
İnternet hər bir fərdin həyatının ayrılmaz tərkib
hissələrinə çevrilir. Buna görə də
dövlətin vəzifəsi ən yaxın perspektivdə hər
bir vətəndaşın informasiya-kommunikasiya
texnologiyaları ilə qarşılıqlı münasibətlər
sahəsinə maksimum cəlb olunmasını təmin etməkdən
ibarətdir.
Prezident
İlham Əliyevin təşəbbüsü ilə irəli
sürülmüş Azərbaycanın ilk orbital peykinin
buraxılması layihəsi çərçivəsində
işlər davam edir. Bu layihənin əhəmiyyətini qiymətləndirməmək
olmaz. O, iqtisadiyyatdan daha çox informasiya
baxımından əhəmiyyətlidir və Azərbaycanın
müasir və uğurlu ölkə statusunu vurğulayır.
Şübhəsiz
ki, Prezidentin iqtisadi siyasətinin əsas məqsədi Azərbaycanın
ixrac potensialını genişləndirmək, xarici şirkətləri
ölkəmizdə bütövlükdə Cənubi Qafqaz və
Xəzər hövzəsi regionuna xidmət edəcək
regional ofislərin və nümayəndəliklərin təşkilinə
cəlb etməkdir. Azərbaycan xarici investisiyaların cəlb
edilməsi üçün əlverişli şərait
yaratmaqla bərabər, ölkə iqtisadiyyatı özü də
iri investora çevrilir, dünya iqtisadi məkanında
özünün müsbət imicini transformasiya edir.
2003-2010-cu illərdə Azərbaycan fəal investisiya siyasəti
həyata keçirmiş və başqa ölkələrin
iqtisadiyyatına 5,7 milyard dollar sərmayə
qoymuşdur. Şübhəsiz ki, Azərbaycanın
maliyyə ehtiyatları bu göstəricini bir neçə dəfə
artırmağa və dünyanın bir sıra regionlarında
həyata keçirilən qlobal layihələrdə Azərbaycanın
iştirakını təmin etməyə imkan verəcəkdir.
Bütün
bunlar onu göstərir ki, artıq bu gün yeni texnologiyalar
sahəsində gələcək uğurların təməli
qoyulur. Bu, Azərbaycan iqtisadiyyatına nəinki çox
güclü təkan verəcək, həm də Prezidentin həyata
keçirdiyi strateji layihələrə uyğun olaraq, gəlirlərin
şaxələndirilməsini təmin edəcəkdir.
Müasir dövrün
qarşıya qoyduğu vəzifələrə və
çağırışlara uyğun olaraq ölkənin
bundan sonrakı modernləşmə və inkişaf xətti
İlham Əliyevin aşağıdakı sözlərində
vurğulanmışdır: "Biz 10 il, 20 il, 50 il qabağa
baxmağa çalışmalıyıq. Dünya
necə inkişaf edəcək?! Azərbaycan
nəyin hesabına inkişaf edəcək?! Bölgədə vəziyyət necə olacaq?!
Demoqrafik vəziyyət necə olacaq?! ...Bu gün aparılan işlər
10 il, 15 il, 20 il bundan sonra uğurlu inkişafımızı təmin
edəcəkdir".
ZAMANIN SEÇİMİ
Prezidentin seçdiyi daxili və
xarici siyasət xəttinin uğurları, bu xəttin ölkə
əhalisi tərəfindən dərk edilmiş şəkildə
qiymətləndirilməsi və qəbul olunması Azərbaycanda
onun özünə xas olan, qlobalist romantizmdən azad, Azərbaycan
dövlətçiliyinin qurulmasının tarixi prosesinin
reallıqlarını nəzərə alan və milli
inkişafın məntiqindən irəli gələn
konsolidasiya edilmiş demokratiya modelinin, yaxud ABŞ-ın
vitse-prezidenti Dik Çeyninin təbirincə desək, "soverign
democracy" modeli yaratmaq yolundakı gələcək fəaliyyəti
stimullaşdırır.
Bu gün Azərbaycan
demokratiyanı əsas məqsəd kimi deyil, tarixi təcrübənin
və ənənələrin dönüş dövrlərində
hər bir xalqın keçdiyi tarixi tərəqqi prosesi kimi
başa düşərək, öz inkişaf modelini
nümayiş etdirir. Azərbaycan cəmiyyətinin demokratikləşməsi
sonsuz prosesdir və milli xüsusiyyətlər gözlənilməklə,
müstəqil dövlət quruculuğu və milli identikliyin
qorunub saxlanması şərti ilə həyata keçirilir.
Prezident İlham Əliyevin anlamında demokratiya
milli inkişaf və şüurun ayrılmaz atributudur. Lakin o, cəmiyyətin siyasi və iqtisadi inkişaf
səviyyəsi ilə ahəngdar olmalıdır. Buna görə də ölkədə islahatlar
paralel, kəsişmədən, bir-birini qabaqlamadan həyata
keçirilir. Siyasi sabitliyin iqtisadi əsası
olmalıdır və yalnız bu halda cəmiyyətdə
demokratik inkişaf və şəffaflıq barədə
danışmaq olar.
Demokratiya milli
maraqların və dövlət müstəqilliyinin
ziyanına olaraq kənardan zorla qəbul etdirilə bilməz. Bizim hər
birimiz demokratiyanı öz daxilimizdə
"yetişdirir", sonra isə onu ictimai-siyasi səviyyəyə
ötürürük. Bu gün başqa geosiyasi və
etnik-milli məkanlarda yüzilliklər boyu
formalaşmış təcrübəni "qəflətən
daxil etmək", "kor-koranə köçürmək",
"gətirmək" olmaz. Hər bir cəmiyyət
onun yeni idarəçilər, top-menecerlər, intellektuallar nəsli
formalaşdıqca, sosial-iqtisadi bazis dəyişdikcə
demokratikləşir və daha şəffaf olur. Bu, bir-birindən asılı olan, iqtisadi
inkişafın milli dünyagörüşü ilə dəstəklənən
siyasi transformasiyalarla yanaşı getdiyi, onların bir-birini
qabaqlamadığı prosesdir. Bu həqiqətlərin
başa düşülməsi Prezidentin Azərbaycanda
demokratik transformasiya məsələsinə
yanaşmasını formalaşdırır.
Bir neçə il bundan əvvəl ABŞ Prezidenti C.Buş
(oğul) "hər yerdə demokratiya"
anlayışını adi danışıq dilinə daxil etməyə
cəhd göstərmişdi. Lakin ətrafa nəzər
saldıqda, geosiyasi maraqlar naminə geoiqtisadi demarşları
təhlil etdikdə istər-istəməz bu qənaətə
gəlirsən ki, "hər yerdə mövcud olan
demokratiya", çox ehtimal ki, utopiyadır. Hərbi
qüvvə vasitəsilə devrilmiş və müdaxilələrə,
"demokratikləşməyə" məruz qalmış məkanlar
təkcə milli suverenliyin itirilməsi, qlobal inteqrasiya prosesləri
ilə əlaqədar sərhədlərin silinməsi təhlükəsi
ilə üzləşmir, həm də ehtimal edilən rəqabət
mübarizəsindən xeyli dərəcədə kənarda
qalır, yanacaq-energetika sahəsi, strateji kommunikasiyalar üzərində
nəzarəti itirir. Belə məkanlarda
innovasiya və texnologiyalar yalnız "strateji tərəfdaşlıq"
çərçivəsində satın alınan məhsul
kimi mümkündür. İnkişafın
idxal edilmiş modelinin təzyiqi altında cəmiyyətlər
düşərgə baraklarına çevrilir, ölkələrin
müdafiə qabiliyyətinin zəifləməsi isə
onları "forpostlara" çevirir.
İnstitusional
əsasları zəif olan ölkələr üçün
milli ideya və ya milli identiklik kimi amillər yoxdur. Ona görə
ki, cəmiyyətin daxili bazisi kənardan olan nəzarətə
və direktivlərə tabedir. Bu isə ona gətirib
çıxarır ki, ya milli "Mən" və suverenlik,
bunun nəticəsi kimi dövlətçilik tədricən
itirilir, yaxud da sərt radikallaşma və təcavüzkar
millətçiliyin güclənməsi kimi əks proses gedir.
Bunların hər ikisi sabitlik, dövlətin və onun vətəndaşlarının
təhlükəsizliyi üçün çox qorxuludur. Hər
ikisi sonda hərc-mərcliyə, xaosa və çox ola bilsin ki, anarxiyaya gətirib çıxarar.
Qərb
analitiklərinin fikrincə, istənilən modernləşmə
vesternləşməyə, yəni "qərbləşməyə"
gətirib çıxarmalıdır. Düzdür, cəmiyyətlər
özləri seçim etməlidir, lakin vesternləşmə
olmadan modernləşmə şansı çox cüzidir.
Böyük qalmaqala səbəb olmuş
"Sivilizasiyaların toqquşması?" bestsellerinin müəllifi
S.Hantinqton bu barədə kifayət qədər dəqiq
yazmışdır. Bununla belə,
gözümüzün qabağında heyrətamiz siyasi
metamorfozlar baş verir: dəbdə olan "qloballaşma"
terminindən istifadə etməklə cəmiyyətin milli
dayaqları yox edilir, "gecə gözətçisi dövləti"
layihəsi həyata keçirilir, dövlətin qüdrəti
zəifləyir. Bu baxımdan F.Fukuyama ilə
razılaşmamaq çətindir. O yazır:
"Güclü dövlət qurulması dünya birliyinin ən
mühüm problemlərindən biridir, çünki dövlətlərin
zəifliyi və dağılması yoxsulluqdan tutmuş,
QİÇS, narkotiklər və terrorizmə qədər bir
sıra çox ciddi problemlərin mənbəyidir" (Fukuəma
F. Silğnoe qosudarstvo. M., 2006, s. 5).
Dünyanın ən
böyük siyasi filosoflarından və sosioloqlarından biri
olan Ziqmunt Baumanın fikrincə, "bu gün baş verən
qloballaşma hər
cəhətdən mənfi qloballaşmadır, dövlət sərhədlərinə,
yerli maraqlara, hüquqlara, imtiyazlara və digər məqamlara
məhəl qoymamaqda ixtisaslaşan qüvvələrin
qloballaşmasıdır. İndiyə qədər
qloballaşmış qüvvələr, güclər milli
dövlətlərin qüdrətini, qabiliyyətini azaltmaqda davam
edən elə həmin qüvvələrdir. Buraya maliyyə,
qloballaşan ticarət, informasiya, habelə cinayətkar təşkilatlar
(müxtəlif mafiyalar), silah və narkotiklər alveri, beynəlxalq
terrorizm aiddir" (bax: "Polit.ru", 6 maə 2011 q.).
Prezident
İlham Əliyevin milli dövlət quruculuğu, Azərbaycanın
demokratik inkişafı məsələləri barədə
mövqeyi tarixi məntiqə, dünya təcrübəsinə,
səmərəli siyasətə, ən başlıcası isə
Azərbaycanın milli maraqlarına söykənən milli
ideyanın gerçəkləşməsinin nəzərə
alınmasına əsaslanır. Cəmiyyətin bu dərk
edilmiş obyektiv tələbatı onun milli dəyərlərindən
irəli gəlir və dövlətin qorunub saxlanmasına,
onun mövcudluğu və mütərəqqi inkişafı
üçün əlverişli şərait
yaradılmasına yönəlmişdir. Milli maraqlara və
inkişaf strategiyasının mahiyyətinə xalqın əksəriyyətinin
həmrəy münasibətinə əsaslanan demokratiya daha səmərəlidir
və hər bir yeni müstəqil dövlət
üçün nümunə ola bilər.
REGİONAL GEOSİYASƏTİ FORMALAŞDIRARKƏN
Əsası
Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasətin
çoxvektorluluğuna, regionda ən yüksək
döyüş qabiliyyətinə malik ordu yaradılmasına
və ölkənin geostrateji mövqeyinin maksimuma
çatdırılmasına yönəlmiş fəaliyyət
xətti bu gün də davam etdirilir. Məhz Azərbaycan cəmiyyətinin
monolitliyi və siyasi iradəsi, eləcə də əhalinin
geniş təbəqələrinin düşüncəsi və
qəlbində ölkənin lideri kimi İlham Əliyevin
alternativinin olmaması tarazlaşdırılmış və
çoxvektorlu, lakin qat-qat fəal xarici siyasət yeritməyə
imkan vermişdir.
İlham Əliyevin
prezidentlik dövrü ilk növbədə müstəqil
xarici siyasət təşəbbüslərinin, o cümlədən
iqtisadi və nəqliyyat-energetika təşəbbüslərinin
sayı ilə fərqlənir. 2003-cü ildən bəri
dövlət başçısı dünyanın 45 ölkəsinə
146 səfər etmişdir və buraya yalnız dövlət səfərləri
və rəsmi səfərlər daxildir. Xarici ölkələrin
liderlərinin və siyasi xadimlərinin Azərbaycana səfərlərini
də buraya əlavə etsək, görərik ki, bu gün
ölkəmiz Cənubi Qafqazda regional liderə
çevrilmişdir, onun fikri nəzərə alınmasa, istənilən
regional layihələr ya bəri başdan səmərəsizliyə
məhkum olacaq, yaxud da açıq-aşkar utopiya olaraq
qalacaqdır. Bu gün Azərbaycan təkcə
xammal ixracçısı və nəqliyyat dəhlizi deyil, həm
də Avropa geoiqtisadiyyatının və regional siyasətin
mühüm vəsiləsidir. Üstəlik,
ölkəmiz tədricən Cənubi Qafqaz regionunun intellektual
və informasiya mərkəzinə çevrilməkdədir.
Müasir geosiyasət bizi regional və qlobal
proseslərlə bağlı bir sıra məsələləri
yenidən qiymətləndirməyə məcbur edir. Azərbaycan məhz bütün bunları başa
düşərək, Avrasiyanın coğrafi mərkəzi
kimi çıxış edib təkcə regional geosiyasəti
deyil, həm də geoiqtisadiyyatı öz xeyrinə dəyişməyə
nail olmuşdur.
Azərbaycan
millətinin və dövlətçiliyinin, cəmiyyətimizin
kollektiv "Mən"inin milli semantika və dünyanı dərk
etmək simvolikasının əsasını təşkil edən
bütün milli prioritetlər hazırda Prezident İlham Əliyevin
xarici siyasət xəttində reallaşır. Azərbaycan Respublikası
müsəlman və türk həmrəyliyi prosesində lider
mövqelərdən birini tutur, Avropa inteqrasiyasına
sadiqliyini nümayiş etdirir, ABŞ və Rusiya kimi qlobal
dövlətlərlə, regiondakı qonşu dövlətlərlə
və MDB üzrə tərəfdaşlarla
qarşılıqlı şəkildə tamamlanan əlaqələri
qurmaqda davam edir. Azərbaycan müasir
dövrün qlobal çağırışlarında - istər
terrorizmə, transmilli cinayətkarlığa və narkotrafikə
qarşı mübarizədə, ətraf mühitin
qorunması problemlərinin həllində, istərsə də
demoqrafiya və əhali miqrasiyası kimi məsələlərdə
özünü bir sıra ölkələrin və beynəlxalq
təşkilatların etibarlı tərəfdaşı kimi
göstərmişdir. Son illərdə mədəniyyətlərarası
dialoqla bağlı bir sıra qlobal təşəbbüslərin
müəllifi məhz Azərbaycandır.
Beləliklə,
Azərbaycan Respublikası regionda informasiya mübadiləsinin
və qarşılıqlı intellektual fəaliyyətin
prioritet amilinə çevrilir. Müxtəlif dillərdə
yayımlanan və çox geniş analitik və xəbər
spektrini əhatə edən informasiya resurslarının
sayına görə Azərbaycan Cənubi Qafqaz ölkələri
arasında liderdir. Buna görə də
dünya intellektual elitasının müxtəlif mərkəzləri
Azərbaycanla birgə iqtisadi, siyasi, elmi və humanitar
xarakterli layihələri nəzərdən keçirməyə
maraq göstərir. Hərçənd, bu
da sirr deyil ki, ölkədə ictimai şüura təzyiq
göstərmək məqsədilə informasiya-analitik
"beşinci dəstə"lər yaratmaq cəhdləri də
müşahidə olunur. Lakin sabitliyi
pozmağa göstərilən bu cür cəhdlər Azərbaycan
tərəfindən çox sərt reaksiya ilə üzləşmişdir
və bundan sonra da üzləşəcəkdir. Azərbaycan belə cəhdləri informasiya təxribatı,
onun daxili işlərinə qarışmaq aktı və
ölkənin suverenliyinə qəsd hesab edir.
Dağlıq
Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in
Azərbaycan erməni tərəfinə
hər cür iqtis
adi, siyasi və informasiya təzyiqi
göstərmək siyasətini davam etdirəcəkdir. İlham Əliyev öz müraciətlərində
və çıxışlarında Qarabağ probleminə
aid məsələlərə təkcə ölkənin
xarici siyasət xəttinə görə cavabdeh olan dövlət
başçısı kimi deyil, həm də ölkənin
Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi
toxunur.
Ermənistanda
isə iqtisadiyyat bütün istiqamətlər üzrə tənəzzül
keçirir, ölkə rəhbərliyinin irrasional siyasəti
nəticəsində cəmiyyət ehtiyac və məhrumiyyətlərə
düçar olmuşdur. Ermənistanda və
onun işğal etdiyi Azərbaycan torpaqlarında fəlakətli
demoqrafik vəziyyət hökm sürür, son illərdə
erməni sosiumunda daxili siyasi qeyri-sabitlik müşahidə
edilir, diaspor ilə münasibətlər nəzərəçarpacaq
dərəcədə pisləşmişdir. Bugünkü Ermənistanın reallıqları
bunlardır. Ermənistanın birinci
prezidenti və indiki erməni müxalifətinin lideri Levon
Ter-Petrosyanın BBC telekanalına müsahibəsi bunun ən
yaxşı təsdiqidir. O, həmin müsahibəni
tamamilə birmənalı şəkildə belə
tamamlamışdır: "...Əgər Ermənistan hər
hansı fəlakətli vəziyyətlə üzləşərsə,
bunun təqsiri yalnız və yalnız bizdə
olacaqdır" ("Pervıy prezident Armenii Levon Ter-Petrosən:
intervğö russkoy slujbe VVS", httr:www.1in.amrusarmenia_arolitics_4736.html).
İlham Əliyevin müəyyən
etdiyi hücum xarakterli xarici siyasət, Azərbaycan
reallıqlarını dünya
məkanına yayımlayan müasir kanalların
yaradılması və daim təkmilləşdirilməsi,
ölkədə KİV sektorunun və İnternet məkanının
inkişafı çox qısa müddətdə
Dağlıq Qarabağ problemi ilə əlaqədar Ermənistanla
qarşıdurmada strateji qüvvələr nisbətində
özünü göstərmişdir. Lakin hazırda
informasiya məkanında uğurlar barədə
danışarkən nəzərə almaq lazımdır ki, bu
istiqamətdə hər gün iş aparılmalı, ermənilərin
mövqeyinin saxta olması barədə dəlillər gücləndirilməli
və konkret tarixi sübutlar təqdim edilməlidir.
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin maddi-texniki
bazasının yeniləşdirilməsi, ümidverici hərbi-sənaye
kompleksinin yaradılması da İlham Əliyevin prezidentliyi
dövründə qazanılmış nailiyyətlərdir. Bu gün Cənubi
Qafqazda ən güclü ordu Azərbaycanındır. Ölkədə müxtəlif tipli atıcı
silahların, zirehli maşınların, kəşfiyyat təyinatlı
pilotsuz uçuş aparatlarının və döyüş
sursatının istehsalı qaydaya salınmışdır.
Azərbaycanın illik hərbi büdcəsi Ermənistanın
bütün dövlət büdcəsindən çoxdur və
bu göstərici artmaqda davam edir.
Azərbaycan ərazisinin
işğal edilməsi, hüququn güc üzərində
aliliyinin Ermənistan tərəfindən total şəkildə
inkar edilməsi heç də təbii hal kimi qəbul edilə
bilməz. Prezident dəfələrlə
vurğulamışdır ki, Azərbaycanın səbrinin həddi
vardır, beynəlxalq hüququn prinsipləri sərbəst
şəkildə yozulmamalı, beynəlxalq gündəlikdə
həmin prinsiplərə prioritet verilməlidir. Bu mənada dünya siyasətində "ikili
standartlar"ın - bir halda təcavüzkarı sakitləşdirmək,
başqa halda onu məcbur etmək praktikasının
olmasını xatırlatmaq vacibdir. Çox vaxt aşkar
görünür ki, dünya birliyi bəzi regionlarda
münaqişəli vəziyyətlərə qeyri-mütənasib
dərəcədə ciddi diqqət yetirdiyi halda, başqa
regionlarda bu vəziyyətə açıq-aşkar
etinasızlıq göstərir, münaqişələrin
"dinc yolla həll edilməsi" və
danışıqlar cəhdinə sədaqətdən dəm
vurulur, həmin danışıqlar isə onilliklər boyu
davam edir və heç bir nəticə vermir. Azərbaycanın
işğal edilmiş ərazilərinin azad olunmasının
zəruriliyi barədə BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsi (822, 853, 874 və 884 nömrəli)
19 ildən artıqdır ki, icra olunmamış qalır. Halbuki bəzən hətta beynəlxalq hüquqi
baxımdan xeyli mübahisəli, lakin müasir dünya
nizamının sırf geosiyasi tələblərinə cavab
verən hallarda BMT Təhlükəsizlik Şurasının qərarları
bir neçə saatda həyata keçirilir.
Sirr deyil ki,
Dağlıq Qarabağ münaqişəsi Ermənistan-Azərbaycan
qarşıdurması çərçivəsindən
çıxmış, beynəlxalq və regional məsələyə
çevrilmişdir. Son illərdə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllində Rusiyanın fəal
iştirakı, bəzi ölkələr tərəfindən
Ermənistan-Türkiyə sərhədinin
açılmasının "zəruriliyi" məsələsi
ilə əlaqədar Türkiyə rəhbərliyinə təzyiqlər
edilməsi onu göstərir ki, dünyanın daha rasional və
ədalətli qaydaya ehtiyacı vardır. XXI əsrin
geosiyasəti getdikcə daha çox geoiqtisadiyyata və
yanacaq-energetika amilinə istiqamətlənir. Bu isə heç şübhəsiz, qlobal sabitlik və
təhlükəsizlik üçün yeni təhdidlər və
çağırışlar doğurur.
Bu gün tam əminliklə
demək olar ki, Azərbaycan diplomatiyasının ənənələri
qərarlaşmışdır və ən yeni dövrdə
mühüm nailiyyətlər qazanılmışdır. Qondarma "Türkiyə-Ermənistan
yaxınlaşması" deyilən təşəbbüslərin
qarşısının alınması, 2010-cu ildə
Türkiyə ilə Strateji Əməkdaşlıq
Şurası yaradılması haqqında saziş, Strateji tərəfdaşlıq
və qarşılıqlı yardım haqqında müqavilə
imzalanması, Azərbaycandan nəql edilən qazın həcmi,
tranzit şərtləri və qiyməti barədə Rusiya və
Türkiyə ilə danışıqlardakı irəliləyiş,
Rusiya Federasiyası ilə dövlət sərhədinin
delimitasiyasının uğurla başa
çatdırılması və s. buna misal ola bilər.
Eyni zamanda,
regional inkişaf istiqamətində irəliləyiş və
Dağlıq Qarabağ probleminin tezliklə həlli
yollarının axtarışının hərtərəfli
fəallaşması bir-biri ilə qarşılıqlı surətdə
bağlı olmaya bilməz. Prezident bu barədə öz
mövqeyini daim vurğulayaraq bildirir ki, Azərbaycan ilə Ermənistan
arasında silahlı qarşıdurma və Azərbaycan torpaqlarının
işğal edilməsi faktı aradan qaldırılarsa,
regionun iqtisadi gələcəyi keyfiyyətcə fərqli
inkişaf dinamikasına malik ola bilərdi.
Bu baxımdan Ermənistan tərəfini
danışıqlar prosesində konstruktiv mövqe tutmağa məcbur
etmək üçün göstərilən hər hansı
cəhdlər 1990-cı illərdən başlayaraq Azərbaycanın
xarici siyasətindəki iqtisadi və nəqliyyat-energetika amillərinin
olması sayəsində əlavə dəyər kəsb
etmişdir.
"AZƏRBAYCANÇILIQ" VƏ VƏTƏNDAŞLIQ
Tarixi prosesin
yeni mərhələsi Azərbaycan xalqının tarixi irsinə
və onun kollektiv yaddaşına, milli zəfərlər və
ya uğursuzluqlar təcrübəsinə, milli qürurun
obrazlar və rəmzlərinə tamam fərqli münasibət
bəslənməsini tələb etmişdir. Hazırda Azərbaycanın
humanitar təfəkkürü "azərbaycançılıq"
ideologiyasının məna dolğunluğu elementlərinə
dair dərin və sistematik tədqiqatlar aparmağa
başlayır. Əlbəttə, bu modelin
ideoloji baxımdan özünü artıq tam təsdiqləməsini
söyləmək hələ tezdir. Lakin
inamla demək olar ki, müstəqil Azərbaycanın vətəndaşlarının
gələcək nəsilləri millətin formalaşması
semantikasındakı bu strateji irəliləyişə görə
dövlətimizin indiki başçısını
lazımınca qiymətləndirəcəklər.
Bu məna
dolğunluğu mühüm rol oynayır, çünki tədqiqatların
elə indiki mərhələsində aşkar
görünür ki, "azərbaycançılıq"
millətin və müstəqil dövlətin dünyanı dərk
etməsi sistemidir, ilk növbədə məsuliyyətə və
şüurlu vətəndaş mövqeyinə, milli
yaddaşa və sabahkı günə istiqamətlənməyə
əsaslanır. Məhz məsuliyyət və vətəndaşlıq
şüuru etnik, sosial və dini mənsubiyyətindən
asılı olmayaraq, bu gün ölkənin hər bir vətəndaşına
özünün Azərbaycan millətinə, bu ölkənin
ictimai-siyasi həyatına, kollektiv iqtisadi və sosiomədəni
uğurlara aidiyyətini hiss etməyə imkan verir.
Bu gün
artıq millətin dəyərlər sistemində vətəndaşlıq
mövqeyinə, hər bir azərbaycanlının şəxsiyyət
kimi inkişafının roluna, insanın və vətəndaşın
öz qabiliyyətlərini reallaşdırmaq
imkanlarının maksimum üzə
çıxarılmasına strateji yanaşma aşkar
görünür. Dövlət
aparatına, ictimai fəaliyyətə, iqtisadiyyat
sektorlarının və müəssisələrin idarə
edilməsinə, elmi tədqiqat fəaliyyətinə
mümkün qədər çox sayda fəal gənclərin
cəlb olunması dövlət başçısının
uzunmüddətli kadr siyasəti forması almışdır.
2005-2009-cu illərdə ölkənin gənclər
sektorunun inkişaf proqramının uğurla həyata
keçirilməsinin nəticələri göz
qabağındadır. 2011-ci ilin aprel ayında Prezident "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə" Dövlət
Proqramının hazırlanması haqqında sərəncam
imzalamışdır.
Dünya təcrübəsi,
o cümlədən keçmiş sosialist düşərgəsinin
bəzi ölkələrinin təcrübəsi göstərir
ki, inkişafın milli xüsusiyyətlərinin nəzərə
alındığı demokratiya modelinin bərqərar
olması üçün təkcə cəmiyyətdə
yeni davranış normalarının və dəyərlərin
təşəkkülü deyil, həm də liderlərin və
elitaların təhsil səviyyəsinin və submədəniyyətlərin
şəffaflığının daim artırılması tələb
olunur. Hər
il bir neçə yüz gənc azərbaycanlı
xarici ölkələrin nüfuzlu ali məktəblərində
dövlət hesabına təhsil almağa göndərilir. Son illərdə azərbaycanlıların xaricdə
təhsil proqramları üçün ayrılan müxtəlif
növ kvotaların sayı yalnız artmaqdadır. Prezident özünün bir çox
çıxışlarında Azərbaycan cəmiyyətinin
təhsil səviyyəsinin keyfiyyətcə dəyişməsində,
ölkəyə biliklərin və ən yaxşı
dünya təcrübəsinin cəlb edilməsində bu gənclərin
rolu barədə öz fikirlərini vurğulayır. Məhz
bu insanlar sabah dövlət
aparatının, ölkə iqtisadiyyatının idarəetmə
sükanı arxasında dayanacaq, Azərbaycanda ictimai-siyasi
münasibətlərin inkişafının ümumi istiqamətini
müəyyən edəcəklər.
İstənilən
genişmiqyaslı sosial dəyişikliklər motivasiyalı
sosial qrup olmasını tələb edir, bunsuz həmin dəyişiklikləri
həyata keçirmək mümkün deyildir. Tədqiqatçıların
fikrincə, "biliklər cəmiyyəti", "biliklər
iqtisadiyyatı", "informasiya sivilizasiyası",
"innovasiya modernləşməsi" trendinə keçid
dövründə kreativ modernləşdirmə qrupu bu cür
sosial komponent ola bilər. Məhz həmin qrup
insan kapitalının təkrar istehsalının subyekti, mədəni
resursların və informasiya resurslarının
daşıyıcısı kimi innovasiyaların əsas
generatorudur.
Müasir Azərbaycanda
kreativ qrup təşkil edən insanlar sırasına
özünün peşə və ya sosial fəaliyyəti
hüdudlarında inkişafın generatoru olan, maddi və ya mənəvi
dəyərlər yaradan şəxsləri aid etmək olar. Buraya ilk
növbədə, sahəvi və fundamental elmin nümayəndələrini,
yüksək texnologiyaları işləyib hazırlayan və
tətbiq edənləri, bəzi biznes seqmentlərinin nümayəndələrini,
mənəvi dəyərlər və informasiya sisteminin
yaradılması sahəsində çalışan
ziyalıların fəal hissəsini aid etmək vacib
olardı.
Kreativ qrupu ayrıca
sosial-psixoloji tip kimi təsnif etmək mümkündür. Bu tipə çox vaxt daxili "təməli"
olan, iradi keyfiyyətləri inkişaf etmiş, fəal həyat
mövqeyi tutan passionar insanlar aid edilir. Məhz
bu keyfiyyətlərə malik insanları tərbiyə etmək
hazırda Azərbaycan dövlətinin və
bütövlükdə cəmiyyətin ən aktual vəzifəsidir.
Ölkədə milli
demokratiyanın təkamülü və ictimai həyatın,
xüsusən QHT sektorunun nəzərəçarpacaq dərəcədə
fəallaşması, internetin uğurla yayılması da gənclərin
işlə təmin edilməsi, onların sosiallaşması,
maraq dairələri üzrə ünsiyyət, sosiumda müxtəlif
mövzularda ictimai diskussiyaların keyfiyyətinin
artırılması sahələrində müsbət irəliləyişlər
əldə edilməsində sanballı rol oynamışlar.
Cəmiyyətin
demokratikləşməsi, yeni kreativ, yaradıcı,
intellektual şəxsiyyətlərin formalaşması
çox vaxt müxtəlif təşkilatlarda göstərilən
təşəbbüskarlığın təzahürləri
ilə bağlı olur. Qeyri-hökumət təşkilatlarının ölkədə
cərəyan edən ictimai və sosial-humanitar prosesə fəal
cəlb edilməsi məqsədilə onların dəstəklənməsi,
konstruktiv ictimai tənqid üçün şərait
yaradılması, QHT-lərin maddi-texniki bazasının
möhkəmlənməsi, habelə aktual sosial və humanitar
layihələrin həyata keçirilməsinə kömək
göstərilməsi Azərbaycan cəmiyyətinin demokratikləşməsi
yolunda görülən mühüm işlərdir. Hazırda Azərbaycanda üç mindən
çox qeyri-hökumət təşkilatı vardır.
2007-ci ilin iyul ayında Prezidentin sərəncamı
ilə qeyri-hökumət təşkilatlarına dövlət
dəstəyi konsepsiyasının təsdiq edilməsi və
QHT-lərə Dövlət Dəstəyi Şurasının
yaradılması QHT sektorunun dəstəklənməsində
və ölkədə vətəndaş cəmiyyətinin
inkişafında mühüm addım olmuşdur.
Sirr deyil ki, həmin
Şura yaradılana qədər Azərbaycan QHT-lərinin əksəriyyətinin
fəaliyyəti əsasən müxtəlif beynəlxalq
fondların onlara göstərdiyi köməkdən
asılı idi. Bu isə həm bu təşkilatların
fəaliyyətinin istiqamətinə, həm də Azərbaycanda
vətəndaş təşəbbüslərinin
inkişafına ictimai tələbatı heç də həmişə
təmin etməyən bu və ya digər layihələrdə
müəyyən dərəcədə
üstüörtülü siyasi məqamların olmasında
özünü göstərməyə bilməzdi.
Bu gün isə
Şura yerli qeyri-hökumət təşkilatlarına maddi və
informasiya dəstəyi verir. Bunun nəticəsidir
ki, 2008-ci ildə Şuraya 365 təşkilat müraciət edərək
maliyyə dəstəyi istəmişdisə, 2010-cu ildə
onların sayı demək olar ki, üç dəfə
artmışdır. Ötən
üç ildə mindən çox sosial və humanitar layihə
uğurla həyata keçirilmişdir.
"Üçüncü sektor"un
layihələri üçün dövlət büdcəsindən
bütövlükdə 10 milyon manatdan çox vəsait
ayrılmışdır. Bu müddətdə əvvəllər
xarici donorların heç vaxt maliyyələşdirmədiyi
sahələrdə ilk dəfə olaraq layihələr həyata
keçirilmişdir: məsələn, Dağlıq
Qarabağın işğal edilməsi və Ermənistanın
Azərbaycana qarşı təcavüzü problemləri ilə
əlaqədar Azərbaycan reallıqları haqqında məlumatın
dünya ictimaiyyətinə çatdırılması,
qaçqınların və məcburi köçkünlərin
hüquqlarının müdafiəsi və s.
Ölkənin
demokratik tranzitində və səmərəli vətəndaş
cəmiyyətinin formalaşmasında müstəqil KİV-lərin
inkişafı mühüm yer tutur. Azərbaycanda müstəqil
mətbuatın təşəkkülü Sovet
İttifaqının mövcudluğunun son illərinə təsadüf
etmişdir. O vaxt Azərbaycanda ilk müstəqil qəzet
və jurnallar yaranmağa başlamışdı. İndi isə Azərbaycanda dörd mindən
çox KİV qeydiyyata alınmışdır, onlardan 300-dən
çoxu daimi fəaliyyət göstərir. Müstəqil kütləvi informasiya vasitələrinin
inkişafının dəstəklənməsi zərurəti
nəzərə alınaraq, habelə hadisələri və
prosesləri qabaqlayaraq ictimai rəyin inteqratoru kimi
çıxış edə biləcək keyfiyyətli
jurnalistikanın formalaşmasına şərait yaratmaq məqsədilə
2008-ci ilin iyul ayında Prezident İlham Əliyevin sərəncamı
ilə Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Konsepsiyası
təsdiq edilmişdir. 2009-cu ildə Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinə Dövlət Dəstəyi
Fondu yaradılmışdır.
Təsadüfi deyildir ki,
2010-cu ilin dekabr ayında 30 gündəlik və 19 həftəlik
qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı,
8 informasiya portalı, 7 telekanal və 3 radio kanalı
arasında aparılmış sorğunun nəticələrinə
görə Prezident İlham Əliyev "Jurnalistlərin
dostu" mükafatına layiq görülmüşdür.
İndiki
dövrdə internet, innovasiyalar və sənayeləşmə
ölkənin dünya birliyinə uğurla inteqrasiya etməsi
üçün yeni perspektivlər açır və Azərbaycanda
gələcəyin yetkin vətəndaş cəmiyyətinin
qurulması üçün bu amillər əsas kimi
götürülmüşdür.
Bütün bunlar dövlətçiliyin
dərk edilmiş, başa düşülmüş, suveren və
demokratiyanın "hazır reseptlərindən" azad yolla
məqsədyönlü şəkildə inkişafına
nail ola biləcək mütəşəkkil
siyasi qüvvə yaratmağa kömək edir. Həm də
yeni şəraitə uyğunlaşma "yuxarıdan"
zorla qəbul etdirilmir, "aşağıdan" baş
verir, gündəlik həyat
prosesləri lazımi şəklə salınmaqla,
qarşılıqlı etimad və sosial inteqrasiya
potensialına malik olan dəyərlər və normalar
aşkar edilməklə baş verir.
Azərbaycan gənclərinin
indiki nəsli vətəndaşı olduqları dövlətin
beynəlxalq aləmdə müstəqil mövqelərdən
çıxış etməsini təbii hal hesab edir. Lakin başa
düşmək lazımdır ki, bu mövqeni yaradan ölkə
daxilində, Cənubi Qafqaz regionunda və dünyada baş verən
proseslər haqqında geniş təsəvvürə malik
olan liderdir. Milli ideyanın uğurla həyata
keçirilməsi, milli identikliyin qorunub saxlanması və
eyni zamanda, dünya birliyinə inteqrasiya həqiqətən
tarixi nailiyyətdir, çünki iqtisadiyyatın inteqrasiya
olunduğu, texnologiyaların sürətlə inkişaf
etdiyi, transmilli maliyyə kapitalı və bilik axınları
qarşısında dövlətlərarası sərhədlərin
götürüldüyü müasir aləmdə milli
ideoloji konsepti inkişaf etdirmək çətindir. Hər yerdə mövcud olan qlobalizmin məddahları
milli, lokal dəyərlərin üstündən xətt
çəkmiş, milli dövlətlərin əhəmiyyətini
azaltmaqla, onları anaxronizm hesab etməyə
başlamışlar. 1990-cı illərin əvvəlində
Qərbin bütün fəlsəfi və siyasi təfəkkürü
bu ruhda idi. Belə nəticələr
çıxarmağın yanlışlığı göz
qabağındadır. Nə yaxşı
ki, bunu başa düşən qüvvələr var və
onlar dünyanın bir sıra regionlarındakı real həyatı
və ictimai prosesləri əsas götürərək
bildirirlər ki, bütün milli xüsusiyyətlərin
aradan qaldırılması bəşəriyyətin
plüralist inkişafı üçün ciddi təhlükə
doğurur. Bu gün bəzi elmi nüfuz
sahibləri də onların səsinə səs verərək
tarixi inkişafın məntiqinə zidd olan belə
ictimai-siyasi konseptlərin yanlışlığı barədə
xəbərdarlıq edirlər. Müasir
mütəfəkkirlər hesab edirlər ki, yeni qlobal
inteqrasiya şəraitində yalnız milli dövlətin
inkişafı, texnoloji inkişaf, milli mənlik
şüurunun inkişafı və modernləşmə
ayrı-ayrı xalqların və bütövlükdə bəşəriyyətin
xeyrinədir. Buna görə də bərabər
tərəfdaşlar hüququnda mədəni
qarşılıqlı mübadiləyə
üstünlük verilməklə dünya birliyinə
inteqrasiya milli sosiomədəni məkanın qorunub
saxlanması üçün zəruri olan gücü verir.
Milli ideya azərbaycanlıların
özlərini identikləşdirməsinə, xalqın zəngin
mədəniyyətini və onun tarixi irsini əks etdirən
dünyagörüşünə əsaslanır.
Heydər Əliyev
dəfələrlə vurğulamışdır ki, mədəniyyət
Azərbaycan xalqının böyük sərvətidir. Azərbaycanın
tarixi abidələrinin beynəlxalq təşkilatlar tərəfindən
tanınması prosesinin başlanması bu qayğının
nəticəsi olmuşdur. 2000-ci ildə
Bakının tarixi mərkəzi - Qız qalası və
Şirvanşahlar sarayı da daxil olmaqla İçərişəhər
YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir.
Bu qurumun ən mühüm vəzifələri
dünya əhəmiyyətli obyektləri qoruyub saxlamaq və
xüsusi mədəni, tarixi və ya ekoloji əhəmiyyətinə
görə onları populyarlaşdırmaqdır. Eyni
zamanda, Azərbaycan hökuməti hələ 1998-ci ildə
ölkəmizin Hirkan Milli Parkı, Lökbatandakı
palçıq vulkanları, Atəşgah məbədi,
Naxçıvandakı Mömünə xatın, Yusif ibn
Küseyir, Qarabağlar və Gülüstan türbələri,
Abşeronun müdafiə qalaları kimi tarixi abidələrinin,
habelə Şuşa, Ordubad, Şəki və digər şəhərlərin
həmin siyahıya daxil olunmasını təklif etmişdi.
2003-cü ildən
bugünə qədər Prezident İlham Əliyevin siyasəti
ölkəmizin tarixi irsinin qorunması və təbliğinə
yönəlmişdir. Günümüzün dəyişmiş
reallıqlarına uyğun olaraq, eləcə də mədəniyyət
abidələrimizin Ermənistan tərəfindən mənimsənilməsi
cəhdlərinin çoxalması ilə əlaqədar mədəni
irsə qayğı göstərilməsi və onun qlobal
miqyasda təbliğ edilməsi işləri tamamilə yeni səviyyəyə
çatdırılmışdır. İndi
Azərbaycan bu və ya digər hadisələrə "cavab"
reaksiyası vermək praktikasından özünün mədəniyyət
incilərinin dünya ictimaiyyətinə
çatdırılması sahəsində fəal siyasətə
keçir.
2007-ci ildə
YUNESKO-nun Dünya İrsi Siyahısına Azərbaycan mədəniyyətinin
daha bir abidəsi - Qobustan qayaüstü təsvirləri daxil
edilmişdir.
Milli dövlət təsisatının həyat qabiliyyətli
olması faktının özünün çox vaxt
şübhə altına alındığı qloballaşan
dünyada xüsusi əhəmiyyət kəsb edən
qeyri-maddi dəyərlərin rolunu və mənasını
başa düşən Prezident Azərbaycan mədəniyyətinin
muğam sənəti, xalçaçılıq, aşıq
sənəti və qədim bahar bayramı Novruz kimi bənzərsiz
nümunələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsi
və təbliğinə xüsusi diqqət yetirir. Buna görə
də Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə
uyğun olaraq, 2003-2010-cu illərdə Bəşəriyyətin
qeyri-maddi mədəni irsi siyahısı Azərbaycan
muğamı, Novruz bayramı, Azərbaycan aşıq sənəti
və ənənəvi Azərbaycan xalça sənəti ilə
zənginləşmişdir.
İndi ölkədə
Azərbaycan mədəniyyətinin milli abidələrinin bərpası
və qorunub saxlanması üçün çox
böyük işlər görülür. Bu sahədəki
müsbət dinamikanı adi gözlə də görmək
olar. Prezidentin tapşırığına
uyğun olaraq, Bakının tarixi mərkəzi İçərişəhərin
bərpası və qorunub saxlanması sahəsində
genişmiqyaslı işlər görülür.
Qeyd etmək
yerinə düşər ki, zəngin mədəni irsə və
ölkə daxilində müxtəlif mədəniyyətlərin
birgə mövcud olması sahəsində tarixi təcrübəyə
malik bir diyar kimi Azərbaycan indi regional miqyaslı mədəniyyətlərarası
dialoq üzrə ideal platformaya uğurla transformasiya edir. 2009-cu ildə Bakı islam mədəniyyətinin paytaxtı elan
olunmuşdu, 2011-ci il aprelin 7-9-da isə burada mədəniyyətlərarası
dialoq üzrə ümumdünya forumu keçirilmişdir. Bu forumun keçirilməsi heç də təsadüfi
deyildi - o, Azərbaycan tərəfinin təşəbbüsü
ilə başlanmış və "Bakı prosesi" adlanan
prosesin məntiqi nəticəsi idi. Azərbaycanda
bu prosesin əsası 2008-ci ildə Avropa Şurasının
üzvü olan ölkələrin mədəniyyət nazirlərinin
iclasında qoyulmuşdu.
Prezidentin siyasi
fəlsəfəsi bundan ibarətdir ki, bütün xalqlar,
bütün dinlərin nümayəndələri bir-biri ilə
sıx ünsiyyət saxlasınlar, problemləri açıq
müzakirə etsinlər, öz fikirlərini sərbəst
bildirsinlər.
İndi Azərbaycan müxtəlif mədəniyyətlər
və sivilizasiyalar arasında dialoqa dair bu cür sanballı tədbirlər
keçirilməsi üçün ənənəvi məkana
çevrilmişdir. Bunun həm coğrafi,
həm tarixi, həm də mədəni əsasları
vardır, çünki Azərbaycanda bütün xalqlar,
bütün dinlərin nümayəndələri əsrlər
boyu bir ailə kimi yaşamışlar. Prezidentin
dediyi kimi, Azərbaycanda milli və dini
dözümlülüyün, tolerantlığın yüksək
səviyyədə olması faktdır və bu, Azərbaycan
xalqının güc mənbəyidir. "Hər
bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir".
Bu sözlər Prezident İlham Əliyevin
strateji mövqeyini dəqiq nümayiş etdirir. Həmin
mövqeyə görə çox zəngin tarixi və mədəni
irsi, dini və sosial tolerantlıq ənənələri olan
Azərbaycan hazırda mədəniyyətlərarası
dialoq, dünya mədəniyyətlərinin və
sivilizasiyaların qarşılıqlı təsiri məkanına
uğurla transformasiya olunur, özünün zəngin təcrübəsini
dünya ictimaiyyətinə təklif edir.
Azərbaycanın
uzunmüddətli perspektivdə özünü yetkin bir
dövlət kimi təsdiq etməsi və demokratiya
qurulması sahəsindəki uğurları cəmiyyətin
sosiomədəni fonunda dəyişikliklərə şərait
yaratmışdır. Milli identikliyin müxtəlif aspektləri
yeni-yeni formalarda təzahür edir, dünya təcrübəsi
ilə sintez edərək vətəndaşların həyatının
mənəvi-əxlaqi komponentini intensiv surətdə zənginləşdirir.
İcma şüurunun, kollektiv, fərdiləşdirilməmiş
şüurun açıq-aydın təzahür edən
arxetipi tədricən demokratik tranzit üçün daha
açıq olan kütləvi şüurun digər
formasına çevrilir.
Cəmiyyətimizin Azərbaycan
millətinin ruhuna
xas olan tolerantlığı hələ keçən əsrin
70-ci illərində Azərbaycanda şəxsiyyətlərarası
və kollektiv münasibətlərin bütün spektrinin
gündəlik tərkib hissəsinə çevrilmiş və
tətbiqi forma almışdı. Bu təcrübə
müasir Azərbaycan üçün də mühüm
güc mənbəyidir və ölkədə yaşayan,
özlərinin Azərbaycan millətinə mənsub
olmasını hiss edən bütün etnosların birliyini səciyyələndirir.
Dövlətimizin tərəqqisi və ərazi
bütövlüyü naminə hər şeydən əziz
olan canlarını da əsirgəməmiş Azərbaycan
Respublikasının milli qəhrəmanlarının adları
və soyadları, onların çox müxtəlif etnik mənşəyi
ilə tanışlıq buna ən yaxşı sübutdur.
SABAHI DÜŞÜNƏRKƏN
Tempora mutantur et nos mutamur in illis (lat.)Zaman
dəyişir, onunla birlikdə biz də dəyişirik.
Azərbaycanın
sənaye-iqtisadi qüdrəti və ölkə rəhbərliyinin
dövlətin strateji inkişafına dair layihələrinin -
mühüm dəyər oriyentirləri sistemini harmonik şəkildə
əks etdirən layihələrin olması informasiya cəmiyyətinin
müasir tələblərinə uyğun surətdə milli
mənlik şüurunun transformasiyasının əsasıdır.
Bu gün vətəndaşlıq
şüuru lazımi səviyyədə olan hər bir azərbaycanlı
müasir Azərbaycan dövlətçiliyinin
inkişafına dair tarixi layihəyə özünün
şəxsi töhfəsini real şəkildə hiss edə
bilər. Məhz son illərdə təkamül
yolu ilə Azərbaycan fərdlərin ölkədə həyata
keçirilən bütün tədbirlərin mənasını
başa düşmək, dərk etmək imkanına malik
şüurlu vətəndaşlara çevrilməsi
üçün rahat şərait yaradan ölkə
olmuşdur.
Azərbaycanda
yaranmış iqtisadi inkişaf və dövlət idarəçiliyi
modeli, modernləşmə xəttinin seçilməsi,
heç şübhəsiz, bundan sonra yalnız təkmilləşəcək
və bu mənada Azərbaycan demokratiyasının təkamülü
istiqamətində səylər davam etdiriləcəkdir. Lakin artıq
indidən demək olar ki, Azərbaycanın inkişaf
vektorları barədə Prezidentin strateji planları
özünü tamamilə doğrultmuşdur.
İndi
bütün siyasi ssenarilər və müzakirələr
yalnız inkişaf məcrasında nəzərdən
keçirilir və bu fakt son illərdə qazanılmış
nailiyyətlərin nəticəsidir. İlham Əliyev
şəxsiyyətinin fenomeni müasir Azərbaycanın tarixi
uğurlarında başlıca rol oynamışdır və əgər
belə demək mümkündürsə, Azərbaycan millətinin
və Azərbaycan dövlətçiliyinin tarixinin növbəti
quruculuq mərhələsinin lokomotivinə
çevrilmişdir. Bu sahədəki
uğurlar mübahisə doğurmur və azərbaycanlıların
gələcək nəsilləri tərəfindən layiqincə
qiymətləndiriləcəkdir.
Əlbəttə,
Azərbaycanın inkişafı indiyədək
qazanılmış uğurlarla kifayətlənə bilməz. Buna görə
də gələcəyin fəth edilməsi dövlətin
yüksələn xətlə inkişafının növbəti
mərhələsində, yəni biliklərə əsaslanan
cəmiyyətdə Azərbaycan milli ideyasının əsas
vəzifəsidir.
İllər,
onilliklər keçəcək, inkişaf etmiş müstəqil
Azərbaycanın vətəndaşlarının nəsilləri
bir-birini əvəz edəcək, yeni
çağırışlar yaranacaqdır. Lakin
1993-cü ilin yayından başlanmış və
bütün sonrakı illərdə gələcək nəsillər
üçün azad və insana layiq həyatın təmin
edilməsi məqsədilə həyata keçirilmiş tədbirlər
millətin kollektiv yaddaşında həmişəlik
qalacaqdır. "Bizim ən yaxşı vətəndaşlarımızın"
yeni nəsilləri dövlət idarəçiliyi
sükanını əldə saxlayacaq, bu gün Prezident
İlham Əliyevin milli ideyanı gerçəkləşdirərək
formalaşdırdığı səmərəli dövlətçiliyin,
güclü iqtisadiyyatın və açıq cəmiyyətin
bünövrəsinə əsaslanacaqlar.
Ramiz MEHDİYEV,
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri,
Azərbaycan Milli Elmlər
Akademiyasının akademiki
Azərbaycan.- 2011.- 26 may.- S. 1, 5, 6, 7, 8.